Xəbər Heydər Əliyev müstəqil Azərbaycanda multikulturalizm və tolerantlığın banisidir

Heydər Əliyev müstəqil Azərbaycanda multikulturalizm və tolerantlığın banisidir

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Heydər Əliyev Ümummilli lider

Ümummilli lider Heydər Əliyevin müxtəlif din və mədəniyyətlərə tolerant münasibəti, şəxsən özünün xaraktercə tolerant olması onun həyat və fəaliyyətində həmişə özünü büruzə vermişdir. Ulu öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra, yəni 1993-cü ildə prezident seçildikdən sonra, oktyabrın 10-da andiçmə mərasimindəki nitqində Azərbaycanda mövcud olan dinlərin həmişə bərabər hüquqa malik olduğunu vurğulamış, dinlər və mədəniyyətlər arasındakı bu münasibətləri daim qoruyacağına and içmişdir.

Heydər Əliyev andiçmə mərasimindəki nitqində bu haqda demişdir: “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır.

Bu gün bizim İslam dininin  Qafqaz müsəlmanlarının rəhbəri, xristian dininin, yəhudi dininin nümayəndələri məni bu vəzifəyə gəlmək münasibətilə təbrik etdilər. Mən onlara öz minnətdarlığımı bildirirəm və əmin etmək istəyirəm ki, Azərbaycanda bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün bütün şərait yaradılacaqdır…”.

Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin geniş fəaliyyəti nəticəsində respublikada din və etiqad azadlığı tam təmin edilmiş, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər şərait yaradılmışdır. Ümummilli lider milli-dini dəyərlərimizin qorunmasında, İslama ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyətilə böyük rol oynamışdır.

Multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyev Azərbaycan ərazisində yaşayan milli azlıqların etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü.

Ulu öndər 16 noyabr 1999-cu ildə Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşündə  cəmiyyətdə tolerantlıq və multikultural dəyərlərin vəziyyətini şərh edərək demişdir: “Azərbaycan Prezidenti olaraq mən məmnunam ki, ... ölkəmiz ictimai-siyasi sabitliyi qoruyub saxlayır, müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan, müxtəlif adətlərə, müxtəlif mədəniyyətə mənsub olan insanlar arasında dostluq münasibətlərini təmin edir. Elə bunun özü tolerantlıqdır, baxmayaraq ki, tolerantlıq çox geniş anlayışdır, özündə çox mənaları birləşdirir. İndi burada başqa sahələr haqqında danışmaq istəmirəm. Tolerantlıq münaqişələrin, terrorizmin, ekstremizmin, separatizmin olmamasını tələb edir. Bunlar hamısı tolerantlıq anlayışına daxildir”.

Heydər Əliyev ölkəmizdə multikultural və tolerantlıq dəyərlərinin mövcud olduğunu müxtəlif  tədbirlərdə dəfələrlə vurğulamışdır. O, 10 fevral 1994-cü ildə Türkiyənin İstanbul şəhərində “Sülh və Səbir” Beynəlxalq elmi konfransında çıxış edərək demişdir: “Azərbaycan çoxmillətli dövlətdir. Respublikamızda bir çox millətlər əsrlər boyu birlikdə yaşayırlar. Bildiyiniz kimi,  Azərbaycanda İslam dini ilə yanaşı, xristianlıq və iudaizm dinləri də var və onlar bir-biri ilə çox mehriban şəraitdə fəaliyyət göstərirlər. Biz bunu bəyan etmişik. Azərbaycanın Prezidenti kimi, mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışlarından asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də yol verməyəcəyik”.

Heydər Əliyev həmişə respublikamızda tolerantlığın vəziyyəti ilə maraqlanmış, dinlərarası, mədəniyyətlərarası münasibətlərin yüksək səviyyədə olmasına diqqət yetirmişdir. Buna misal olaraq Azərbaycanda mövcud olan tolerantlıq mühitinin vəziyyətini müzakirə etmək üçün “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunan 16 noyabr 1999-cu ildə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş zamanı Heydər Əliyev dini konfessiya başçılarına müraciət edərək demişdir: “Siz bilirsiniz ki, BMT-nin UNESCO təşkilatı 1995-ci ildə özünün qərarı ilə noyabrın 16-nı dünyada dözümlülük günü, səbirlilik, tolerantlıq günü elan etmişdir. XX əsrin sonunda demokratiklik prosesinin Yer kürəsinin bir çox ölkələrini əhatə etdiyini və insan hüquqlarının  mühüm amil kimi ön plana çəkildiyini nəzərə alsaq, bu, çox vacib qərardır. Bu münasibətlə də mən istədim sizinlə görüşəm, ölkəmizdə bu məsələnin nə vəziyyətdə olduğunu, qısaca da olsa, birlikdə təhlil edək, mən sizi dinləyim və öz fikirlərimi deyim: Bildiyiniz kimi, tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir”.

