Xəbər “Bakı-2017” İslamiadanın yeni və mükəmməl standartını yaradacaq

“Bakı-2017” İslamiadanın yeni və mükəmməl standartını yaradacaq

Müəllif: Xeberim.az on in İdman
1st Image
1600 əməkdaşın çalışdığı Təşkilat Komitəsi möhtəşəm tədbirlər və maraqlı yarışlar vəd edir

Azərbaycanın multikultural dəyərlərə böyük önəm verməsi artıq dünya birliyində etiraf olunur. Elə bu səbəbdən də 2017-ci ildə ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi böyük dəstək qazanıb. Həmçinin 2015-ci ildə I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi və uğurla başa çatması belə möhtəşəm idman tədbirinin Bakıda keçirilməsi üçün zəmin yaradıb. 
“Bakı-2017”də keçiriləcək yarışlar ilk Avropa Oyunları zamanı istifadə olunan arenalarda təşkil ediləcək. Beynəlxalq ekspertlər də təsdiqləyirlər ki, həmin idman meydançaları ən müasir texniki tələblərə cavab verir. Ona görə də I Avropa Oyunları dövründə əldə edilən böyük təcrübədən bu Oyunlar zamanı da istifadə olunacaq.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinə etimad göstərilməsinin digər əsas səbəblərindən biri də ölkəmizin İslam dövlətləri ilə əməkdaşlığının və münasibətlərinin yüksək səviyyədə olması, İslam aləmində xüsusi əhəmiyyətə malik dövlətlərin tərəfdaşına çevrilməsidir. İslam dünyasında özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli şərait yaradır. Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirin keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.

 

Oyunlara hazırlıq prosesi məsuliyyətlə aparılır

 

IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli sərəncamında da qeyd olunur ki, bu mühüm hadisə Azərbaycanın dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmasını bir daha nümayiş etdirir. IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin 23 sentyabr 2015-ci il tarixdə keçirilən ilk iclasında Prezident İlham Əliyev deyib: “2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır.

Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bugünə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər. Biz çalışacağıq ki, bütün təşkilati məsələlər öz həllini tapsın. I Avropa Oyunlarında əldə edilmiş təcrübə, əlbəttə ki, bizə kömək göstərəcək. Nəzərə alsaq ki, Təşkilat Komitəsi təxminən bu tərkibdə Avropa Oyunlarının keçirilməsi ilə də məşğul idi, mən əminəm, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir və bir daha Azərbaycan öz imkanlarını ortaya qoyacaqdır”.
IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin öz işinin öhdəsindən layiqincə gələcəyinə heç bir şübhə yoxdur. Komitədə həm təcrübə, həm də hazırlıqlı mütəxəssislər var. Oyunlara hazırlıq prosesi və mərhələləri ilə maraqlanmaq üçün sözügedən Əməliyyat Komitəsinin fəaliyyəti ilə tanış olduq. 
Burada 1400 azərbaycanlı, 200 əcnəbi işçi çalışır. Əməkdaşların 90 faizi gənclərdən ibarətdir. Onlar üçün yaradılan yüksək iş şəraiti ilə tanış olarkən bir neçə yerli və əcnəbi gənclə söhbətləşdik. 
Komitənin hüquq işləri üzrə müşaviri Ümman Ağamalıyev, “Databaza” üzrə mütəxəssis Tural Abbasov, taksi xidmətlərinə nəzarət üzrə menecer Fərid Mahmudov, mühasib Aynurə Murtuzəliyeva, əcnəbi vətəndaşlardan Mühasibat və təchizat şöbəsinin əməkdaşı Tom Varvik, Marketinq şöbəsinin direktoru Daniel Tomlinson onlar üçün yaradılan iş şəraitindən məmnun olduqlarını bildirdilər. Qeyd edildi ki, komitə əməkdaşlarında yüksək məsuliyyət hissi var. Hərə öz işinin mütəxəssisi olduğundan nə iş görəcəyini çox yaxşı bilir, ona görə də üzərlərində əlavə təsirlər və ya sıxıntılar hiss etmirlər. Xüsusən də əcnəbilər Azərbaycanda çalışmaqdan zövq aldıqlarını, onlar üçün hər cür imkanın yaradıldığını dedilər.

 

“Bakı-2017” əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək

 

Oyunlara hazırlıqlarla bağlı suallarımızı IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov cavablandırdı. Bildirdi ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğat işlərinə bir neçə aydır ki, start verilib. Bu istiqamətdə beynəlxalq tədbirlər üçün “Grassroots” kimi təbliğat proqramı çox mühüm əhəmiyyət daşıyır: “Oyunların təbliğat işləri iki istiqamətdə aparılır. “Bakı-2017”nin beynəlxalq və yerli səfirləri var. Onlar incəsənət və idman aləmində öz sözlərini demiş insanlardır. Oyunların səfirləri təbliğat layihələri ilə “Bakı-2017”nin yüksək təşkilatçılığına öz töhfələrini verəcəklər. Apreldə təkcə Bakıda deyil, Azərbaycanın 21 regionunda tədbirlər keçiriləcək. Bu tədbirlər açılış mərasiminin startı olacaq. Bu, bizim qarşımızda duran ən böyük təbliğat proqramıdır. Yerli ulduzların rayonlarda və Bakının müxtəlif yerlərində gənclər və könüllülərlə birgə tədbirlərinin təşkili də nəzərdə tutulub”.
E.Səfərovun sözlərinə görə, “Bakı-2017” əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək. Bu fərq ilk növbədə iştirakçı ölkələrin sayında özünü göstərəcək. Belə ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcək. Əvvəlki İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkə iştirak etməyib. İdmançıların sayı, atletlər və jurnalistlər üçün yaradılan şərait, jurnalistlərlə idmançıların bir sahədə görüşməsi və onlardan rahat müsahibələr alması, qonaqlar üçün hazırlanan mədəni-kütləvi tədbirlər də “Bakı-2017”ni əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqləndirəcək.

