Xəbər İLHAM ƏLİYEV postsovet məkanında inkişafın yeni nümunəsini yaradıb

İLHAM ƏLİYEV postsovet məkanında inkişafın yeni nümunəsini yaradıb

Müəllif: Xeberim.az on in Prezident
1st Image
AZƏRBAYCANIN DÖVLƏT BÜDCƏSİ * Qırğızıstandan 5,8 dəfə, * Moldovadan 5,5 dəfə, * Tacikistandan 4,9 dəfə, * Ermənistandan 4 dəfə, * Gürcüstandan 2,4 dəfə, * Latviyadan 64 faiz, * Özbəkistandan 56 faiz, * Belarusdan 17 faiz, * Litvadan 12 faiz, * Türkmənistandan 10 faiz ÇOXDUR

Azərbaycanda müasir dövrün çağırışlarına uyğun həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizin yeni nailiyyətlərə imza atmasını, onun dinamik yüksəlişini şərtləndirən başlıca faktorlar sırasında yer alır. Əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan ölkəmizdə uğurla reallaşdırılan strateji inkişaf kursu hələ qarşıdakı dövrdə də böyük müvəffəqiyyətlər vəd edir.

Beynəlxalq miqyasda sabit məkan sayılan Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı kimi də yaxşı tanınır. Ölkəmizin iştirakı olmadan regionda hər hansı strateji layihənin həyata keçirilməsi mümkünsüzdür! Çünki Azərbaycan mövcud olduğu regionun lider ölkəsi statusunu daşıyır və əsas parametrlər üzrə bütün iqtisadi göstəricilər məhz ölkəmizə məxsusdur. Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar.

Ölkəmizdə 2018-ci ilin dövlət büdcəsinin xərcləri 21 milyard 47 milyon manat təşkil edəcək. Gələn il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat və ya 11,842 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.

Cənubi Qafqazın ikinci ən böyük iqtisadiyyatı sayılan Gürcüstanın büdcəsi gələn il üçün 12,298 milyard lari və ya 4,965 milyard ABŞ dolları təşkil edəcək. Bu, Azərbaycan büdcəsindən 2,4 dəfə azdır.

Gələn il üçün işğalçı Ermənistanın büdcə gəlirləri təxminən 2,7 milyard dollar olacaq. Bu isə ölkəmizin büdcəsindən 4 dəfə azdır.

Göründüyü kimi, büdcə parametrləri üzrə Azərbaycan regionun digər iki ölkəsindən çox yüksək mövqedədir. Bu fonda postsovet məkanının digər ölkələrində büdcə ilə bağlı müqayisəli vəziyyətin necə olması da xüsusi maraq doğurur.

Qırğızstanın büdcə gəlirləri 142 milyard 581 milyon som və ya 2,04 milyard ABŞ dolları olacaq. Yəni, onların əsas maliyyə sənədinin həcmi Azərbaycanın dövlət büdcəsindən təxminən 5,8 dəfə azdır.

Moldovanın büdcə gəlirləri 36 milyard 618 milyon ley və ya 2,139 milyard ABŞ dolları həcmində planlaşdırılır. Azərbaycanın dövlət büdcəsinin gəlirləri Moldovadan 5,5 dəfə çoxdur.

Tacikistanın gələn il büdcə gəlirləri 21 milyard 3 milyon somoni və ya təxminən 2,4 milyard ABŞ dolları müəyyən olunub. Bu isə ölkəmizdən təxminən 4,9 dəfə azdır.

Latviyada büdcə gəlirləri 6,16 milyard avroya, yaxud da 7,2 milyard dollara çatacaq. Bu isə Azərbaycanın büdcə gəlirlərindən təxminən 1,6 dəfə azdır.

Özbəkistanın dövlət büdcə gəlirləri gələn il üçün 62,2 trilyon sum, yəni, 7,677 milyard ABŞ dolları olacaq. Azərbaycan Özbəkistandan 1,5 dəfə çox büdcə gəlirinə malikdir.

Belarusun büdcə gəlirləri 20,5 milyard rubl, yəni, 10,153 milyard ABŞ dolları olacaq. Bu isə Azərbaycandan 1,2 dəfə azdır.

Litvada büdcə gəlirləri 9,071 milyard avro və ya 10,6 milyard dollar olacaq. Azərbaycanın dövlət büdcəsi gəlirlərindən 1,2 dəfə azdır.

Türkmənistanın gələn il büdcə gəlirləri 95 milyard 508 milyon türkmən manatı olacaq. Rəsmi məzənnədə bu, 27,288 milyard ABŞ dolları elan edilsə də, real məzənnədə və alış-verişdə rəqəm 11,2 milyard ABŞ dolları həcmində müəyyənləşib.

Qeyd edək ki, bu ölkələrin əksəriyyəti ərazisinə və əhali sayına, ən əsası isə iqtisadi potensialına, təbii sərvətlərinə görə Azərbaycandan daha üstün mövqeyə malikdirlər. Bu nəticə Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının və islahatlarının uğurlu gedişini göstərən amillərdəndir.

Necə deyərlər, həqiqət, müqayisədə üzə çıxır...

 

Elçin CƏFƏROV,

“Azərbaycan”