Xəbər Novruz Məmmədov: "Prezidentlərin görüşünü konstruktiv və ümidverici adlandırmaq olar" MÜSAHİBƏ

Novruz Məmmədov: "Prezidentlərin görüşünü konstruktiv və ümidverici adlandırmaq olar" MÜSAHİBƏ

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SƏS TV-yə müsahibəsi:

- Novruz müəllim, bildiyiniz kimi Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Ümumiyyətlə, bu görüşü ümidverici hesab etmək olarmı?

- Ümumiyyətlə, prezidentlərin Sankt-Peterburq görüşü və bundan əvvəl reallaşan Vyana görüşü müəyyən mənada bu ilin aprel ayında Ermənistan tərəfinin törətdiyi təxribatdan sonra baş verən ən önəmi hadisələrdəndir. Düşünürəm ki, işğalçı ölkənin törətdiyi təxribat və ona verilən cavab bir daha beynəlxalq birliyə, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrə və onların prezidentlərinə, eləcə də Ermənistan tərəfinə bir mesaj idi. Bu addımlar belə qənaətə gəlməyə əsas verdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bugünə kimi həll olunmaması, indiki vəziyyətdə qalması və yaxud dondurulmuş hesab edilməsi yalnış mövqedir. Münaqişənin geosiyasi baxımdan çox mühüm əhəmiyyət dasşıyan bir regionda həll olunması bütün tərəflər üçün faydalı olar. Yəni tək Azərbaycan və Ermənistan üçün deyil, eləcə də dünya üçün münaqişənin həlli bir töhfə olar. Məhz bu qənaətə gəldikdən sonra ilk dəfə ABŞ-ın təşəbbüsü ilə Vyana şəhərində görüş keçirildi. İki gün öncə isə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu mənada hesab edirəm ki, Sankt-Peterburq görüşünü konstruktiv və ümidverici adlandırmaq olar. Orada bir sıra görüşlər keçirildi.

Görüş zamanı aparılan müzakirələr, fikir mübadiləsi, ortaya qoyulan mövqelər əsas etibarilə münaqişənin indiki vəziyyətdə hansı yollarla, variantlarla həll edilməsi ətrafında cərəyan etdi. Artıq bununla bağlı prezidentlərin bəyanatı da mətbuata yayılıb. Yəni bu gün artıq ümumi bir razılaşmanın əldə edilməsini qeyd etmək olar. Təbii ki, bu razılaşmanın da əsas mahiyyəti ondan ibarətdir ki, münaqişə həll olunmalıdır. Hətta yaxşı olardı ki, münaqişənin həlli mərhələli şəkildə davam etdirilsin. Yəni əvvəlcə Azərbaycanın rayonları (5 rayon) işğalçı qüvvələrdən azad edilsin. Ondan sonra iki rayon və dəhliz məsələsi həll olunmalı və Dağlıq Qarabağın statusu ilə bağlı proseslərə keçirilməlidir. Bununla belə danışıqlar zamanı qeyd olundu ki, Vyana görüşlərindən bugünə qədər təmas xəttində vəziyyət əvvəlki dövrdən müsbət mənada fərqlənir. Təbii ki, proseslərə başlamaq üçün mütləq təmas xəttində və o ərazilərdə gərginliyin azaldılmasına çalışmaq lazımdır. Eyni zamanda monitorinq qrupunun üzvlərinin sayının təxminən 6 nəfər artırılması nəzərdə tutulur. Prinsip etibarilə razılıq əldə edildi ki, Azərbaycanın rayonları azad edilən zaman o ərazilərdə problem yaranmasın deyə, ora sülhməramlı qüvvələr yerləşdirilsin. Təbii ki, bütün bunlarla bağlı ümumi razılıq əldə olundu. Amma bu hələ ki heç bir sənədin üzərində deyil. Hətta nazirlərə və orada olan həmsədrlərə tapşırıldı ki, bu istiqamətdə işlər aparılsın. Əgər Ermənistan tərəfi bundan sonra mövqeyini dəyişməsə, təxribata əl atmasa, düşünürəm ki, görüş ümidverici oldu.  

 

- Qeyd etdiniz ki, Azərbaycanın rayonları azad edilən zaman o ərazilərdə problem yaranmasın deyə, ora sülhməramlı qüvvələr yerləşdiriləcək. Bu sülhməramlı qüvvələrə kimlər daxildir?

- Hələ ki, sülhməramlı qüvvələrlə bağlı heç bir qərar yoxdur. Orada kimlərin və nə qədər sülhməramlı qüvvələrin olacağı ilə bağlı hazırda heçnə demək olmaz. Yəni proses başlayandan sonra bizim üçün vacib olan torpaqların azad olunmasıdır. Bundan sonra nazirlərin həmsədrlərlə birgə görüşlərində, danışıqlarında və ortaya qoyduqları sənəddə yavaş-yavaş bütün bu məsələlər öz əksini tapmalıdır. Mən Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllində maraqlı olduğunu hiss etdim. Düşünürəm ki, rəsmi Moskva münaqişənin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllini daha dolğun təmin edə bilər.

