Xəbər Respublikanın qaz təsərrüfatında zamanın tələbinə uyğun ardıcıl sturuktur islahatları həyata keçirilir

Respublikanın qaz təsərrüfatında zamanın tələbinə uyğun ardıcıl sturuktur islahatları həyata keçirilir

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev

- Əkbər müəllim, qaz təsərrüfatının müasirləşməsi və yenidən qurulmasının sürətləndirilməsi istiqamətində həyata keçirilən islahatlar və təkmilləşdirmə tədbirlərinin əhəmiyyətini necə qiymətləndirirsiniz?                                                                        

Ölkənin qaz təsərrüfatında təməlini Ulu öndərimiz Heydər Əliyevin qoyduğu yeniləşmə ənənəsini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin müvafiq Sərəncamı ilə respublikanın qaz təsərrüfatında zamanın tələbinə uyğun həyata keçirilən sturuktur islahatları bunun parlaq ifadəsidir. Sərəncam imzalandığı dövrdən sonra ölkənin qaz təchizatında səmərəliliyin artırılması üçün “Azəriqaz” İstehsalat Birliyində (İB) vahid idarəetmə sistemi yaradılıb. Ötən dövr təsdiq etdi ki, artıq “Azəriqaz” İB-nin timsalında çevik - problemləri operativ aradan qaldıran bir dövlət təşkilatı mövcuddur. Eyni zamanda, ötən müddət ərzində “Azəriqaz” İB-nin gördüyü işlər, hazırladığı layihələr göstərdi ki, bu islahatlar və təkmilləşdirmə tədbirləri qaz təsərrüfatının müasirləşməsini və yenidən qurulmasını sürətləndirib. Digər önəmli bir fakt ondan ibarətdir ki, “Azəriqaz” İB ölkənin ən aparıcı şirkətinin – SOCAR-ın dəstəyi ilə özünə əsaslı maddi-texniki baza yaratmışdır. “Azəriqaz” İB özünün yerli sturukturları olan Regional Qaz istismar İdarələrini kifayət qədər mal-materialla və digər müasir tipli avadanlıqlarla təmin edə bilmişdir.

Onu da qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Birliyin yüksək səviyyəli mütəxəssislərinin iştirakı ilə təsərrüfatda 2014-2018-ci illərdə qaz təsərrüfatının yaxşılaşdırma və qazlaşdırma planı hazırlanmışdır. “Azəriqaz” İB-nin bütün sturuktur təşkilatları bu sənədlərlə nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün səfərbər edilmişdir və artıq proqram çərçivəsində xeyli iş yerinə yetirilmişdir.

- Ötən il qazlaşdırma və qaz təminatının bərpası istiqamətində hansi işlər görülüb və əldə edilmiş nəticələr nədən ibarətdir?

- Ötən illərdə olduğu kimi, 2015-ci il ərzində də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir. Ötən illərlə müqayisədə daha geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq ötən il ərzində Ağsu, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Neftçala, Yevlax, Sabirabad, Füzuli, Şamaxı, Masallı, Qax, Saatlı, Tərtər, İmişli, Şabran, Zaqatala, Ucar, Lənkəran, Xaçmaz, Qobustan, İsmayıllı, Zərdab, Qusar, Oğuz, Gədəbəy, Lerik, Kürdəmir, Qobustan, Şəmkir, Salyan, Quba, Yardımlı, Masallı, Tovuz, Şəki, Goranboy, Qəbələ və Samux rayonları üzrə 430 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir.

Bundan başqa, Yevlax rayonunun 32-ci sahə adlanan hissəsinin və Yaldilli kəndinin genişlənən hissəsinin, Oğuz rayonunun Şərq və qərb istiqamətində genişlənən hissəsinin, İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan hissəsinin, Həmçinin Yardımlı rayonunun Urakəran, Cəlilabad rayonunun Təzəkənd, Lənkəran rayonunun Vilvan, Ucar rayonunun Qarabörk, Masallı rayonunun Birinci Səmədxan, Qəbələ rayonunun Vəndam və Nohurqışlaq kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması da başa çatdırımılşdır.

