Xəbər Bəşəri missiya

Bəşəri missiya

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Müasir zamanda mədəniyyət diplomatiyası milli maraqların təbliği, münasibətlərin qurulması, anlaşmanın əldə olunması üçün beynəlxalq əlaqələrin çox önəmli amili rolunda çıxış edir. Respublikamızın Şərq və Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki dünyanın zəngin mədəni irsinə sahibliyi, tolerantlığı və multikultural dəyərlərə sadiqliyi mədəniyyət diplomatiyasında ölkəmizin önəmini son dərəcə artırır. Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın son 12 ildə inamla rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı vaxtdan digər sahələrdəki nailiyyətləri ilə yanaşı, dünyada mədəniyyət diplomatiyasının da mükəmməl örnəyini yaratmaqdadır.

Fond fəaliyyətə başladığı 2004-cü ilin may ayından ali məqsədini bəyan edib: ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması! Bir çox tədqiqatçılar bu məqsədləri Heydər Əliyev Fondunun novatorluğu kimi də qiymətləndirirlər.
Ölkə başçısı İlham Əliyev fondun fəaliyyətini yüksək dəyərləndirərək bu nüfuzlu qurumun Azərbaycan xalqını və dövlətini daim yeniləşməyə və müasirləşməyə səslədiyini xüsusi vurğulamışdır: “Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, ölkəmizin dünyaya olduğu kimi təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür...” Hazırda xalqın yüksək məhəbbətini və inamını qazanan Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, böyük rəhbərin xatirəsinə layiq fəaliyyət göstərir. Fondun prezidenti Mehriban xanım Əliyeva millətin gələcəyinə hesablanmış bu xoşməramlı missiyanı uğurla davam etdirir, milli intibah prosesinə yeni və dəyərli töhfələrini verir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədərdir: qurum təkcə milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin beynəlxalq aləmdə təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır. Ümummilli liderin ideyalarını yaşadaraq bu nüfuzlu qurum öz prezidentinin rəhbərliyi altında elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılmasına, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmininə, sivilizasiyalararası dialoqun təşviqinə, nüfuzlu beynəlxalq qurumlarla beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsinə və bu istiqamətdə son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır. 
Bu nüfuzlu qurumun fəaliyyəti son 12 ildə daim böyük marağa səbəb olmaqla layiqincə dəyərləndirilmişdir. Fondun prezidentinin hələ 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi də nəcib və humanist missiyaya beynəlxalq səviyyədə verilən ali qiymətdir. Azərbaycanın birinci xanımı “Qızıl ürək” Beynəlxalq mükafatına, habelə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlıq Fondunun mükafatına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, Fransanın “Şərəf legionu” ordeninə, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaç ordeninə, UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunan Mehriban xanım Əliyeva 2012-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adını almışdır. İNTERPOL-un 2011-ci ildə təsis etdiyi - “Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə” yadigar medalının bütün dünyada ilk dəfə olaraq Mehriban xanım Əliyevaya təqdim olunması da onun gördüyü işlərə verilən diqqətin parlaq bir nümunəsi kimi böyük tarixi əhəmiyyətə malikdir. Fondun prezidenti humanitar sahədəki fəaliyyətinə görə həmçinin “Birlik ulduzları” mükafatı ilə təltif edilmişdir. Azərbaycanın birinci xanımı Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən “İlin birinci xanımı” (First ledy) seçilmişdir. İslam mədəni irsinin dünyada təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunmuşdur.
Dünyanın ən nüfuzlu ictimai təşkilatlarının, mədəniyyət qurumlarının Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevanın şəxsiyyətinə göstərdiyi yüksək etimad, ümumilikdə dünyanın onun timsalında Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, incəsənətimizə göstərdiyi diqqətin ifadəsidir. Bu seçimlər, eyni zamanda, birinci xanımın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə daha bir əyani sübutdur. Heydər Əliyev Fondu öz prezidentinin rəhbərliyi altında Azərbaycanda mədəniyyət diplomatiyasının mütəşəkkil, sistemli, müasir dövrün çağırışlarına uyğun, ən əsası, təkcə lokal çərçivədə deyil, qlobal miqyasda həyata keçirən ilk və ən böyük təşkilatdır.