Ulu öndər başqa dinlərə qarşı dözümlülük və tolerantlıq münasibətini həmişə öz əməli fəaliyyəti ilə sübut etmişdir. Heydər Əliyev Azərbaycanda yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə hörmət və ehtiram göstərmiş, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı ilə yanaşmışdır. Məsələn, 1995-ci il yanvarın 7-də tarixində İsa peyğəmbərin (ə.)  Milad bayramı münasibətilə Bakıda keçirilən mərasimdə Azərbaycandakı pravoslav icmasını təbrik edən Heydər Əliyev bu haqda xristian icmasına müraciət edərək  demişdir: “Hörmətli xanımlar və cənablar, bacılar və qardaşlar, Azərbaycan vətəndaşları! Sizi müqəddəs gün – İsa Məsihin Milad günü münasibətilə ürəkdən təbrik edir, sizə və sizin şəxsinizdə Azərbaycanın bütün xristian vətəndaşlarına xoşbəxtlik, firavanlıq, sevinc, sülh və mərhəmət arzulayıram”.

Heydər Əliyev  xristianlara yuxarıdakı müraciətində ölkəmizdə yaşayan xristianların malik olduqları hüquqların qorunmasına dövlət tərəfindən həmişə diqqət yetiriləcəyini vurğulayaraq qeyd etmişdir: “Bu müqəddəs, işıqlı gündə, bu xoş bayram günündə sizi sülhə, həmrəyliyə, dini dözümlülüyə, dostluğa və qardaşlığa çağırıram. Azərbaycan çoxmillətli dövlətdir və belə dövlət olaraq qalacaqdır. Biz hər şeyi edəcəyik ki, hər hansı millətdən olan Azərbaycan vətəndaşları özlərini nəinki bərabərhüquqlu hiss etsinlər, həm də özlərinin bu günü, sabahı üçün həqiqətən arxayın olsunlar. Əmin ola bilərsiniz, bir Prezident kimi, mən elə vəziyyət yaranmasına çalışacağam  ki, Azərbaycanın hər  bir vətəndaşı, o cümlədən ruslar – pravoslavlar, slavyanlar Azərbaycanda malik olduqları hüquqların hamısını mütləq saxlasınlar. Hamı əmin olsun ki, özləri, uşaqları və nəvələri bu gün də, gələcəkdə də Azərbaycanda normal şəraitdə yaşayacaqlar, rifahdan və bütün hüquqlardan bəhrələnəcək, özlərini müstəqil Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları hiss edəcəklər”.

Buradan göründüyü kimi, Azərbaycanda yaşayan bütün pravoslav xristianlarına Heydər Əliyev tərəfindən diqqət və qayğı göstərilməsi ölkəmizdə dini tolerantlığın geniş şəkildə mövcud olduğunu təsdiqləyən faktdır. Tarixən Azərbaycanda İslam dini ilə yanaşı xristianlıq, yəhudilik dinlərinə mənsub olan insanlar həmişə əmin-amanlıq şəraitində yaşamış və bir-birinin dini əqidəsinə ehtiramla yanaşmışlar.  Heydər Əliyev Bakıda yaşayan nəinki pravaslav xristianlarına qarşı diqqətli olmuş, o, eyni zamanda,  katoliklərin də problemləri ilə həmişə maraqlanmış və onlara da qayğıkeş münasibət göstərmişdir. Buna misal olaraq Heydər Əliyevin 26 sentyabr 1997-ci il tarixdə Roma Papası II İohann Pavel ilə Vatikandakı görüşünü qeyd etmək olar. Görüş zamanı Heydər Əliyev Vatikanın rəhbəri Papanı ölkəmizə dəvət etmiş və dövlətlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edərək demişdir: “Cənab Zati-müqəddəsləri, səmimi və mehriban görüş üçün Sizə təşəkkürümü bildirir və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Əminəm ki, Zati-müqəddəslərinin ölkəmizə səfəri Azərbaycan xalqı üçün əlamətdar bir hadisəyə çevrilər, dövlətlərimizin əməkdaşlığının daha da möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.

 Azərbaycanda müxtəlif dinlərin birliyinin nümunəvi xarakter daşıdığını vurğulayan ulu öndər bu xüsusiyyətləri xalqımızın dini dözümlülüyünü göstərən mühüm fakt hesab etmişdir. Heydər Əliyev 1998-ci ilin may ayında Prezident Sarayında ölkənin din xadimləri ilə görüşündə söylədiyi nitq zamanı Azərbaycanda tarixən mövcud olan  müxtəlif dinlərin birliyini vurğulamış və ölkəmizdəki  dini tolerantlığı aşağıdakı kimi şərh etmişdir:  “Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində, Azərbaycanın reallığını, eyni zamanda, Azərbaycan xalqının dini dözümlülüyünü göstərir. Azərbaycanda  əhalinin əksəriyyətini İslam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq, eyni zamanda,  Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar. Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar və bunu bizə Quran, Həzrəti-Məhəmməd vəsiyyət edibdir. Amma ən mühümü odur ki, bu xeyirxah, müqəddəs vəsiyyət yerinə yetirilsin. Azərbaycanlıların bu vəsiyyəti müqəddəs tutması xalqımızın çox mühüm keyfiyyəti, xüsusiyyətidir və biz bununla fəxr edə bilərik”.

Heydər Əliyev Azərbaycanda yaşayan  başqa din nümayəndələrinin tarixi və mədəniyyətinə həmişə qayğı ilə yanaşmışdır. Onların sevincini və kədərini Azərbaycan xalqının sevinci və kədəri kimi qəbul etmiş və həmin din mənsublarına həmişə diqqət və qayğı göstərmişdir. Məsələn, Azərbaycanda yaşayan yəhudi xalqının müsibətli günü münasibətilə Heydər Əliyev 3 may 1997-ci ildə Azərbaycandakı yəhudi icmasına müraciətində demişdir: “Əziz həmvətənlər! Hər il mütərəqqi bəşəriyyət Yəhudi Xalqının Müsibəti Gününü – İkinci dünya müharibəsi zamanı soyqırımı siyasətinə məruz qalmış günahsız qurbanların xatirəsini dərin hüznlə yad edir. Həmin dəhşətli müharibədə yəhudi millətinə mənsub altı milyon mülki əhali alman faşizmi tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir.Belə milli faciələr Azərbaycan xalqının həyatından da yan keçməmişdir. Beş il əvvəl xalqımızın tarixinə qanlı səhifə kimi daxil olmuş Xocalı soyqırımı ağlasığmaz erməni vəhşiliklərinin miqyasına görə Kiyevdəki Babiy Yar, Varşava və Krakov gettolarında faşistlərin törətdikləri kütləvi insan qırğınları ilə bir sırada durur.Yəhudilərin milli hüzn günündə Azərbaycan xalqı adından böyük kədərinizə şərik olduğumu bildirir, soyqırım siyasətinin bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm”.

Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə milli azlıqlar və dini məzhəblər arasında zəruri olan tolerantlıq və multikultural dəyərlərlə bağlı fikirlərini bildirmiş, xüsusən indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir. Qeyd edək ki, 10-11 oktyabr 2002-ci il tarixində Bakıda “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizmə və ekstremizmə qarşı  mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan hökumətinin ATƏT-lə birgə keçirdiyi bu konfransda terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin və əqidənin rolu haqqında, habelə Böyük İpək yolu məkanında dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyəti və s. məsələlər müzakirə edilmişdir.

Konfransda çıxış edən ulu öndər münaqişələrin aradan qaldırılmasında dinlərarası dialoqun rolundan bəhs edərək demişdir: “Qloballaşan dünyada hamımız bir-birimizə daha yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi də məhz bununla bağlıdır. Bu dialoqu inkişaf etdirərək, bu dailoqa dəstək verərək biz müəyyən mənada terrorizmin formalaşmasına xidmət edən bütün qaynaqları araşdırıb onu kökündən məhv etməyə can atmalıyıq”.

Heydər Əliyevin Azərbaycanda multikultural və tolerantlıq dəyərlərinin inkişafındakı rolunu dünya dini liderləri də həmişə etiraf etmişlər. Azərbaycanda multikulturalizm və dini tolerantlığın formalaşmasında Heydər Əliyevin xidmətini dəyərləndirən Ümumgürcüstan Katolikos Patriarxı II İlya Heydər Əliyevin fəaliyyətini yüksək qiymətləndirirək demişdir: “Bu gün Azərbaycanda mövcud olan tolerant mühitin formalaşmasında Heydər Əlirza oğlu Əliyevin xidməti böyükdür. Azərbaycanın öz ənənəvi dəyərlərini qoruyub saxlamaqla müasir dünyanın çağırışlarına ləyaqətli cavab verə bilməsi, şəxsən onun və onun davamçılarının müdrik və uzaqgörən siyasətinin nəticəsidir”.

Bütün Qafqazın şeyxi Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda multikulturalizm və dini tolerantlıq siyasətinin formalaşmasında Heydər Əliyevin rolunu izah edərək demişdir: “Tolerantlığın bir dövlət strategiyası olaraq əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuş və bu zəngin ənənə hazırda İlham Əliyev həzrətləri tərəfindən böyük ləyaqətlə davam etdirilir. Ölkəmizdə demokratik-hüquqi prinsiplərin, din və vicdan azadlığının ardıcıl həyata keçirilməsinin təminatçısı olan möhtərəm dövlət başçımızın qayğı və diqqəti  sayəsində dini baxışından asılı olmayaraq,  bütün vətəndaşlara bərabər münasibət bəslənilir, ayrı-seçkiliyə yol verilmir, insanlara dini ayinləri sərbəst yerinə yetirmək üçün şərait yaradılır. Məhz Azərbaycanda dini sahəyə münasibətdə yürüdülən müdrik siyasətin nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya miqyasında tanınmış dini liderlər ölkəmizin sülhpərvərliyini, tolerantlığını, başqa dinlərlə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək dəyər kimi qiymətləndirirlər”.

İslam Konfransı Təşkilatının İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırmalar Mərkəzinin rəhbəri Xalid Erən ulu öndərin multikulturalizm və tolerantlıq siyasəti ilə bağlı uzaqgörənliyini  belə  şərh etmişdir: “Möhtərəm Heydər Əliyevin çoxdinli, çoxmədəniyyətli bir dünyada xüsusilə din və mədəniyyət sahəsindəki əlaqələrin genişlənməsinə zərurətin olacağını əvvəlcədən sezərək aydınlatdığı üfüqlər bu gün də eyni genişlikdə qarşımızda açılır. Buna görə, onu bir daha ehtiram və minnətdarlıqla yad edirəm”.

Türkiyə Respublikasının Azərbaycandakı keçmiş səfiri H.A.Karslıoğlu dünyəvi dövlət olan Azərbaycanda müxtəlif dini inanclara tolerant münasibətin formalaşmasında Heydər Əliyevin rolunu yüksək dəyərləndirərək demişdir: “Ümummilli lider Heydər Əliyev dövlətin dünyəvi olduğunu söyləyirdi, lakin hər bir kəsin müsəlman, xristian, yəhudi, buddist və ya başqa bir dinin mənsubu olmasını, yəni inancın zəruriliyini vurğulayırdı. Bu, o deməkdir ki, Azərbaycan dünyəvi dövlətdir, amma inanclara hörmətlə yanaşır. Təəssüf ki, bir çox müsəlman ölkələri hələ də bu fərqi görə və tətbiq edə bilməyib. Bu baxımdan mən Azərbaycanı təbrik edirəm. Fikrimcə, onun milli lideri bu sahədə iz qoyub.  ...Heydər Əliyev müsəlman idi, ancaq bütün insanlara istər xristianlığa, istər yəhudiliyə, istərsə də digər dinlərə hörmətlə yanaşmışdır. Bu, o deməkdir ki, kim olursunuz-olun, Azərbaycan hər birimizin vətənidir”.

