Xəbər Tarixin ən güclü Azərbaycanı

Tarixin ən güclü Azərbaycanı

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Müstəqil respublikamızın bütün uğurlarında Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti və rolu var

“Son 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır... Görülən işlər göz qabağındadır. Onu deyə bilərəm ki, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb... 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb”. 
Bu fikirləri noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Prezident İlham Əliyev söylədi.

 

Müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi

 

Müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətinin yaşadığı müasir tarixə nəzər salsaq aydın şəkildə görərik ki, respublikamız bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edib. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib.
Tarixi həqiqətlər sübut edir ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində 1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi bütün çətin sınaqlardan şərəflə çıxarıb və bugünkü sürətli inkişafın təməli də məhz o illərdə qoyulub. Çünki ümummilli liderin müəyyənləşdirdiyi uğurlu daxili və xarici siyasət konsepsiyasının başlıca prioritetləri dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaq idi. Dahi şəxsiyyətin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya sisteminə inteqrasiyası sahəsində çox böyük uğurlar əldə olundu. Bütün bunlar isə ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının nailiyyətləridir desək yanılmarıq. Çünki bunu söyləməyə kifayət qədər əsaslar mövcuddur. 
Prezident İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət və müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. Ən əsası odur ki, partiyanın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında xüsusi rol oynayıb. Sovet dönəmində ən geridə qalmış respublikalardan biri olan Azərbaycan ən qabaqcıl ölkəyə çevrildi. Bu gün isə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan ulu öndərin şah əsəridir. 
Dövlət başçısı YAP-ın yaradılmasını və fəaliyyətini belə dəyərləndirib: “Bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.

 

Ölkədə YAP-a rəqib ola biləcək hər hansı siyasi qüvvə mövcud deyil

 

Bu gün öz sıralarında 700 mindən çox insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir. Çünki partiya üzvlərinin 40 faizi gənclərdir. Bu onu göstərir ki, Azərbaycanda uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər xalq tərəfindən tam dəstəklənir. 
İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı əyani şəkildə göstərir ki, iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.
Son 25 il ərzində partiya uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Dövlət başçısının söylədiyi kimi YAP, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib: “Cəmiyyətimizin bütün təbəqələri hakim partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

 

Davamlı inkişafı təmin edən yeni iqtisadi konsepsiya

 

Ulu öndərin layiqli davamçısı, onun siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar yaradıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırıb.
Realist siyasətçi kimi yeni dövrün çağırışlarını düzgün dəyərləndirən Prezident İlham Əliyev qlobal məkanda mürəkkəb siyasi-iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi zamanda Azərbaycanın davamlı inkişafı üçün görülən işlərin nəticələrini də açıqlayıb: “14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir”. 
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacağını deyən Prezident bildirdi ki, neft-qaz sektoru uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaq. Qeyri-neft sektorunda xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixrac potensialı kəskin artıb. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə inkişaf edir. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıb. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Növbəti illərdə iqtisadi və regional inkişaf sahəsində islahatlar dərinləşəcək və bu, Azərbaycanın qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə etməsinə real şərait yaradacaq.
Azərbaycanın bu uğurları beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib.

 

Sabitliyi şərtləndirən xalq-iqtidar vəhdəti

 

Prezident İlham Əliyev həm də yeni hədəfləri, qarşıda duran vəzifələri müəyyən etdi. Azərbaycanda bundan sonra da sabitliyin təmin ediləcəyini vurğulayan dövlət başçısı bildirdi ki, bu sabitliyin təminatçısı xalqdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət həm də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını planlaşdırmağa imkan verir. 
Dövlət başçısı demokratiya yolu ilə gedən Azərbaycanda bundan sonra da bütün azadlıqların və ictimai-siyasi sabitliyin təmin olunacağını söylədi: “Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada ki, bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz”.

 

Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir

 

Bu gün Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan dövləti həyata keçirdiyi meqalayihələr və irəli sürdüyü yeni-yeni təşəbbüslərlə dünya birliyinin etibarlı tərəfdaşına çevrilib.
Prezident İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi məqsədyönlü və qətiyyətli siyasəti, qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı çox aydın hədəflər var. Neft-qaz sahəsində bütün vəzifələr icra edilib. “Azəri-Çıraq-Günəşli” müqaviləsinin müddəti uzadılıb. “Cənub qaz dəhlizi”nin icrası da uğurla gedir. Gələn il TANAP layihəsinin açılışı olacaq. “Cənub qaz dəhlizi”nin tamamlanması 2020-ci ildə nəzərdə tutulur. 
Nəqliyyat sahəsinə gəldikdə isə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi xüsusi vurğulanmalıdır. Bununla yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılır. Dövlət başçısı bu layihəni dəyərləndirərkən vurğulayıb ki, Azərbaycan öz ərazisində bütün işləri görüb. İndi ölkəmiz layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarını ortaya qoymağa hazırdır: “Beləliklə, bu iki layihə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu, bizim həm siyasi, həm iqtisadi maraqlarımızın təmin edilməsində çox mühüm rol oynayacaq”.
Beləliklə, öz müstəqil siyasəti ilə dünyanın fovqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu və etibarlı tərəfdaşa çevrilən Azərbaycan Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanaraq diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”