Xəbər Azərbaycanda aparılan yeni iqtisadi siyasət sahibkarlığın inkişafını sürətləndirəcək

Azərbaycanda aparılan yeni iqtisadi siyasət sahibkarlığın inkişafını sürətləndirəcək

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev

- Məmməd müəllim, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların uğurları beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunur. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar qazandırır. Bu strategiyanı xarakterizə edən prinsipləri necə şərh edərdiniz?

- Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənir. Davamlı inkişaf sayəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlib və bunun da nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.

Azərbaycan müstəqillik tarixində təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edib.

Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.

- Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ başlayıb. Ölkənin iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bu tədbirləri perspektiv planda necə dəyərləndirmək olar?

- Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, Fərman və Sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdirmışdır.

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Son illərdə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektordan gələn gəlirlərin xüsusi çəkisinin yüksələn xətlə inkişafı  aparılan siyasətin müsbət nəticələrinin təzahürləridir. 

Bu gün dünyada ziddiyyətli siyasi, sosial-iqtisadi proseslər cərəyan edir, Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafiyaya yaxın ərazilərdə illərdir ki, münaqişələr hökm sürür. Ayrı-ayrı böyük dövlətlərin geosiyasi və geoiqtisadi müstəvidə apardıqları rəqabət, güclənən qütbləşmə meyilləri həm region dövlətlərini, həm də dünyanın əksər dövlətlərinin iqtisadiyyatlarını zəiflədir.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev demişdir: “Dünyada neftin qiymətinin təxminən 4 dəfə ucuzlaşmasına baxmayaraq, bu, ölkəmizə ciddi iqtisadi təsir göstərə bilməyib. Bu da qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda yeni istehsal sahələrinin yaradılması nəticəsində mümkün olub. Əhalinin gündəlik tələbatının ödənilməsində xüsusi rol oynayan kənd təsərrüfatı məhsullarının ölkədə istehsalı ciddi qiymət artımına imkan verməyib”.

2015-ci ildə Azərbaycan iqtisadiyyatı ümumilikdə 4 faiz, Sənaye istehsalı  2,1 faiz, qeyri-neft sənayesi isə 8.4 faizdən çox artmış, qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil etmişdir.

Azərbaycanda qeyri-neft sektoru yüksək templə inkişaf edir və bu sahədə məhsul istehsalı ildən-ilə artır. Təkcə 2015-ci ildə xarici ölkələrə 973,4 milyon dollarlıq qeyri-neft məhsulları  ixrac olunub ki, bu da 2014-cü ilin  səviyyəsini 11,4 faiz üstələyib.

2015-ci ili həm dünya ölkələri, həm də Azərbaycan üçün  sınaq ili adlandıran dövlət başçısı demişdir: “Dünyada gedən proseslər istər-istəməz bizə də təsir etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır və yaşamalıdır.

2015-ci il ərzində ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuş, bunun da nəticəsində bir sıra vacib layihələr, nəhəng infrastruktur obyektləri tikilib istifadəyə verilmiş, bölgələrdə çoxsaylı yeni sənaye müəssisələri açılmış, 84 min daimi iş yeri yaradılmışdır.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyənləşdirdiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olub və onun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilib, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilib. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynayıb. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulub, əhalinin məşğulluğu və real gəlirləri artıb, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb.

- Məmməd müəllim, dövlətin həyata keçirdiyi antiböhran və iqtisadi inkişaf tədbirləri sistemli xarakter daşıyır. Prezident İlham Əliyev ölkəmizin qarşısında dayanan hədəfləri bəyan edib. Sizcə, Prezident tərəfindən elan edilmiş hədəflərə nail olmaq üçün bu gün həyata keçirilən  genişmiqyaslı tədbirlər nə dərəcədə adekvatdır?

- Ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili dayanır. Qarşıya qoyulan ən ümdə vəzifələrdən biri dövlətin və vətəndaşların baş verən neqativ halların mənfi təsirlərindən qorunmasıdır. Bu məqsədlə qarşıdan gələn dövrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu, həm Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcək, həm də özündə əks-böhran tədbirlərini əks etdirməklə milli iqtisadiyyatı, sosial sferanı neqativ təsirlərdən sığortalayacaq.

Nazirlər Kabinetinin sözügedən iclasından təxminən bir həftə sonra - yanvarın 18-də Prezident İlham Əliyevin yanında yenidən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən ölkə rəhbəri bir daha 2015-ci ildə dünyada baş verən siyasi və iqtisadi gərginliklərin zəminində neft ixrac edən ölkələrin üzləşdiyi çətinlikləri qeyd etmiş, bununla belə Azərbaycanın digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyini diqqətə çatdırmışdır.

Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən Prezident bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, milli valyutaya olan inamı artıran tədbirlərə start verildiyini və digər islahatların aparıldığını diqqətə çatdırmışdır. Həmçinin ipoteka bazarının səmərəliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşırmışdır.