Qeyd edək ki, Azərbaycanda multikulturalizm və dini tolerantlıq siyasətinin formalaşması və inkişafında Heydər Əliyevin böyük rol oynadığını vurğulayan Bakı şəhərində yerləşən Yevangelik-Luteran Dini İcmasının təmsilçisi T.Hümmətova ulu öndərin bu sahədəki fəaliyyətini aşağıdakı kimi səciyyələndirmişdir: “Tam məsuliyyətlə demək olar ki, ölkəmizin sivil gələcəyinin əsasını, sosial-mədəni və dini tolerantlığın bünövrəsini Heydər Əliyev qoymuşdur. Onun layiqli davamçısı Prezident İlham Əliyev də “tolerantlıq binası”nı qoruyub saxlamağı bacardı. Heydər Əliyevin qoyduğu prinsiplərə sadiq qalan Prezident İlham Əliyev atasının siyasətini davam etdirərək,  Azərbaycanda bütün xalqların və dini konfessiyaların sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün lazımi şərait yaratmışdır. Bütün bunlar Azərbaycanın məqsədyönlü inkişafı və sürətli tərəqqisi üçün əsas amillərdən biridir”.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandır İşein Azərbaycanda yaşayan xristianlara Heydər Əliyevin göstərdiyi qayğıdan bəhs edərək demişdir: “Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda həyatın stabilləşməsinə doğru istiqamət formalaşdı. O, stabilliyin möhkəmlənməsi işində tolerantlığı strateji cəhətdən mühüm istiqamətlərdən birinə çevirdi.1994-1995-ci illərdə Heydər Əliyev bizə öz mərasimlərimizi kilsələrimizdən xaricdə daha geniş  şəkildə keçirməyimiz təklifi ilə müraciət etdi. O vaxt bu, bizə qəribə görünürdü, çünki iqtisadi və siyasi böhran dövründə belə mərasimlərin keçirilməsi bizim üçün çox çətin idi. Lakin Heydər Əliyevin yardımı ilə biz bu tədbiri keçirdik. Get-gedə bu tədbirlər bizdə ənənəvi hal aldı və hər il keçirilməkdədir. Milad və Pasxa bayramları   rəhbər dairələrin dəstəyi ilə artıq Azərbaycanda geniş şəkildə keçirilir. Bu, bizim həyatımızın xarakterik cizgisinə çevrilmişdir”. Bu məşhur sözlər Heydər Əliyevə aiddir: “Azərbaycan çoxmillətli dövlətdir və həm də çoxkonfessionaldır”. Bura o, bunu da əlavə etmişdir ki: “bu çoxmillətlilik və çoxkonfessionallıq bizim sərvətimizdir”.

Fikrimizcə, Heydər Əliyevin müstəqillik dövründə ölkəmizdə yaratdığı multikulturalizm və tolerantlıq dəyərlərinin mahiyyətinin Prezident İlham Əliyevin sözləri ilə ümumiləşdirilməsi daha məqsədəuyğundur. Belə ki,  cənab
İlham Əliyev bu haqda demişdir: “Əsrlər boyu Azərbaycanda multikulturalizm meyilləri yaşayıb. Sadəcə olaraq,  bu, yeni söz olduğu üçün biz bu sözü bilmirdik və bu sözü tələffüz etmək o qədər də asan deyil. Ancaq bu anlayış Azərbaycanda həmişə var idi. Üstəgəl,  bu gün bizim dövlət siyasətimiz də bu əsaslar üzərində qurulur və bu siyasət real siyasətdir. Bu hansısa şüar naminə deyilən sözlər deyil. Çünki, bilirsiniz, beynəlxalq aləmdə, hər kəs şüarı real işdən ayıra bilir. Ona görə, bu nadir rolu Azərbaycan öz üzərinə götürüb. Götürməyə də bilərdi. Götürməsəydik də, bilirsiniz, hər halda bizim iqtisadi, siyasi inkişafımız üçün heç bir problem yaranmazdı. Amma biz bu rolu üzərimizə götürürük. Çünki, biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik”.

Bizə elə gəlir ki, Prezident İlham Əliyevin bu müdrik sözləri ilə hamı razılaşmalıdır. Çünki, planetimizin hazırkı mənzərəsi bu reallığı təsdiq edir.

Zəhmət Şahverdiyev,
Naxçıvan Dövlət Universitetinin
  Azərbaycan tarixi kafedrasının müdiri,
AMEA-nın müxbir üzvü, 
tarix üzrə elmlər doktoru,professor     

Sakit Hüseynov,
AMEA Fəlsəfə İnstitutunun
“Dinşünaslıq və mədəniyyətin  fəlsəfi problemləri”
şöbəsinin müdiri, fəlsəfə üzrə  elmlər doktoru