Xəbər Böyük xilaskar

Böyük xilaskar

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Azərbaycan tarixinin bütöv bir qərinəsi məhz xalqımızın böyük oğlu, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə zəngindir. Bu dahi şəxsiyyətin, uzaqgörən siyasi xadimin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini gündəlik həyatımızda görürük. Çünki ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir, ən başlıcası Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!

Dövləti qurub-yaradan, məhv olmaq təhlükəsindən xilas edən, mənalı ömrünü xalqına sədaqətlə xidmətə həsr edən, həyatda məqsədi qurub-yaratmaq olan insanlar dahi şəxsiyyətlərdir. Tarix isə belə şəxsiyyətləri çox nadir hallarda yetişdirir və həm də bu xoşbəxtlik tək-tək xalqa nəsib olur. Xalqımız xoşbəxtdir ki, XX əsr Azərbaycana, xalqımıza iki böyük və əvəzolunmaz nemət bəxş etmişdir: dövlət müstəqilliyi və əbədi lider.

Həqiqətdir ki, dövlət müstəqilliyi hər bir xalqın həyatında ən dəyərli nemətdir. Bu dəyərli neməti əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər də ağır və mürəkkəbdir. Bu mühüm tarixi vəzifənin öhdəsindən isə yalnız sözün əsl mənasında, həqiqi lider gələ bilir.

Bəli, XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, xalqımızın əbədi lideri  Heydər Əliyevdir.

Doxsan illik zaman axarını vərəqlədikcə açıq-aydın görürük ki, Heydər Əliyev ən uca siyasət zirvəsini fədakarlıqla fəth edə bilmişdir;

– Ulu öndər kiçik bir məmləkətin adını bütün dünyaya tanıtmağa nail olmuşdur;

– O, qəlbi daim bəşəri duyğularla döyünən ümumbəşər övladı, ən böyük azərbaycanlı idi;

– Heydər Əliyevin adı həmişə dünyanın tanınan, sayılıb-seçilən, hörmət bəslənilən siyasi liderləri, ən müdrik rəhbərləri sırasında çəkilir;

– Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından dahi siyasətçi həmişə öz sözü, öz çəkisi, öz dəst-xətti ilə seçilmişdir;

– Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir.

XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması, strateji müttəfiqlərin qazanılması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu.

Azərbaycanın ən yeni tarixində müstəqil dövlət ideyası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadiyyatın əhəmiyyətini hər zaman yüksək qiymətləndirirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə – tarixin ən çətin mərhələsində xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində xalqımız o ağır, təlatümlü günlərdən, dövlətimiz isə məhv olmaq təhlükəsindən xilas oldu.

Böyük xilaskar 1993-2003-cü illərdə ölkəni yenidən qurdu, faktiki olaraq güclü dövlət yaratdı, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində müstəqilliyimizin əbədi olmasını və ölkəmizi siyasi-iqtisadi böhrandan, tənəzzül və xaosdan qurtularaq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına yüksəlməsini  təmin etdi.

Azərbaycanın müasir tarixinin və həyatının 35 ili ulu öndər Heydər Əliyevin çoxşaxəli və genişmiqyaslı fəaliyyəti ilə bağlı olub. Həmin illər ərzində isə Azərbaycan, sözün həqiqi mənasında, daim inkişaf yolu ilə irəliləyib.

Ulu öndərin xalqımız qarşısında ən böyük xidməti Azərbaycanda demokratik, müstəqil, dünyəvi və hüquqi dövlət qurmasıdır. Bu dövlət xalqımızın həm iqtisadi, həm siyasi, həm də mənəvi sərvətidir. Bu sərvəti qorumaq, inkişaf etdirmək müasir müstəqil Azərbaycanın milli ideologiyasının və siyasətinin ana xəttini təşkil edir. Azərbaycan bu xətt üzrə inamla irəliləyir, beynəlxalq arenada mövqelərini gündən-günə möhkəmləndirir.

