Xəbər Hər bir azərbaycanlının himayədarı, xeyirxahı

Hər bir azərbaycanlının himayədarı, xeyirxahı

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Birinci vitse-prezident Mehriban xanım Əliyeva əhalinin sosial müdafiəsinin etibarlı təminatı sisteminin möhkəmlənməsinə misilsiz töhfə verir

Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin vətəndaş firavanlığının təminatına xidmət edən sosial inkişaf kursu əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, sosial cəhətdən həssas qruplardan olan digər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradıb. Qeyd olunan insanlara diqqət və qayğının artırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müəllifi olduğu layihə və təşəbbüslər xüsusi önəm kəsb edir.

 


Yüksək 
vətəndaşlıq missiyası

 

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən bir daha aydınlaşdı ki, xeyirxahlıq və daha çox sosial qayğıya ehtiyacı olan vətəndaşlara yüksək diqqət onun fəaliyyətində əsas istiqamət olacaq. O, uzun illərdir ki, öz səylərini əlillərə, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldir, bu istiqamətlərdə müxtəlif proqramların həyata keçirilməsini dəstəkləyir. Təsadüfi deyil ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər Azərbaycanda, istər xaricdə xeyirxahlıq məbədi kimi tanınır və sevilir.
Heydər Əliyev Fondu tərəfindən son illər həyata keçirilən sosial islahatlar nəticəsində əlillərin sosial müdafiəsinin hüquqi cəhətdən tənzimlənməsində mühüm irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Bu mənada Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Bir sözlə, Mehriban xanım Əliyeva əhalinin sosial müdafiəsinin etibarlı təminatı sisteminin möhkəmlənməsinə misilsiz töhfə verir.
Sosial inkişaf kursu sağlamlıq imkanları məhdud uşaqların da hərtərəfli dövlət qayğısı ilə təmin olunmasına şərait yaradıb. Bu istiqamətdə ölkəmizdə aparılan siyasət həmin uşaqların sağlamlıqlarının bərpası, onların səmərəli reabilitasiya və sosial xidmətlər sistemi ilə əhatə olunması üçün həyata keçirilən tədbirlərin ildən-ilə güclənməsi ilə müşahidə olunur.

 

Qayğıya ehtiyacı olan 
uşaqların problemləri diqqət mərkəzində saxlanılır

 

Məlumat üçün qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır. Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğısı bu müəssisələrdəki uşaqların da hərtərəfli təminat səviyyəsinin yüksəlməsinə imkan verib. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həmin müəssisələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, uşaqların normal yaşayışı, tibbi və sosialyönümlü reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün ən müasir tələblərə uyğun şərait yaradılıb. 
Hər iki müəssisədə uşaqlara müəyyən bacarıq və vərdişlərin aşılanması üçün müxtəlif dərnək və mini emalatxanalar da fəaliyyət göstərir. Bu müəssisələrdəki uşaqların cəmiyyətdəki digər həmyaşıdları kimi bərabər imkanlara malik olmaları, onların asudə vaxtlarının səmərəli keçməsi, gəzintilərinin, onlar üçün mədəni tədbirlərin, şənliklərin və s. təşkili sahəsində də fondun təşəbbüsü və dəstəyi ilə müxtəlif işlər görülür. Mehriban xanım Əliyevanın “Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz” sözləri de-institusionalizasiya sahəsində həyata keçirilən tədbirlərin əsas devizidir. 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində də bu sahədə işlər aparılır. Təkcə bu ilin ötən dövründə həmin müəssisələrdən 20 nəfərə yaxın uşaq doğma ailə mühitinə qayıdıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində yaradılaraq 2011-ci ilin aprelindən fəaliyyətə başlayan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfədir. Müəssisədə hər il 400 nəfərədək uşağa dünya psixoterapiya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində reabilitasiya xidmətləri göstərilir.

Uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi əsasında, onların fərdi reabilitasiya planları əsasında müalicəsi təşkil edilir. Onlar sosial mühitə oriyentasiya məqsədli sınanmış tədris metodlarına, sosial reabilitasiya yönümlü effektiv prosedurlara cəlb edilirlər.

 

Əlil vətəndaşlara dəstək əsas prioritetlərdəndir

 

Əlillərin sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərin başlıca məqsədi onların sosial müdafiəsini və son nəticədə cəmiyyətə fəal inteqrasiyasını təmin etməkdir. Başqa sözlə, əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir. Son illərdə Azərbaycanda dövlət tərəfindən əlilliyi olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, belə insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri sırasında önəmli yer tutur. Son illərdə fondun müvafiq layihəsi çərçivəsində respublikamızın Naxçıvan, Gəncə və Yevlax şəhərlərində Regional informasiya mərkəzləri yaradılaraq istifadəyə verilib. Ölkəmizdə əlilliyi olan şəxslərin inteqrasiya imkanlarının daha da genişlənməsinə səbəb olan bu mərkəzlərdə əlilliyi olan şəxslər İKT-dən istifadə imkanları əldə edir, onlara Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur. Həmçinin mərkəzlərdə nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunu otaqları fəaliyyət göstərir. 
Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərlə bağlı nəcib layihələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzini də əhatə edir. 2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olan bu müəssisə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasında, həmçinin onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsində mühüm rola malikdir. Fondun müvafiq layihələri çərçivəsində mərkəzdə peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgilər təşkil olunur, onların cəmiyyətə tanıdılması sahəsində tədbirlər həyata keçirilir. 


“Məzun evi”ndə gənclərin məşğulluğu

yüksək səviyyədə təmin edilir

 

Ölkəmizdə aparılan sosial siyasət bu sahədəki problemlərin həllinə daha çox milli və ümumbəşəri dəyərləri özündə ehtiva edən humanist mövqedən yanaşılması ilə diqqəti cəlb edir. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında 2014-cü ildə bu siyasətə daha bir mərhəmətli çalar əlavə olundu: dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzillərlə təminatına başlanıldı.
Dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə başlanması bir daha təsdiq etdi ki, Azərbaycan Prezidentinin sosial inkişaf kursu hər bir vətəndaşı əhatə edir. Talelərinə valideyn himayəsindən məhrum olmaq yazılsa da, məhz Prezident qayğısı sayəsində onlar kimsəsizliyin acılarını, çətinliklərini yaşamırlar. Bu böyük qayğı onların təkcə rifahlarının yaxşılaşmasına təminat yaratmır, həm də layiqli bir həyat yoluna səfərbər olmaları, gözəl bir gələcəyə yiyələnmələri, ölkəsinin, dövlətinin tərəqqisinə xeyir verə biləcək işlərdə həmişə ön cərgədə dayanmaları üçün onlara güclü bir stimul, dəyərli bir şans da verir. 
Cəmiyyət tərəfindən rəğbət hissi ilə qarşılanan bu humanist tədbir çərçivəsində Abşeron rayonunda hər biri 120 mənzilli iki yaşayış binası qeyd olunan kateqoriyadan olan gənclərin istifadəsinə verilib. “Məzun evi” kimi fəaliyyət göstərən bu yaşayış binalarında onların hər birinə müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillər təqdim edilib. Qeyd edilən təbəqədən olan gənclər üçün hazırda həmin ərazidə daha bir 120 mənzilli yaşayış binası da inşa olunur. 
Qeyd edək ki, “Məzun evi”ndə gənclərin yaşayışı daim diqqət mərkəzində saxlanılır, onların üzləşdikləri problemlərin həlli, cəmiyyətə fəal inteqrasiya olunmaları sahəsində konkret tədbirlər görülür. Onların fəal məşğulluq tədbirlərinə cəlb edilməsi və məşğulluqlarının təminatı diqqət mərkəzindədir. Müəssisədəki ştat vahidlərində və ictimai-iaşə xidməti sahələrində 20 gənc işlə təmin olunub. Burada yaşayan gənclərdən 
30-u yaşıllaşdırma müəssisəsində, 25-i “Məzun evi” üçün tikilən növbəti binanın, 10-u binanın yaxınlığında yerləşən məcburi köçkünlər üçün yaşayış kompleksinin inşasında, 6-sı karton fabrikində işləyir. 
“Məzun evi”ndə xalça və tikiş sexlərinin yaradılması da sakinlərin məşğulluq təminatının həlli məqsədinə xidmət edir. Burada çalışan gənclərin xalçaçılıq və tikişçilik peşələri üzrə hazırlıq kurslarına cəlb edilərək peşə sirlərini öyrənməsi qayğısına qalınır.