Qazlaşdırılma proqramının icrası nəticəsində Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonlarında məntəqə üzrə qazlaşma səviyyəsi 100 faizə çatdırılmışdır. Digər rayonlarda da qazlaşma səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi üçün müvafiq tədbirlər davam etdirilir.

İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 2016-cı ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 835 173-ə çatmışdır. Qeyd edək ki, 1 yanvar 2016-cı il tarixə qeydiyyata alınmış abonentlərin 23 864-ü qeyri-əhali abonentidir. Ümumilikdə, 2015-ci il ərzində mövcud olan 1 811 173 əhali abonentindən 104 309-u ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 32 773-ü Bakı, Abşeron, Sumqayıt, 71 536-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.

Həmçinin 1 yanvar 2016-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 126 554 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmuş və qeyri-əhali sektoru üzrə 341 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır. 

Onu da bildirmək lazımdır ki, smart kart tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədi ilə yeniliklər tətbiq edilmiş və müvafiq qaydada islahatlar aparılmışdır.

2015-ci il ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 501 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdur. Bu isə ümumilikdə, 11 327 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

- İstehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi sahəsində görülən işlər barədə nə deyə bilərsiniz?

- Birliyin əsas vəzifələrindən biri olan istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, həmçinin istehlak olunan qazın dəyərinin istehlakçılar tərəfindən tam həcmdə və vaxtında ödənilməsi sahəsində vəziyyət də ürəkaçandır. Belə ki, yığım səviyyəsinin yaxşılaşdırılması və istehlak olunan qazın dəyərinin tam ödənilməsi istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. Ötən il ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 2 648 470 391 kubmetr həcmində təbii qaz satılmış və əvəzində 98.4% faiz vəsait toplanmışdır. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 174 843 845 kubmetr artıqdır.

Təbii qaz itkilərinin azaldılması məqsədi ilə əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. Belə ki, respublika ərazisində 2015-ci il ərzində 12224,8 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmiş, 518,5 km qaz kəmərləri əsaslı təmir edilmişdir. Görülən işlərin nəticəsi olaraq Regional qaz istismarı idarələri və Qaz istismar sahələri tərəfindən 2015-ci il ərzində 49052 əhali və saatlıq qaz sərfiyyatı 10 m³-dən aşağı olan 3236 qeyri-əhali istehlakçısı ilə müqavilə bağlanmışdır. Son illər Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı müəssisə və obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olduğundan istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qaz təchizatını təmin etmək məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Tədbirlər proqramı işlənib hazırlanmış və işlərin görülməsi mərhələlərlə həyata keçirilmişdir. Tədbirlər proqramına uyğun olaraq 2015-ci il ərzində 35781 p/m uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilmiş, eləcə də yeni qaz xətləri çəkilmiş, 120 ədəd siyirtmə yenisi ilə əvəz edilmiş, 204 ədəd qaz tənzimləyici quraşdırılmışdır. Bundan əlavə RQİİ-lər və QİS-lər tərəfindən daxili imkanlar hesabına 2015-ci il ərzində 324,9 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilərək yenisi ilə əvəz edilmiş, 1323 ədəd qaz tənzimləyici və 513 ədəd siyirtmə quraşdırılmışdır. Respublika ərazisində istehlakçılar tərəfindən istifadə edilən təbii qazın dəyərinin əvvəlcədən ödənişini təmin etmək məqsədi ilə 2015-ci il ərzində 63737 ədəd “smart-kart” tipli qaz sayğacları quraşdırılmışdır. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin quraşdırılmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Əkbər müəllim, bəs 2015-ci il ərzində istehlakçıların dayanıqlı qaz təchizatının təmin edilməsi və təbii qazdan təhlükəsiz istifadə olunması barədə hansı tədbirlər həyata keçirilib?

- Qeyd edim ki, 2015-ci il ərzində istehlakçıların dayanıqlı qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə televiziya kanallarında videoçarxlar, mətbuatda, kütləvi informasiya vasitələrində mütəxəssislərin iştirakı ilə çıxışlar, insanların kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, dayanacaqlarda elanların, plakatların, lövhələrin vurulması təşkil edilir və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda struktur bölmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, qaz tənzimləyici qurğularda tənzimləmə işlərinin aparılması, texnoloji rejimə uyğun olaraq şəbəkəyə qazın ötürülməsi daim nəzarətdə saxlanılır, abonentlərin növbədənkənar təlimatlandırılması və qaz şəbəkəsinə texniki baxışların keçirilməsi müvafiq qaydada təmin edilir.

Respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biri olmuşdur və bu istiqamətdə işlərin icrası davam etdirilir.

Təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir. Bunun nəticəsidir ki, ötən ilin yanvar-dekabr ayları ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 7347 əhali, 160 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunmuşdur. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 1 769 378 AZN dəyərində dəymiş ziyan hesablanmışdır.

“Azəriqaz” İB istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, neqativ halların aradan qaldırılması, şəffaflığın təmin olunması, xidmətə nəzarətin gücləndirilməsi və yaranmış problemlərin dərhal aradan qaldırılması məqsədi ilə yeni “Çağrı Mərkəzi” xidmətinə abonentlər zəng vurub səsli menyunun koməyi ilə müvafiq düymələrdən birini seçərək öz müraciətlərini ünvanlaya bilirlər. Həmçinin sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınaraq müvafiq sahələrə elektron formada göndərilir. Bu isə öz nöbəsində daxil olan şikayət və ya təkliflərin dərhal araşdırılaraq həll edilməsində müsbət rol oynayır. Eyni zamanda daxil olan bütün müraciətlər arxivləşdirilir.

Ötən il ərzində Birliyin “104 qaz qəza” və “185 qaynar xətt” xidmətləri tərəfindən qeydə alınmış, müxtəlif xarakterli çağırışlar aidiyyatı üzrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilmişdir. Bu da icra olunan işlərin səmərəli təşkilinə xidmət edir.

Eyni zamanda, Birliyin strukturuna daxil olan 20 tabeli təşkilatda təsdiq edilmiş proqram əsasında əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ekologiya sahəsində və beynəlxalq standartların tətbiqi ilə əlaqədar aparılan işlərin icra vəziyyəti araşdırılarkən 225 nöqsan aşkar edilmiş, müvafiq qaydada sənədləşdirilmiş, yerlərdə aidiyyəti mütəxəssislərə lazımi metodiki köməklik göstərilmiş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün həmin təşkilatların rəhbərlərinə rəsmi qaydada tapşırıqlar verilmişdir. Eyni zamanda qəza- bərpa və təmir-tikinti işlərinin yerinə yetirilməsi zamanı əməyin müafizəsi və yanğın təhlükəsizliyinə riayət olunmasına nəzarət edilməsi, habelə aidiyyəti struktur bölmələrdə mənzillərə texniki baxış və profilaktiki xidmət işlərinin icra vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə reydlər keçirilmişdir. Keçirilən reydlərin  nəticəsi olaraq nöqsanlara yol vermiş aidiyyəti işçilərə xəbərdarlıq kartı təqdim edilmişdir. Birlikdə əmək və icra intizamının yüksəldilməsi, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına nəzarətin gücləndirilməsi məqsədilə müvafiq əmrlə təsdiq olunmuş kart sisteminə uyğun olaraq 2015-ci ildə əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını və icra intizamını 115 əməkdaşa xəbərdarlıq, baş verə biləcək qəza və bədbəxt halların qarşısının təhlükəsizlik qaydalarına riayət etməklə alınmasında xüsusilə fərqlənmiş, habelə işlərin icrasını təhlükəsizlik baxımından yüksək peşəkarlıqla yerinə yetirmiş 5 işçiyə isə fərqlənmə kartları təqdim olunmuşdur.

İşçilərin sağlamlığının qorunması və əməyin təhlükəsizliyinin təmin olunması sahəsində nə kimi addımlar atılmışdır?

- İşçilərin sağlamlığının qorunması məqsədi ilə Birlik üzrə 2015-ci ildə dövri tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuş işçilərin tibbi müayinədən keçirilməsi tam təmin olunmuşdur. Birlik üzrə zərərli istehsalat şəraitində çalışan 1185 işçiyə süd məhsullarının verilməsi təşkil edilmişdir.

Ötən il ərzində möcud qanunvericiliyə uyğun olaraq tabeli təşkilatlarda işçilərin öyrədilməsi və biliklərinin yoxlanılması işinin təşkili ilə əlaqədar yerlərə lazımi metodiki köməklik göstərilmiş və keçirilən imtahanlarda  iştirak edilmişdir. Birliyin Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyası tərəfindən tabeli təşkilatların aidiyyəti əməkdaşlarının və Birliyin  idarəetmə aparatının işçilərinin bilikləri yoxlanılmışdır. Test qaydasında keçirilən imtahanlarda 547 nəfərin biliyi yoxlanılmışdır. İmtahanın nəticəsinə əsasən 463  nəfərin biliyi müvəffəq qiymətləndirilmiş, 77 işçinin biliyi isə qeyri-kafi hesab edilmişdir. İmtahanlarda biliyi qeyri-kafi qiymətləndirilmiş və müəyyən səbəblərdən imtahanlarda iştirak etməmiş işçilərin biliklərinin təkrar yoxlanılması təmin edilmişdir. Tabeli təşkilatlarda həyata keçirilən ayrı-ayrı  işlərin vahid formada icra olunmasının təmin edilməsi və işçilərin öyrədilməsi, habelə təcrübə mübadiləsinin təşkili üçün Birlik üzrə “İstehsalat xarekterli işlər üzrə təlimlərin təşkili və təcrübə mübadiləsi haqqında” müvafiq əmr verilmişdir. Əmrin icrası olaraq ilk növbədə təlim keçiriləcək mövzular müəyyən edilmiş, tabeli təşkilarda keçiriləcək həmin təlimlərin keçirilmə qrafiki tərtib olunmuşdur. Qrafikdə eyni zamanda tabeli təşkilatlar arasında təcrübə mübadiləsi məqsədilə təqdimatların keçirilməsi də nəzərdə tutulmuşdur. Bu məqsədlə Birliyin aidiyyəti şöbələrinin və tabeli təşkilatlarının rəhbərləri tərəfindən  qrafikdə nəzərdə tutulmuş hər bir mövzu üzrə video slayt şəkilində təqdimatlar hazırlanmış və tərtib olunmuş qrafik əsasında video görüntülər şəklində təlimlərin keçirilməsinə başlanılmışdır. Keçirilən təqdimatlar birbaşa bağlantı yaradılmaqla Birlik rəhbərliyi tərəfindən izlənilmişdir.

Bundan başqa Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti tərəfindən təsdiq edilmiş normalara əsasən Birliyin struktur bölmələrinin çalışan işçilər xüsusi geyim və fərdi mühafizə  vasitətələrinə olan təlabatı müəyyən edilmiş, alınması və aidiyyəti üzrə paylanılması, habelə onlardan səmərəli istifadə olunmasına nəzarət olunmuşdur.

Ötən il məhz daxil olan müraciətlərə uyğun hansı xidmətlər göstərilmişdir?

- Birliyin Müştəri xidməti şöbəsi 2015-ci il ərzində istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin təmin edilməsini, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini təmin etmişdir.

“Azəriqaz” İB-nin fəaliyyəti dövründə, yəni 2009-cu ildən bü günə kimi aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 38 867,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 8601 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1151 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilmişdir. Ümumilikdə, respublika üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 835 mini ötmüşdür.

Bəs cari il ərzində neçə yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilmişdir?

- “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən Cari ilin yanvar-fevral ayları ərzində 1 883 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 110 km qaz kəməri əsaslı təmir olunmuşdur. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Cari il ərzində 27 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilmişdir. Cari ilin fevral ayı ərzində İB-də əhali sektoru üzrə 18 504 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 2 667-i Bakı, Abşeron və Sumqayıt, 15 837-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 869 274-ə çatmışdır.//yap.org.az