Tarixə qısa nəzər salsaq, görərik ki, son 200 ildə ermənilər Azərbaycan torpaqlarının ələ keçirilməsi planını öz havadarlarının – erməni lobbisinin köməyi ilə mərhələ-mərhələ həyata keçirmişlər. Bu məkrli siyasət nəticəsində XX əsrdə xalqımızın başına müsibətlər, dəhşətli faciələr gətirilib: 1905-ci, 1918-1920-ci, 1948-1950-ci və 1988-ci illərdə azərbaycanlıların öz ata-baba yurdlarından zorla köçürülməsi, deportasiya, etnik təmizləmə və soyqırımlara məruz qalması ötən yüzillikdə törədilmiş müsibətlərdir.

Danılmaz faktdır ki, hələ 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Moskvada və xaricdəki erməni lobbisinin Dağlıq Qarabağa olan iddialarının qarşısını almağa müvəffəq olmuşdu. Ermənilər çox cidd-cəhd etsələr də, öz çirkin istəklərinə nail ola bilmirdilər.

Buna görə də onlar birinci növbədə Heydər Əliyevin keçmiş Sovetlər İttifaqının rəhbərliyindən, Siyasi Bürodan uzaqlaşdırılmasını qarşılarına məqsəd qoymuşdular. Təəssüflər olsun ki, Heydər Əliyev böyük siyasətdən Mixail Qorbaçovun əli ilə uzaqlaşdırıldıqdan 25 gün sonra Dağlıq Qarabağ böhranı yenidən qızışdırıldı və ermənilər havadarlarının köməyi ilə öz çirkin planlarını həyata keçirə bildilər.

Heydər Əliyevin böyük siyasətdən getməsi, Azərbaycanda olmaması xalqımıza çox baha başa gəldi. Həmin dövrdə nələrin baş verdiyinə nəzər salaq: 1988-ci il Sumqayıt hadisələri, 1990-cı ilin 20 Yanvarı, əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsi, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlının öz doğma yurdlarından zorla qovulduqdan sonra Azərbaycana pənah gətirməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin – Dağlıq Qarabağın və ona bitişik olan 7 rayonun işğal olunması, 700 min nəfərədək azərbaycanlının öz doğma yurdunda məcburi köçkünə çevrilməsi, Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün olması və s.

Əgər Heydər Əliyev xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəlməsəydi, onda xalqımız daha böyük fəlakətlərlə, müsibətlərlə üzləşə bilərdi. Heydər Əliyev bütün məhrumiyyətlərə sinə gərərək vətəndaş müharibəsinə son qoydu, ölkənin siyasi inkişafı və iqtisadi yüksəlişi üçün etibarlı baza yaratdı.

Bütün həyatını Azərbaycanın tərəqqisinə, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına həsr edən ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, bir milyondan artıq soydaşımızın doğma yurdlarına ləyaqətlə qaytarılması idi. Ona görə də ümummilli liderimiz ən mötəbər tribunalardan daim birmənalı şəkildə bəyan edirdi ki, bu problem yalnız BMT-nin nizamnaməsi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. O, bunun üçün daim var qüvvəsi ilə çalışırdı.

Məhz ulu öndərin gərgin səyləri və uğurlu diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə, həmçinin ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı oxşar qərar və qətnamələr qəbul etdi. Eyni zamanda, ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirildi, həmçinin ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırıldı. Bundan əlavə:

- 1994-cü ildə atəşkəs əldə olundu;

-bu problem ölkədə bir nömrəli problem adlandırıldı;

- qaçqın və məcburi köçkünlərlə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı, ölkə Prezidenti tərəfindən onların sosial müdafiəsi ilə bağlı 43 fərman və sərəncam imzalandı, Milli Məclis 23 qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etdi;

- 1998-ci il iyun ayının 27-də Heydər Əliyevin sədrliyi ilə problemlə bağlı ümumrespublika müşavirəsi keçirildi;

- Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" uzunmüddətli dövlət proqramı təsdiq edildi;

- 18 may 2000-ci ildə Heydər Əliyevin bilavasitə iştirakı ilə "İnkişaf Problemləri və Strateji İstiqamətlər" mövzusunda beynəlxalq konfrans keçirildi;

- 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etdi;

- məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin həcmi 50 dəfə artırıldı;

- məcburi köçkünlərə kommunal və digər xidmətlərdən pulsuz istifadə imtiyazı verildi;

- qazla təmin olunmayan kənd rayonlarında müvəqqəti məskunlaşmış 90 min məcburi köçkün ailəsi qış aylarında ağ neftlə təmin olundu;

- dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad edildilər.

Təsadüfi deyil ki, ümummilli liderin göstərişi ilə Dövlət Neft Fondundan ilk vəsait məhz əhalinin ən həssas təbəqəsi olan, çox ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, problemin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması mexanizmi işlənib həyata keçirilməyə başlandı. Nəticədə bu sahədə ciddi dönüş yaradıldı, şəffaflıq təmin edildi.

Belə ki, 2001-2002-ci illərdə ilk dəfə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına çox qısa bir müddətdə 400 min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 16 tibb məntəqəsi tikilmiş, 195 kilometr uzunluğunda asfalt yol, 188 kilometr su xətti, 350 kilomet elektrikötürmə xətti, 133 kilometr irriqasiya su kəməri və digər sosial obyektlər istifadəyə verildi.

Nəticədə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edildi, 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin 32 min nəfərinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı. 35 min nəfərdən çox qaçqın, məcburi köçkün və yerli əhali həmin qəsəbələrin tikintisində işlə təmin olundu. Qəsəbələrə köçürülmüş hər bir ailəyə həyətyanı və əkin sahələri ayrıldı, onlara kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün əvəzsiz maliyyə yardımı verildi. Yeni salınmış qəsəbələrdə
6000-dən çox iş yerləri yaradıldı.

Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən idarə olunmasından söz düşəndə, ilk növbədə Azərbaycan nümunə göstərilir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, xüsusən BMT-nin Qaçqınlar üzrə sabiq Ali Komissarı, hazırda BMT-nin baş katibi olan Antonio Quterreşin ölkəmizə səfərləri və BMT QAK-ın İcraiyyə Komitəsinin sessiyalarındakı çıxışları zamanı Azərbaycanın bu sahədə gördüyü işlərin və dövlətimizin təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu dəfələrlə vurğulayıb.

Problemin idarə olunması üzrə Azərbaycan modelinin əsas üstün cəhətləri aşağıdakılardır:

- bu problemin xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin bir nömrəli prioritet problem olmasının bəyan edilməsi;

- qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanılması, bu məsələlər haqqında ictimaiyyətin müntəzəm məlumatlandırılması;

- problemin vahid mərkəzdən idarə olunması, bu məqsədlə beynəlxalq qanunvericiliyə uyğun milli hüquqi bazanın yaradılması;

- qaçqın və məcburi köçkünlərin sosial problemlərinin davamlı həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması;

- onların malik olduqları bilik, bacarıq və təcrübələrdən səmərəli istifadə olunması, həmçinin ictimai-siyasi həyatda fəal mövqe tutması, iqtisadi inkişafa töhfə vermələri üçün normal şəraitin yaradılması;

- qaçqın və məcburi köçkünlərin ölkə daxilində sərbəst miqrasiyasının və inteqrasiyasının təmin edilməsi.

Azərbaycanın iqtisadiyyatı gücləndikcə mövcud imkanlardan maksimum istifadə etməklə dövlət tərəfindən qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, sosial problemlərinin aradan qaldırılması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələlər həllini tapmağa başladı.

Bu sahədə fəaliyyətin vahid mərkəzdən idarə olunması və əlaqələndirilməsi məqsədilə xüsusi dövlət qurumları yaradıldı.

