Xəbər Dünyanın heç bir yerində məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir

Dünyanın heç bir yerində məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəltmişdir. Ölkənin həssas təbəqələrindən olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətində prioritet təşkil edir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilmiş, qəsəbələr salınmış, yeni iş yerləri yaradılmış və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvarda məskunlaşmış məcburi köçkünlərlə keçirməsi təsadüfi deyildi. 2003-cü ildə keçirilən prezident seçkilərində də cənab İlham Əliyev ilk görüşünü məcburi köçkünlərlə keçirdi. Bu görüşlər respublikamızda qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğının bariz nümunəsi idi. O vaxt prezidentliyə namizəd İlham Əliyev vəd etmişdi ki, əgər o, prezident seçilərsə, ölkədə heç bir çadır şəhərciyi qalmayacaq. Prezident seçkilərindən sonra xalqımız verilən vədin layiqincə yerinə yetirilməsinin şahidi oldu.

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003–2017-ci illərdə 55 fərman və sərəncam verilib. Ümumilikdə, 2001–2016-cı illərdə 95 qəsəbə salınmış, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilmişdir. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enmişdir.

Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Mehriban xanımın
Birinci vitse-prezident seçildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan irəli gəlir. Məlum olduğu kimi, bu il martın 9-da xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdir. İlk müşavirənin məcburi köçkünlərin sosial problemlərinə həsr edilməsi ata-baba torpaqlarından didərgin salınmış soydaşlarımızda doğma ocaqlarına qayıdacaqlarına böyük inam yaratmışdır. Birinci xanımın digər sahələrdə dünyəvi uğurlara nail olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən əziyyət çəkən insanlara da öz layiqli töhfəsini verəcəyinə əminlik yaratdı.

Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə də yaxşı məlumdur ki, Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi illərdə və deputatlıq fəaliyyəti dövründə ölkə həyatının elə bir sahəsi olmayıb ki, burada olan problemli məsələlər onun diqqətindən kənarda qalsın. Bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub. Növbəti qarşıya qoyulan prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsidir.

Bu il martın 9-da Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə qarşıya qoyulan vəzifələr artıq öz bəhrəsini verir. Bir daha xatırladaq ki, həmin müşavirədə Birinci vitse-prezident qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılmasının prioritet vəzifə kimi daim dövlətin diqqət mərkəzində olduğunu bildirmişdi: “Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir”.

Xanım Mehriban Əliyeva bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salındığını, 250 min köçkünün yeni mənzillə təmin olunduğunu, həmin qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunduğunu, habelə soydaşlarımızın işlə təmin olunması istiqamətində də lazımi addımlar atıldığını bildirmişdi. Qeyd olunmuşdu ki, son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub.

Birinci vitse-prezident görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsi yaşadığını diqqətə çatdırmış və onlar üçün yeni qəsəbələrin salınmasının zəruriliyini qeyd etmiş, bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımların atılmasının vacib olduğunu diqqətə çatdırmışdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Həmin müşavirədə Mehriban xanım Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınması təşəbbüsünü də irəli sürmüşdür. Qeyd etmişdir ki, qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir. Onu da qeyd edək ki, artıq bu təşəbbüsə qoşulan bir sıra tikinti şirkətləri məcburi köçkünlər üçün mənzil ayırmışdır.

Azərbaycanın Birinci vitse-prezidenti Bakının Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olarkən bildirmişdir ki, bu bina “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib.

Ramana qəsəbəsindəki binada yaradılan şəraitdən məmnunluğunu ifadə edən Mehriban xanım Əliyevaya məlumat verildi ki, buraya Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi köçürüləcək. Buna qədər isə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdü.

Bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında yeni yaşayış kompleksinin təməli qoyulmuş və hazırda orada tikinti işləri davam edir. Bütün lazımi infrastrukturla təmin olunacaq yaşayış kompleksi ilə yanaşı, uşaq bağçası və məktəb tikilir. Növbəti il isə 1026 yeni, tam təmirli mənzil qaçqın və məcburi köçkün ailələrinin istifadəsinə veriləcək. Bu ilin iyun ayında Xəzər rayonunun Şüvəlan qəsəbəsində çox pis vəziyyətdə olan pansionatda və Xətai rayonunda yarımçıq tikilmiş binada yaşayan 214 ailə Mehdiabad və Masazır qəsəbələrində yeni tikilmiş, tam təmirli evlərə köçürülüb. Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş binalardakı tam təmirli mənzillərə 210 ailə, Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş binadakı tam təmirli mənzillərə 50 ailə və Xətai rayonunda inşa edilmiş binadakı mənzillərə 465 ailə köçürülmüşdür. Bu, ümumilikdə 725 ailənin yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir.

Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcik də Birinci vitse-prezidentin bu qəbildən olan soydaşlarımıza göstərdiyi xeyirxah missiyanın daha bir nümunəsidir. Bu binalar da “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilmişdir. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.

Mənzillərin paylanılması ilə əlaqədar təşkil olunan mərasimdə çıxış edən Birinci vitse-prezident uzun sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ən ağır problemi olduğunu bildirmiş və demişdir ki, qonşu ölkənin işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarını, yurd-yuvalarını tərk edərək qaçqın və köçkün həyatı sürməyə məcburdur.

Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli görüşlərdə daim gündəmə gətirildiyini vurğulayan Birinci xanım demişdir ki, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək, dünya ictimaiyyətinin diqqətini yenidən bu məsələyə yönəltmişdir. O, ölkəmizin ərazilərinin hələ də işğal altında olmasını və Azərbaycanda bir milyon insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını vurğulamışdır.

Azərbaycan tərəfi uzun illərdir ki, müxtəlif tribunalardan öz haqq sözünü dünya birliyinin diqqətinə çatdırır. Təəssüf ki, dünyada mövcud olan, xüsusilə ölkəmizə qarşı tətbiq olunan ikili standartlar münaqişənin ədalətli, beynəlxalq birlik tərəfindən qəbul olunmuş dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə mane olur. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bir sıra beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini görməzliyə vurması, erməni silahlı qüvvələrinin sərhədyanı ərazilərdə Azərbaycan kəndlərini ağır artilleriyalardan atəşə tutmalarına, günahsız insanları, hətta azyaşlı uşaqları qətlə yetirmələrinə qarşı ciddi tədbir görməmələri ikili standartların hələ də mövcudluğundan xəbər verir.

Mehriban xanım dünyada insan hüquqlarını qoruyan bəzi təşkilatların fəaliyyət göstərdiyini də diqqətə çatdıraraq belə qurumların işğalçı Ermənistana qarşı ciddi sanksiya tətbiq etməmələrini kəskin tənqid etmişdir: “Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir? Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir”.

Birinci vitse-prezident yeni mənzillərə köçən ailələrə işıqlı və xoşbəxt həyat arzulamışdır: “Ən böyük arzum, - əminəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur, - doğma torpaqlarımızda, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan dövləti tərəfindən tikilmiş yeni mənzillərdə, yeni evlərdə sizin uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin toy mərasimində birgə iştirak edək”.

Məcburi köçkünlərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində yeni layihələrin, habelə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələr gələn il daha geniş dairəni əhatə edəcək. Bunu 2018-ci ilin dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitin artırılması da təsdiqləyir. Bütün bunlar Azərbaycanın qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısına görə dünyada nümunə olduğundan xəbər verir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.