Xəbər “ASAN xidmət” – dünyanın maraq göstərdiyi Azərbaycan brendi

“ASAN xidmət” – dünyanın maraq göstərdiyi Azərbaycan brendi

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi institusional islahatlara nümunə olaraq “ASAN xidmət” mərkəzlərini göstərə bilərik. Hazırda “ASAN xidmət” mərkəzlərində 30 növ hüquqi, 32 növ funksional yardımçı xidmətlər təşkil edilib... Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək, “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan özünün  müstəqillik dövründə, xüsusilə ulu öndər Heydər Əliyevin ikinci dəfə  respublikamıza rəhbərliyindən sonra  bütün sahələrdə öz nümunəsini, dövlət idarəçiliyində demokratik prinsiplərə önəm verilməsini, beynəlxalq birliyə inteqrasiyasını  ortaya qoyaraq, dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açıldı. Həmin vaxtdan başlayaraq nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dünya dövlətlərinin, araşdırma mərkəzlərinin,  tanınmış ekspertlərin, ictimai-siyasi xadimlərin və aparıcı kütləvi informasiya vasitələrinin diqqətini ölkəmizə çəkən də məhz bu amillərdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan bütün sahələrdə əlaqələrini daha da genişləndirdi, ikitərəfli əməkdaşlıq sahəsində tərəfdaşlarının sayını getdikcə artırdı. Təsadüfi deyildir ki, bu gün dünyanın müxtəlif  regionlarında, nüfuzlu beynəlxalq qurumlarda, mötəbər tədbirlərdə Azərbaycanın inkişaf modeli, Azərbaycan nümunəsi, “Azərbaycan fenomeni” haqqında çox danışılır.

 

Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış siyasi xəttin, inkişaf strategiyasının Prezident
İlham Əliyev tərəfindən daha da zənginləşdirilməsi, müasir dövrün reallıqları, inkişaf meyilləri əsasında, konkret proqramlar çərçivəsində uğurla davam etdirilməsi  ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Bu faktlar artıq dünya birliyində də etiraf olunur. Fakt üçün  2013-cü ildə "The Buisness Year" şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin Prezidenti" elan etdiyini xatırlatmaq istərdik.

"The Buisness Year" şirkətinin 4 ildir ardıcıl olaraq Azərbaycanla əməkdaşlığının əsasında  bu qənaətə gəlməsində əsas məqsədi respublikamızda həyata keçirilən yeni inkişaf modeli nümunəsini dünyaya daha yaxından tanıtmaq olmuşdur. Təkcə son beş ilə nəzər salsaq, bir daha şahidi olarıq ki, bu dövrdə Azərbaycanın dinamik inkişafı, dünyanın geosiyasi məkanında fəal iştirakı, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk "Azərspace" telekommunikasiya peykinin orbitə buraxılması ilə ölkədə, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına  önəmli töhfələr vermişdir. Eyni zamanda, respublikamız  mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, sivilizasiyalararası dialoqların, beynəlxalq  idman yarışlarının keçirildiyi mərkəzə çevrilmişdir. Göstərilən səbəblərin hər biri dövlət başçımızın müasir düşüncə tərzinin yüksək səviyyədə olmasının, demokratik prinsiplərə, modernləşməyə böyük üstünlük verməsininnəticəsi kimi dəyərləndirilir.

Ölkəmizin beynəlxalq aləmdə reytinqinin getdikcə artmasını stimullaşdıran amillərdən biri də  Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürütməsi olmuşdur. 2012-ci ildə Azərbaycanın güclü rəqabət şəraitində bütün maneələri  dəf edərək, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etməsi, bu quruma iki dəfə sədrlik etməsi də dediklərimizə bariz nümunədir. Azərbaycan bu qurumdakı  fəaliyyəti ilə təsdiq etdi ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir dövlət öz nümunəsini ortaya qoya, ədalət prinsipinin, sülh və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfələrini verə bilər.