Münaqişə ilə üzləşən ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahənin vahid mərkəzdən idarə olunması üçün 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edilmişdir.

Həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli humanitar təşkilatların fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Baş nazirin müavininin rəhbərliyi ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunda qaçqınların və  məcburi köçkünlərin məsələləri şöbəsi fəaliyyət göstərir.

1999-cu ildə Prezidentin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilib.

Bütün bunlar bir daha əyani şəkildə sübut edir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində əziyyət çəkən bir milyona yaxın qaçqın və məcburi köçkünün problemlərinə daim diqqət və qayğı ilə yanaşar, bu problemi gündəlik nəzarətində saxlayırdı.

Əhalinin ən həssas qrupu olan qaçqın və məcburi köçkünlər daha ağır şəraitdə yaşamalarına baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin bu diqqət və qayğısına cavab olaraq daim dövlətə sadiq olduqlarını nümayiş etdirirərək bütün ictimai-siyasi proseslərdə dövlətçiliyi müdafiə ediblər və bu gün də etməkdədirlər.

Məhz buna görə də 2003-cü ildə keçirilən prezident seçkilərində, ölkənin bütün əhalisi kimi, qaçqınlar və məcburi köçkünlər də yüksək fəallıqla Heydər Əliyevin siyasi kursuna, onun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə dövlətimizə sadiq olduqlarını, aparılan siyasəti dəstəklədiklərini bir daha nümayiş etdirdilər.   Cənab İlham Əliyevin seçkilərdə öz rəqibləri üzərində parlaq qələbəsi isə Azərbaycan tarixində yeni dövrün əsasını qoydu.

2003-cü ildə "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", – deyən Prezident İlham Əliyev davamlı sabitlik, iqtisadi inkişaf, tərəqqi və milli dövlətçilik ənənələrinin bərqərar olması yoluna sadiq qaldı.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident
İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir. Milli inkişaf modelinin uğurlu tətbiqi və qarşıya qoyulan hədəflərə nail olunması, sosial-siyasi islahatların ardıcıl surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğu yolunda atılan qətiyyətli addımlar Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdir. Müstəqil dövlətimizin bugünkü sürətli inkişafı ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə hazırlanmış dinamik inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir.

Hamının marağına səbəb olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə, ilk növbədə, ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı daxildir. Bu sırada makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bütün sahələrinin, həmçinin kənd təsərrüfatının hərtərəfli inkişafına diqqət yetirilməsi, regionların inkişafının prioritet olması da xüsusi qeyd olunmalıdır. Həmçinin əhalinin maddi rifahının yaxşılaşdırılması, aztəminatlı ailələrin məqsədyönlü sosial müdafiəsi bu modeldə özünəməxsus yer tutur. Nəhayət, tolerantlığın və multikultural dəyərlərin qorunub saxlanılması, Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsi, qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilməsi də öz aktuallığı ilə diqqət çəkir.

Dövlətimizin başçısının balanslaşdırılmış, uzaqgörən xarici siyasət strategiyasının nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə bir faktı deyək ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi ən yüksək səviyyədə təmin edib.

Əlbəttə, bütün bu uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məharətlə, çevik və qətiyyətlə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-2017-ci illərdə məcburi köçkünlərlə yeni salınmış qəsəbələrdə 33 dəfə görüş keçirmişdir.

Bu sahədə beynəlxalq normalara uyğun tam hüquqi baza formalaşdırılmışdır: ölkə Prezidenti tərəfindən 98 fərman və sərəncam imzalanmışdır. Milli Məclis 34 qanun, Nazirlər Kabineti isə 370 qərar və sərəncam qəbul edilmişdir.

Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

2007-ci ildə məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət düşərgə, 2016-cı ildə isə fin tipli evlərdən ibarət 16 qəsəbədən sonuncusu ləğv olunub və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr yeni salınmış qəsəbələrə köçürülmüşdür.

Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmışdır. Müqayisə üçün bu yeni yaşayış komplekslərinin mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan iki dəfə çoxdur. Qeyd etmək lazımdır ki, bütün rayonlarda qaçqın və məcburi köçkünlər üçün tikilən qəsəbələrdən və onun infrastrukturundan yerli əhali də bəhrələnmişdir.

Yeni qəsəbələrdə insanların rahat yaşaması, uşaqların təhsil alması, sağlamlıqlarının qorunması məqsədilə bütün zəruri sosial obyektlərlə yanaşı, texniki infrastruktur da yaradılmışdır. Konkret desək, 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr elektrik, 465 kilometr qaz xətti çəkilmişdir. Məcburi köçkünlər üçün ən böyük təhsil ocağı – 1300 şagird yerlik məktəb 2012-ci ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, gücünə görə (280 meqavat) ən böyük elektrik yarımstansiyası 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilmişdir.

İndiyədək 53 min ailə və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, bundan 49 min ailə, yaxud 245 min nəfər son 14 ilin payına düşür.

Yeni qəsəbələrin salınmasına ümumilikdə 2,3 milyard manat vəsait sərf olunmuşdur. Bunun 2 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 24 ildə 6,6 milyard manat vəsait sərf olunmuşdur. Ondan 3,1 milyard manat dövlət büdcəsinin, 2,1 milyard manat Dövlət Neft Fondunun, 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. 

Son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanına əsasən, məcburi köçkünlərə büdcədən verilən aylıq yemək xərci müavinəti, kommunal və digər xidmətlərə görə ödənişlər əvəzinə vahid aylıq müavinət ödənilir, fərdi qaydada sayğaclar quraşdırmaq mümkün olmayan, eləcə də təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyən edilmiş normativlər üzrə mərkəzləşmiş qaydada dövlət tərəfindən birbaşa xidmət təşkilatlarına ödənilir.

Məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdığı obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədilə Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanmış kredit sazişi üzrə 610 min nəfərin faydalandığı və dəyəri 125 milyon manat təşkil edən 910 mikrolayihə icra edilmişdir.

Sahibkarlığın inkişafı məqsədi ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min nəfər məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara  40 milyon manat güzəştli kredit verilmiş və xeyli əlavə iş yerləri yaradılmışdır. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı – əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək azalmış, 2016-cı ildə hər məcburi köçkünə 750 manat vəsait sərf olunmuşdur.

Son 14 ildə 380  min nəfər əmək qabiliyyətli məcburi köçkündən 200  min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 161 min nəfəri isə müvəqqəti işlə təmin edilmişdir.

Bütün əldə olunmuş bu yüksək nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu strategiyanın real və konkret nəticələridir.

Heydər Əliyev Fondu istər ictimai, istərsə də siyasi fəaliyyətində daim Heydər Əliyev amallarını yaşadır, doğruldur, təbliğ edir. Heydər Əliyev Fondu ötən 13 il ərzində dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etməklə ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edir, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirir. Dövlət quruculuğu prosesində müxtəlif layihələri, təklifləri, təşəbbüsləri ilə ümumi işin gedişinə böyük təkan verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycandan Avropaya, Asiyadan Afrikaya, Məkkədən Vatikana qədər böyük xeyriyyəçilik, humanist aksiyalar həyata keçirib. Mehriban xanım Əliyeva Bakıda dünyaca məşhur “Eurovision” musiqi yarışmasının təşkilatçısı olmaqla bərabər, həm də I Avropa Oyunlarının və  IV İslam Həmrəyliyi Oyunlarının hazırlığına rəhbərlik etmişdir. Hər üç tədbir qısa müddətdə hazırlanıb, həmçinin öz möhtəşəmliyi ilə nümunəyə çevrilmişdir.

