Xəbər Qurtuluş və tərəqqinin rəmzi

Qurtuluş və tərəqqinin rəmzi

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Bu gün Yeni Azərbaycan Partiyasının təsis olunmasının 25 ili tamam olur. 1992-ci il noyarbın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP bu illər müstəqil Azərbaycanın inkişafı istiqamətində bütün proseslərin önündə olmuş, dövlətə və xalqa şərəflə xidmət etmişdir. Bu dövrdə YAP üzvləri parlament seçkilərində də üstünlük qazanmış, müstəqil dövlətimizin yeni qanunvericilik bazasının yaradılmasına, həyata keçirilən islahatların hüquqi tərəfdən dəstəklənməsinə böyük töhfələr vermişlər.

25 illik yubileylə bağlı parlamentdə təmsil olunan YAP üzvlərinin fikirlərini öyrəndik.

 

Heydər Əliyev missiyası uğurla davam etdirilir

 

Hadi RƏCƏBLİ, 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü:

- 25 il əvvəl mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gələrək yaranan Yeni Azərbaycan Partiyası ilk gündən müstəqilliyə yenicə qovuşmuş respublikamızda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçdi. Çünki o vaxtadək fəaliyyət göstərən heç bir siyasi qurum ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilməmiş, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi dairələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar.

Ona görə də 23 il əvvəl, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının meydana çıxması ölkəmizdə baş verən siyasi-ictimai proseslərin nəticəsi idi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşməklə YAP-ı təsis etdilər. Bu yola qədəm qoyan insanlar hər addımda hakim dairənin təzyiqləri ilə üzləşirdilər. Lakin əyilmədilər, heç bir hədə-qorxu, təhdidlər onların əzmini qıra bilmədi. Beləliklə, Azərbaycanın işıqlı gələcəyini arzulayaraq bu yola qədəm qoyan insanların iradəsinin ifadəsi kimi, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyaları üzərində yaranan YAP tezliklə Azərbaycanın siyasi həyatında günəş kimi parladı.
YAP müxalifət partiyası kimi yarandı. Partiyamız o vaxt hakimiyyətə hərbi çevrilişlə gələn, ölkəni anarxiya, xaos girdabına salan, Ermənistanla müharibədə hərbi üstünlüyü əldən verən, yeni qazanılmış müstəqilliyi itirmək təhlükəsi qarşısında qoyan qüvvələrə qarşı müxalifətdə idi. Ona görə də 1992-1993-cü illərin ağır siyasi durumu, ölkəni bürüyən böhranın nəticəsi olaraq ayağa qalxan Azərbaycan xalqı təkidlə Heydər Əliyevi hakimiyyət sükanının arxasına keçməyə, ölkənin taleyini həll etməyə çağırdı. 1993-cü ilin iyun hadisələri isə AXC-Müsavat hakimiyyətinin yarıtmazlığının pik nöqtəsi oldu. Bu hadisələrdən sonra, iyunun 9-da Heydər Əliyev ölkə əhalisinin təkidli istəyi ilə Bakıya gəldi və proseslərin sonrakı gedişatında ulu öndərə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusunu daşımağı həvalə etdi.
Ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşdırılması, dövlət quruculuğu prosesi başlandı. Bütün silahlı birləşmələr qanunsuz elan edilərək yeni ordu quruculuğuna start verildi və cəbhədəki hərbi əməliyyatlar vahid komandanlıqdan idarə olundu. Tezliklə ulu öndərin başladığı quruculuq prosesi bütün sahələrdə öz effektini verməyə başladı. Təbii ki, uğurlu addım YAP-ı ölkənin siyasi səhnəsinin ön cərgəsinə çıxardı. Çünki bu təşkilat ümummilli liderin başlatdığı genişmiqyaslı islahatların həyata keçirilməsində yaxından iştirak edərək onun siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirirdi. 
Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-da Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir. Ən əsası isə bu missiya nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu, əsasını ulu öndərin qoyduğu milli inkişaf strategiyasının daha genişmiqyaslı davamıdır. Son olaraq ötən il keçirilən referendum YAP-ın nüfuzunun, cəmiyyətdəki yerinin yüksək olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların icrası olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq etdi.
Bu gün sıralarında 700 min nəfərdən artıq insanı birləşdirən YAP öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir. Malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi, yaradıcısının əbədi mövcud olacaq nüfuzu YAP-ın hələ uzun onilliklər boyu hakim partiya statusunu qoruyacağına güclü təminatdır.

 

Heydər Əliyevin partiyası

 

Musa QULİYEV, 
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, 
YAP Siyasi Şurasının üzvü:

- İyirmi beş il əvvəl ölkəmiz öz tarixinin ən mürəkkəb və çətin dövrünü yaşayırdı. İttifaq dövləti dağılmışdı. Öz müstəqil dövlətimizi qura bilmirdik. Azadlıq arzusu ilə yaşayan xalqımıza xaricdəki düşmənlər və onların daxildəki buyruq qulları, siyasət və idarəçilikdən xəbəri olmayan meydan adamları yenicə müstəqilliyini qazanmış respublikamızı fəlakətə sürükləməkdə idilər. 

Xalq həmişə müdrik və ən doğru qərar qəbul edir. Xalq tanıdığına, inandığına güvənir. Ona görə də ən çətin anda yenə Azərbaycan xalqı öz taleyini şəksiz liderinə bağladı. Azərbaycanın ziyalıları ölkəni fəlakətdən qurtarmağın yeganə yolunu blokada şəraitində olan Naxçıvanda olduqca ağır şəraitdə yaşayan və Muxtar Respublikanın xilası naminə çalışan Heydər Əliyevin ətrafında birləşməkdə görürdülər. Bu çağırışlar, yaş senzi mitinqləri, 91-lərin müraciəti tarixə yeni bir missiya- xilaskarlıq missiyası ilə daxil olan partiyanın- Yeni Azərbaycan Partiyasının yaranmasını labüd etdi. 
Dövrün antidemokratik şəraiti - hakimiyyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyünün qanunazidd əməlləri, hər vasitə ilə Heydər Əliyevə təzyiq göstərmək cəhdlərinə rəğmən 1992-ci ilin 21 noyabrında Naxçıvanda yeni dövrün partiyası təsis edildi. Yaxşı yadımdadır, partiyamızın yaradılmasını coşqu ilə qarşılayan sadə adamlar ilk vaxtlar bu siyasi qurumu elə Heydər Əliyevin partiyası adlandırdılar. Nizamnaməsi və proqramı ulu öndərin mübarək əlləri ilə yazılmış Yeni Azərbaycan Partiyası ölkənin və xalqın həyatına yeni nəfəs gətirdi, öləziyən ümidləri işıqlandırdı, xalqın sarsılmış ruhunu dirçəltdi, inamını özünə qaytardı. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, dövlətə, milli məsələlərə, ölkə Prezidentinə müxalifətdə dayanmadı. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi mühitinə yeni siyasi mədəniyyət, sivil davranış gətirdi. Hakimiyyətdə olan qüvvələrin təqiblərinə baxmayaraq, qısa müddət ərzində sürətlə təşkilatlanan partiyamız haqlı olaraq xalqın ümid çırağına, xilas mayakına çevrildi. 
1993-cü ilin iyununda süquta uğramış Xalq Cəbhəsi iqtidarı ölkəni vətəndaş müharibəsinə sürükləyəndə ayağa qalxan müdrik xalqımız ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1995-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı səslərin əksəriyyətini qazanan partiyamız xalqa xidmət üçün yeni imkanlar əldə etdi. Xalq-lider birliyi xalq-partiya birliyinə çevrildi. O zamandan sonra keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan Yeni Azərbaycan Partiyası adını müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında partiyamız böyük inkişaf yolu keçdi, dövlət çevrilişləri cəhdlərinin qarşısını aldı, iqtisadi tənəzzülü dayandırdı, gənc respublikamızı inkişaf yoluna çıxartdı.
2003-cü ildən başlayaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında YAP xalqın ən fəal bir hissəsi olaraq yeni əsrdə tərəqqinin lokomotivinə çevrildi. Məhz Yeni Azərbaycan Partiyasının siyasi rəhbərliyi altında ölkəmiz dinamik inkişaf dövrünə qədəm qoydu, Azərbaycan sabitlik və inkişaf adasına çevrildi. Respublikamız dünyanın diqqət mərkəzində olan vacib bir tərəfdaş kimi tanındı. İqtisadi, ictimai, siyasi və mədəni həyatın bütün sahələrində tarixi uğurlara imza atdıq. 
25 il tarix baxımından o qədər də böyük bir dövr deyil, amma xalqa xidmət baxımından tarixdə əbədi qalacaq qədər şərəfli bir ömür yoludur! Ömrün müstəqil Azərbaycanın ömrü qədər əbədi və xoşbəxt olsun, doğma partiyam!

 

Müstəqil dövlətimizin siyasi istinadgahı

 

Məlahət İBRAHİMQIZI, 
Milli Məclisin deputatı, 
YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon təşkilatının sədri:

- Yeni Azərbaycan dedikdə çağdaş, müstəqil dövlətimizin qurucusu olan ulu öndər Heydər Əliyev gözümüzün önündə canlanır. YAP ümummilli lider Heydər Əliyevin xeyir-duası və özünün ideyaları əsasında qurulmuşdu. YAP Azərbaycanın ən çətin və ağır dönəmində, daha dəqiq desək, xaotik bir zamanda yaranmışdı. 

Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etsə də, 1991-1993-cü illər ölkəmizin həm qaranlıq, həm də fəlakətə sürükləndiyi bir dövr idi. Demək olar ki, Azərbaycan xalqının sabaha ümidi yox idi. Elə bir şərait idi ki, xalq Azərbaycanı bu xaosdan qurtarmaq üçün böyük bir liderin, müdrik bir diplomatın, şəxsiyyətin rəhbərliyi ilə bu çətin vəziyyətdən qurtulacağına inanırdı. 
O zaman ulu öndər Heydər Əliyev Naxçıvanda yaşayırdı. Moskvadan gələrkən böyük siyasətə qayıtmaq üçün heç bir iddiası yox idi. Həmin dövrdə ölkədə siyasi hərc-mərclik idi. Təsadüfi insanlar dövlətə rəhbərlik edirdi. Təkcə dövlət idarəçiliyində deyil, möhkəm olmayan ordunun içində də ayrı-ayrı qruplaşmalar yaranmışdı. Ona görə də Azərbaycan artıq vətəndaş müharibəsinin astanasında idi. Ulu öndər isə blokadaya salınmış Naxçıvanı o vəziyyətdən çıxarmağa çalışırdı. Lakin Heydər Əliyevin Naxçıvanda gördüyü işlər Azərbaycanda hər kəsin qəlbində bir ümid işığı yandırmışdı. Sabaha ümid getdikcə artırdı. Hələ SSRİ dağılmamışdı, amma Naxçıvanda ulu öndər tərəfindən qərar imzalanmışdı və Naxçıvan sözündən SSRİ sözü götürülmüşdü. Azərbaycanın üçrəngli bayrağı Ali Məclisdə dalğalanırdı. Müstəqillik küləyi artıq Naxçıvandan Bakıya, bölgələrə doğru yayılırdı. Bu müstəqillik mehindən insanların qəlbində ümid işığı yanmağa başladı.
Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Dəfələrlə ulu öndərə, onun ailə üzvlərinə qarşı terror aktları törədilməyə çalışıldı. Bütün bu təhlükələrə baxmayaraq, dahi şəxsiyyət Bakıya gəlməyə qərar verdi.
Heydər Əliyev Bakıya gələnə qədər artıq siyasi mübarizə üçün bir təşkilatlanma lazım idi. Bu mənada Yeni Azərbaycan Partiyası 1992-ci ildə Naxçıvanda yarandı və bununla da partiyanın bölgələrdə qısa müddət ərzində ərazi təşkilatları yarandı. Təkcə rayonlarda deyil, eyni zamanda kəndlərdə və qəsəbələrdə, müəssisələrdə bu partiyanın sıralarına qoşulmaq üçün müraciətlər edilirdi. Qısa zamanda Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi. Bütün xalq Heydər Əliyevin rəhbərliyini istəyirdi.
1992-ci il noyabrın 21-də YAP Naxçıvanda təsis olundu. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın əbədi müstəqilliyinin təməli qoyuldu. YAP 1993-cü il iyunun 15-dən iqtidar partiyasına çevrildi.
Bugünkü müstəqil dövlətimiz YAP ilə həmyaşıddır. Bu 25 ildə YAP iqtidar partiyası olaraq böyük uğurlara imza atıb. BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə Azərbaycan hakimiyyətinin ən böyük nailiyyətlərindəndir.
Ulu öndər Heydər Əliyevdən xalqımıza əmanət olan Yeni Azərbaycan Partiyası, Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edir, möhkəmlənir. 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın YAP-a sədr müavini seçilməsi isə qadınlara dövlətçiliyimizin inkişafında fəal iştiraka görə əlavə bir stimul verdi. 
Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə siyasi həmfikirlərimi təbrik edirəm. Partiyanın sədri cənab İlham Əliyevə dövlətimizin, müstəqilliyimizin daha da güclənməsi və möhkəmlənməsi naminə gördüyü işlərdə uğurlar arzulayıram.

 

Dövlət quruculuğuna böyük töhfə

 

Tahir SÜLEYMANOV, 

Milli Məclisin deputatı:

- Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü tamam olur. Bu tarix 700 mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.

Müstəqillik tariximizdən bəlli olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti ələ alan bir sıra partiyaların yarıtmaz fəaliyyəti ölkədə ağır siyasi, iqtisadi və sosial böhran yaratmışdı. Bu partiyaların təmsil etdikləri iqtidarların anormal idarəetmə metodları daxili situasiyanı gərginləşdirməklə yanaşı, respublikamızın müstəqil dövlət kimi gələcək perspektivlərini ciddi təhlükə altına salmışdı.
Ölkədəki xaosun və qeyri-müəyyənliyin acı nəticələrini yaşamağa məhkum olan Azərbaycan xalqı belə bir şəraitdə vəziyyətdən çıxış yolunu axtarmağa başladı. Beləliklə, 1992-ci ilin ağır günlərində YAP-ın cəmiyyətin sosial sifarişi olaraq yaranması və meydana çıxması mövcud ictimai-siyasi şəraitdən irəli gəlirdi. Partiyanın təsis konfransı Azərbaycanın bütün regionlarından gələn nümayəndələrin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. YAP-ın Proqram və Nizamnaməsi qəbul edildi.
O zaman YAP-ın yaranması Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrildi. Bütün ölkə Heydər Əliyevin rəhbərlik etdiyi yeni partiyadan danışırdı. Vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi. Təbii ki, bu, ozamankı hakimiyyət dairələrini narahat edirdi. Amma yaradılan əngəllər, təzyiqlər YAP-ın ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısını ala bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi, qurtuluş və tərəqqinin simvoluna çevrildi.
Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn YAP sədri Heydər Əliyevin həmin il oktyabrın 3-də ölkə Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqının arzusunun reallaşması idi. Çünki xalq gözəl bilirdi ki, məhz təcrübəli dövlət xadimi Heydər Əliyev ölkəni bürümüş böhrandan, anarxiyadan, özbaşınalıqdan, dövlətçiliyi itirmək təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edə, o cümlədən cəbhədəki uğursuzluqların qarşısını ala bilər. Xalq öz müdrik oğlu Heydər Əliyevə inanır və onu dəstəkləyirdi. Tarixi gedişat Azərbaycan xalqının öz istək və tələbində yanılmadığını, Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ən düzgün addım atdığını sübuta yetirdi.
Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafına, dünyada söz sahibinə çevrilməsinə layiqli töhfələr verir. 2003, 2008 və 2013-cü ilin oktyabr aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, nailiyyətidir. Xüsusilə qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, onun ölməz ideyalarından güc alan Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə mütləq qələbə qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Hər bir seçki Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətini, ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün də əzmlə həyata keçirən möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamını təcəssüm etdirmişdir. Xalqımız bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, uğurlu sabahına doğru inamla irəliləyən Azərbaycana səs vermişdir.
Partiyamızın bütün üzvlərini 25 illik yubiley münasibətilə təbrik edirəm. YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

 

Şərəfli missiya

 

Mahir ABBASZADƏ, 
Milli Məclisin deputatı:

- Tarix boyu dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar obyektiv zərurətdən və milli tələbatdan yaranmışlar. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir.