 

- Ümumiyyətlə, Ermənistanın danışıqlarından sonra yenidən təxribatlara əl ata bilərmi və onların qarşısına belə bir şərt qoyulubmu?

- Yox, əsla belə bir şərt qoyulmayıb. Çünki bu, mümkün də deyil. Təbii ki, əvvəllər belə hadisə olub. Arzu edirəm ki, bu dəfə eyni hal təkrarlanmasın. Biz Sankt-Peterburqda olan zaman Ermənistandan xəbər gəldi ki, orada hansısa müxalifətin lideri dövlət çevrilişinə cəhd edib. Sadəcə, bu məsələ bir qədər bizi düşünməyə vadar etdi.

 

- Son dövrlər Azərbaycan-Qərb münasibətlərində kifayət qədər yaxınlaşma hiss olunur. Amma yenə də bəzi qərbyönümlü QHT-lər qərəzli bəyanatlarla çıxış edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün Qərbdə, Avropada tənqid məsələsi adi bir şeydir. Təbii ki, bizim kimi bir dövləti tənqid edən həmişə tapılacaq. Çünki Azərbaycan çox uğurlu inkişaf yolu keçən bir dövlətdir. Ölkəmizin 25 ildir qazandığı müstəqillikdə həmişə sabitlik, təhlükəsizlik təmin olunub. Bu gün dünyanın 50 ölkəsində elə vəziyyətdir ki, bütün insanlar burada özlərini cəhənnəmdə hiss edirlər. Onlar bu bəlalardan qurtulub sakit gün keçirmək arzusundadırlar. Bu nöqteyi-nəzərdən Azərbaycanın belə bir mövqedə yerləşməsi və bütün sahələrdə işlərin uğurla getməsi, beynəlxalq tədbirlərin keçirilməsi dövlətimizin qazandığı nailiyyətlərdən xəbər verir.

İyunun 17-19-da ölkəmizdə keçirilən Formula-1 yarışı böyük tarixi hadisədir. Bəlkə də biz özümüz bunu bu gün dərk edib dəyərləndirə bilmirik. Amma dünyanın başqa ölkəsində bununla maraqlananlar, bu prosesi bilənlər tamam fərqli mövqedə dayanırlar. Təbii ki, Azərbaycanın bu səviyyəyə gəlib çıxması onları narahat edir. Onların arasında QHT-lər də var. Hərənin bir məqsədi və fikri olur. Bu gün dünyada dövlətlərarası münasibətlər xarakterinə görə amansız, qəddarır. Burada proseslərə ədalətli yanaşma demək olar ki, yoxdur. Yəni bu gün dünyada beynəlxalq hüquq deyilən anlayışa çoxları baxmaq belə istəmir. Axı bu nə deməkdir? Hər böyük dövlət əlindən gələni özü üçün etməyə çalışır, amma qalanlarına fikir vermir. Məsələn, İŞİD birdən-birə yaranmadı. Bunun tarixini təhlil edən, araşdıran, yazan insanlar ortaya çıxacaq.

Formula-1 yarışı Azərbaycanın nəyə qadir olduğunu göstərdi. Eləcə də, bunlara misal olaraq, Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsini, İlk Avropa Oyunlarını və gələcəkdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarını göstərə bilərik. Bu gün Azərbaycanda musiqi, incəsənət çox güclü inkişaf edib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğamla bağlı gördüyü işlər dünya üçün bir töhfədir. Bu uğurlu yolun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bizim Qərblə, Avropa ilə münasibətlərimiz çox yaxşıdır. Amma belə olanda bizə qarşı tənqidlər arta da bilər. Qoy təndiq etsinlər, bizim də onlara cavabımız adekvat olmalıdır.

 

- Son olaraq, İrəvanın mərkəzində terrorçu, nasist general Qareqin Njdeyə abidənin qoyulmasına nə ad vermək olar?

- Siz bu məsələləri dünya mətbuatına çıxarmalısınız. Avropaya sual olunmalıdır ki, sizlər multikulturalizmdən, tolerantlıqdan, anti faşizmdən, islamafobiyadan danışdığınız halda bəs niyə Ermənistanda faşist bir generala abidə qoyulmasına susursunuz. Əslində Qareqin Njde əsl faşistin biri idi. Onsuz da ermənilər faşistlərlə həmişə əlaqədə olublar. Hətta ikinci Dünya müharibəsində onlar Hitlerə işləyirdilər. Təbii ki, bununla bağlı dünyaya (sosial şəbəkələrdə, müxtəlif dairələrdə) səs salmaq lazımdır. Bununla bağlı Azərbaycanda yüksək səviyyədə işlər gedir.