Azərbaycanı xaricdə layiqincə təmsil etməyi artıq uzun illərdir ki, Mehriban xanım Əliyeva uğurla həyata keçirir. Heydər Əliyev Fondunun rəhbəri kimi 30-dan artıq ölkədə “Azərbaycan günləri”nin təşkilatçısı olaraq dövlətimizin haqq səsinin beynəlxalq birlikdə yayılmasına böyük töhfə verir. UNESCO və ISESCO-nun üzvü kimi bu mötəbər qurumlar vasitəsilə Azərbaycanın layiqli təbliğatını aparır.

Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada çox mühüm humanitar layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşılır. 2015-ci ildə Xırdalan şəhərində 126 məcburi köçkün ailəsi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş yeni mənzillərə köçürülmüşdür.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş hörmətli xanım Mehriban Əliyevanın bu ali vəzifədə ilk müşavirəsini martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Mehriban xanım Əliyeva tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təmələnin qoyulması, “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi”ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq işlərə başlanılması ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısının daha bir əyani
sübutudur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülmüşdür.

Azərbaycan xalqı kimi bütün qaçqın və məcburi köçkünlər də tam əmindirlər ki, Mehriban xanım Əliyeva digər sahələrdə dünyəvi uğurlara nail olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə də öz layiqli töhfəsini verəcəkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin nəticəsində Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti parlamentləri Xocalı soyqırımını pisləyən rəsmi sənədlər qəbul etmişdir. ABŞ-ın Arizona, Arkanzas, Corciya, İndiana, Pensilvaniya, Missisipi, Nyu-Cersi ştatlarının qanunverici orqanlarında qətnamələr, eləcə də Konnektikut, Massaçusets, Meyn, Nyu-Meksika, Oklahoma, Tennessi, Texas, Minnesota və Vest Virciniya ştatlarında bəyannamələr qəbul edilmişdir. ABŞ-ın Havay, Montana, Yuta, Nebraska, Aydaho ştatlarının qubernatorları, Florida ştatının Hallandale Beach şəhərinin meri və Viskonsin ştatının Miluoki dairəsinin icra hakimiyyətinin başçısı Xocalı faciəsi ilə bağlı bəyannamə imzalamışdır.

Qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllində, xüsusən 1990-cı illərin əvvəllərində, ölkəmizin iqtisadi vəziyyətinin çətin olduğu dövrdə, ulu öndər donor ölkələrin, beynəlxalq humanitar təşkilatların ölkəmizə kömək göstərməsinə nail olmuşdu. Təqdirəlayiq haldır ki, bu gün 21 beynəlxalq, 22 yerli humanitar təşkilat öz fəaliyyətini davam etdirir və onların xətti ilə qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir. İndiyədək beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar tərəfindən bu layihələrə 1,4 milyard manat vəsait sərf olunmuşdur.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin tam həlli onların öz əzəli ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bilavasitə bağlıdır. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin həlli uzanır. Lakin məcburi köçkünlər gələcəyə inamla baxır, ümidlə yaşayırlar.

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun düşmənin növbəti təxribatına layiqli cavab verməsi, mühüm Lələtəpə yüksəkliyini qaytarması, torpaqlarımızı azad etməyə qadir olması bu inamı daha da artırmışdır.

Aprel döyüşləri həm də erməni silahlı qüvvələri tərəfindən 1993-cü ilin oktyabr ayında işğal olunmuş, ulu öndər Heydər Əliyevin döyüş bölgəsinə şəxsən gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində 1993-cü ilin dekabrında başlamış və 1994-cü il yanvarın 6-na kimi davam etmiş uğurlu Horadiz əməliyyatı nəticəsində Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaratmışdır. Azərbaycanın bu qələbəsi çoxdan gözlənilən böyük qayıdışın başlanğıcıdır.

Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevin “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamına əsasən ayrılmış 4 milyon manat vəsait hesabına cəmi 2 ay ərzində – martın 20-dən mayın 20-dək kənddə birinci mərhələdə 50 evin, 96 şagird yerlik məktəbin və infrastrukturun tikintisi həyata keçirilmişdir. Əlavə ayrılmış 4,3 milyon manat vəsait hesabına isə “Azəravtoyol” ASC tərəfindən Cocuq Mərcanlıya gedən  9 kilometr uzunluğunda yol çəkilmişdir.

