Xəbər Tərəqqi və uğur yolu

Tərəqqi və uğur yolu

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Azərbaycan sürətli inkişafı ilə zamanı qabaqlayır

Hər bir uğuru ilə qürur duyduğumuz doğma vətənimiz özünəməxsus, həm də bənzərsiz inkişaf yolu, sürətli irəliləyişlə gündən-günə qüdrətlənir, dünya siyasət arenasında layiqli yerini möhkəmləndirir. Müstəqil Azərbaycanın son illərdə inanılmaz dərəcədə dəyişdiyini, onilliklərə bərabər yol qət etdiyini hazırda hər kəs etiraf edir. Azərbaycan sürətli inkişafı ilə zamanı da qabaqlayır. Biz artıq ölkəmizin tərəqqisini müəyyən mənada labüd, qaçılmaz, dönməz proses kimi qiymətləndirməyə başlamışıq.
Son illərdəki yüksək nailiyyətlər fonunda hər bir yeniliyi, uğuru ictimai həyatın reallığı kimi dəyərləndiririk. Bir vaxtlar xəyal kimi görünən, əlçatmaz olan iri layihələrin ani bir zamanda həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımıza heç də təəccüblü görünmür. Əslində, belə də olmalıdır. Lakin ötən illərə boylandıqca bu həqiqəti də birmənalı etiraf etməli oluruq: müstəqil Azərbaycan son 14 ildə məhz Heydər Əliyevin mükəmməl siyasi ideyalarının qüdrətindən bəhrələnən alternativsiz siyasi lider, böyük dövlət adamı cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətlə irəliləyir, misilsiz uğurlara imza atır. 
2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ötən müddətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları mükəmməlliklə davam etdirmiş, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısı ulu öndərin xaos və anarxiyadan qurtardığı respublikamızı “Güclü dövlət - müstəqil siyasət” konsepsiyası əsasında inkişafını təmin etmişdir. Reallaşdırılan çoxşaxəli islahatlar kursu ictimai həyatın bütün sahələrində ciddi nailiyyətlərə zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə gətirib çıxarmışdır. 
Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 14 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır... Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin”.
Bu gün respublikada mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. Bunlar Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin əsas prioritetlərini təşkil edir. Amma nəzərdə tutulan strateji hədəflərlə ölkə rəhbəri bir xalqın öz dövlətindən gözləntilərini doğrultmaqla yanaşı, həm də onun üçün milli tarixi dəyərlər yaradır. Vətəninin mənəvi yüksəlişini təmin edəcək, onu ucaldacaq əsaslar formalaşdırır, toplumu gələcəyə hazırlayır.
İndi demokratik islahatlar yolunda olan, iqtisadi inkişaf potensialı yüksək dəyərləndirilən, dünya enerji təhlükəsizliyi sistemindəki rolu və çəkisi durmadan artan respublikamız Avropa üçün strateji əhəmiyyətli dövlətə çevrilir. Bu mənada son illər Bakıda müxtəlif səviyyəli beynəlxalq və regional tədbirlərin keçirilməsi bir tərəfdən ölkəmizin qlobal miqyasda artan nüfuzu, digər tərəfdənsə əlverişli coğrafi-geosiyasi mövqeyi, habelə potensial imkanları ilə şərtlənir. 
Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır. Bu ilin doqquz ayında mənim xarici ölkələrə 14 səfərim olmuşdur. Hələ ilin qalan hissəsində də səfərlər nəzərdə tutulur. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır”.
Azərbaycan xüsusilə də son onillikdə qazandığı uğurlarla ümumən Avropa geosiyasi arealında yeni inkişaf modelinə keçidi təmin etmişdir. Bu model özündə azad və şəffaf seçkilər, vətəndaş cəmiyyətinin inkişafı, plüralizm, azad media, tolerantlıq, mədəniyyətlərarası dialoq, multikulturalizm, gender bərabərliyi və digər sahələri ehtiva edir. Qazanılan nailiyyətlər respublikamızın dünyaya daha yaxından tanıdılmasına, ölkəmizin mədəniyyətinin və incəsənətinin təbliğinə geniş imkanlar açmaqla yanaşı, xaricdə diaspor və lobbi quruculuğu işinin mühüm tərkib hissəsidir.
Əldə olunan uğurlar, eyni zamanda Azərbaycanın bölgədə regional mərkəzlərdən birinə çevrilməsini, qlobal tədbirlərin məhz Bakıda reallaşdırılmasını təmin edir. Belə mötəbər tədbirlərin keçiriləcəyi məkan seçilərkən, şübhəsiz, bir sıra mühüm amillərə daha çox diqqət yetirilir. İlk növbədə respublikamızın belə mötəbər tədbirlərə evsahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala, infrastruktura, turizm imkanlarına malik olması, habelə bu sahədə formalaşmış uğurlu təcrübəsi ciddiliklə nəzərə alınır. Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərin keçirilməsi məkanı kimi tanınması həm də respublikamızın Cənubi Qafqaz regionunda multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. 
Yüksək təşəbbüskarlıqla təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər respublikamızı regionun diplomatik mərkəzinə, sülh, ədalət və sivil birgəyaşayış platformasına çevirmişdir. 
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin hələ 2008-ci ilin dekabrında Bakıda keçirilmiş konfransında müxtəlif mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafını nəzərdə tutan “Bakı prosesi” təşəbbüsünü irəli sürmüş və beynəlxalq əməkdaşlıqda keyfiyyətcə yeni səhifə açmışdır. Beləliklə, respublikamızın paytaxtında müxtəlif qlobal beynəlxalq tədbirlərin təşkili intensiv xarakter almış, bu həm də demoktratikləşmə proseslərinin, sosial-iqtisadi inkişafın, ən əsası, müxtəlif mədəniyyətlərin qorunması və təbliğinin xarici siyasətə təsiri olmuşdur. Gələn il “Bakı prosesi”nin başlanmasının 10 illik yubileyi təntənəli şəkildə qeyd olunacaqdır. 
Ümumilikdə, son 14 ildə respublikamızda baş tutan tədbirlər miqyasca geniş və əhatəlidir: hələ 2008-ci ildə respublikamızda “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfrans keçirilmiş, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdur. Həmin il Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı, 2011 və 2013-cü illərdə UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə I və II Bakı Ümumdünya Mədəniyyətlərarası dialoq forumları keçirilmişdir. 2016-ci ildə təşkil olunmuş Mədəniyyətlərarası Dialoq Forumu da respublikamızın bu istiqamətdə körpüyaratma missiyasını bütün dünyaya göstərmişdir. 
2016-cı il aprelin 25-dən 27-dək Bakıda təşkil olunmuş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunları isə göstərmişdir ki, Azərbaycanın çevik və səmərəli xarici siyasətinin əsas hədəflərindən biri də fərqli mədəniyyətlər arasında dialoqun və vahid inkişaf platformasının formalaşdırılmasıdır. Ötən ilin oktyabrında V Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın təkcə insan hüquqları və demokratikləşmə deyil, həm də milli-etnik, dini tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə şərtlənmişdir. Bakı beynəlxalq humanitar forumlarının məqsədi bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etməkdir. Əsas vəzifələrdən biri də insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını tapmaqdır. 
Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyevin hələ 2016-cı il 11 yanvar tarixli “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” sərəncamı bu sahədə həyata keçirilən tədbirlərə yeni təkan vermişdir. Sərəncama əsasən, hazırlanmış Tədbirlər Planı çərçivəsində təşviqat-təbliğat işləri genişləndirilmiş, beynəlxalq səviyyəli forumlar, konfranslar, sərgilər keçirilmişdir. Bütün bunların nəticəsi kimi dünya ictimaiyyəti tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu, burada əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitində yaşadığını əyani şəkildə görmüşdü.
Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi həm də rəsmi Bakının dünyaya verdiyi açıq mesaj kimi dəyərləndirilməlidir. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, bu, bəşəri miqyasda toqquşma və müharibələr, siyasi, dini, milli ziddiyyətlər şəraitində Azərbaycanda mövcud olan sabitliyin, multikultural dəyərlərin dünyaya təqdimatı baxımından yeni imkanlar açmışdır. Müasir aləmdə getdikcə dərinləşən sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirmişdir. İlk baxışdan təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərinə də kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə rəvac verir. 
Ötən 14 ildə Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin məhz Bakı şəhərində keçirilməsi də xüsusi vurğulanmalıdır. 
Azərbaycan bu ilin may ayında daha bir mötəbər tədbirə evsahibliyi etmişdir: mayın 12-dən 22-dək olan IV İslam Həmrəyliyi Oyunları respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialın nümayişi baxımından əhəmiyyətli olmaqla yanaşı, ümumən unikal təbliğat platforması kimi diqqəti çəkmişdir.
