Xəbər Məcburi köçkünlərin həyat səviyyəsini yüksəltmək dövlət siyasətinin prioritetidir

Məcburi köçkünlərin həyat səviyyəsini yüksəltmək dövlət siyasətinin prioritetidir

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın – köçkün bacı-qardaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran bundan başqa, bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda aparılan strategiyanın, sosial-iqtisadi inkişafın əsas xüsusiyyətlərindən biri də insanların həyat səviyyəsinin yüksəldilməsidir. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, bu sahədə  zəruri tədbirlərin reallaşdırılması dövlət siyasətinin prioritetini təşkil edir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq bu qəbildən olan insanların qarşılaşdıqları problemlərin aradan qaldırılması  daim diqqət mərkəzində saxlanılır.

2003-cü ildə  ölkədə keçirilən prezident seçkiləri ərəfəsində “Bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, – deyən prezidentliyə namizəd İlham Əliyev dövlət başçısı seçildikdən sonra bu sahəyə xüsusi diqqət yetirərək, verdiyi vədə bir neçə il ərzində  əməl etmişdir. 2007-ci ilin dekabrında ölkədəki sonuncu çadır şəhərciyi tarixə qovuşmuşdur. Bu illər ərzində  məcburi köçkünlər üçün hər cür şəraiti olan yeni qəsəbələr salınmış, doğma yurdlarından didərgin düşənlərin məşğulluğunun artırılması istiqamətində bütün imkanlardan istifadə olunmuşdur. Ölkə rəhbəri prezident seçkiləri ərəfəsində verdiyi vədi xatırladaraq demişdir: “Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. Bu, mənim 2003-cü ildə seçkiqabağı vədlərimdən biri idi ki, 5 il ərzində çadır şəhərcikləri ləğv ediləcək. Biz buna dörd il ərzində nail olduq”.

Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə Prezident tərəfindən xeyli fərman və sərəncam imzalanmış, müxtəlif qanunlar təsdiqlənmiş və dövlət proqramları qəbul olunmuşdur. Ata-baba ocaqlarından didərgin düşmüş soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin bu günlərdə istifadəyə verilməsi də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Qəsəbədə hər cür avadanlıqla təchiz olunmuş 120 yerlik ikimərtəbəli uşaq bağçası və 320 şagird yerlik məktəb binası da tikilib.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından  didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət, hər cür infrastruktura malik yaşayış kompleksi salınmışdır. Bu vaxtadək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunmuşdur. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılmışdır.

Ermənistanın hərbi təcavüzü və insanlığa xas olmayan hərəkətləri nəticəsində doğma ata-baba torpaqlarından  didərgin salınmış soydaşlarımızın məşğulluğunun artırılması da prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkünün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi bu müddət ərzində 75 faizdən 12 faizə düşüb.

Bu gün dünyanın bütün münaqişə zonalarında  hər qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Bütün bunlara görədir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı özünün İcraiyyə Komitəsinə üzv seçmişdir. İndi beynəlxalq təşkilatlar dinamik sosial-iqtisadi inkişaf yolunda davamlı nailiyyətlərin müəllifi olan respublikamızın qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə hesab edirlər.

2004-cü ildə qəbul edilmiş müvafiq dövlət proqramının və 2007-ci ildə bu proqrama edilmiş əlavələrin icrasının bu gün də uğurla davam etdirilməsi  isti ocaqlarından didərgin salınmış soydaşlarımızın qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında böyük rol oynayır. Hazırda Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb.

Ermənistanın ölkəmizə hərbi təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkələrindən birinə çevirib. Bu fakt beynəlxalq birlik tərəfindən də öz təsdiqini tapıb. XX əsrin sonlarında Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi nəticəsində öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini dövlətimiz hər zaman əsas vəzifə hesab edib. Bu problemlərin həllinin əsası ulu öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərlə qoyulmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızın  qaçqın-köçkün vəziyyətinə  düşməsi  ulu  öndərə rahatlıq vermirdi. Heydər Əliyev bu problemə təkcə dövlət rəhbəri kimi yox, həm də bir insan kimi həssaslıqla yanaşmışdır. Tez-tez çadır düşərgələrinə gedən, hətta prezidentliyə namizəd kimi seçicilərlə ilk görüşünü məcburi köçkünlərlə keçirən, onlarla bir süfrədə duz-çörək kəsən, övladlarının toylarında qol qaldırıb birgə rəqs edən ulu öndər doğma yurdlarından didərgin salınmış insanlara ürək-dirək, toxtaqlıq, təsəlli vermiş, onları çətin günün ömrünün çox uzun olmayacağına inandırmışdır. Ulu öndər demişdir ki, işğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir.

Ulu öndərin həyata keçirdiyi islahatlar və əsasını qoyduğu neft strategiyası reallaşandan sonra iqtisadi imkanlar getdikcə artmış və bu da qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsində böyük rol oynamışdır. Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramına əsasən, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verildi, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına başlanıldı və onlar üçün yeni qəsəbələr salındı. Ümumiyyətlə, 1993-2003-cü illərdə qaçqın və məcburi köçkünlərə  dövlətin diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində həyata keçirilən tədbirlər və münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan addımlar bu gün əldə olunan uğurlar üçün zəngin resurslar yaratdı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu yaradıcı şəkildə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı  digər sahələr kimi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün də böyük imkanlar yaratdı. Onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası  getdikcə artdı.

Hər dəfə qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrin açılışında respublikamızın rəhbərinin şəxsən iştirakı bütün dünyaya ciddi bir mesaj olur: Azərbaycanda qaçqın və məcburi köçkün problemi ölkə üçün bir nömrəli problemdir. Prezident İlham Əliyevin “Azərbaycan dövləti heç vaxt milli maraqlara uyğun olmayan addımları atmaz. Biz öz doğma torpağımızı müdafiə edəcəyik və ərazi bütövlüyümüzü bərpa edəcəyik... Siz öz doğma torpaqlarınıza mütləq qayıdacaqsınız!” – sözləri ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qayıdacaqlarına olan inamı daha da artırıb.

Azərbaycanın Ordusunun getdikcə qüdrətlənməsi, bu ilin aprelində düşmənə ağır zərbə vurması və 20 ildən artıq müddətdə işğal altında saxlanılan ərazilərimizin xeyli hissəsinin 4 gün ərzində azad edilməsi, üstəlik strateji əhəmiyyət kəsb edən bir sıra yüksəkliklərin ələ keçirilməsi hər birimizin sabaha olan inamını daha da artırıb. Artıq ordumuzun gücü hamıya bəllidir. Məhz bu ordunun və düzgün müəyyənləşdirilmiş siyasi xəttin nəticəsində torpaqlarımız düşməndən azad ediləcək, isti ocaqlarından didərgin salınmış soydaşlarımız öz yurdlarına qayıdacaqlar. Dövlətimizin başçısı da ən yüksək tribunalardan dəfələrlə bəyan edib ki, “...Azərbaycanın artıq güclü ordusu vardır. Bütün Silahlı Qüvvələr bu gün istənilən vəzifəni – ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq, biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq”.

Prezident qətiyyətlə bildirib ki, ordumuz öz sözünü deyəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək: “Tezliklə Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır”.

Bütün bunlar  qaçqın və məcburi köçkünlərdə doğma yurda “Böyük qayıdış”ın tezliklə gerçəyə çevriləcəyinə inam yaradıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”