Xəbər Uğurlara ruhlandıran səfərlər

Uğurlara ruhlandıran səfərlər

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Dövlət başçısının Lənkərana hər gəlişi yeni nailiyyətlərin təməli deməkdir

Prezident İlham Əliyev vaxtaşırı olaraq regionlara, o cümlədən ən ucqar rayonlara səfərlər edir, aparılan tikinti-quruculuq, abadlıq işləri, inkişaf məsələləri, infrastruktur layihələrinin icrası ilə yaxından tanış olaraq öz göstəriş və tövsiyələrini verir.
Səfərlər zamanı Prezidentin 2004-cü ilin fevral ayından start götürən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yeni-yeni ümumxalq və ölkə əhəmiyyətli obyektlərin təməlini qoyması, inşası başa çatmış istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, idman komplekslərinin, müxtəlif yönümlü mərkəzlərin, ictimai binaların, təbii qaz, içməli su kəmərlərinin, yolların, körpülərin və bu kimi digər mühüm obyektlərin açılışını etməsi ənənə halını almışdır. Həmin səfərlər həm də dövlət rəhbərinin geniş xalq kütləsi ilə sıx əlaqəsinin mühüm bir formasına çevrilmişdir. Belə bir iş metodu yerlərdə əhalinin yaşayış səviyyəsi, habelə onların problemləri, arzu və fikirləri ilə yaxından tanış olmaq imkanı yaradır. Elə buna görə də hər bir səfər xalq tərəfindən böyük sevinc və rəğbətlə qarşılanır. 
Respublikamıza rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyev Lənkərana 11 dəfə səfər etmişdir. Bu səfərlərin hər birinin Lənkəranın sosial-iqtisadi inkişafında mühüm rolu olmuşdur. Xronoloji qayda ilə sadalasaq, sözügedən obyektlərin sıraları belədir: beynəlxalq əhəmiyyətli hava limanı, Regional Müalicə-Diaqnostika, Gənclər, Əlillərin Reabilitasiyası, Uşaq-Sağlamlıq, Heydər Əliyev mərkəzləri, Narkoloji Dispanser, Rayonlararası Psixiatriya Xəstəxanası, əlil və şəhid ailələri üçün 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası tikilmiş, N. Vəzirov adına Lənkəran Dövlət Teatrının binası, 350 çarpayılıq rayon mərkəzi xəstəxanası, mərkəzi stadion, küçələr, xiyabanlar, parklar əsaslı təmir edilmişdir. 138 min nəfər əhalisi olan yaşayış məntəqələrini birləşdirən və ümumi uzunluğu 82,7 kilometr təşkil edən Lənkəran-Vilvan-Osaküçə-Türkəncil, Şürük-Vel-Qamışovka, Vilvan-Lövlə-Boladi-Liman, Liman-Nərimanabad-Balıqçılar, Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolları yenidən qurulmuşdur. 11 min 592 şagird yerlik 38, o cümlədən Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 3 min 24 şagird yerlik 9 məktəb inşa edilmiş, 120 şagird yerlik qarışıq tipli uşaq evi yenidən qurulmuş və 3 min 676 şagird yerlik 4 məktəb binası əsaslı şəkildə təmir olunmuşdur. Uzun illərdən bəri istifadəsiz qalaraq bərbad hala düşən şəhər Mədəniyyət mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmiri başa çatdırılmış, 140 yerlik körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmişdir. 2004-cü ildən bu yana rayonda ümumilikdə 215 obyekt inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Yaşayış məntəqələrinin 69,9, evlərin isə 90,3 faizi qazlaşdırılmışdır. Hazırda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması sahəsində işlər davam etdirilir. Sadaladıqlarımız həyata keçirilən layihələrin yalnız bir hissəsini təşkil edir. 
