Xəbər İlham Əliyev 1170 ailəyə sevinc bəxş etdi

İlham Əliyev 1170 ailəyə sevinc bəxş etdi

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir

Bu gün dünyada yaşanan münaqişələr səbəbindən yaranan qaçqın və məcburi köçkünlər problemi qlobal miqyasda ən aktual mövzulardan birinə çevrilib. Çünki son araşdırmalar elə dünya miqyasında bu qəbildən olan insanların sayında kifayət qədər ciddi artımlar olduğunu aydın şəkildə nümayiş etdirir. Yaranmış vəziyyətin nə dərəcədə narahatedici olduğunu isə Azərbaycan kifayət qədər yaxşı bilir və onun həllinin vacibliyini də hər zaman ön planda tutur. Çünki ölkəmiz uzun illərdir ki, belə problemlə üzləşib və bunun hansı çətinliklər yaratdığını da yaxşı bilir.

 

Mənzil-məişət problemləri həll edilir

 

Düzdür, Azərbaycan artıq qaçqın və məcburi köçkünlərin probleminin həllində ortaya uğurlu bir nümunə də qoya bilib. Ötən dövr ərzində iqtisadi imkanları artan Azərbaycan dövləti öz doğma torpaqlarını tərk etməyə məcbur edilmiş insanların üzləşdikləri problemlərin həlli üçün bütün zəruri tədbirlər görüb və görməkdədir. Doğma yurdlarından qovulmuş soydaşlarımızın sosial həyat tərzinin yaxşılaşdırılması, faydalı əməklə məşğul olmaları üçün qəbul edilmiş proqramlar əsasında genişmiqyaslı işlər görülüb. Onların mənzil-məişət problemlərinin yaxşılaşdırılması istiqamətində möhtəşəm layihələr həyata keçirilib. 
Bunun daha bir təsdiqi qismində Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksini göstərmək olar. Burada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bundan sonra da lazımi addımlar atılacağını bildirib: “Bu, Azərbaycan dövlətinin siyasətini göstərir. Onu göstərir ki, məcburi köçkünlərin problemlərinin həlli bizim üçün əsas məsələdir. Təsadüfi deyil ki, Dövlət Neft Fondunun ilk vəsaiti ulu öndər Heydər Əliyevin göstərişi ilə məhz köçkünlərin problemlərinin həllinə istiqamətləndirilmişdir. Bu siyasət bu gün də davam etdirilir, hər il kifayət qədər böyük vəsait nəzərdə tutulur və bu il də belədir, gələn il də belə olacaq. Hələ də çətin vəziyyətdə yaşayan köçkünlər var, onların problemləri də öz həllini tapacaq. Gələn il ən azı 4 min ailə yeni evlərlə təmin ediləcək və beləliklə, tədricən biz bu problemi həll edəcəyik. Bu şəhərcikdə yaşayacaq köçkünlər bu günə qədər çox ağır vəziyyətdə yaşayırdılar. Kimsə kirayədə, kimsə yararsız binalarda, uşaq bağçalarında yaşayırdı. İndi onların həyatında yeni dövr başlayır və bu, doğrudan da çox əlamətdar hadisədir. Onu da qeyd etməliyəm ki, bu şəhərcik qısa müddət ərzində tikilib istifadəyə verilir. Tikintinin başlanmasından heç bir il keçməyib. Bu, onu göstərir ki, bu məsələləri qısa müddət ərzində həll etmək üçün bizim kifayət qədər böyük imkanlarımız var”.

 

97-ci müasir qəsəbə

 

Məlumat üçün qeyd edək ki, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na dövlət başçısının 2011-ci il 21 fevral tarixli sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq salınıb. Bu yaşayış kompleksində olan 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək. 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər görülüb. Yaşayış kompleksindəki məktəblə tanış olan dövlət başçısına məlumat verildi ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. 
Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış komplekslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, kilometrlərlə yol, su, elektrik və qaz xətləri çəkilib.

 

6 milyard manatdan çox vəsait sərf olunub

 

Onu da qeyd edək ki, məcburi köçkünlərin mənzil probleminin həlli ilə bağlı indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 50 mindən çox ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün 6,6 milyard manat vəsait xərclənib. 
Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin proqrama edilmiş əlavələrin icrası bu qəbildən olan insanların mənzil problemlərinin həllində mühüm rol oynayıb. 
2003-2017-ci illərdə qeyd olunan istiqamətdə görülən işlərin statistikasına nəzər salsaq, bunların əyani şahidi olarıq. Belə ki, həmin dövr ərzində ölkə Prezidenti tərəfindən sözügedən məsələ üzrə 55 fərman və sərəncam imzalanıb
Görülən işlər nəticəsində 2007-ci ildə 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi, 2016-cı ildə 16 fin tipli qəsəbənin ləğvi başa çatdırılıb və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib. 
Sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı layihələrinə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək azalıb. 
Qarşıdakı dövr ərzində görülən işlər nəticəsində məcburi köçkünlərlə bağlı digər məsələlərin də sürətlə öz həllini tapacağı şübhə doğurmur. Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biri məhz qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, onların müxtəlif problemlərinin həllinə hərtərəfli dövlət qayğısının təmin olunmasıdır.

 

Sosial problemlərin həlli Birinci vitse-prezidentin daim diqqət mərkəzindədir

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Belə ki, bu ilin mayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid Yaşayış Kompleksi”nin təməli qoyulub. Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. 
Bu fonda tam qətiyyətlə demək olar ki, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə xüsusi diqqəti fonunda sözügedən qəbildən olan insanların çətinliklərinə birdəfəlik son qoyulacaq. Eyni zamanda həyata keçirilən siyasət bu insanların tezliklə doğma yurd-yuvalarına qayıtmasını da şərtləndirəcək.

Elçin CƏFƏROV,
“Azərbaycan”