Ölkə başçısının tapşırığına əsasən, 2017-ci ilin fevral ayında xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri və beynəlxalq təşkilatların Bakıdakı missiyaları rəhbərlərinin, həmçinin xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri təmsilçilərinin Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndinə səfərləri təşkil olunmuşdur.

Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir.

Cənab İlham Əliyev 2017-ci il iyunun 14-də  Cəbrayıl rayonunun birinci mərhələdə bərpa edilmiş Cocuq Mərcanlı kəndinin açılış mərasimində iştirak etmişdir. 25 il həmin kənddə yaşayan Oqtay Həziyevin ailəsi ilə görüşmüş, ilkin olaraq birinci dərəcəli “Əmək” ordenini ona təqdim etmiş və 4 otaqlı mənzili ailəyə hədiyyə etmişdir. Cocuq Mərcanlıya köçürüləcək ailələr arasında mənzillərin bölgüsü  püşkatma yolu ilə şəffaf şəkildə həyata keçirilmiş və ailələrin köçürülməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin  2017-ci il iyunun 15-də imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən ikinci mərhələdə  100 fərdi yaşayış evinin, uşaq bağçasının, klub icma mərkəzinin, həkim və poçt məntəqələrinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə 9 milyon manat ayrılmışdır. 2017-ci il iyulun 4-də start verilən tikinti işləri artıq başa çatdırılmışdır.

Ölkə başçısının tapşırığına əsasən, Cocuq Mərcanlı kəndinin bərpasına həsr olunmuş, Azərbaycan, rus və ingilis dillərində 152 səhifəlik kitab və 20 dəqiqəlik film hazırlandı və 2017-ci il sentyabrın 21-də  “Marriott Abşeron” otelində geniş təqdimat mərasimi keçirilmişdir.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün 34 ədəd 4 mərtəbəli yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi və s. müvafiq infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin yüksək səviyyəli açılış mərasimi həyata keçirilmişdir.

Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa - 150” abidəsi Tərtər rayonunun Şıxarx qəsəbəsindədir və 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilmişdir. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlananda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılmışdır. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar Dövlətqaçqınkom tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulmuşdur. Erməni yalanını ifşa edən bu abidə ölkəmizə səfərə gələn insanlara, o cümlədən səfirlərə, xarici mətbuat nümayəndələrinə göstəriləcək.

Tərtər rayonunda tikilmiş 1170 ailəlik yaşayış kompleksi, əslində, keçmiş Ağdərə rayonunun azad olunmuş ərazisindədir.Yəni ölkə Prezidenti cənab İlham Əliyev Cocuq Mərcanlıdan sonra Şıxarx kəndini yenidən bərpa edib. Bu da Böyük Qayıdışın davamıdır. Artıq bərpa işləri Kəlbəcərə, Şuşaya yaxınlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq əraizələrdə həyat tamamilə yenidən qurulacaq. Qaçqınlar və məcburi köçkünlər öz ata-baba yurdlarına ləyaqətlə qayıdaraq yenidən öz doğma torpaqlarında yaşayacaqlar.

Bütün xalqımız kimi, məcburi köçkünlər də rəhbər, lider kimi cənab İlham Əliyevə inanır, ona etibar edirlər. Çünki Azərbaycana belə bir layiqli siyasi davamçını ulu öndər Heydər Əliyev bəxş etmişdir. Böyük qürur və iftixar hissi ilə deyə bilərik ki, xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir.

Əminliklə deyə bilərik ki, onun müəyyən etdiyi strateji istiqamətlər hələ uzun illər müstəqilliyimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artırılması işinə xidmət edəcəkdir.

Əli HƏSƏNOV,
 Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
 Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini