Xəbər Yeni Olimpiya rekordu, 837 medal və 198 yarışda iştirak

Yeni Olimpiya rekordu, 837 medal və 198 yarışda iştirak

Müəllif: Xeberim.az on in İdman
1st Image
Azərbaycan idmançıları 2016-cı ildə də beynəlxalq turnirlərdə mühüm nailiyyətlər əldə etdilər

Ötən il Azərbaycanın sosial, iqtisadi, siyasi, mədəni həyatında, eləcə də digər sahələrdə böyük uğurlara imza atılıb. Belə sahələrdən biri də dövlət siyasətinin prioritet istiqamətlərindən olan idmandır. Sevindirici haldır ki, idmançılarımız keçən ilin ən mötəbər idman yarışlarında uğurla çıxış edərək ölkənin adını daim uca tutublar. İdmançılarımız dünya və qitə miqyaslı yarışlarda nailiyyətlərini davam etdirərək 837 medal qazanıblar. 198 beynəlxalq yarışlarda əldə edilən medallardan 297-sinin əyarı qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür. 
Sözsüz ki, ötən ilin ən böyük idman tədbiri Braziliyanın Rio-de-Janeyro şəhərində keçirildi. Avqustun 5-21-də bu şəhərdə təşkil olunmuş XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız böyük uğur qazanaraq Vətənə 18 medalla (1 qızıl, 7 gümüş, 10 bürünc) qayıtdılar. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi yarışlarda respublikamız 56 idmançı ilə təmsil olunmuşdu. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider oldu. 
Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdusa, son olimpiadada medalların sayına görə 15-ci olduq. Medal sayına görə MDB-də 2-ci, müsəlman ölkələri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız Azərbaycan idmanının inkişafının göstəricisidir.
Sevindirici haldır ki, buna kimi iştirak etdiyimiz 5 olimpiadada qazanılan medallar 5 idman növündə qeydə alınmışdırsa, bu dəfə növlərin sayı 7-yə çatmışdı. Bunlar güləş, atıcılıq, cüdo, boks, ağırlıqqaldırma, avarçəkmə (kayak və kanoe) və taekvondodur. İdmanın ayrı-ayrı növlərinə gəlincə, başa çatmış olimpiya oyunlarında ən çox güləş (14 lisenziya), boks (11 lisenziya), cüdo (6 lisenziya) və taekvondoda (4 lisenziya) təmsil olunmuşduq.
Əldə edilən nəticələr isə bir-birindən fərqlidir. Pəhləvanlarımız 9 medal qazandılar. Yarışların ilk üç günündə yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) bürünc medala yiyələndilər. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 güləşçi ilə təmsil olunan yığmamız 2 bürünc medal qazandı və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərdilər.
Qadın güləşçilərin yarışında isə 3 idmançı ilə təmsil olunmuşduq. Güləşçilərimiz bir gümüş və bir bürünc medala yiyələniblər. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olsa da, Nataliya Sinişin (53 kq) təsəlliverici görüşlərin yekununda bürünc medala layiq görülüb. Bu nəticə ilə qadın güləşi üzrə yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutub.
Yarışların son üç günündə mübarizə aparan sərbəst güləş üzrə yığmamız güləş tariximizdə yeni bir səhifə yazıb. 6 idmançı ilə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medal qazanıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) əldə ediblər. Sərbəst güləş üzrə yığmamız qazanılan mükafatların sayına (5 medal) və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə komanda hesabında ilk sırada qərarlaşıb. 
Cüdoçularımız da olimpiadanı 2 medalla başa vurdular. Rüstəm Orucov və Elmar Qasımov gümüş medala sahib oldular. Son Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Rüstəm Orucov (73 kq) yığmanın ən yaxşı formada olan üzvü idi. Rüstəm ardıcıl olaraq qazax Didar Həmzə, avstraliyalı Cek Bensted, macar Mikloş Unqvari və israilli Saqi Mukini məğlub edərək adını finala yazdırdı. 8 il əvvəl Pekin Olimpiadasında Elnur Məmmədli məhz 73 kq çəki dərəcəsində olimpiya çempionu olmuşdu. Eyni uğuru Rüstəmin də təkrarlamasını çox istəyirdik. Ancaq alınmadı. Yapon Şohey Onoya uduzan Rüstəm olimpiya oyunlarını gümüş medalla başa vurdu. 
Digər gümüş medalçımız Elmar Qasımov (100 kq) isə olimpiadaya son olimpiya çempionu Tahir Xaybullayevi (Rusiya) məğlub edərək başladı. Daha sonra Lyes Buyakubu (Əlcəzair), Ramazan Dərvişi (Misir) və Artyom Bloşenkonu (Ukrayna) sıradan çıxararaq adını finala yazdırdı. Həlledici mərhələdə çex Lukaş Krpalekə uduzan həmyerlimiz gümüş medalla kifayətləndi. Beləliklə, cüdo yığmamız 2 gümüş medalla olimpiadada komanda hesabında 12-ci yeri tutdu.