 

Müharibə əlillərinin sosial problemlərinin 
həlli fəaliyyət istiqamətlərindən biridir

 

2016-cı ilin aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin əyani göstəricisidir. 
Görüşdə aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu söyləyən Mehriban xanım Əliyeva vurğulayıb ki, əsgərlərimiz Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatının qarşısını aldı, düşmənə layiqli cavab verdi: “Ötən ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Siz, sizin yoldaşlarınız, Azərbaycan əsgərləri bu təxribatın qarşısını aldınız, düşmənə layiqli cavab verdiniz. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bir il bundan əvvəl azad etdiyiniz torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar. Bu, tarixi bir hadisədir, tarixi qələbədir. Bu gün bütün Azərbaycan xalqı sizinlə fəxr edir”. 
Görüşdə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də təqdim olunub. Bu bir daha onu göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. Qeyd edək ki, son üç ildə və cari ilin ilk rübündə respublika Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə 23 min 935 protez-ortopedik məmulat və reabilitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Hazırda Azərbaycan Prezidentinin tapşırığı ilə həmin zabit və əsgərlərimizin protezlərinin bionik, yəni hərəkət edən protezlərlə əvəzlənməsi prosesinə start verilib. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, hazırda ölkəmizdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir və bu məqsədlər üçün il ərzində 60 milyon manat məbləğində vəsait sərf olunur. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. 2016-cı ildə 103 nəfər müharibə əlilinə, son 20 il ərzində isə 3476 nəfərə pulsuz avtomobil, o cümlədən müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 şəxsə mənzil və fərdi ev verilib. 2016-cı ildə 445 nəfər müharibə əlili sanatoriya-kurort putyovkası ilə təmin olunub, 271 nəfər Qarabağ müharibəsi əlilinin sosial-məişət problemlərinin həllinə kömək üçün 63 min manat, aprel döyüşləri zamanı əlil olmuş şəxslərə cari ilin yanvar ayında 10 min manat məbləğində birdəfəlik yardım edilib.

 

Məcburi köçkünlərin 
sosial müdafiəsi təkmilləşdirilir

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində məcburi köçkünlərin sosial problemlərinin həlli də ön planda yer alır. Bunu Birinci vitse-prezident kimi onun ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etməsi də aydın surətdə nümayiş etdirir. Həmin müşavirənin nəticəsi və hazırlanan tədbirlər planına uyğun olaraq birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailə yeni yaşayış yerlərinə köçürüləcək. Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işlərinə başlanılacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda tikilmiş hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər də alınır. 
Görülən işlərin daha bir məntiqi nəticəsi kimi Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin təməlinin qoyulması isə bu qədər sayda ailənin tezliklə yeni rahat mənzillərdə yaşayışını davam etdirməsinə gətirib çıxaracaq.
Beləliklə, Heydər Əliyev Fondu tərəfindən görülən bu işlər, eləcə də əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə fəal inteqrasiyası məqsədilə həyata keçirilən digər layihələr Azərbaycanda sosial müdafiə siyasətinin daha da güclənməsinə və onun əhatə dairəsinin genişlənməsinə mühüm töhfələrini verir.

 

Elçin CƏFƏROV,
“Azərbaycan”