Xəbər Azərbaycandan dünyaya açılan pəncərə

Azərbaycandan dünyaya açılan pəncərə

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Qlobal tədbirlərin Bakı şəhərində təşkili respublikamızın beynəlxalq nüfuz və mövqelərini daha da möhkəmləndirir

Əlverişli coğrafi-geosiyasi məkanda yerləşən Azərbaycanın son illər Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilərək dünyanın fövqəlgüc mərkəzlərinin strateji maraq dairəsinə daxil olması, balanslı, sabit və ardıcıl xarici siyasət strategiyası ilə regionda toqquşan maraqları optimal şəkildə uzlaşdırması heç də yalnız respublikanın zəngin təbii sərvətləri ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş bir sıra Qərb dövlətlərində olduğu kimi, Azərbaycanda da zəngin təbii potensialın milli mənafelərə uyğun reallaşdırılması, respublikamızın regional və qlobal miqyasda təsir edən proseslərə geniş nüfuz imkanları qazanması məhz milli lider amili ilə şərtlənir. 
Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən və yeni çalarlarla təkmilləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev praqmatizmə, əməli fəaliyyətə və konstruktivizmə əsaslanan çevik siyasətə üstünlük vermiş, respublikamız qlobal iqtisadi əməkdaşlıq təşəbbüslərinin əsas mərkəzinə çevrilmişdir.
Dinamik inkişaf və tərəqqi yolunda olan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də milli mənafeləri bəşəri miqyasda müdafiə edə bilən praqmatik, çevik, təmkinli və səriştəli xarici siyasətin yeridilməsidir. Eyni zamanda, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməklə ölkənin beynəlxalq mövqelərini möhkəmləndirmək, iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək ən ümumi vəzifələr sırasındadır. Bu reallıqlara nəzərən dövlət başçısı cənab İlham Əliyevin xarici siyasətdə üstünlük verdiyi strategiya nəinki milli maraqların maksimum dərəcədə qorunmasını, eyni zamanda Azərbaycanın heç bir dövlətdən asılı olmadan, tam müstəqil siyasət yeritməsini təmin etmişdir. Bu gün ərazi və əhali baxımından o qədər də böyük olmayan, dünya neft ehtiyatlarının cəmi 1 faizinə sahiblik edən Azərbaycan məhz düşünülmüş xarici siyasəti, əlverişli geopolitik mövqeyi, nəqliyyat-kommunikasiya və tranzit imkanları, iqtisadi inkişaf dinamikası və tolerantlığı ilə Avrasiyada ən cəlbedici məkanlardan birinə çevrilmiş, eləcə də ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına nail ola bilmişdir.
Uzunmüddətli xarici siyasət strategiyası konkret zaman, məkan və şəraitə uyğun olaraq dövlətlərin cari xarici siyasət proqramının hazırlanmasını, yürüdüləcək siyasətin, görüləcək işlərin prioritetlərinin müəyyənləşdirilməsini tələb edir. Əslində, xarici siyasət sahəsindəki prioritetlər dövlətin uzunmüddətli diplomatik fəaliyyət proqramı, qarşısında duran vəzifələrin daha dəqiqləşdirilmiş, qruplaşdırılmış, təsnifatlaşdırılmış, mövcud zaman və məkan çərçivəsində önə çıxarılmış hissəsidir. Rəsmi Bakı regionda və bütövlükdə beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslərin mahiyyətinə adekvat olaraq xarici siyasətdə müəyyən manevrlər etsə də, dövlət müstəqilliyinin hər cür təhdiddən qorunması, ərazi bütövlüyünün bərpası, beynəlxalq hüquq normaları əsasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması, müstəqil xarici siyasətin həyata keçirilməsi, səmərəli iqtisadi layihələrin dəstəklənməsi, ərazilərinin Ermənistanın işğalından azad edilməsi kimi prioritetlər dəyişməz qalır.
