Xəbər Azərbaycan İslam həmrəyliyi prosesinə böyük töhfə verir

Azərbaycan İslam həmrəyliyi prosesinə böyük töhfə verir

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Prezident İlham Əliyev Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini bəyan etdi

“Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”. Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında bu bəyanatla çıxış edən Prezident İlham Əliyev bir neçə gündür beynəlxalq aləmdə gərgin müzakirə mövzusuna çevrilmiş məsələ ilə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyni ortaya qoymuş oldu.

 

İslam həmrəyliyinə verilən dəyərin təcəssümü

 

50-dək dövlət və hökumət başçılarının iştirakı ilə “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısında bu qətiyyətli çıxış cənab İlham Əliyevin İslam həmrəyliyinə verdiyi dəyərin, töhfənin real təcəssümü idi. Dövlət başçısı “Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq” fikrini səsləndirməklə bir daha tam müstəqil siyasət yürütdüyünü dünya birliyinə çatdırdı. 
Bildirdi ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Prezident İlham Əliyev xatırlatma edərək bir neçə il bundan əvvəl Azərbaycanın Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına evsahibliyi etdiyini də diqqətə çatdırdı. Eyni zamanda bu ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfransın keçirildiyini və yekunda Şərqi Qüdsün işğalı, Əl-Əqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanatın qəbul edildiyini vurğuladı.

 

İslamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındayıq

 

“Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır” deyən dövlət başçısı söylədi ki, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları - qardaşlıq bayramı bir daha dünyaya İslamın sülh, mərhəmət, bərabərlik dini olduğunu nümayiş etdirib.
Bu ay Bakıda keçiriləcək “İslam həmrəyliyi ili”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans isə əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün yaxşı imkan yaradacaq.

 

Məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz

 

Prezident İlham Əliyev Zirvə toplantısında bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzünə və terrora dəstək verən dövlətin riyakar siyasətinə toxundu: “İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir”.
Bütün bunlara rəğmən bu terrorçu rejim müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bunu ən böyük riyakarlıq adlandıran cənab İlham Əliyev İslam ölkələrinə, müsəlmanlara üzünü tutaraq “Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”- dedi. 
Qeyd edək ki, iki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Azərbaycan dövləti Bakının mərkəzində erməni kilsəsini bərpa edib onu qoruyur, Ermənistan isə işğal etdiyi ərazilərimizdə 67 məscid, 144 məbəd, 192 ziyarətgahı yerlə yeksan edir. Bu, tarixdə görünməmiş vəhşilikdir. Bütün bu faktlar əsl erməni xislətini dünyaya nümayiş etdirir. İƏT üzvü olan dövlətlər, dünyadakı müsəlman cəmiyyətləri də haqlı olaraq Ermənistanın bu çirkin əməllərini daim qınayır, pisləyir.

 

Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal aktoruna çevrilib

 

Zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycanın heç vaxt erməni işğalı ilə barışmayacağını, münaqişənin yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı. 
Xatırladaq ki, ötən ay Azərbaycan Prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində də işğalçı Ermənistanı tutarlı arqumentlərlə bir daha ifşa etmişdi. Sammitin qəbul etdiyi Birgə Bəyannamədə isə bu ölkənin işğalçı siyasəti qətiyyətlə pislənilmişdi.
Bu faktlar son zamanlar Ermənistanın beynəlxalq birlik tərəfindən ciddi təpkilər aldığını təsdiqləyir. 
Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasətinin uğurlarıdır desək yanılmarıq. Son 14 ildə dövlət başçısının xarici siyasət strategiyası Azərbaycanı müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna çevirib. Artıq qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan müstəqil Azərbaycan region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətin yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir. Bu isə cənab İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və müstəqil Azərbaycanın dünya birliyindəki mövqelərini getdikcə daha da möhkəmləndirir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”