Qloballaşan müasir dövrümüzdə idarəetmə sistemində modernləşmə yeni idarəetmə modelləri zərurətini yaratmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, yeni düşüncə tərzinin formalaşdırılmasına istiqamətlənmişdir.Yeni idarəetmə modellərinin əsas prinsiplərindən biri  şəffaflığın artırılmasının ön plana çəkilməsidir. Məhz bu baxımdan dövlətimizin başçısı demokratik idarəçiliyin formalaşdırılmasını, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılmasını, xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsini, korrupsiya və rüşvətxorluğun qarşısını almaq  məqsədilə 2012-ci il 13 iyul və 5 sentyabr tarixli fərmanlar  imzalamışdır. Həmin fərmanlarla Respublika Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzləri yaradıldı və fəaliyyəti təşkil olundu. Həmin vaxtdan  ölkəmiz  güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi və yaradılan yeni, səmərəli, müasir xidmət modeli olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə də dünyanın diqqətini özünə cəlb etdi.

Respublikamızda ümumbəşəri sosial bəla olan korrupsiyanın və rüşvətxorluğun qarşısının alınmasına xüsusi önəm verilərək, ölkə Prezidentinin siyasi iradəsi ilə bu sahədə ciddi mübarizə aparılır. Hazırda dünyanın diqqət mərkəzində olan  "ASAN xidmət" mərkəzlərinin bu istiqamətdə  fəaliyyəti yüksək qiymətləndirilir. Bu xidmət vasitəsilə  vətəndaş məmnunluğuna yönələn şəffaf və elektron xidmətlərin tətbiqi getdikcə genişləndirilir. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi sayılan  "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə təqdir olunur və bu təcrübə Azərbaycan modeli kimi böyük maraq doğurur.  Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində kadrların bilik və bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara dönmədən əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır. Agentliyin yaradılması ilk növbədə  "vətəndaş - dövlət qulluqçusu" münasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin və fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Dünyada nadir təcrübə olan "ASAN xidmət" məhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir. Onu da qeyd edək ki, "The Buisness Year" şirkəti  tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin dünyada "İlin Prezidenti" elan edilməsindəki amillərdən biri də məhz "ASAN xidmət"  modelinin yaradılması və səmərəli fəaliyyəti olmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycan həm özünün inkişaf nümunəsi, həm də brendləri ilə dünyada tanınan bir ölkəyə çevrilmişdir. Ölkəmizdə olan yüksək səviyyəli qonaqlar "ASAN xidmət"in fəaliyyətini böyük maraqla müşahidə edir, öz ölkələrində də belə bir modelin yaradılmasını arzu etdiklərini gizlətmirlər.

Azərbaycan brendi olan  "ASAN xidmət"in fəaliyyətini Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti və digər ölkələrdə yüksək qiymətləndiriblər. Özünəməxsus hüquqi strukturun fəaliyyətini bir sıra beynəlxalq əməkdaşlar və tanınmış ekspertlər yüksək qiymətləndirmiş, bu qurumu   "Azərbaycan modeli" adlandıraraq, aparıcı təcrübə kimi qeyd etmişlər. Avropa Şurasının Baş katibi Torbyorn Yaqland ölkəmizdə səfərdə olarkən "ASAN xidmət"mərkəzlərindən birinə gəlmiş, bu xidmətlə yaxından tanış olduqdan sonra demişdir:"ASAN xidmət" unikal modeldir və bütün Avropa ölkələri Azərbaycanın bu sahədə təcrübəsini öyrənməlidir. "ASAN xidmət" Avropaya həqiqətən də xoş təəssürat bağışlayıb".

Artıq Əfqanıstanda "ASAN xidmət" modelinin tətbiqinə qərar verilib. Azərbaycanın "ASAN xidmət"lə bağlı təcrübəsini öyrənən əfqan mütəxəssisləri hesab edirlər ki, bu modelin ölkələrində tətbiqi vətəndaşlara daha modern və çevik xidmət göstərməyə imkan verəcək. 

