Xəbər Qızıl onillik

Qızıl onillik

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası Azərbaycanı qüdrətli dövlətə çevirib

Bu bir həqiqətdir ki, Azərbaycan 2003-cü ildən başlayaraq dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Bu dinamik inkişaf ölkəmizi bir sıra sosial-iqtisadi göstəricilərə görə MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxardı.
Növbəti illərdə isə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasəti ilə Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasına qoşuldu. Son on ildə özünün yeni iqtisadi modelini formalaşdıran Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzinə düşdü. Çünki bu illər ərzində müharibə şaraitində olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları dəfələrlə artdı. Əgər 2007-ci ildə dövlət büdcəsinin gəlirləri 5 milyard 770 milyon 900 min manat idisə, 2017-ci ildə büdcə gəlirləri 15 milyard 955 milyon manata yüksəldi. 10 il öncə ölkənin valyuta ehtiyatları 3,7 milyard dollar idisə, bu gün bu rəqəm 40,6 milyard dollar təşkil edir. Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycana 200 milyard dollar həcmində həm xarici, həm də yerli investisiyalar yatırılıb. Məhz buna görə də bu illəri Azərbaycanın qızıl onilliyi adlandırmaq olar. Bu illər ərzində Azərbaycan həm də kosmik kluba üzv ölkələr sırasına daxil olub. Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan respublikamızın iştirakı ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat, “Cənub” qaz dəhlizi, “Şahdəniz”, Cənubi Qafqaz kəməri, 
TANAP və TAP kimi layihələrin həyata keçirilməsi isə bir daha sübut edir ki, ölkəmiz son illərdə böyük yol keçib. Potensial iri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB məkanında aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir. 
Qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətinə çevirib. Hazırda Azərbaycan daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş verib. 
Ölkəmizdə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində yeni zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. 
Bu gün özünü dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edən Azərbaycan həm də sosial dövlətdir. Sosial dövlətin bir funksiyası da vətəndaşların sosial hüquqlarının müdafiəsi ilə yanaşı, digər humanitar sahələrin inkişafına nail olmaq, cəmiyyətin harmonik inkişafını təmin etməkdir. Bu baxımdan Azərbaycan bütün dünyaya nümunə olan siyasət yürüdür və uğurlar qazanır. 
Aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində vətəndaşların sosial rifah halı dəfələrlə yaxşılaşıb. Yoxsulluq göstəricisi 49 faizdən 5 faizə düşüb, üç mindən çox məktəb, altı yüzdən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib, 40-dan çox olimpiya idman kompleksi, sosial və mədəniyyət obyektləri inşa olunub. Turizmin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilib, çoxlu sayda beşulduzlu hotellər də daxil olmaqla 300-dən çox mehmanxana tikilib. Bölgələrdə 6 hava limanı və Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminalı istifadəyə verilib.
Bu müddət ərzində ölkə əhalisinin bütün kommunal problemləri həll olunub. Qazlaşdırma 51 faiz səviyyəsindən 93 faizə qalxıb, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Hətta sovet dövründən qalmış əmanətlər əhaliyə qaytarılıb. 
2004-cü ildən başlayaraq isə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilib, 2 belə proqram uğurla həyata keçib, 2014-2018-ci illəri əhatə edən 3-cü proqram isə hazırda müvəffəqiyyətlə icra olunur.
İnsanın sosial rifah halına təsir edən mühüm amillərdən biri də onun mənzil təminatı səviyyəsidir. Son 14 ildə bu sahədə də olduqca böyük işlər görülüb. Azərbaycan dövləti öz hesabına, yəni heç kimdən yardım almadan bir milyondan artıq qaçqın və məcburi köçkünlərinin bütün problemlərini, o çümlədən mənzil problemini ləyaqətlə həll etməyi bacarıb. Bu illər ərzində ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb. Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilib, 250 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunub. Bu iş hələ də davam etməkdədir. 
Bununla yanaşı, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlərin, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilməkdədir. 
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır. Dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirir. 
“Doing Business-2017” hesabatına əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Davos Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyətliliyi İndeksi 2016-2017” hesabatında Azərbaycan 138 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB ölkələri arasında birinci yerdədir. Hesabatda Azərbaycan “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə 26-cı, “makroiqtisadi sabitlik” göstəricisi üzrə isə 39-cu yerdə qərarlaşıb.
Nüfuzlu “Standard&Poor's” (S&P) beynəlxalq reytinq agentliyi isə gələn ildən Azərbaycan iqtisadiyyatında artım olacağını bəyan edib. Sənəddə göstərilir ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacaq.
Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar dünya miqyasında respublikamızın mövqeyinin daha da möhkəmləndiyini bir daha təsdiqləyir. Eyni zamanda görülən işlər onu deməyə əsas verir ki, dövlət başçısının reallaşdırdığı uzaqgörən və müdrik siyasət Azərbaycanın iqtisadi tərəqqisinə, dünyada köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”