Xəbər “Xalqımız bu faciədən Azərbaycan Respublikasını qazandı” MÜNASİBƏT

“Xalqımız bu faciədən Azərbaycan Respublikasını qazandı” MÜNASİBƏT

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
“20 yanvar faciəsinin 26-cı ildönümünü yad etmək tariximizin həm hüznlü, həm də ən şanlı və qürurverici səhifələrini vərəqləmək deməkdir”. Bu fikirləri SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) icraçı direktoru Şəmsi Gülverdi 1990-cı il 20 Yanvar hadisələrinə münasibət bildirərkən deyib.

Şəmsi Gülverdi bildirib ki, bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi: “Hüznlü məqamdır, çünki, heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olub. Eyni zamanda bu məqam qürurvericidir. Tarixi təcrübə onu göstərir ki, müstəqillik və azadlıq uğrunda mübarizə aparan xalq qan-can verməlidir. 20 Yanvar hadisəsini Azərbaycan tarixinin şanlı səhifələrindən biri adlandırmaq olar. Azadlıq, müstəqillik uğrunda mübarizə aparan xalqa qarşı SSRİ hökumətinin belə bir amansız siyasəti də tarixin yaddaşında qalacaq. Xalqımız imperiyanın despotik idarəçiliyini, Azərbaycana qarşı ədalətsiz siyasətin daşıyıcısı olmasını həmişə nifrətlə xatırlayacaq. 20 Yanvar qurbanları dövlət müstəqilliyimizin qazanılması yolunda ilk şəhidlərimizdir. Burda bir müqayisəni göstərmək istərdim: Çar Rusiyası ilə sovet imperiyasının Azərbaycana qarşı yürütdüyü siyasət mahiyyətcə bir-birini tamamlayan işğalçılıq məqsədi güdüb. Bu iyrənc siyasətdə ermənilərdən alət kimi istifadə olunsa da, erməni millətçi dairələri və erməni din xadimləri öz hiyləgər niyyətlərini, əfsuslar olsun ki, gerçəkləşdirə biliblər”.

“Bir Azərbaycan gənci kimi hesab edirəm ki, 2 amildə Azərbaycan xalqının bəxti gətirib. I-si mərd qardaş və bacılarımızın olması və müstəqillik uğrunda heçnəyə baxmayaraq mübariz olmaları. Hətta sovet hərbi qüvvələrinin tankları, güllələri onları bu əzmdən döndərə bilmədi. II-si isə Heydər Əliyev kimi şəxsiyyətin xalqımıza qarşı olan bu ədalətsizliyə və vəhşiliyə qarşı çıxması. Ulu Öndər Heydər Əliyevin cəsarəti sayəsində 20 Yanvar cinayətini ört-basdır etmək mümkün olmadı. Elə o zaman Ulu Öndər baxmayaraq ki, heç bir vəzifədə deyildi, Qorbaçov hakimiyyəti tərəfindən böyük təzyiq altında idi, özünün və ailəsinin həyatını təhlükə altına qoyaraq, etirazını bildirmişdi. Onun Daimi Nümayəndəliyimizə gəlişini azərbaycanlılar böyük razılıq və izdihamla qarşıladılar. Heydər Əliyevin səhhətində də problemlər vardı. Hiss olunurdu ki, Heydər Əliyev həmin görüşə son gücünü toplayaraq gəlmişdi. O, çıxışında insanları sakitləşdirməyə çalışırdı. Bildirdi ki, rəhbərlikdə olsaydı, bu hadisələrin törədilməsinə yol verməzdi. O, diaspor nümayəndələrinə başa sala bildi ki, “qara gün”ün ömrü az olur, bu belə getməyəcək, bütün dünya bundan xəbər tutacaq. Heydər Əliyev həmin gün diaspora verdiyi dəstəklə bütün azərbaycanlılarda ümid, inam oyatdı. Hamı hiss etdi ki, bizim xalqın arxasında dayanan böyük bir şəxsiyyət var. Bu amil o zaman diasporamızda ruhun qırılmasının, sınmasının qarşısını aldı. Sonrakı illərdə isə Heydər Əliyev qətiyyətli addımlar ataraq 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinə, cinayətkarların adlarının açıqlanmasına, şəhidlərimizin adlarının əbədiləşdirilməsinə nail olub, qanlı hadisədə qəhrəmancasına həlak olanların ailələrinə, sağlamlığını itirən şəxslərə dövlət qayğısı göstərilib. Hansı ki, bu qayğı bugün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

“20 Yanvar tarixi şərəf və ləyaqət tarixidir. Düşünürəm ki, bu tarixi öyrənən gənclərimiz sözügedən tarixə qarşı daha həssas olmalıdırlar. Bu işdə biz gənc rəhbərlərin üzərinə də böyük iş düşür. Təşkilati işlərimizdə, idarəçilikdə, eyni zamanda həyata keçirdiyimiz layihələrdə 20 yanvar faciəsinə geniş yer verməli, bu qanlı, eyni zamanda qəhrəmanlıq tariximizi tələbə - gənclər arasında geniş yaymalıyıq. Bunun üçün bütün resurslarımız var. Bildiyimiz kimi, hər il ayrı-ayrı dövlət qurumları tərəfindən bu faciə ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir və sevindirici haldır ki, bu tədbirlərin əksər iştirakçıları gənclərdir. Adekvat olaraq, gənclərimiz bu faciəyə həsr olunmuş yaradıcı tədbirlər, işlər görürlər. Hesab edirəm ki, bu ənənə gənclər arasında daha da genişlənməli və öyrənilməlidir. Öyrənilməlidir ki, hələ o zaman Azərbaycanın gənc qəhrəmanları olmuşdur və onlardan örnək götürülməlidir. Bildiyimiz kimi, 20 yanvar faciəsində azadlıq uğrunda mübarizəyə qalxan xalqımız arasında çoxsaylı tələbələr, gənclər olub.

“Bu tarixin bir sınağı idi. Xalqımız bu imtahandan şərəflə, ləyaqətlə çıxıb, öz azadlığını qoruyub. Şəhidlərimizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda tökülən qanları hədər getməyib. Bu gün hər birimiz Şəhidlər Xiyabanına gedərkən içimizdə xəfif titrəyiş hiss edirik. İllər keçəcək, nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq. Həmin günlərdə verdiyimiz qurbanların haqqı itməyib. Azərbaycan xalqı bu faciədən sonra böyük nailiyyət əldə edib ki, bunun da adı Azərbaycan Respublikasıdır. Allah bütün şəhidlərimizə rəhmət, bizi isə onlara layiq etsin!”