YAP-ın 1992-ci ildə qəbul edilmiş Proqram və Nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilən strateji xəttinin mahiyyətini Azərbaycan xalqının milli maraqları təşkil edir. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyini də ideya bazasını şərtləndirmiş olur.
YAP-ın yaradılmasından sonra ötən illər partiya üçün çox əlamətdar olmuşdur. Çünki YAP ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi, dünyəvi və demokratik cəmiyyət quruculuğu, ölkənin sosial-iqtisadi inkişafı, sivil siyasi mühitin formalaşdırılması və xalqın həmrəyliyi istiqamətində bütün imkanlarını səfərbər etmişdir. Əvvəldə də qeyd etdiyimiz kimi, bunların nəticəsi olaraq son 14 ildə keçirilən bütün seçkilərdə YAP qələbə qazanmış və hakim partiya statusunu özündə saxlamışdır. 2017-ci il isə YAP üçün xüsusilə əlamətdardır. Çünki bu il YAP-ın yaradılmasının 25-ci ili tamam olur. Xalqın partiyası olan YAP ötən iyirmi beş il ərzində özünün bütün prinsip və amallarına tam sadiqlik nümayiş etdirərək Azərbaycan dövləti və xalqı qarşısında şərəflə xidmət etmiş, uğurlu fəaliyyət göstərmiş, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətdən mətinləşmiş şəkildə çıxmışdır.
Yeni Azərbaycan Partiyasına haqlı olaraq Heydər Əliyev Partiyası da deyirlər. Bu yanaşmanı tam düzgün sayaraq hesab edirəm ki, bu məsələyə iki aspektdə - siyasi və mənəvi konteksdə yanaşmaq lazımdır. Əgər dövlətimizin fəaliyyət kursu məhz Heydər Əliyev siyasi kursuna əsaslanırsa, Heydər Əliyev ideoloji xətti ölkədə yeganə istinad mənbəyidirsə, onda Azərbaycanın alternativsiz siyasi gücünə çevrilən, ulu öndərin ideyalarının tərənnümçüsü olan YAP haqlı olaraq Heydər Əliyev Partiyası adlanmalıdır. 
Ulu öndərin siyasi məktəbinin ən böyük yetirməsi, eyni zamanda ötən 14 ildə özü də böyük siyasət məktəbinin banisinə çevrilən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi milli siyasət hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva etməklə yanaşı, ölkənin uğurlu gələcəyi ilə bağlı nikbin qənaətləri daha da gücləndirir. Xalqımız böyük səs çoxluğu ilə öz Prezidentinin ətrafında sıx birləşib və onun rəhbərlik etdiyi partiya da bu gün güclü, mütəşəkkil siyasi təşkilat olmaqla yanaşı, xalq tərəfindən ciddi şəkildə dəstəklənir. Partiyamızın sıraları daim mütəşəkkil və güclüdür. Bu, dövlətimizin başçısına, YAP-ın sədrinə olan dərin inamdan və bəslənən ümidlərdən irəli gəlir. 
Prezident İlham Əliyev isə ölkəmizin inkişafı və xalqımızın daha firavan gələcəyi uçün hələ çoxlu işlər görmək arzusundadır. Çünki dövlət başçısının sözü ilə əməlinin vəhdəti son nəticənin rəhnidir. Bu gün ölkə vətəndaşlarının mütləq əksəriyyəti əmindir ki, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edəcək, qüdrətli və güclü dövlətə çevriləcək. Bu yolda YAP-a öz Proqram və Nizamnaməsinə uyğun olaraq Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərini bundan sonra da layiqincə həyata keçirəcək. Bu şərəfli missiyanın həyata keçirilməsində hər bir YAP üzvünə uğurlar arzu edirəm.

Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”