Xəbər RUFİZ QONAQOV - MÜSAHİBƏ “Seçki prosesində hələ ki, qanun pozuntusu sayıla biləcək hal baş verməyib”

RUFİZ QONAQOV - MÜSAHİBƏ “Seçki prosesində hələ ki, qanun pozuntusu sayıla biləcək hal baş verməyib”

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
“Koalisiya indiyədək paytaxt və regionlarda seçkilərdə iştirak, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki təşviqatı prosesləri, o cümlədən siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin təşkili və digər məsələlərin monitorinqini aparıb, seçicilərin namizədlərə münasibətini öyrənmək üçün rəy sorğuları keçirib. Bundan əlavə, kütləvi informasiya və elektron informasiya vasitələrində yerləşdirilmiş təbliğat materialları mütəmadi olaraq izlənilir, müvafiq təhlillər aparılır”.

 Bu barədə “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, politoloq Rufiz Qonaqov Secki-2015.az saytına açıqlamasında bildirib.


O, Koalisiyasının 1 oktyabr tarixində BMAM, Qarabağ Araşdırmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Tələbələr Birliyi tərəfindən yaradıldığını, bu barədə mediada geniş məlumat verildiyini söyləyib. Qeyd edib ki, Koalisiyanın yaradılmasında əsas məqsəd parlament seçkilərinin bütövlükdə monitorinqini keçirmək, bu barədə hesabatlar hazırlayaraq ictimaiyyətə açıqlamaqdan ibarətdir: “Hazırda monitorinq seçkidən əvvəlki vəziyyəti, namizədlərin irəli sürülməsi prosesi, seçkiqabağı şərait, namizədlərin qeydə alınması dövrünü, eləcə də təbliğat-təşviqat dövrünü əhatə edir. Oktyabrın 27-dək monitorinqin birinci mərhələsidir. Bu mərhələni əhatə edən monitorinqin nəticələri üzərində iş yekunlaşmaq üzrədir. Bütün işlər yekunlaşandan sonra koalisiyanın ilkin aralıq hesabatı ictimaiyyətə açıqlanacaq. Monitorinqin ikinci mərhələsi təbliğat-təşviqatın sonu, seçki günü və seçki gününün qiymətləndirilməsini əhatə edəcək. Çox güman ki, bu barədə ikinci hesabat seçki gününün sonunda olacaq. Bununla seçkinin nəticələrinə münasibət bildiriləcək. Həmin vaxt bütün beynəlxalq müşahidəçilərin rəyləri, eyni zamanda keçirilmiş "exit-poll"ların nəticələri müqayisə olunacaq, təhlil ediləcək”.


R.Qonaqov Koalisiyanın 500 müşahidəçisinin monitorinqə cəlb olunduğunu xatırladıb. Bildirib ki, onlar seçki günü xüsusi geyimlərdə ölkədəki 125 seçki dairəsindən 118-də müşahidə aparacaqlar. Koordinator onu da bildirib ki, Koalisiyanın sonuncu hesabatı seçkidən 10 gün sonra, yəni Mərkəzi Seçki Komissiyasının yekun rəyi və Konstitusiya Məhkəməsinin qərarının ardınca açıqlanacaq və ümumilikdə parlament seçkilərinə münasibəti özündə ifadə edəcək.


Monitorinqin birinci mərhələsinin nəticələri barədə qısa da olsa məlumat verən Rufiz Qonaqov bildirib ki, bununla bağlı ekspertlərin yekun rəyləri hazırlanır. Onun fikrincə, Koalisiyaya daxil olan bütün təşkilatların rəhbərləri ilə bu barədə aparılan söhbətlər başa çatandan sonra ilkin hesabat ictimaiyyətə təqdim ediləcək: “Həm müşahidələr və aparılmış sorğular, eyni zamanda kütləvi informasiya vasitələrində izlənilmiş bütün yazılar, eləcə də dairələr və məntəqələrdə namizədlərin keçirdiyi görüşlər barədə məlumatlar onu deməyə əsas verir ki, seçki prosesində bugünə kimi hər hansı ciddi qanun pozuntusu sayıla biləcək, narahatlıq yaradacaq hal baş verməyib. Amma bu, yekun hesabat deyil. Bu barədə daha ətraflı məlumatlar gələn həftə açıqlanacaq aralıq hesabatda öz əksini tapacaq”.