Mehriban xanım Əliyevanın ölkə hüdudlarını çoxdan adlamış fəaliyyəti bu gün həm də qlobal miqyasda savadsızlığın aradan qaldırılmasına, multikulturalizm ideyalarının təbliğinə, fərqli sivilizasiyaların dialoquna xidmət edir. Son illər Bakıda kimisə qlobal beynəlxalq tədbirlərin keçirilməsi xəbərləri ilə təəccübləndirmək olmur. Şübhəsiz, bu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin başlıca səbəbi respublikamızın dünya miqyasındakı nüfuzu, hörmətidir. Bunun nəticəsi olaraq paytaxtımızın son illər təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərin sırası ildən-ilə genişlənir: Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, III Qlobal Bakı Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. Şübhəsiz, bu və digər tədbirlərin Bakıda keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan mükəmməl diplomatik fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri də müstəsnadır. 
Ötən il I Avropa Oyunlarının Təşkilat Komitəsinə uğurla rəhbərlik etmiş Heydər Əliyev Fondunun prezidenti bu möhtəşəm tədbirin də yüksək səviyyədə hazırlanmasını və başa çatdırılmasını təmin etmişdir. Yüksək komanda işinə, vətən, torpaq, yurd sevgisinə görə Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın I Avropa Oyunlarından dərhal sonra - 2015-ci il iyunun 29-da ölkə başçısı tərəfindən “Heydər Əliyev ordeni” ilə təltif olunması da bu əzmkar fəaliyyətə verilən adekvat qiymət olmuşdur. Bu ilin martında Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Mehriban xanım Əliyeva bu ölkənin ən ali mükafatı - “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunmuşdur. 
Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətində təhsil və məktəb, tərbiyə və şəfqət kimi əsas istiqamətlər də mühüm yer tutur. Ona görə ki, ölkənin, insanların gələcəyi məktəb adlanan məbədgahda ərsəyə gəlir. Balalarımız məktəbə ayaq qoyanda ancaq evlərini və yaxınlarını tanıyırlar. Amma məktəbdən çıxanda öz milli tarixini bilən, müasir elmin əsaslarını mənimsəmiş vətəndaş olurlar. Hər şey məktəbdən başlayır və onun davamı kimi yaşanır. Buna görə də Mehriban xanımın fəaliyyətində təhsil və məktəb quruculuğu layihələrinin geniş yer tutması məntiqəuyğundur. Son 12 ildə Heydər Əliyev Fondunun xətti ilə gercəkləşdirilən bu layihələr, əslində, hərtərəfli perspektiv quruculuğun ön səngəridir. Fondun dəstəyi ilə tikilən, yenidən qurulan təhsil ocaqlarının sayı yüzlərlədir. Mehriban xanım bu məktəblərin hər birində şəxsən olmağa, vəziyyəti içəridən bilməyə, işlərə obyektiv qiymət verməyə çalışır. Çünki məktəb quruculuğunda xırda, ikinci dərəcəli heç nə olmamalıdır - bu, Mehriban xanımın yanaşmasıdır.
Azərbaycanın birinci xanımının ölkədə qadın hərəkatına inamla liderlik etməsi faktı xüsusi qeyd edilməlidir. Son illər məhz Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib, bəşəri ideyalar üstünlük təşkil etmişdir. 
Hələ 2008-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. Azərbaycanın birinci xanımı həmin tədbirdə bütün qadınları sülhün, insanların dinc yanaşı yaşamasının düşmənlərinə qarşı mübarizə aparmağa çağıraraq demişdir: “Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir. Şərq və Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan, beləliklə, gender məsələsində də nümunə ola bilər. Biz qadınları, adətən, iki model ilə üz-üzə qoyurlar. Belə hesab olunur ki, Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız faydalana bilərik”.
