Xəbər Bu təbiət bizimdir, qədrini bilək, qoruyaq!

Bu təbiət bizimdir, qədrini bilək, qoruyaq!

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Göz işlədikcə uzanan orman... Qoynundan hay-küylə üzüaşağı dərəyə tökülən çayın başlanğıc nöqtəsi-- zirvəsi qarlı, ətəyi çəmənli silsilə dağlar, kölgəsində sərinlənəcəyin ağacların altından süzülüb çıxan buz bulaqlar, ətrafı ətri ilə bihuş edən şəfalı dağ çiçəkləri--qantəpər, kəklikotu, baldırğan, dazıotu, solmazçiçək, çobanyastığı... Hələ boynubükük bənövşəni, bağrı qan laləni, həsrətdən saralan nərgizi... demirəm. Bir az aşağı, talaya enəndə, gah şırıltıyla axan, gah da zümzüməsiylə insanı bihuş edən bumbuz çaya ayaq basmağa ehtiyat edirsən. Düşünürsən... Ulularımız elə bu cür məkanlarda yaşayıb, o soyuqluqda sulara baş vurduğundan idi ki, nə başağrısı bilirdilər, nə də diş. Ömürləri uzun, canları da buz baltası kimi möhkəm idi. Çünki o zaman təbiət saf idi. Allahın insanlara bəxş etdiyi təbii sərvətlərə yaradılanlar tərəfindən müdaxilə edilməmişdi...

Bəs hazırda vəziyyət necədir, təbiət nə ilə nəfəs alır?  Deyə bilərik ki, bu gün ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi, ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsinə çevrilib. Ölkənin ekoloji strategiyası ətraf mühitin qorunması sahəsində milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib.

Etiraf etməliyik ki, iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirini artırır və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnir, su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye tullantı suları ilə çirkləndirilməsi, atmosferə zərərli qazların buraxılması, biomüxtəlifliyin azalması, torpaqların erroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının idarə olunması sahəsindəki çatışmazlıqlar kimi həllini təcili gözləyən  bir sıra ekoloji problemlər yaradır.

Ölkədə mövcud olan  ətraf mühit problemlərinin həlli yolları nəzərdən keçirilərək qəbul edilən konsepsiyalarda iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilir. Azərbaycan hələ 2003-cü ildə davamlı inkişaf üzrə Milli Proqram qəbul edib. Minilliyin inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən, davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilərək insanları içməli su ilə və sanitariya xidmətləri ilə təmin etmək prioritet kimi qarşıya qoyulub.

Qeyd etmək lazımdır ki, ölkə rəhbəri tərəfindən təsdiq edilən "2008--2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014--2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008--2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı", "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər həyata keçirilib və bəziləri indi də davam etdirilir.

Bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, ətraf mühitin mühafizəsinə yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini reallaşdırmaqdan ibarətdir. Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir.

Azərbaycanın ümumilikdə 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlərin milli səviyyədə həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülür.

Bununla yanaşı, ətraf mühitin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması ekoloji siyasətin əsas istiqamətləri üzrə məqsədlərə çatmaq bir vəzifə olaraq qarşıya qoyulub.

Ötən il ətraf mühitin mühafizəsi sahəsində prioritetlərin müəyyənləşdirilməsi, ekoloji vəziyyətin təhlili və bunun əsasında strategiyanın hazırlanması istiqamətində müvafiq tədbirlər görülüb. Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016--2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsi hazırlanaraq müvafiq qaydada təqdim edilib. Dövlət Proqramının layihəsi hazırlanarkən beynəlxalq, regional və milli səviyyədə əldə edilmiş təcrübədən istifadə olunub, ölkədə həyata keçirilən ekoloji siyasətin nəticələri və təbii resurslardan istifadənin vəziyyəti əksini tapıb. Proqramda ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı prioritet istiqamətlər müəyyənləşdirilərək, həyata keçiriləcək vəzifələr əks olunub, konkret hədəflər müəyyən edilərək aidiyyəti dövlət orqanlarının fəaliyyət istiqamətləri göstərilib. Bununla yanaşı, layihədə 2016--2020-ci illərdə qarşıya qoyulan hədəflərə çatmaq üçün ayrı-ayrı sahələr üzrə tədbirlər qeyd olunub.

Dövlət proqramında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən istifadəyə dair qanunvericiliyin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, su, torpaq və atmosferin mühafizəsi və səmərəli istifadə olunması, tullantıların idarə olunması, hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinq xidmətinin modernləşdirilməsi, biomüxtəlifliyin və su bioresurslarının mühafizəsi, meşə ilə örtülü ərazilərin, o cümlədən yaşıllıqların artırılması, təbii sərvətlərin axtarışı sahəsində müasir texnologiyanın tətbiqi, vahid ekoloji məlumat bazasının yaradılması və əhalinin ekoloji şüur səviyyəsinin yüksəldilməsi prioritet istiqamətlər kimi qəbul edilib.