Son 10 ildə Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini və bu il də Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir ciddi problemin yaşanmayacağına əminliyini ifadə etmişdir.

Prezident sözügedən müşavirədə anonsunu verdiyi bir sıra tədbirlərlə bağlı mühüm sənədlər imzaladı. Onların sırasında büdcədən maliyyələşən təhsil, səhiyyə, elm, mədəniyyət, gənclər və idman, sosial təminat müəssisələrində çalışanların əməkhaqlarının 10 faiz artırılması kimi əhalinin razılıqla qarşıladığı sərəncamlar var. Bunlardan əlavə, dövlət başçısı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbir haqqında” fərman və “Qeyri-neft məhsullarının ixracının optimallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da imzalamışdır. Bu sərəncamlar bir tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edirsə, imzalanan digər iki sənəd ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılmasını, eləcə də qeyri-neft məhsullarının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılmasını və bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsini nəzərdə tutur.

Göründüyü kimi, iqtisadi çətinliklərin maksimum həddə çatdığı indiki vaxtda belə, dövlət nəinki əhalinin sosial müdafiəsini gücləndirir və onların bütün qayğılarını qarşılamaq üçün təxirəsalınmaz addımlar atır, həmçinin ölkənin neftdən asılılığını minimuma endirmək üçün beynəlxalq aləmdə sınaqdan çıxmış qabaqcıl təcrübə əsasında əsaslı islahatlar keçirmək istiqamətində konkret addımlar atır. Dövlətlə xalqın vəhdəti, qırılmaz birliyi məhz budur və o, iqtisadiyyatımızı çökdürmək, bizi fəlakətlərin girdabına sürükləmək istəyənlərə ciddi mesajdır. Ölkədə sıravi vətəndaş da, məmur da yaxşı bilir ki, bizim ən güclü silahımız daxili sabitlik və birliyimizdir. Dövlət də, xalq da bu qırılmaz vəhdətin qorunması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.

Yanvarın 19-da Milli Məclisin növbədənkənar iclasında sahibkarlığın və ümumiyyətlə iqtisadiyyatın inkişafını təmin edəcək 7 hüquqi sənədə müsbət rəy verildi.

Belə ki, “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişikliklər edilməsi, “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinə və “Vergi Məcəlləsinin “Gəlir vergisindən azadolmalar və güzəştlər” maddəsinə dəyişiklik edilməsi,  “Valyuta tənzimi haqqında”,  “Gömrük tarifi haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişikliklər edilməsi qərara alınmışdır. 

Habelə “Vergi Məcəlləsinin” torpaq vergisi ilə əlaqədar bölməsində edilmiş  dəyişikliyə görə, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başcısının qeyd etdiyi kimi, həqiqətən də 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir.

Bu Dövlət Proqramı sahibkarlığın inkişafına böyük dəstək vermişdir. Belə ki, kecən dövr ərzində sahibkarlara güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmiş,  bu ilin sonunda həmin rəqəmin  2 milyard manat təşkil edəcəyi gözlənilir.  

Qeyd olunan Dövlət Proqrqmı cərcivəsində  son 12 il ərzində 1 milyon 400 min yeni iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yerləridir.

Ümumilikdə, ötən il 84 mini daimi olmaqla 110 min yeni iş yeri açılıb, eyni zamanda, müxtəlif səbəblərdən 40 min iş yeri bağlanıb. Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək.

 Keçən il ərzində proqrama uyğun olaraq ölkə Prezidentinin tapşırıqlarına əsasən zəruri tədbirlər həyata keçirilib, regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait səf edilmişdir.

- Məmməd müəllim, sahibkarlara dövlət tərəfindən güclü dəstək verildiyini qeyd etdiniz. Sahbkarlar onlara verilən dövlət dəstəyini və qayğısını,  göstərilən etimadı hansı səviyyədə doğrulda bilirlər?

- Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub, ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqda davam edib.

Respublika Prezidentinin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, bu çərçivədə fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına mühüm töhfəsini verir. Ötən il, aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.

  “Pambıqçılıq haqqında” və “Tütüncülük haqqında” Azərbaycan Respublikasının Qanununlarında dəyişikliklər edilməsi də Azərbaycanda kənd təsərrüfatı sahəsində calışan sahibkarların işlərinin təkmilləşdirilməsinə  yönəlmişdir.

Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Ötən ilin sonlarında və bu ilin yanvar ayında sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub.

Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib, son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub.

Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib.

İnvestisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı aparılan işlər nəticəsində sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.

İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Proqramının icrası  olaraq, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb.

Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacağı gözlənilir.

Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Regional inkişaf proqramları ilə yanaşı, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" və digər  Fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

- Sahibkarların qarşısında dayanan vacib vəzifələrdən biri də  ölkəmizdə rəqabətqabiliyyətli məhsul istehsalıdır. Dövlət bunun üçün sahibkarlara hansı imkanları yaradır və siz bu imkanları necə dəyərləndirirsiniz?

- Azərbaycanda rəqabətqabiliyyətli məhsul istehsal edən və həmin məhsulları dünya bazarına çıxaran sahibkarlara dövlət tərəfindən güzəştlərin  edilməsi ilə əlaqədar  bir sıra tədbirlər görülür.

Bu tədbirlərdən biri də, Dövlət Gömrük Komitəsi tərəfindən idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı olan yenilikdir.  Belə ki, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər.

Təqdim olunan bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edəcəklər və bu da, ilk növbədə sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha da surətli keçidi təmin olunmaqla yanaşı gömrük rəsmiləşdirilməsinin daha çevik və vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək.

Bu xidmətdən yararlanmaq üçün sahibkarlar Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş prosedura uyğun olaraq sadə qeydiyyat prosesindən keçməklə gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemlərindən istifadə edə bilərlər.

2015-ci ildə ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində  nəzərdə tutulan tədbirlər  uğurla həyata keçirilmiş, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, qəsəbədaxili yolların salınması işləri  davam etdirilmiş, sahibkarlığın inkişafının  və biznes mühitinin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır.  

Ötən il  Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Ümumdünya İqtisadi Forumunın açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız əksər MDB və Avropa ölkələrini geridə qoymuşdur.

Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. 2015-ci ildə  görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunda da bu il üçün real iqtisadi artım proqnozlaşdırılmışdır. Belə ki, son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək. Onun ümumi daxili məhsuldakı payının 2014-cü ildə 61 faizdən 2016-cı ildə 71,8 faizə çatacağı proqnozlaşdırılır. Tikinti sektoru nəzərə alınmazsa, qeyri-neft sahəsi 5,3 faiz, qeyri-neft ticari sektorlar isə 7,2 faiz artacaq.

- Məmməd müəllim, perspektivdə qeyri-neft sektorunun inkişafında qeyri-neft sənayesi daha əhəmiyyətli rol oynayacaq. Rəhbərlik etdiyiniz təşkilat bununla əlaqədar olaraq Azərbaycan sahibkarlarının potensialını səfərbər etmək üçün hansı addamları atır? 

- Bəli, qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq. Növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq. Bütövlükdə qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9,2 faiz artıma nail olunacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2016-cı ildə 5,5 faiz, növbəti 3 ildə orta hesabla 5,2 faiz artım proqnozlaşdırılır. Xidmət sektorunda artımın 2016-cı ildə 4,8 faiz, növbəti üç ildə də orta hesabla 5,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır və bu sektorun ümumi daxili məhsulda payının 2014-cü ildəki 33,4 faizdən 2019-cı ildə 40,9 faizə qədər artacağı gözlənilir.

Turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, müasir standartlara cavab verən infrastrukturun yaradılması və eyni zamanda, beynəlxalq səviyyəli idman və mədəni tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq arenada tanınmasına, turizmin inkişafına səbəb olacaq. Beləliklə, 2016-2019-cu illər ərzində turizm sektorunun orta hesabla 12,5 faiz artacağı proqnozlaşdırılır.

Bu il investisiya qoyuluşlarının 18,8 milyard manat, o cümlədən xarici investisiyaların 8 milyard manat olacağı, neft sektoruna 8 milyard, qeyri-neft sektoruna isə 10,8 milyard manat investisiya yatırılacağı gözlənilir. Növbəti 3 ildə isə investisiyaların 47,3 milyard manat, o cümlədən xarici investisiyaların 15,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, 2015-ci   ildə də ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir.

Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və İnvestisiya imkanlarının təşviqi, habelə yeni bazarlara çıxış məqsədilə İqtisadi İnkişaf Nazirliyinin təşkilatcılığı və Azərbaycan sahibkarlarının iştirakı ilə 84-ü xaricdə olmaqla, 261 biznes forum, sərgi, “dəyirmi masa” və digər tədbirlər keçirilmiş, bu tədbirlərdə ölkənin investisiya mühiti barədə məlumatlar təqdim olunmuşdur.

Konfederasiya sahibkarların problemlərini həll edilməsində, onların maariflənməsində daima maraqlıdır. Eyni zamanda regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün onların təşkilatlanmasına ehtiyac vardır.

Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.

Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Biz sahibkarlar Konfederasiyası olaraq Azərbaycanın tərəqqisi, xalqımızın firavan gələcəyi naminə, ölkə Prezidenti tərəfindən müəyyənləşdirmiş vəzifələrin icrasında bundan sonra da fəal iştirak edəcək, Azərbaycan dövlətinin qarşımızda qoyduğu  hədəflərə catmaq ücün  bundan sonra da əzmlə çalışacağıq.