Xəbər Suraxanıda Beynəlxalq əlillər günü qeyd edildi

Suraxanıda Beynəlxalq əlillər günü qeyd edildi

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
3 dekabr - Beynəlxalq əlillər günü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 100 nəfər rayon sakini üçün “Halal Süfrə” restoranında süfrə acılmışdır.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirmişdir ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə 2-ci dəfə gəlişi zamanı imzalanan ilk fərmanlarında biri “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olmuşdur.  Bu Fərmanla müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilmişdir.
Hazırda Suraxanı rayonunda 11339 nəfər əlil yaşayır. Onlardan 2939  nəfəri sosial əlil, 8400 nəfəri müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir. Rayonda 18 yaşına çatmayan əlillərin sayı 951 nəfərdir. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.
Afət Həsənova vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidentı  cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi, onların müalicəsi, reabilitasiyası, sosial təminatı istiqamətində mühüm addımlar atılır. Əlillər dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar. Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata kecirilir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu Suraxanı rayonunda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək ən müasir avadanlıqlarla təchiz edib. Bu gün Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev çıxış edərək bildirmişdir ki, Bakıda və bölgələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım sürətinin qarşısı alınıb. Son illər Azərbaycanda əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib
Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə rayonun Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi kollektivinin üzvləri rəngarəng konsert proqramı ilə çıxış etdilər.