Bütün bunlar Lənkəranın hüsnünə yeni gözəllik, yaraşıq gətirmişdir. Burada salınmış parklar, xiyabanlar əhalinin sevimli istirahət yerinə çevrilmişdir. Şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı əhalinin ən çox xoşladığı məkandır. Fəvvarələr, salınmış yaşıllıq, əkilmiş müxtəlif növ nadir dekorativ ağaclar, qoyulan oturacaqlar parka xüsusi gözəllik verir. Quraşdırılmış işıqlandırma fanarları buranı gecələr nura qərq edir. Ata-analar, baba-nənələr öz övladları, nəvə-nəticələri ilə xüsusilə axşamlar buraya gəlirlər. Parkın bir tərəfində orijinal üslubda inşa edilmiş Gənclər mərkəzində, demək olar ki, hər gün müxtəlif tədbirlər keçirilir. Şəhər gəncləri, buradakı ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr mərkəzə toplaşaraq konfranslar, müzakirələr, disputlar, görüşlər təşkil edir, özlərinin ad günlərini keçirirlər. Biz Lənkəranda olarkən axşamüstü parkdan gələn xoş musiqi sədaları pərdə-pərdə ətrafa yayılırdı. Öyrəndik ki, iki gəncin toy mərasimidir. 
Heydər Əliyev parkından bir az aralıda yerləşən Qəhrəmanlar parkı, Qala xiyabanı və digər ərazilərdəki istirahət yerləri də həmişə qələbəlik olur. Ümumilikdə yuxarıda adlarını sadaladığımız sosial obyektlərin hər birinin rayon, eləcə də bölgə əhalisinin həyatında öz rolu var. Lənkəran Beynəlxalq Hava Limanından həftədə bir neçə dəfə Rusiya Federasiyasının şəhərlərinə uçuşlar olur. Qonşu Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinləri bu xidmətdən məmnunluqla istifadə edirlər. Lənkəran Müalicə-Diaqnostika Mərkəzi bölgədə bu tipli ilk səhiyyə ocağıdır. Bölgə üzrə birinci dəfə açıq ürək əməliyyatı Astara rayonunun yetirməsi, məşhur kardioloq-cərrah Rəşad Mahmudovun rəhbərliyi altında bu mərkəzdə aparılmışdır.
Tikilən, əsaslı təmir edilən və müasir avadanlıqlarla təchiz olunan məktəblər şagirdlərin təlim-tərbiyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir. Ali və orta ixtisas məktəblərinə qəbul olunan abituriyentlərin sayı ildən-ilə artır. 
Turizmlə bağlı tikilən obyektlər sahənin inkişafında mühüm rol oynamışdır. Odur ki, rayona gələn yerli və xarici turistlərin sayı ilbəil artır. İndi 14 mehmanxana və hoteldə eyni vaxtda 1000-1200 nəfər turistin dincəlməsi üçün şərait var. Cari ilin ötən dövrü ərzində rayona gələn turistlərin sayı 15 min nəfər olmuşdur ki, bunun da 2 min nəfərə yaxınını xarici turistlər təşkil edir. 
Lənkəran nəinki respublika, hətta beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Cari ilin ötən dövrü ərzində burada “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV beynəlxalq, “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfransların, “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminarın, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, təşkilatın üzv dövlətləri ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Avropa Günü”nün keçirilməsi buna bariz nümunədir.