Azərbaycanda xeyriyyə işinin tarixi qədimdir, insanlara yardım edən vəqflər ölkəmizdə lap qədimlərdən mövcud olub. Mehriban xanım bu tarixi ənənəyə sözün həqiqi mənasında yeni həyat verib, bu çoxəsrlik məramı bu gün ən yüksək səviyyədə gerçəkləşdirir. Xeyriyyəçiliyin sistemli hərəkat kimi təşəkkülü həqiqətən də Azərbaycandan başqa digər yerlərdə az rastlanır. Doğrudur, xeyriyyəçilik müəyyən qədər əksər ölkələrdə var: taleyi və işi uğurlu adamlar müəyyən yaşa çatandan sonra Qərbdə də xeyriyyə ilə məşğul olurlar. Amma bizdə əksinə, xeyriyyəçiliyə gənclərimiz, cavan oğlan və qızlarımız can atırlar və ən çox da uşaq evlərini himayəyə götürürlər. Onlarla yaxından tanış olanda görürsən ki, bu yeniyetmələr özləri də varlı deyillər. Di gəl ki, imkanları daxilində mənəvi borc hissini unutmurlar, öz xeyirxahlıqlarını ürəklə, məhəbbətlə edirlər. Kiçik qruplar düzəldib uşaq evlərindəki ata-anasız körpələrin qapısını açırlar. Kimsəsizlərə baş çəkmək özü misilsiz bir şəfqətdir. Bu kimi fəaliyyət məhz bir şərəfli nümunəyə əsaslanır: Mehriban xanımın təmənnasız, fədakar mərhəmətinə!
Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən xeyriyyəçilik missiyası yalnız məmləkətimiz miqyasında ən mükəmməl örnək deyil. Bu, həm də dünya miqyasında ən layiqli humanizm nümunələrindəndir!
Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun xeyirxahlıq əməlləri artıq Azərbaycanın hüdudlarını aşaraq Avropadan Asiyayadək böyük mədəni, tarixi, coğrafi arealı əhatə edir. 
Ermənistanın fitnələri səbəbindən aprel hadisələri zamanı şəhidlər verdik. Mehriban xanım onların xatirəsinə xüsusi hörmət əlaməti olaraq anım məclisi təşkil etdi. Dualar oxundu və ehsan verildi. Birinci xanımın iştirak etdiyi məclislər az olmur. Amma bu, xüsusi bir məclis idi. Bütün xalqımıza şəhid əsgərlərimizi yüksək tutmağa, onlara minnətdar olmağa, belə bir gündə ailələrinin yanında olmağa çağırış idi. Mehriban xanım layiqli bir Azərbaycan anası kimi şəhid yaxınlarına təsəlli verdi, onlara həmdəm və həmdərd oldu. Mehriban xanımın yüksək səmimiyyəti yalnız göz yaşlarında, şəhid yaxınları ilə doğmalığında deyildi. Həm də onların tək olmadığını sübut etməsində, bu ağır günlərdə dövlət kimi əzəmətli dayağa sahib olmalarını göstərməkdə idi.
Heydər Əliyev Fondunun prezidentinin hərarəti, səmimiyyəti, qayğısı aurasında şəhid yaxınları olan xanımlar göz yaşlarını sildilər, təsəlli tapdılar, təskinlik yaşadılar. Və bildilər ki, arxalarında dövlət var, Prezident var, Mehriban xanım var!
Heydər Əliyev Fondunun və onun rəhbərinin bütün fəaliyyətini ikicə kəlmə ilə ifadə etmək istəsək bunu deməliyik: cəmiyyətə qayğı, gələcəyimizi qurmaq! Xarici siyasət, mədəniyyət və idman sahəsindəki bütün tədbirlər, işlər, səfərlər, səhiyyə, elm, təhsil və məktəb quruculuğu layihələri bu niyyətə yönəlib. Ölkəni sevirsənsə, onun gələcəyi naminə işlə, gələcəyinin quruculuğuna töhfə ver - Mehriban xanım kimi... 
Birinci xanımın beynəlxalq fəaliyyətindəki daha xoş gələcək konsepsiyasını yüksək səviyyədə dəyərləndirməliyik. Azərbaycanın dünyaya açılması bir neçə mənada anlana bilər: maarifçilik, dövləti tanıtmaq, iş adamlarını və investisiyaları cəlb etmək kimi və nəhayət, özümüzün dünyanı daha yaxşı mənimsəmək şansımız kimi. Sonuncu hədəfi xüsusi vurğulamaq istərdim. Dünya mədəni və texnoloji, idarəçilik baxımından sürətlə irəli gedir, dəyişir. Həm də bu, qlobal tərəqqinin heç bir milli sərhədi və rəngi yoxdur. Azərbaycan bu qlobal yenilənməni mənimsəməlidir. Bu mənimsəmə isə kadr potensialı və bilik mübadiləsi yolu ilə baş verir. Mehriban xanım bu prosesləri tam müfəssəl görür, öyrənir, ən əsası isə, düzgün yol müəyyənləşdirir.
Azərbaycanın birinci xanımının beynəlxalq səviyyəli fəaliyyətində Fransa xüsusi yer tutur. Mehriban xanım Əliyeva Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Məhz onun zəhməti və layihələri sayəsində Fransa ilə əlaqələrimiz diplomatik və işgüzar səviyyədə daha da möhkəmləndi. Məhz onun təşəbbüsü və himayəsi ilə 2014-cü ildə Bakıda fransız liseyi təşkil olundu. Bu, həqiqətən mədəni bir hadisə idi. Paris və fransız dili Avropanın mədəniyyət qapısı sayılır: bu iki yüz il əvvəl də, bu gün də belədir. Böyük Fransa İnqilabının dəyərləri və idealları bütün sonrakı konstitusiyaların bünövrəsidir. Və bu böyük ölkənin qapıları indi bizim ölkəmiz üçün taybatay açılmışdır. Bunun əhəmiyyətini geniş şərh etməyə ehtiyac yoxdur. Bu ölkə ənənəvi olaraq müsəlman mədəniyyətlərinə yaxın və maraqlı olub. Birinci xanımın bu seçimi də bütün hallarda olduğu kimi dəqiqdir. Orta əsrlərdən bütün fransız səyyahları Azərbaycana maraq göstəriblər və səyahət qeydləri yazıblar. Bu qeydlər tariximizə dair ən qiymətli mənbələr sırasındadır.
Paris qeyri-rəsmi olaraq qədim Avropanın bədii paytaxtıdır. Avropada Azərbaycanı, onun bənzərsiz mədəniyyətini təbliğ etmək üçün bu şəhərdən daha uğurlu bir qapı düşünmək çətindir. Paris və Kann şəhərlərində caz musiqimizdən tutmuş xalçalarımıza, milli geyimimizə, dinlərarası dialoqa qədər böyük sərgi və tədbirlər təşkil olunub. İlk baxışda bu, asan bir iş kimi görünə bilər. Amma belə deyil. Fransızlar ingilisdilli mədəniyyəti belə, özlərinə bərabər tutmurlar. Bu ölkədə mədəni proqramlar, özü də milli proqram və nəfis sərgilər təşkil etmək olduqca mürəkkəb məsələdir. Şübhəsiz, həmin işlərin başa gəlməsində Mehriban xanımın UNESCO xətti ilə gördüyü işlər və qazandığı misilsiz şəxsi nüfuzu əsas amil olmuşdur. Biz bu nüfuzla fəxr etməli, onun qədrini bilməli, ondan öyrəndiyimiz ənənələri davam etdirməyi bacarmalıyıq. Bu işləri bizim diplomat və siyasətçilər, yetişən istedadlı gəncliyimiz, Mehriban xanımın açdığı yeni məktəblərin, fransız liseylərinin yetirmələri icra edəcəklər. 
Dünya birliyinə, qabaqcıl ölkələrə Azərbaycan mədəniyyətinin nüfuzu və bəşəri gücü ilə daxil olmaq - bu da Mehriban Əliyevanın mədəniyyət diplomatiyasının məxsusi konsepsiyasıdır. Həm də bu konsepsiyanın arxasında xalqımızın yaradıcı mədəniyyətinin bəşəri gücü durur. Xəlqilik, bəşərilik, dövlət təfəkkürü də məhz budur.