Xatırlatmaq lazımdır ki, hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyada respublikamızın xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsip və başlıca xüsusiyyətləri öz əksini tapmışdır. Əsas Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur. Dövlət başçısı İlham Əliyev də məhz bu tələblərdən çıxış edərək hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət prioritetlərini müəyyənləşdirir, onun həyata keçirilməsini təmin edir. Beynəlxalq münasibətlər sisteminin yeni düzəni, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, beynəlxalq təşkilatların Azərbaycanla bağlı yürütdüyü siyasətin mahiyyəti xarici siyasətdə ciddiliklə nəzərə alınır. Şəffaflıq və öncədən müəyyənləşdirmə, habelə öhdəliklərə sadiqlik respublikamızın xarici siyasətinin fundamental prinsipləri olaraq qalır. İstər qonşu, istərsə də digər dövlətlərlə səmərəli ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirən Azərbaycan regionda və onun sərhədlərindən kənarda sülh içində birgə yaşama və mehriban qonşuluq prinsiplərini təşviq edir.
Balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan nəinki beynəlxalq mövqelərini möhkəmləndirə bilmiş, həm də qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Bu gün respublikamız regionda yeritdiyi konstruktiv xarici siyasət nəticəsində eyni zamanda həm ABŞ, həm Rusiya, həm İran, həm də İsraillə sıx əməkdaşlıq edir. Bu və digər dövlətlərin ziddiyyət təşkil edən maraqları fonunda Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, əks qütblərin hər biri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində davam etdirmək çətin məsələdir. Cənab İlham Əliyev bu vəzifənin öhdəsindən uğurla gələrək bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomenal siyasi liderə çevrilmişdir.
Respublikamız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməklə bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü əsas tutur, bir dövlətin digərinin daxili işlərinə müdaxiləsini yolverilməz sayır. Azərbaycanın geosiyasi rəqabət və çəkişmə meydanına çevrilməsinə heç zaman yol verməyəcəyini dəfələrlə bəyan etmiş dövlət başçısı İlham Əliyev, eyni zamanda, rəsmi Bakı ilə ultimatum və təzyiq dilində danışmağın da mənasızlığını qətiyyətli və prinsipial addımları ilə sübuta yetirmişdir.
Azərbaycan son illərdə yeritdiyi tarazlaşdırılmış xarici siyasətlə bölgədə maraqları toqquşan bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu tərəfdaş səviyyəsində quraraq hətta hegemon dövlətləri belə özü ilə hesablaşmaq məcburiyyətində qoymuş, beynəlxalq miqyasda sülh və əməkdaşlıq mərkəzinə çevrilmişdir. Rəsmi Bakı respublikanın milli maraqlarının hərtərəfli təminatı, habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi, siyasi imkanlarından, karbohidrogen ehtiyatlarından maksimum səmərəli istifadə edir.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan bütün regional məsələlərdə əsas oyunçulardan biridir, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz: “Bu gün Azərbaycan bölgədə, dünyada cərəyan edən prosesləri sadəcə müşahidə etməklə kifayətlənmir. Biz proseslərin fəal iştirakçısıyıq, bizim mövqeyimizdən, sözümüzdən çox şey asılıdır. Azərbaycan regionda sülh və əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Bizimlə hesablaşırlar, məsləhətləşirlər və bizim mövqeyimiz, bəzi hallarda birmənalı bəyanatlarımız başqaları üçün də ciddi əsas yaradır”.
Son illər Bakıda müxtəlif səviyyəli beynəlxalq və regional tədbirlərin keçirilməsi bir tərəfdən respublikamızın qlobal miqyasda artan nüfuzu, digər tərəfdən əlverişli coğrafi-geosiyasi mövqeyi, habelə potensial imkanları ilə şərtlənir. Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Qərbin etimadsız yanaşdığı Rusiya və İran kimi dövlətlərlə qonşu olan respublikamız, bir növ, Şərqlə Qərb arasında əlverişli körpü rolunu oynayır. Coğrafi baxımdan Qərblə Şərqi qovuşduran Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin Asiya bazarlarına və yaxud əksinə daşınması üçün təbii keçid imkanını təmin edir. 
Cənubi Qafqaz regionu ərazisindən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin reallaşdırılması Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Üstəlik, Mərkəzi Asiya dövlətlərinin malik olduğu zəngin karbohidrogen ehtiyatlarının Qərbə daşınması üçün ən optimal marşrutlar da məhz Azərbaycandan keçir. Qazaxıstanın neft ehtiyatlarının bir qisminin məhz Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qərb bazarlarına nəql edilməsi də bunun əyani təsdiqidir. Yaranmaqda olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizi üzərində - böyük ticarət yollarının kəsişməsində yerləşməsi respublikamıza eyni zamanda enerji və infrastruktur mərkəzinə çevrilmək imkanı yaradır. Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA), habelə “Şimal-Cənub nəqliyyat dəhlizi”nin həyata keçirilməsində də əsas iştirakçılardan biridir. Üstəlik, Azərbaycan Türkiyə və Gürcüstanla Qərb üçün geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi istiqamətində sıx əməkdaşlıq edir. Bu layihənin gerçəkləşmək ərəfəsində olması regional əməkdaşlığın sürətləndirilməsi baxımından da müstəsna əhəmiyyət daşıyır.
Dünya təcrübəsi göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda dövlətlərə və xalqlara rifah, səadət və inkişaf deyil, əksinə, böyük faciələr, ağlasığmaz problemlər gətirir. Neftdən səmərəsiz istifadə nəticəsində bir çox ölkəni acınacaqlı vəziyyətə salmış “Holland sindromu” kimi arzuolunmaz presedent mövcuddur. Azərbaycan isə təbii sərvətlərindən maksimum səmərəli və məqsədyönlü istifadə etməklə ilk növbədə çoxşaxəli iqtisadi inkişafa nail olmuş, eləcə də əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində uğurlu nəticələr qazanmışdır. “Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” deyən dövlət başçısı İlham Əliyevin yeritdiyi məqsədyönlü strategiya nəticəsində 2017-ci ilin birinci yarısında ölkənin qeyri-neft sektoru 5 faizədək artmışdır. Maliyyə böhranı şəraitində qeyri-neft sektorunda artımın milli inkişaf tarixində ilk dəfə olaraq neft sektorunda artımı üstələməsi hökumətin fəaliyyətinin yüksək səmərəlilik əmsalı kimi xüsusi vurğulanmalıdır.
Son illər qabarıq hiss olunan qlobal maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı bu destruktiv prosesə ciddi müqavimət göstərərək inkişaf tempini qoruyub saxlayır. Neftin qiymətlərinin 3-4 dəfəyədək aşağı düşməsinə rəğmən cari ildə ümumi daxili məhsulda pozitiv artım meyilləri respublikada iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasətin praktik nəticəsindən xəbər verir. Hazırda bir çox dünya ölkələrini iflic edən qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi də məhz hökumət səviyyəsində qeyri-neft sektoruna göstərilən yüksək qayğının nəticəsidir. Qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin digər əsas səbəblərindən biri də regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir. 
Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, vergi güzəştləri hesabına real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə respublikada iqtisadiyyatın dövlət tənzimlənməsi prosesi tamamilə demokratik prinsiplərə söykənməklə yanaşı, makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, real sektorun dinamik inkişafına, onun maliyyə təminatının möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan son onillikdə qazandığı uğurlarla ümumən Avropa geosiyasi arealında yeni inkişaf modelinə keçidi təmin etmişdir. Bu model özündə azad və şəffaf seçkilər, vətəndaş cəmiyyətinin inkişafı, plüralizm, azad media, tolerantlıq, mədəniyyətlərarası dialoq, gender bərabərliyi və digər sahələri ehtiva edir. Qazanılan nailiyyətlər respublikamızın dünyaya daha yaxından tanıdılmasına, ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına, mədəniyyətinin və incəsənətinin təbliğinə geniş imkanlar açmaqla yanaşı, xaricdə diaspor və lobbi quruculuğu işinin mühüm tərkib hissəsidir.
Əldə olunan uğurlar eyni zamanda Azərbaycanın bölgədə regional mərkəzlərdən birinə çevrilməsini, qlobal tədbirlərin məhz Bakı şəhərində reallaşdırılmasını təmin edir. Belə mötəbər tədbirlərin keçiriləcəyi məkan seçilərkən bir sıra mühüm amillər nəzərə alınır. İlk növbədə respublikamızın belə mötəbər tədbirlərə evsahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala, infrastruktura, turizm imkanlarına malik olması, habelə bu sahədə formalaşmış uğurlu təcrübəsi ciddiliklə nəzərə alınır. Bakı şəhərinin son illər Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi həm də respublikamızın Cənubi Qafqaz regionunda multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər respublikamızı regionun “diplomatik paytaxtı”na, sülh, ədalət və sivil birgəyaşayış platformasına çevirmişdir. 
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin hələ 2008-ci ilin dekabrında Bakıda keçirilmiş konfransında müxtəlif mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafını nəzərdə tutan “Bakı prosesi” təşəbbüsünü irəli sürməklə beynəlxalq əməkdaşlıqda keyfiyyətcə yeni səhifə açmışdır. Beləliklə, respublikamızın paytaxtında müxtəlif qlobal beynəlxalq tədbirlərin keçirilməsi intensiv xarakter almış, bu həm də demoktratikləşmə proseslərinin, sosial-iqtisadi inkişafın, ən əsası, müxtəlif mədəniyyətlərin qorunması və təbliğinin xarici siyasətə təsiri olmuşdur. 
2008-2016-cı illərdə bu məqsədə xidmət edən tədbirlər miqyasca geniş və əhatəlidir: hələ 2008-ci ildə respublikamızda “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfrans keçirilmiş, 2009-cu ildə həm də Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. 2009-cu ildə Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı, 2011-ci və 2013-cü illərdə UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə I və II Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilmişdir. 2015-ci ildə təşkil olunmuş III Mədəniyyətlərarası Dialoq Forumu da respublikamızın mədəniyyətlər arasında körpüyaratma missiyasını bütün dünyaya göstərmişdir. 2017-ci ildə Azərbaycan IV Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumuna evsahibliyi edəcəkdir. 
Azərbaycan paytaxtı 2011-2016-cı illərdə I, II, III, IV və V Bakı Beynəlxalq Humanitar forumlarına evsahibliyi etmişdir. Son illər Dünya Dini Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB Müsəlmanlarının Məşvərət Şurası və Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını Bakı şəhərində keçirmişlər. 
2016-cı il aprelin 25-dən 27-dək Bakıda təşkil olunmuş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunları isə göstərmişdir ki, Azərbaycanın çevik və səmərəli xarici siyasətinin əsas hədəflərindən biri də fərqli mədəniyyətlər arasında dialoqun və vahid inkişaf platformasının formalaşdırılmasıdır. Ötən ilin oktyabrında V Bakı Beynəlxalq Humanitar Forumunun respublikamızda keçirilməsi də Azərbaycanın təkcə insan hüquqları və demokratikləşmə deyil, həm də milli-etnik, dini tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə şərtlənmişdir. 
Ümumiyyətlə, Bakı beynəlxalq humanitar forumlarının məqsədi bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etməkdir. Humanitar forum təşkilatçılarının və iştirakçılarının, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitası nümayəndələrinin müəyyənləşdirdikləri ən mühüm vəzifə gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır. Bakı forumlarının əsas məqsədlərindən biri də insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını tapmaqdır. 
Bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsində və uğurla reallaşmasında, şübhəsiz, Prezident cənab İlham Əliyevlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Ötən 12 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Konfransı Təşkilatının və digər nüfuzlu qurumların savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin məhz Bakı şəhərində keçirilməsi də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycanın mənəvi inciləri bir-birinin ardınca dünya qeyri-maddi mədəni irs siyahısına salınmış, ölkəmiz sözün əsl mənasında fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoq məkanına çevrilmişdir. Hələ 2008-ci ilin 10 iyununda Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrə toxunarkən demişdir: “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?” 
2012-ci il noyabrın 8-də Londonda fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş “Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans da Azərbaycanda bütün dünyada sülhün, firavanlığın təmsil olunması yönündə həyata keçirilən siyasətə sanballı töfhə olmuşdur. 
Regionun əsas iqtisadi və siyasi güc mərkəzlərindən biri olduğunu təsdiq etmiş müstəqil Azərbaycan bu ilin may ayında daha bir mötəbər tədbirə evsahibliyi etmişdir: mayın 12-dən 22-dək davam etmiş IV İslam Həmrəyliyi Oyunları respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialın təbliği baxımından əhəmiyyətli olmuş, uğurlu təbliğat platforması kimi tarixiləşmişdir. 
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 4 iyun tarixli sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. 2013-cü il iyulun 21-dən 25-dək isə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası keçirilmiş və assambleyada səsvermə zamanı tam yekdilliklə respublikamızın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Mərasim iştirakçıları Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirmiş və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə əminliklərini bildirmişlər. 
Bu qərar iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanda son illər idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Ölkəmizin dünyada Olimpiya məkanı kimi tanınması, dünya miqyaslı yarışlara, ilk Avropa Oyunlarına evsahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı tarixi qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır. 