Lənkəranlılar həmişə olduğu kimi, bu gün də qabaqcıllıq, təşəbbüskarlıq ənənələrini böyük ruh yüksəkliyi ilə davam etdirirlər. Cari ilin arxada qalan dövründə bütün iqtisadi göstəricilər əvvəlki ildəkindən yüksəkdir. “Cənub mirvarisi” adlandırılan Lənkəran respublikamızın iqtisadi potensialında xüsusi yer tutur. Dövlət rəhbərinin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğısı hər yerdə olduğu kimi, bu bölgədə də öz bəhrəsini verməkdədir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahədə ciddi dönüş yaratdı. Dövlət dəstəyini görən torpaq mülkiyyətçiləri, fermerlər yenidən torpağa üz tutdular, illərlə istifadəsiz qalan sahələri əkib-becərməyə başladılar. Yeni təsərrüfatlar yaradıldı. Belələrindən biri də “Yaşıl Çay” MMC-dir. Onun rəhbəri Araz Yağubov Lənkəranda orta təhsilini başa çatdırdıqdan sonra hərbi xidmətə gedib. Əsgərliyi başa vurandan sonra Rusiya Federasiyasında ali təhsil alıb, bir müddət orada müxtəlif işlərdə çalışıb. Azərbaycandakı inkişafı görəndə doğma yurda - Lənkərana qayıdıb, burada iş qurmağa təşəbbüs göstərib. Şəhər icra hakimiyyəti rəhbərliyinin yaxından köməyi ilə istəyinə nail olub. İstisu qəsəbəsində çayçılıq təsərrüfatı yaradıb. Sahibkarlıq etdiyi “Yaşıl Çay” MMC-nin hazırda 150 hektar torpaq sahəsi var ki, onun da 61 hektarı çay plantasiyasıdır. Hazırda sahələrdə yaşıl çay yarpağı yığımı gedir. Yığılan yarpaq isə müəssisədəki sexdə emal edilib qablaşdırılaraq “Lənkəran çayı” brendi altında nəinki ölkəmizin, habelə xarici ölkələrdəki ticarət şəbəkələrinə yola salınır. Prezident İlham Əliyev bu il sentyabrın 2-də Lənkərana növbəti səfəri zamanı çayçılıqla məşğul olan bu müəssisədə, habelə “Astaraçay” MMC-nin plantasiyalarında olaraq vəziyyətlə maraqlanmışdır.
Respublikamızda mövcud olan 1016 hektar çay plantasiyasının 568 hektarı Lənkəran rayonunun ərazisindədir. Sahənin inkişafı üçün ardıcıllıqla tədbirlər görülməkdədir. İndiyədək bu sahədə çalışan sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib. Təzə salınan plantasiyalarda, əsasən Gürcüstanın Batumi şəhərindəki Çayçılıq Elmi Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən gətirilmiş “Kolxida” sortu əkilir. Hazırda çayçılıq Lənkəranda inkişaf dövrünü yaşayır. Yerli əhali dövlət dəstəyini görərək çayçılığı ildən-ilə genişləndirir.
Dövlət başçısı Lənkərana səfəri zamanı “Cənub-Aqro” MMC-nin çəltik tarlalarında olmuş, çəltik emal edən zavodun açılışını etmişdir. Çəltik rayon üçün əvvəllər ənənəvi bitki olsa da, sonralar müəyyən səbəblər üzündən unudulmuşdu. Ətirli Lənkəran düyüsü uzun illər yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Akülə” və digər çəltik növlərindən olan düyü məhsulları öz dadı və ləzzəti ilə seçilib. Aqrar sahəyə göstərilən dövlət dəstəyi Lənkəranda unudulmuş olan çəltikçiliyin inkişafına geniş imkanlar yaradıb. “Cənub-Aqro” MMC tərəfindən 100 hektar sahədə çəltik əkilmiş və gələn il bu rəqəmin 127 hektara çatdırılması planlaşdırılır. Rayonda çəltikçilik, əsasən Girdəni, Veravul, Ürkə, Siyavar, Hirkan, Xolmili, Şıxəkəran, Mamusta, Separadi və digər kəndlərdə əkilir. Əkinlərin ilbəil genişləndirilməsi çəltikçiliyin gəlirli sahə olması ilə bağlıdır. Bütövlükdə isə rayonda 526,5 hektar çəltik əkilmişdir. 
Çəltik əl əməyi tələb edən bitkidir. Ağır əl əməyini aradan qaldırmaq, əkin, becərmə və biçin işlərini mexanikləşdirmək üçün rayona xarici ölkə istehsalı olan texnikalar alınıb gətirilmişdir. Bir-iki il bundan öncə cənub bölgəsində çəltik döymək üçün heç bir texnika yox idi. Bundan ötrü kiçik həcmli texnikalar alındı. Bu baxımdan Lənkəranda tikilib istifadəyə verilən çəltik zavodu mühüm əhəmiyyət kəsb edir. “Cənub-Aqro” MMC-nin bu müəssisəsi 1 hektar ərazini əhatə edir. Müəssisədə hazırda 15 nəfər çalışır. Gələcəkdə zavodun gücü 2 dəfə artırılacaq və burada işləyənlərin sayı 60-a çatacaq. Müəssisədə istehsal olunan keyfiyyətli, ekoloji cəhətdən təmiz düyü məhsulu yerli ticarət şəbəkələrinə və “Made in Azerbaijan” brendi ilə xarici bazara göndəriləcək. Prezident səfəri çərçivəsində çəltik sahələrində olmuş və “Cənub-Aqro” MMC-nin açılışında iştirak etmişdir. 
Subtropik iqlimi olan Lənkəran üçün sitrus meyvəçilik xarakterikdir. Bu diyarın vizit kartı hesab edilən ətirli çayına, limonuna şeirlər yazılıb, mahnılar bəstələnib. Sitrus meyvə bağlarının genişləndirilməsi ilə əlaqədar rayonda bir çox tədbirlər görülüb. Yeni məhsuldar sortların buraya gətirilməsi, bağların salınması buna əyani misaldır. Rayon ərazisində 680 hektarda hallabonq növlü yeni sitrus bağları salınıb. Bu cəhətdən “Gilan Orehards” MMC-nin fəaliyyəti diqqətəlayiqdir. Cəmiyyətin burada 100 hektar meyvə bağı var. Bu ərazidə Koreya Respublikasından gətirilmiş 45 min hallabonq sitrus meyvəsi ağacları əkilib. Bağlardan 4 min ton məhsul götürülməsi gözlənilir. Gələcəkdə təsərrüfatın genişləndirilərək 500 hektara çatdırılması planlaşdırılıb. İndi burada 200 nəfər işçi çalışır.
Prezident səfəri zamanı Lənkəranda turizmin inkişafına təkan verəcək müasir tipli “Xəzər Palace” hotel kompleksinin açılışında da olmuş, kompleksin lentini kəsmişdir.
Qətiyyətlə demək olar ki, ölkəmiz irəliyə doğru inamla addımlayır. Xarici və daxili siyasət sahəsində yeni-yeni uğurlara imza atılır. Prezident ölkə əhalisinin yaxşı yaşaması üçün düşünülmüş iqtisadi siyasəti uğurla davam etdirir. Ardıcıllıqla həyata keçirilən tədbirlər neft və qaz gəlirlərindən asılılığı azaltmaqla iqtisadiyyatı şaxələndirmək, ehtiyat mənbələrini ortaya çıxarmaqdan ibarətdir. Belə mənbələrdən biri respublikamız üçün ənənəvi olan kənd təsərrüfatıdır. Yaxın vaxtlarda Qaxda fındıq, barama, tütün, sentyabrın 3-də Lənkəranda çay, çəltik, sitrus meyvələrinin, keçən il isə Saatlı və Sabirabad rayonlarında pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirələrdə respublika əhalisinin ərzaq təhlükəsizliyi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, yeni iş yerlərinin açılması, ixracı azaltmaq, rəqabətədavamlı məhsullar istehsal etməklə onların xarici bazarlara çıxarılması və ölkəyə valyuta gətirilməsi üçün vəzifələr müəyyənləşdirilmişdir. Bu istiqamətdə artıq müəyyən addımlar atılmış, cari ilin ötən vaxtı ərzində həmin sahələrdən respublikamıza daxil olan gəlirlərin həcmi xeyli artmışdır. Şübhə yoxdur ki, mərkəzi və yerli icra orqanları, digər əlaqədar təşkilatlar, iş adamları qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün daha çevik və səmərəli fəaliyyət göstərərək ölkəmizin iqtisadi qüdrətinin artırılması, onun daha da çiçəklənməsi, xalqımızın rifah halının getdikcə yaxşılaşması üçün bundan sonra da əzmkarlıq göstərəcəklər.

Seyran CAVADOV,
“Azərbaycan”