Xəbər Azərbaycanda bütün sosial-iqtisadi məsələlər öz həllini tapır

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər öz həllini tapır

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
2017-ci ilin ötən 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artıb və qeyri-neft ixracı 1,07 milyard dollara çatıb. Rəqəmlərdən də göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar 2018-ci ildə qeyri-neft sektorunun inkişafına təkan verəcək. Bu rəqəmlər onu sübut edir ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun sürətli inkişafı artıq çətinliklər dövrünü arxada qoyub. Təbii ki, qeyri-neft sektorunda əldə olunan uğurlu nəticələr ölkəmizin ixrac potensialını kifayət qədər artırır.

Milli Məclisin deputatı Cavid Osmanov “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, 2017-ci ilin geridə qalan dövrü ölkəmiz üçün uğurlu olub: “Həm iqtisadi sahədə əldə olunan nailiyyətlər, həm siyasi arenalarda Azərbaycanın qətiyyətli mövqeyi ölkəmizin müsbət imicinin formalaşmasında önəmli faktorlardan biridir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu yöndə geniş çıxış etdi. Cənab Prezidentin çıxışından aydın görünür ki, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır. 2017-ci ilin 9 ayının iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan həm də etibarlı iqtisadi tərəfdaşdır. 2017-ci ildə iqtisadi artımlar qeydə alındı, iqtisadi islahatlar öz bəhrəsini verdi. Bildiyiniz kimi, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. “Əsrin müqaviləsi”nin müddətinin uzadılması ölkə iqtisadiyyatı üçün hərtərəfli vacib məsələdir. Bu müqavilə nəticəsində ölkəmizə 40 milyard dollara yaxın investisiya qoyulacaq, Azərbaycan bundan böyük gəlir əldə edəcək.”

Milli Məclisin deputatı əlavə edib ki, bu yaxınlarda açılışı reallaşdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolunun ölkə iqtisadiyyatında çəkisi olduqca böyük olacaq. Bu dəmir yolunun istifadəyə verilməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Belə böyük layihələrin hazırlanması siyasi baxımdan Azərbaycanın müstəqilliyi üçün böyük əhəmiyyət daşıyır.