Göründüyü kimi, "ASAN xidmət"  artıq dünya dövlətlərində böyük maraq oyadıb. Təbii ki, belə bir modelin ilk dəfə Azərbaycanda yaradılması və qısa müddət ərzində beynəlxalq aləmdə nümunə kimi götürülməsi ölkəmizin  uğurudur. Çünki dünya ictimaiyyətini də narahat edən bütün bürokratik əngəllər  bu xidmət vasitəsilə aradan qaldırılır, vətəndaşlar vaxtilə yaşadıqları problemlərin, xüsusilə süründürməçiliyin, rüşvətxorluğun, uzun get-gəlin və digər narahatlıq yaradan halların heç birini bu gün yaşamırlar. Bu vaxta qədər 10 milyon insanın bu xidmətdən yararlanması da bundan xəbər verir.

Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin ölkəmizə səfərləri zamanı onları maraqlandıran "ASAN xidməti"dir və ilk sualları da bu barədə olur. Avropanın "Neurope.eu" informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevlə dərc olunan müsahibədə də  əməkdaşı maraqlandıran Azərbaycanın müəllifi olduğu innovasiyalar olmuşdur. Həmin sualı cavablandıran dövlətimizin başçısı demişdir: "Biz dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə yanaşı, özümüz də bəzi innovasiyaların yaradılması ilə bağlı təşəbbüslər göstəririk. Nümunə kimi, Azərbaycan brendi olan Vətəndaşlara Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik. "ASAN xidmət" vətəndaşların məmnunluğu prinsipinə əsaslanan və bir çox xidmətin bir mərkəzdə cəmləşdirildiyi təsisatdır. "ASAN xidmət" mərkəzlərinin fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin səmərəli təşkili və bu sahədə idarəçilik sisteminin müasirləşdirilməsi daxildir. Bu mərkəzlər mütərəqqi hökumət-vətəndaş münasibətlərinin nümunəsidir. Mərkəzlər hazırda 25 sayda ictimai xidmət təklif edir. Təsadüfi deyil ki, bir il ərzində bir milyondan çox vətəndaş bu mərkəzlərə müraciət etmişdir. Buna görə də "ASAN xidmət" mərkəzlərinin təklif etdiyi xidmətlərin miqyasını genişləndirmək niyyətindəyik".

Bu gün hər bir vətəndaş  "ASAN xidmət" fəaliyyətindən razılıq edir. İlk növbədə ona görə ki, bu qurum fəaliyyətə başlayandan uzun növbələrdə saatlarla dayanma, məmur kabinetlərinə ayaqdöymələr, müxtəlif idarələri gəzərək, arayışlar almaq, əsəbiləşmək, rüşvət üstündə mübahisələr etmək artıq tarixə qovuşub. Artıq  insanlar bütün bu süründürməçiliklərdən  tamamilə azad olublar. Hazırda bir çox məsələləri həll etmək, sənəd və ya hüquqi məsləhət almaq, notarius xidmətləri, VVAQ, kommunal xərclərin ödənməsi, bank və sığorta xidmətlərindən istifadə etmək, sürücülük vəsiqəsinin dəyişdirilməsi, doğum haqqında şəhadətnamə, şəxsiyyəti təsdiq edən sənədin alınması və digər xidmətlər üçün sadəcə "ASAN xidmət" mərkəzlərimizdən birinə müraciət etmək  kifayətdir. Ümumilikdə "ASAN xidmət"ə 220 xidmət növü daxildir. "ASAN xidmət" mərkəzlərində vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılıb. İnsanların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər göstərilir. Buraya bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya daxildir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Məqsəd dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiq olunması, dövlət qulluqçusu--vətəndaş münasibətlərində yeni düşüncə tərzinin--"dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir"--yanaşmasının formalaşdırılmasıdır.

"ASAN xidmət" mərkəzlərində daha bir yenilik isə dövlət başçısının tapşırığına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə tələb olunan xüsusi razılıq lisenziyasının verilməsi olub. Dövlətimizin başçısı "ASAN xidmət"in  xalq tərəfindən böyük razılıqla qarşılandığını nəzərə alaraq, daha da genişləndiriləcəyini bildirib: "Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam".

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"