Dinamik iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan hazırda həm də dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınır. Bu müsbət imicin əsasında gənclərin dövlət tərəfindən qayğı ilə əhatə olunması, həmçinin onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. İdmançılarımızın nailiyyətləri, dövlətin idmanın inkişafına ardıcıl dəstəyi, mövcud idman infrastrukturu da nəzərə alınaraq IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi qərara alınmışdır.
Şübhəsiz, bu məqamda Azərbaycanın təşkilatçılığının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyi faktını da xüsusi qeyd etmək lazımdır. Hələ 2012-ci ildə “Eurovision” musiqi yarışmasının miqyaslı səviyyədə keçirilməsi müəyyən yanlış tərəddüdləri olan ölkələri sözün həqiqi mənasında, heyrətləndirmişdir. Sonrakı mərhələdə - 2015-ci ildə ilk Avropa Oyunları, 2016 və 2017-ci illərdə keçirilmiş “Formula-1” yarışları zamanı respublikamız nümayiş etdirdiyi yüksək təşkilatçılıq və qonaqpərvərliklə Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. 
İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu zamanı Azərbaycanda tarixən müxtəlif etnosların dinc yanaşı yaşadıqları, xalqımızın dini və milli tolerantlıq səviyyəsi və s. sadalamadığımız bir çox həssas məqamlar da ciddiliklə nəzərə alınmışdır. Tarixən müxtəlif din, məzhəb, dil və mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsinin yüksək inkişaf etdiyi beynəlxalq səviyyədə də etiraf olunur. Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi də bu mənada obyektiv reallıqlarla şərtlənmişdir. 
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapması, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması ilə yanaşı, sağlam islami dəyərlərin dünyada təbliğinə də böyük töhfələr vermişdir. Ölkəmizin islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapmışdır. Bu gün islam həmrəyliyini zəruri edən amillərdən biri də Qərbdə islamofobiya meyillərinin getdikcə genişlənməsi, onun nüfuzuna qərəzli olaraq xələl gətirilməsi cəhdləri ilə şərtlənir. Halbuki islam dini hər cür zorakılığı və cinayətkar əməlləri yolverilməz sayır. İƏT və müsəlman dövlətləri mütəşəkkil cinayətkar fəaliyyəti, xüsusilə onun ən sarsıdıcı təzahür formalarından olan terrorizmi bütün ölkələrin maraqlarına zidd qlobal təhlükə hesab edir. Dünya ictimaiyyəti, xüsusilə islam aləmi bu təhlükədən daha çox əziyyət çəkir. İslam dininin gerçək mahiyyətinin təhrif olunmasına, onun terrorizmlə əlaqələndirilməsinə uğursuz cəhdlər edilir. Erməni terrorizmi ilə üzləşmiş Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq terrorizmin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur. 
Azərbaycanın irəli sürdüyü islam həmrəyliyi ideyası ümumən müxtəlif mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında həmrəyliyə və sivil əməkdaşlığa çağırış kimi dəyərləndirilməlidir. Müşahidələr göstərir ki, dünyadakı müsəlman ölkələri ərazi, əhali və təbii ehtiyatların zənginliyi baxımından bir çox üstünlüklərə malik olsalar da, bundan lazımi səviyyədə yararlana bilmirlər. Belə bir vəziyyətdə ekspertlər haqlı olaraq çıxış yolunu elm və təhsilə dərindən yiyələnməkdə, yeni texnologiyaları mənimsəməkdə görürlər. 
2003-cü ildən Azərbaycanda yaşanan yeni mərhələnin mənzərəsi milli təhsilimizin inkişafında da öz əksini tapır. Bu da təsadüfi deyil ki, Azərbaycan Prezidenti ilk gündən elm və təhsilə qayğını, bu sahədə özünü göstərən problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı 14 ilə yaxın müddətdə milli ənənələri qorumaqla dünya təhsil sisteminə inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümümtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. 
Ümumiyyətlə, bu illər ərzində imzalanmış fərman və sərəncamlarda təhsilin, elmin problemlərinin həlli, habelə ölkədə güclü insan kapitalının formalaşdırılması məqsədi birinci planda dayanır. Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompüterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini, “Təhsil haqqında” yeni mükəmməl qanunun qəbulu bu tədbirlərin əsas tərkib hissəsi olmuşdur. 
Elm və təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqaməti Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi, ən başlıcası, azərbaycanlı gənclərin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsilinə şəraitin yaradılması olmuşdur. Gənclərin xaricdə təhsil almağa göndərilməsi ilə bağlı hələ ötən əsrin 70-ci illərində mövcud olmuş mütərəqqi ənənənin bərpası dövlət idarəçiliyi üçün müasir təfəkkürlü, bilikli və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi daşıyır. Dövlət başçısının 31 yanvar 2008-ci il tarixli “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında”, habelə 16 aprel 2007-ci il tarixli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamları da məhz bu məqsədə xidmət etmişdir. Ümumilikdə, proqram əsasında 5 min tələbənin dövlət büdcəsi hesabına xaricdə təhsil almağa göndərilməsi ölkəmizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli addım olmuşdur. 
Prezident İlham Əliyev yaradıcı zəka sahiblərinin, intellektual, kreativ kadrların, gənc, qabiliyyətli insanların dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmasını son dərəcə vacib sayır. Prezident dəfələrlə vurğulamışdır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə forlamalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Dövlət başçısı bu və digər ali məqsədləri sadəcə, deklorativ bəyanaltlara ifadə etmir. Onun icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Prezidentin 24 oktyabr 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bunu bir daha təsdiqləyir. Strategiyada xüsusi qeyd olunur ki, sürətlə modernləşən Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Bu sahənin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsilin idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Belə bir strategiyanın təsdiq olunması həm də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərin gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir. 
Strategiyanın qüvvəyə minməsindən artıq dörd il keçir. Bu illər ərzində bir çox işlər görülmüş, uğurlu addımlar atılmışdır. Dövlət sənədində təhsilin keyfiyyətinin başlıca prioritet elan olunduğu nəzərə alınaraq 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilmişdir. Çoxsaylı təhlillər əsasında təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, həmin meyarlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, innovativ müəllimlərin aşkara çıxarılması sahəsində həyata keçiriləcək tədbirlər nəzərdə tutulmuşdur. 
Bu il Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının qəbulundən 10 il keçir. Hazırda proqram üzrə 650 tələbə təhsilini davam etdirir.
Ümumi təhsildə keyfiyyətin artırılması üzrə reallaşdırılan tədbirlər ali məktəblərə qəbulun nəticələrində də özünü göstərib. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16, 400-dən çox bal toplayanların sayı 19, 500-dən çox bal toplayanların sayı 28, 600-dən çox bal toplayanların sayı 43 faiz artıb. Qəzalı məktəblərin əvəz edilməsi çərçivəsində 73 modul tipli məktəb quraşdırılıb. Bu ilin sonunadək istifadəyə veriləcək belə məktəblərin sayı 100-ü ötəcək.
Universitetlərin akademik və elmi fəaliyyətdə çevikliyini, eyni zamanda, müasir korporativ idarəetmə modellərinin tətbiqini təmin etmək üçün ölkə Prezidentinin sərəncamları ilə Bakı Mühəndislik, Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisad universitetlərinə publik hüquqi şəxs statusu vetilmişdir. 
Maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində Bakı, Gəncə və Qəbələdə müasir peşə təhsili mərkəzləri inşa edilmişdir. Bu sahədə müəssisələrin şəbəkəsinin rassionallaşdırılması tədbirləri çərçivəsində 34 müəssisənin bazasında 14 dövlət peşə təhsili mərkəzi yaradılmışdır. 
Şübhəsiz, cəmiyyət inkişaf etdikcə elmin, təhsilin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda, onların ümumilikdə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Bu da təsadüfi deyil ki, son illər Azərbaycanda gerçəkləşdirilən layihələr insana, onun həyat tərzinin yüksəldilməsinə yönəldilmiş sərmayələrdir. Milli layihələrin səciyyəvi xüsusiyyəti ilk növbədə, onların innovasiya yönümlü olmasındadır. Dövlət inkişafın elə istiqamətlərini dəstəkləyir ki, burada qabaqcıl texnologiyalardan istifadə və həmin texnologiyaların sənayedə tətbiqi işi zəruri sayılsın. 
Bir vacib məsələ də xüsusi vurğulanmalıdır: hər bir ali məktəbin əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. 
Ümumilikdə, ötən dövrün təhlili göstərir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin ötən 14 ildəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur.

İradə ƏLİYEVA,
“Azərbaycan”