Dinamik iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan hazırda həm də dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınır. Bu müsbət imicin əsasında Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Bu mənada idmançılarımızın nailiyyətləri, dövlətin idmanın inkişafına ardıcıl dəstəyi, mövcud idman infrastrukturu da nəzərə alınaraq IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi qərara alınmışdır.
Şübhəsiz, bu məqamda Azərbaycanın təşkilatçılığının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyi faktını da xüsusi qeyd etmək lazımdır. Azərbaycan hələ 2012-ci ildə “Evrovizion” musiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış tərəddüdləri olan ölkələri sözün həqiqi mənasında heyrətləndirmiş, qərəzli, ölkəmizə düşmən mövqeyi bəsləyən şəbəkəni fakt qarşısında qoymuşdur. Sonrakı mərhələdə - 2015-ci ildə baş tutan ilk Avropa Oyunları, 2016-2017-ci illərdə keçirilmiş “Formula-1” yarışları zamanı respublikamız nümayiş etdirdiyi yüksək təşkilatçılıq və qonaqpərvərliklə Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. Ən başlıcası, xalqımıza xas milli koloriti, mətbəxi, adət-ənənələri və incəsənət nümunələrini Avropaya təqdim etmişdir. Bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi olmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə İslam Həmrəyliyi Oyunlarına hazırlıq da xüsusi plan üzrə, sistemli və ardıcıl şəkildə, yüksək təşkilatçılıq və zövqlə həyata keçirilmişdir. 
Onu da qeyd etmək lazımdır ki, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu zamanı Azərbaycanda tarixən müxtəlif etnosların dinc yanaşı yaşadıqları, xalqımızın yüksək dini və milli tolerantlıq səviyyəsi, qonaqpərvərliyi, zəngin mədəni irsi, tarixi abidələri və s. sadalamadığımız bir çox həssas məqamlar ciddiliklə nəzərə alınmışdır. Son illər bir sıra Avropa ölkələrində baş verən dözümsüzlük, ksenofobiya, islamofobiya meyilləri Avropanın özünün bəzi postsosialist dövlətlərindən tolerantlıq örnəyi götürməsinə ehtiyac olduğunu göstərir. Bu baxımdan Azərbaycanda milli və etnik tolerantlığı xüsusi qeyd etmək lazımdır. Tarixən müxtəlif din, məzhəb, dil və mədəniyyətə malik insanların ümumi vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi yüksək inkişaf etmişdir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Əksinə, Azərbaycan tarixən dinlərin həmrəyliyinə çalışan bir ölkə kimi tanınmışdır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin “Azərbaycanda İslam həmrəyliyi ili” elan edilməsi də bu mənada obyektiv reallıqlara söykənir. Dövlət başçısının “2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında” sərəncamında göstərilir: “Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır”.
Bütün bunlar respublikamızın İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki əzmkar fəaliyyətinin müsəlman dünyası və İslam Konfransı Təşkilatı səviyyəsində yüksək dəyərləndirildiyinə dəlalət edir. Son 25 ildə İKT və bu təşkilata daxil olan ölkələrlə çoxşaxəli və ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan pozitiv nəticələri xüsusi vurğulamaq lazımdır. Hazırda 60-a yaxın dövlətin üzv olduğu İKT dünya siyasətində sözü eşidilən, mövqeyi nəzərə alınan mötəbər təşkilat sayılır. Təşkilatın əsas məqsədi müsəlman aləmini birləşdirərək həmrəyliyi təmin etmək, dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı gücləndirmək, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün səmərəli fəaliyyət göstərməkdir. 
Heydər Əliyev Fondunun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə ISESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət!” Beynəlxalq Məlumat Təşviqat Kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Bu məqsədlə dünyanın son illərdə bir çox ölkəsində “Xocalıya ədalət!” veb-saytının təqdimetmə mərasimləri keçirilmişdir. 
Ümumilikdə son illər Bakıda keçirilən forumlar sübuta yetirmişdir ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu məkan olaraq dünyanın nicatına xidmət edən mühüm təşəbbüslərlə çıxış edir. Bu və digər beynəlxalq tədbirlər, idman yarışları, forumlar bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara cavab tapılması, mövqelərin yaxınlaşdırılması, mədəni dəyərlərin bölüşdürülməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən tədbirlər həm də dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır.

Şahsultan HƏSƏNOV, 
Rusiya Federasiyasının Prezidenti yanında İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri