Xəbər Azərbaycan ərzaq təhlükəsizliyi problemini uğurla həll edir

Azərbaycan ərzaq təhlükəsizliyi problemini uğurla həll edir

Müəllif: Xeberim.az on in Prezident
1st Image
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı nailiyyətlərimizi təqdir edir

Dünyada texnika və texnologiyaların inkişafı, sənayedə qazanılan uğurlar insan həyatında müsbət dəyişikliklərə gətirib çıxarıb. Bunun da sayəsində insanların yaşam səviyyəsi yüksəlir, sosial problemləri həll olunur.
Aqrar sektorda nailiyyətlər qazanılsa da, Yer kürəsində yaşayan əhalinin ərzaqla təminatına hələ tam nail olunmayıb. Bunun bir çox səbəbləri var. Mütəxəssislərin fikrincə, ən başlıca səbəb torpağın min illərlə düzgün istifadə olunmaması onun məhsuldarlığına mənfi təsir göstərmişdir. Digər amil kimi Yer kürəsində sürətlə yaranan su qıtlığı göstərilır.
Dünyanın inkişaf etmiş ölkələri əhalinin ərzaqla təmin edilməsi üçün bu sektora güzəştlər edir, maliyyə dəstəyi göstərir. Yəni aqrar sektor rentabelli olmasa belə, dövlət ölkənin ərzaq təhlükəsizliyini təmin etmək naminə bu addımı atır. Çünki son dövrlər dövlətlərarası münasibətlərdə ərzaq satışından siyasi məqsədlər üçün istifadə olunması halları müşahidə edilir. Bundan əvvəl müşahidə edilən neft şantajından ərzaq şantajı daha təhlükəlidir. Ona görə ki, əhali qısa müddət ərzində ərzaqla təmin edilməsə, həmin dövlətin ərazisində xaosun baş verməsi qaçılmazdır.
Qeyd edildiyi kimi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr aqrar sektora güzəştlər edib sərmayə yatırmaqla bu prosesi nəzarət altında saxlayır. Lakin iqtisadi cəhətdən inkişaf etməmiş ölkələr bu balansı gözləyə bilmir. Buna görə də dünyada aclıq çəkən əhalinin çox hissəsi iqtisadi cəhətdən az inkişaf edən ölkələrdə müşahidə edilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bunu nəzərə alaraq həyəcan təbili çalıb. Təşkilat aclığın aradan qaldırılması üçün ərzaq itkilərinin və ərzaq tullantılarının azaldılması təşəbbüsü ilə çıxış edib. 
FAO-nun yeni təşəbbüsü BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli tədbir zamanı irəli sürülüb. Tədbir iştirakçıları ərzaq itkisinin və ərzaq tullantılarının azaldılması məsələlərinə xüsusi diqqət yetirərək vurğulayıblar ki, problemin həlli 17 bənddən ibarət Davamlı İnkişaf Hədəflərindən ikinci hədəfə nail olmaqla aclığın tamamilə ləğv edilməsinə şərait yaradacaq. Ərzaq itkisi təkcə aclıqla nəticələnmir. FAO-nun baş direktoru Joze Qrasianu da Silva tədbirdə vurğulayıb ki, itkilərin qarşısının alınması böyük iqtisadi əhəmiyyət kəsb edir. Aparılan hesablamalara görə, ərzaq itkisinin və ərzaq tullantılarının azaldılması tədbirlərinə sərmayə qoyulan 1 ABŞ dolları son nəticə etibarilə 14 ABŞ dolları qazanc gətirir. Yəni bu sahədə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər icra olunarsa, dünyada maddi resursların və insan əməyinin boş yerə xərclənməsinin qarşısı alına bilər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ərzaq itkilərinin və ərzaq tullantılarının azaldılması təşəbbüsü ilə çıxış edib. BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, bu təşəbbüsün həyata keçirilməsi aclıq çəkən insanları yedirtməyə kömək edəcək.
Qeyd edildiyi kimi, hazırda hər il dünyada istehsal edilən ərzağın təqribən 30 faizi itirilir və ya tullanır. FAO-nun bəyanatında deyilir: “Bir milyarda yaxın insanın aclıq çəkdiyi bir vaxtda bu, yolverilməz israfçılıqdır. Üstəlik, bu vəziyyət ərzaq istehsalında istifadə edilən əmək, enerji, torpaq, su ehtiyatlarının və digər resursların itkisinə gətirib çıxarır”.
FAO rəhbəri sözügedən tədbirdə daha sonra deyib: “Ərzaq itkisinin qarşısının alınması layihələrinə sərmayə qoyulması həm də yoxsulluğa qarşı mübarizəyə sərmayə qoyulması deməkdir”. Belə layihələr sabit ərzaq sistemləri yaradılmasına kömək edir.
Hazırda dünyada aclıq çəkən insanların sayı təqribən 815 milyondur. Bu insanların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdəki kənd yerlərində yaşayırlar.
BMT-nin bu qurumu çıxış yolu kimi dünya dövlətlərini ərzaq itkisinin qarşısının alınması layihələrinə sərmayə qoymağa çağırıb. Təşkilat hesab edir ki, indiki halda bu, ən uğurlu yoldur.
Ərzaq itkisi geniş bir şəbəkəyə malikdir. Yəni itki məhsul yetişdirilərkən, tədarük və emal edilərkən, ən başlıcası isə son istifadə zamanı baş verir. Buna görə də həmin problemin həllinə kompleks yanaşılmalıdır. Ərzaq israfçılığının qarşısının alınması ilkin prosesdən son anadək düzgün aparılmalıdır. 
Ən böyük məsuliyyət isə istehlakçıların üzərinə düşür. Təcrübə göstərir ki, ərzaq itkisi iaşə xidmətləri obyektlərində və ailələrdə baş verir. Bu da təbiidir. Çünki ərzaqdan son istifadə bu sahələrdə baş verir. Ölkəmizdə xüsusilə toy və yas mərasimlərində ərzaq itkisinə yol verilməsi barədə dəfələrlə həyəcan təbili çalınıb. Hələ ki, bu sahədə müəyyən irəliləyiş müşahidə edilmir. Ərzaq israfçılığı, eyni zamanda ölkəmizin maliyyə və maddi resurslarına zərbə vurur. Unutmayaq ki, bir çox ərzaq məhsullarını valyuta ilə xaricdən idxal edirik. Həmin məhsulların alınmasına isə böyük vəsait xərclənməsi tələb olunur. Əgər ərzaqdan istifadə edərkən itkiləri minimum həddə çatdırsaq, deməli, bir o qədər də az valyuta itkisinə nail ola bilərik.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra ərzaq təhlükəsizliyi xüsusi önəm kəsb etməyə başladı. Ümummilli lider Heydər Əliyev ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə keçmiş sovetlər birliyində ilk dəfə aqrar islahatların həyata keçirilməsinə start verdi. Bu islahatların uğurlu nəticələrini real həyatımızda görməyə başladıq. 
Belə ki, müstəqilliyimizin ilk illərində bazar və mağazalarda satılan kənd təsərrüfatı məhsullarının çox hissəsi xaricdən gətirilirdi. Aparılan islahatların nəticəsində tədricən piştaxtalarda yerli ərzaq məhsulları üstünlük təşkil etməyə başladı. Bu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Dövlət başçısı tərəfindən ayrılan vəsaitlə aqrar sektorda məhsul istehsalını artırmaq üçün 10 min ədəd müasir kənd təsərrüfatı texnikası alınıb. Dövlətin dəstəyi ilə 40-a yaxın iri fermer təsərrüfatları və aqroparklar yaradılır. Bundan əlavə, sahibkarlara ayrılan 2 milyard manat güzəştli kreditin çox hissəsi regionlarda yaşayan, xüsusilə aqrar sektorda çalışan sahibkarlara verilib. Bunun da sayəsində son dövrlər ölkəmiz ərzaq təhlükəsizliyinə sanballı töhfə verə bilib. Belə ki, daxili tələbat üzrə bir çox ərzaq məhsulları yerli istehsal hesabına təmin edilir.
Prezident İlham Əliyev sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində demişdir: “Əlbəttə, ilk növbədə, biz ərzaq təhlükəsizliyi məsələlərini həll etməli idik və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bununla bərabər, biz kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirməli idik”. Dövlət başçısının pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın, fındıqçılığın, çəltikçiliyin və digər sahələrin inkişafı barədə verdiyi tapşırıqlar da ölkənin ərzaq təhlükəsizliyinə və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ölkəmizdə aqrar sektorda həyata keçirilən islahatları yüksək qiymətləndirir. Təşkilatın baş direktoru Joze Qrasianu da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və Azərbaycanın yoxsulluğu 5 faizədək aşağı salmağa nail olan azsaylı ölkələrdən biri olduğunu qeyd edib. Beynəlxalq təşkilatın açıqladığı rəqəmlərdən də aydın görünür ki, ölkəmiz aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təminatı və yoxsulluğun azaldılması istiqamətində böyük uğurlar qazanıb.

Rüstəm KAMAL,
“Azərbaycan”