Qeyd olunanlarla bərabər, Azərbaycan Prezidentinin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilən "2008--2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda nəzərdə tutulmuş "Səhralaşma ilə mübarizə üzrə Milli Fəaliyyət Planı"nın layihəsi hazırlanıb. Planın əsas məqsədi səhralaşma, torpaqların deqradasiyası və quraqlıq proseslərinin idarə olunması üçün yerli potensialın gücləndirilməsi və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə şəraitin yaradılmasıdır.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əhatə etdiyi sahələr üzrə 2016--2018-ci illəri əhatə edən Fəaliyyət Planı hazırlanıb. Belə ki, uğurla icra olunan "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı" çərçivəsində ötən il 122 mindən artıq əhalisi olan 58 yaşayış məntəqəsində içməli sutəmizləyici qurğular quraşdırılıb. Hazırda 60 mindən çox əhalisi olan 54 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması başa çatmaq üzrədir. Ötən ilin statistikasına görə, 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilən əhalinin sayı 625 mini keçib. Su mənbəyində üzən sistem üzərində qurulmuş dalğıc nasosundan qurğuya qədər boru və elektrik xətləri çəkilmişdir. Sutəmizləyici qurğuların və supaylayıcı məntəqələrin ətrafı hasarlanaraq ərazilər abadlaşdırılmışdır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) hesabatında bildirilir ki, su-kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində aparılan tədbirlərə böyük diqqət yetirildiyindən sanitariya-epidemioloji xidmət orqanlarının fəaliyyəti genişlənib. 2010-2016-cı illər ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb, 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəy verilib. Respublikanın bütün şəhər və rayon mərkəzlərindən hər rübdə içməli su nümunələrinin GEM-in laboratoriyalarında müayinələri təşkil olunur. Bundan başqa, Bakı şəhəri əhalisinin içməli su təminatı üzərində aparılan nəzarət Kür və Ceyranbatan Baş sutəmizləyici qurğularında ayda bir dəfə, mərkəzi su anbarları və nasos stansiyalarında həftədə bir dəfə su nümunələrinin GEM-də laboratoriya müayinələrinin aparılması ilə həyata keçirilir.

"2008--2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün kənd yerlərində içməli su mənbələrinin qeydiyyata alınması, onların sanitariya-mühafizə zonalarının müəyyən edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilib, 52 rayonun 2683 kəndində 3647 su mənbəyindən laboratoriya müayinələri təşkil edilib, 2835 su mənbəyinin vəziyyəti bilavasitə GEM mütəxəssisləri tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında müvafiq icra strukturlarına təkliflər verilib.

Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələlərinə nəzarəti təmin etməklə aşkar olunmuş çatışmazlıqlarla bağlı hər il Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq icra qurumlarına təkliflər verilir. Bakının çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə hər il çimərlik mövsümündə laborator tədqiqat üsullarının tətbiqi ilə nəzarət aparılır, çimərliklərin mühafizə zolağında dəniz suyunun intensiv çirklənməsi müşahidə edilən ərazilərdə müvəqqəti qadağalar tətbiq edilir.

Son illər yaşıllıq zonalarının salınması, magistral yollar boyu müxtəlif növ ağac və bitki kollarının əkilməsi işləri də davamlı olaraq aparıldığından diqqəti cəlb edir. Eyni zamanda, meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması sahəsində də irəliləyiş əldə edilib. Belə ki, 2015-ci ildə 10141 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 2 636 hektar sahədə meşə əkini və səpini aparılıb, 4 310,4 min ədəd ağac əkilib. 2015-ci ildə qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, bərpası, becərilməsi tədbirləri davam etdirilərək 634 753 ədəd ağac və kollar əkilib, bütün ərazilər damcılı suvarma sistemi ilə təchiz edilib.

Ümumiyyətlə, son 5 il ərzində aşağı keyfiyyətli torpaqlarda iri yaşıllaşdırma layihələri hesabına 3 659 hektar ərazidə 4 711 711 ədəd ağac əkilərək, 10,8 min kilometrə yaxın müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Bu layihələr çərçivəsində 2 700 hektar sahədə 1 240 mindən artıq məhsuldar və davamlı zeytun tingləri əkilib. Son zamanlar əkilmiş zeytun ağaclarının hesabına zeytun bağlarının sahəsi 3 dəfə artıb. Ümumilikdə, meşə və qeyri-meşə fondu torpaqlarında 2015-ci il ərzində cəmi 5 milyona yaxın ağac əkilib. Ağacəkmə və yaşıllışdırma işləri bu il daha intensiv şəkildə davam etdirilir.

Bioloji müxtəlifliyin qorunması sahəsində ümumi ərazisi 892 546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində Göygöl Milli Parkında ekoturizm infrastrukturu və marşrutları yaradılıb. Qısa müddət ərzində milli parka 65 mindən artıq turist səyahət edib. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıq alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb. Bununla da milli parkda heyətin mühafizə və nəzarət imkanları təkmilləşdirilib.

IDEA İctimai Birliyinin iştirakı ilə quşların və məməli heyvan növlərinin payız sayğısı aparılaraq, oturaq və köçəri quşların dinamikası barədə qeydə alınan məlumatlar təhlil edilib.

Ekoloji siyasətin düzgün təşkili, hər şeydən öncə həyatımız üçün vacib olan iki əsas faktorun--havanın və suyun təmizliyi deməkdir. Bu isə öz növbəsində, göz işlədikcə uzanan səhraların seyrəngaha dönməsi, isti havalarda bürküdən təntiyəndə insanın bir ağac kölgəliyində sərinlənməsi, körpələrin gəzə biləcəyi təmiz hava ilə zəngin parkların olması, gündəlik istifadə etdiyimiz küçələrdə müxtəlif rəngli çiçəklərlə bəzənmiş, gözoxşayan qazonların salınması deməkdir. Yaradılanların qorunması isə biz insanların üzərinə düşür. Heyf ki, küçə və parklarda gül kollarının sındırılması, kökündən çıxarılıb bir küncə atılması, ağacların gövdələrinin çapılıb müxtəlif sözlər yazılması hallarına da təsadüf edirik. Gəlin, hamılıqla əl-ələ verək, doğma təbiətin mühafizəsi yolunda inamla addım ataq! Yaradanın bizə bəxş etdiyi bu misilsiz nemətlərin qədrini bilək! Bu ölkə, bu Vətən bizimdir! Biz onun qədrini bilməsək, kim biləcək?!

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"