 

Bölgələrimiz IV İslam Həmrəyliyi Oyunlarından kənarda qalmayacaq

 

Digər tədbirlər proqramından biri də “Xəzər dənizindən başlayan səyahət” adlanır. Olimpiya Oyunları, o cümlədən “Bakı 2015” I Avropa Oyunları başlamazdan əvvəl məşəl müqəddəs atəşlə alovlandırılmış və evsahibliyi edən ölkənin hər bir guşəsinə Oyunların ruhunu və həyəcanını gətirmək üçün bütün respublika ərazisində daşınmışdır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının təşkilində də məqsəd dəyişməz olaraq qalır. Lakin bu dəfə səyahət od deyil, su ünsürünə həsr olunur. Çünki İslam dinində su ünsürünə böyük önəm verilir. Su saflıq, təmizlik və şəfa rəmzidir. 
2017-ci ilin 5 aprel tarixində Bakı şəhərinin Daş Salnamə Muzeyində “Xəzər dənizindən başlayan səyahət”in ilkin təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. Daha sonra “Xəzər dənizindən başlayan səyahət” adlı tədbirlər proqramının tərkib hissəsi olaraq, uşaqlar həmin suyu yaşadıqları rayonlara aparmağa başladılar. Bu su Bakı şəhərinin və İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın rayonlarına xatirə hədiyyəsidir.
Səyahət hazırda davam etdirilir. Səyahət müddətində 15-dən çox tarixi şəhərin və su mənbəyinin ziyarət edilməsi, 3000 kilometrdən artıq məsafənin qət edilməsi nəzərdə tutulur. 15 rayon bu mərasimlərinə, axşam saatlarında keçiriləcək Su festivalına evsahibliyi edəcəkdir. İlkin təqdimat mərasiminin keçirilməsindən 37 gün sonra səyahət Bakı Olimpiya Stadionunda sona çatacaqdır. Bütün guşələrdən toplanan su 12 may tarixində Bakıya gətiriləcək və Azərbaycanın İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə edəcəkdir.

 

Atributlarda Qobustan qaya rəsmləri və milli ornamentlər yer alacaq

 

E.Səfərov qeyd etdi ki, hazırlıqların ilkin mərhələsi idman məkanlarında texniki məsələlərin - rabitə, elektrik avadanlıqlarının və mühafizə çəpərlərinin quraşdırılması, həmçinin könüllülərin hazırlanmasından ibarətdir: “Hazırda akkreditasiya prosesi gedir. 12 nöqtədə bilet satışı aparılır. Bunlar “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar”, Heydər Əliyev Sarayı kimi ictimai yerlərdə həyata keçirilir. Bundan başqa, nəqliyyat proqramının tətbiqi, tamaşaçıların daşınmasının təşkili istiqamətində işlər aparılır. Avtomobil yollarında xüsusi zolaqların rənglənməsi, şəhərin İslam Həmrəyliyi Oyunlarının atributları ilə bəzədilməsi, eləcə də medalların, bayraqların, geyimlərin hazırlanması və paylanması işləri davam etdirilir. Bütün bu işlər yaxın günlərdə tamamilə yekunlaşacaq. IV İslam Həmrəyliyi Oyunlarının atributlarında əsasən Qobustan qaya rəsmləri, milli xalçalarımızdakı ornamentlər və idman növlərindəki loqolar əks olunacaq”.

 

40 mindən çox bilet satılıb

 

Biletlərin satışına gəlincə, komitə rəsmisi bildirdi ki, artıq 40 mindən çox bilet satılıb. Ümumilikdə Oyunlar üçün 500 minə yaxın bilet nəzərdə tutulub. Bunlardan 30 mini açılış, 60 mini bağlanış mərasimləri üçündür.
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi əməkdaşlarının yüksək əhvali-ruhiyyə ilə çalışdıqlarının şahidi olduq. Əminliklə demək olar ki, Bakı budəfəki mötəbər tədbirə də peşəkar səviyyədə evsahibliyi edəcək. IV İslam Həmrəyliyi Oyunları da I Avropa Oyunları kimi tarix yazacaq, yaddaşlarda qalacaq.
Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək. Oyunlarda 57 İslam ölkəsinin idmançıları 20 idman növü üzrə 270 dəst medal uğrunda mübarizə aparacaqlar. Atletlər on yarış günü ərzində idmanın 20 növü (23 kateqoriya) - atletika və paraatletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək yarışlarda güclərini sınayacaqlar.
Bu Oyunlar dörd ildən bir İslam Həmrəyliyi İdman Federasiyası (İSSF) tərəfindən həyata keçirilir. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunub. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar isə 24 iyul 2013-cü ildə qəbul edilib.

Elgün MƏNSİMOV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”