Roma Papası II İoan Pavel Heydər Əliyevin dəvəti ilə Bakıya gələndən sonra ölkəmizin Vatikanla əlaqələri yeni səviyyəyə qalxdı. Prezidentimiz o zaman müdrikliklə Vatikana iqamətgah və kilsə tikmək üçün torpaq bağışladı. Bu əlaqələri Azərbaycan mədəniyyətinin və tarixinin maraqları ilə bağlamaq isə Mehriban xanımın xüsusi xidmətidir. Ölkəmizin mədəniyyət səfiri kimi onun səfərləri haqqında mətbuatda sadəcə xəbərlər çıxır. Amma bu səfərlərin mahiyyətində Azərbaycan dövlətinin və mədəniyyətinin ciddi maraqları durur. Bu maraqların bir tərəfi də Poma Papalığının kitabxana, arxiv və muzeylərində saxlanılan Azərbaycana aid materiallarla bağlıdır.
Azərbaycanda həm islama qədər, həm islamdan sonra xristian mədəniyyəti, onun yazılı və maddi mədəniyyəti yaradılmışdı. Hər şeyi həyasızcasına öz adına çıxan erməni saxtakarlığına qarşı mübarizə üçün, dini cərəyanlar tarixinin bərpası, ölkəmizdə turizmin inkişafı üçün də bu mədəniyyəti öyrənməli və bərpa etməliyik. Albaniya probleminin həlli, lazım olan yazılı abidələr də Vatikanın arxiv və kitabxanalarındadır. Məhz Alban yazılı abidələri, onların erməni dilindən fərqli bir dildə olmasının sübutu ermənilərin Alban mədəniyyətinə iddialarına son qoya bilər. Bir müsəlman ölkəsinin xristian ermənilərə qarşı mübarizəsi şəraitində Vatikandan belə sənədlərə çıxış imkanı almaq asan deyildir. Buna nail olmaq üçün Heydər Əliyev Fondu Vatikan katakombaları və digər abidələrin bərpası layihəsində iştirak edib. 
Mehriban xanımın Vatikana səfərinin, bu ölkə ilə qurduğu əməkdaşlığın artıq ilk nəticələri var. Azərbaycan şairlərinin bir sıra əlyazma və divanlarının nadir nüsxələri orada aşkar edilərək ölkəmizə gətirilib. Məlumdur ki, ağır təqib və qətllər şəraitində Azərbaycan hürufiləri xristianlara da sığınırdılar. Onların həmin sıradan türkcə mətnlərinin bir qismi Vatikan kitabxanasında və arxivlərindədir. Hürufi mədəniyyətimizin öyrənilməsi üçün bu əlyazmaların köklü əhəmiyyəti var. Ümid var ki, Vatikanla əməkdaşlıq çərçivəsində Mehriban xanımın açdığı bu yoldan xalqımızın oğurlanmış, gizlədilmiş tarixinin qaytarılması üçün hərtərəfli istifadə ediləcək. Vatikanla ən yaxşı əlaqələrin inkişafının bizim üçün köklü, siyasi əhəmiyyəti var və Mehriban Əliyevaya bu uzaqgörən fəaliyyətinə görə mütəxəssislərimiz də minnətdardırlar.
Fransanın Kann şəhərində Mehriban xanımın dəstəyi ilə açılmış sərgilərdən birinin adı mənə son dərəcə simvolik görünür: “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi”. Bu adda Vətənimizə böyük məhəbbət də var, onun sabahına inam da var, onu qurub müasirləşdirmək arzusu da var, onunla fəxarət hissləri yaşamaq da var. Mehriban xanımın zərif vücudu və ruhu da bu ənənələrin və gələcəyin timsalıdır, qədim Odlar yurdunun gözəllik rəmzidir.
Mehriban xanım Əliyevanın fəaliyyətində dəqiq və konkret hədəflər var: xeyriyyəçilikdən tutmuş ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda yüksək fəallıq nümayiş etdirmək. Və bu missiya cəmiyyətin hər bir üzvünün böyük rəğbəti, xoş münasibəti ilə qarşılanır.

Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri, professor