Xəbər Küveytdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib, yerli KİV-də materiallar yayılıb

Küveytdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib, yerli KİV-də materiallar yayılıb

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində oxuyan türkdilli ölkələrin tələbələri, bu ölkənin ictimai, siyasi xadimləri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimi açan səfir Elxan Qəhrəman müasir müstəqil dövlətimizin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev tarixin yetirdiyi dahi şəxsiyyətlərdən biridir. Bu böyük şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Kəşməkəşli həyat yolu keçmiş Heydər Əliyev hansı vəzifədə işləməsindən asılı olmayaraq daim xalqını düşünür, onun problemlərinin həllində prinsipial mübarizə aparırdı. Ulu Öndərin əvəzsiz xidmətləri nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə və bölgədə lider dövlətə çevrilib. Təməli Ulu Öndər tərəfindən qoyulmuş daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və xalqımız onun rəhbərliyi ilə demokratiya, sülh və tərəqqi yolu ilə irəliləyir.

Səfirlikdə keçirilən mərasimdə Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgi, dahi rəhbərin həyat və fəaliyyətinə dair kitablar, həmçinin sənədli film nümayiş etdirilib.

Bununla yanaşı, Küveytin geniş oxucu auditoriyasına malik "Əl-Nahar" və “Əl-Cəridə” qəzetlərinin 11 dekabr tarixli buraxılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar səfir Elxan Qəhrəmanın müsahibəsi dərc olunub. Səfir müsahibəsində Küveyt ictimaiyyətini Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və fəaliyyəti barədə məlumatlandırıb.

Həmçinin Küveytin “Əl-Bilad” xəbərlər agentliyi “Mərhum Prezident Heydər Əliyev: müasir Azərbaycan dövlətinin qurucusu” adlı material yayıb, “Əl-Rasid” qəzeti isə “Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir” başlıqlı geniş məqalə dərc edib. Məqalələrdə bildirilir ki, müasir Azərbaycanın bütün sahələrdə - siyasi, iqtisadi və mədəni həyatda nail olduğu inkişaf Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Sovet İttifaqının rəhbərliyində yeganə müsəlman lider olan Heydər Əliyev ərəb və islam dünyasının dostu idi və ərəb dünyasının problemlərinin ədalətli həllinə çalışırdı. Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılır. Bu siyasət nəticəsində Azərbaycan həm iqtisadi inkişaf, həm də siyasi islahatlar baxımından dinamik şəkildə inkişaf edir.