Tarixində ilk dəfə olimpiya oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi Rio-2016-da ən yaxşı komandalardan olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. 80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz 1/8 finalda Qazaxıstan idmançısı Ruslan Japarovu, 1/4 finalda Dongmin Çanı (Cənubi Koreya), yarımfinalda isə Böyük Britaniya təmsilçisi Mahama Çonu məğlub edərək finala yüksəlib. 
Bu, Azərbaycan olimpiya tarixinə növbəti ilk kimi düşüb. Həlledici mərhələdə nigerli idmançıya qalib gələn Radik (6:2) olimpiya çempionu oldu. Milad Beiqi Harçeqani və Patimat Abakarova isə bürünc medalı qazanmaqla sevindilər.
Azərbaycan yığması bu göstərici ilə Rio-2016-nın taekvondo yarışlarında 4-cü pillədə qərarlaşdı. Millimiz yalnız Cənubi Koreya, Çin və Böyük Britaniyadan geri qaldı. Avropada 2-ci olan komandamız postsovet məkanında hamıdan irəlidə yer aldı.
Rioya yollanan 11 boksçumuzdan yalnız 2-si - Lorenzo Sotomayor gümüş və Kamran Şahsuvarlı bürünc medal əldə etdi. London Olimpiadasında 8 boksçu ilə mübarizə apararaq yekunda 2 bürünc medal qazanan təmsilçilərimizdən Rioda daha çox mükafat gözləyirdik. Düzdür, boks tarixində ilk dəfə idmançımız finala vəsiqə qazandı. Əlbəttə, bu iki medaldan birinin əyarı qızıl ola bilərdi - hakimlər doğru qərarlar qəbul etsəydilər. Finalda Lorenzonun xalları düzgün sayılmadı. Sonuncu raundda onu göz görə-görə uduzdurdular. 75 kq çəki dərəcəsində çıxış etmiş Kamran Şahsuvarlı isə olimpiadanı bürünc medalla başa vurdu. 
Olimpiya tariximizdə ilk dəfə medal qazandığımız idman növlərindən biri də avarçəkmə idi (bir gümüş, bir bürünc). Təmsilçilərimizdən Valentin Demyanenko birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşündə çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, rusiyalı Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çebana qarşı yarışıb. Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medalla kifayətləndi. 
Digər idmançımız İnna Osipenko-Radomskaya qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışda final yürüşündə ən güclü səkkiz idmançı arasında 40.401 saniyə nəticə ilə bürünc medal qazandı.
Ötən il olimpiyaçılarımızın uğur estafetini paralimpiyaçılarımız davam etdirdilər. Belə ki, sentyabrın 7-18-də Braziliyanın Rio-de-Janeyro şəhərində dünyanın 170 ölkəsindən 4 mindən çox idmançının mübarizə apardığı XXXI Yay Paralimpiya Oyunlarında atletlərimiz 1-i qızıl, 8-i gümüş və 2-si bürünc olmaqla 11 medal qazandılar. 
Rioya 22 idmançı və 2 liderlə qatılan yığmamız idmanın 6 növündə (cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma) mübarizə apardı. Ölkəmizin hesabına yeganə qızıl medalı cüdoçumuz Ramil Qasımov yazdırdı. Digər cüdoçularımız Bayram Mustafayev gümüş, Rövşən Səfərov isə bürünc medal qazandılar. 
Yüngül atletikada mübarizə aparan Yelena Çebanu 2 gümüş və 1 bürünc, Kamil Əliyev və İradə Əliyeva isə gümüş medala layiq görüldülər. Üzgüçülük yarışlarında isə Azərbaycanın medal hesabına daha 3 medal əlavə olundu. Bu medalların sahibləri Dimitri Saley ( 2 gümüş) və Roman Saley (gümüş) qardaşlarıdır. 
Beləliklə, paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşdı.
Təmsilçilərimizdən İradə Əliyeva nizə atma yarışında (42.58 m ) paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yenilədilər.
Ötən ilin sonlarına yaxın cüdoçularımız qazandıqları medallarla xalqımızı sevindirdilər. Oktyabrın 28-30-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı “Böyük dəbilqə” turnirində Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunmuşdu. Ölkəmiz yarışı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurdu. Elxan Məmmədov(100 kq) qızıl, Rüstəm Orucov (73 kq) gümüş, Tural Səfquliyev (90 kq) isə bürünc medala layiq görüldülər. 
Şübhə etməmək olar ki, idmanımız gələcəkdə daha da inkişaf edəcək, beynəlxalq aləmdə mövqeyini getdikcə möhkəmlədəcək. Yenicə qədəm qoyduğumuz 2017-ci il ölkənin idman həyatı üçün əlamətdar olacaq. Mayın 12-22-də Bakıda sayca 4-cü İslam həmrəyliyi oyunları keçiriləcək. İnanırıq ki, Bakı-2017-də digər beynəlxalq turnirlərdə də idmançılarımızın bir-birindən möhtəşəm qələbələrinin şahidi olacağıq.

Elçin CƏFƏROV,
“Azərbaycan”