Xəbər Sürətli inkişafın təmin olunduğu məkan

Sürətli inkişafın təmin olunduğu məkan

Müəllif: Xeberim.az on in Prezident
1st Image
İsmayıllı günbəgün abadlaşır və yeni hədəflərə doğru irəliləyir

Hazırda dünyada yaşanan proseslər hər kəsə gün kimi aydındır. Artıq bəşəriyyətin yeni sınaq mərhələsində olduğu hamını narahat edir. İstər ictimai-siyasi, istər iqtisadi, istərsə də sosial sahədə arzuolunmaz gərginlik hiss olunmaqdadır. Dünyanın bir parçası olan Azərbaycan da, sözsüz ki, yaşananlardan təsirsiz ötüşmür. Belə bir dövrdə cəmi 25 yaşı olan gənc dövlətimizin mövcud vəziyyətdə ayaqda dura bilməsi, çətinliklərə sinə gərərək hətta bir sıra mühüm sahələrdə inkişafa xidmət edən hədəflərə doğru mətin addımlarla irəliləməsi təqdirolunası hal kimi dəyərləndirilməlidir. Uğurların əldə olunması da, təbii ki, düzgün siyasi kursdan və iqtisadi siyasətin aparılmasından qaynaqlanır. 
Qazanılan uğurların nəticələrinin təkcə paytaxt Bakıda və digər iri şəhərlərdə deyil, eyni zamanda regionlarda da intişar tapması görülən işlərin cəlbediciliyini daha da artırır. Səbəb aydındır: regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, qanunvericilik bazasında sahibkarların xeyrinə edilən dəyişikliklər, aqrar sektorda çalışan insanlara dövlətdən oıan güzəşt və dəstəklər artıq öz bəhrəsini verməkdədir. Necə deyərlər, torpağa sağlam toxum əkəndə oradan cücərib boy verən bitki də məhsuldar və bəhərli olur. 
Bu gün ölkəmizin inkişaf edən bölgələri arasında İsmayıllı rayonu da seçilir. Paytaxta nisbətən yaxın olmasına, turizm marşrutunun üzərində yerləşməsinə görə bu rayona gediş-gəliş də çoxdur. Təsadüfi deyil ki, cari ilin ötən dövrü ərzində bu məkanı təxminən 100 mindən çox turist ziyarət edib. Onların da arasında xeyli sayda, təxminən 13 min nəfərdən çox xarici turist olub. Qonaq-qaralı evin başçısı yerində olanda isə mütləq orada səliqə-sahman da saxlanılır, abadlıq da təmin edilir.
İsmayıllıdan söz düşmüşkən, rayon icra hakimiyyətinin başçısı, əməkdar elm xadimi Mirdaməd Sadıqovdan qazanılan uğurların kökündə nələrin dayanması ilə bağlı fikirlərini almaq istədik. Onun dedikləri: - İlk növbədə bir məqamı heç zaman yaddan çıxarmaq olmaz. Əgər inkişafdan söhbət gedirsə, bunun üçün mütləq münbit şərait yaradılmalıdır. Anarxiya, özbaşınalıq olan yerdə hansı hərəkətdən, hansı rifahdan danışmaq olar? Ona görə də ümummilli lider Heydər Əliyevin ölkənin siyasi hakimiyyətinə gəlişinin ikinci mərhələsində ilk işi vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, müstəqilliyimizə təhlükə yaradan ünsürlərin yerində oturdulması və xaosa səbəb olacaq halları birdəfəlik buxovlaması oldu. Beləliklə, ulu öndərin çətinliklə olsa belə nail olduğu ictimai-siyasi sabitlik sonunda iqtisadi böhranın çox keçmədən tərəqqi yoluna keçməsinə təkan verdi. Bu gün isə Prezident İlham Əliyev ictimai-siyasi sabitliyi qoruyub saxlamaqla yanaşı, həm də apardığı məqsədyönlü iqtisadi siyasətlə xalqın böyük dəstəyini qazanıb. Bir-birinin ardınca qəbul edilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Həmin tədbirlər regionların simasını dəyişməklə yanaşı, eyni zamanda burada yaşayan insanların əhvali-ruhiyyəsini yüksəltdi, təknələrinə daha bol ruzi gətirdi. Bir sözlə, zəhmətə, halallığa söykənən hər kəsin üzü güldü.
M.Sadıqov deyir ki, dövlət başçısının yaratdığı münbit şərait İsmayıllıda da özünü göstərir. İlbəil burada fərqli iqtisadi layihələrin həyata keçirilməsi müsbət effektini verməkdədir. Sözsüz ki, bütün bunlar da rayonda yaradılan ictimai-siyasi sabitliyin və vətəndaşların dövlət başçısının siyasətini düzgün qiymətləndirmələrinin, onun ətrafında sıx birləşmələrinin məntiqi nəticəsidir.
Bu ilin may ayının 15-də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən müşavirədə yerlərdə ideoloji işin səmərəliliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib, onların icrası istiqamətində tədbirlər həyata keçirilib.
Ölkəmizin inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər, İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin fəaliyyəti ideoloji işin tərkib hissəsini təşkil edib. İlin əvvəlindən mərkəzdə xeyli sayda ictimai-siyasi tədbirlər, görüşlər keçirilib. 
Rayon icra hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini YAP-ın rayon təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 8312 nəfərdir və ətrafında 87 ilk partiya təşkilatını birləşdirir. Bu il YAP-ın sıralarına 104 nəfər qəbul olunub ki, bunların da 79 nəfərini gənclər təşkil edir.
Rayon icra hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır. “Heydər Əliyev idarəetmə məktəbi” məhz bu düşüncənin nəticəsidir. Ötən dövr ərzində məktəbin ardıcıl məşğələləri keçirilib.
Rayonda ölkə rəhbərinin fəaliyyəti ilə bağlı təbliğat işləri də gücləndirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun təbliği aparılıb, səfərləri, çıxış və məruzələri ətraflı şəkildə əhaliyə çatdırılıb.

 

Aqrar sektorda da artım var, sənayedə də...

 

Prezident İlham Əliyev çıxışlarında 2017-ci ildə ölkə qarşısında duran önəmli vəzifələri qeyd edərkən bildirmişdi ki, növbəti dövr üçün də prioritetlər dəyişməz olaraq qalır. Dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi siyasət, tövsiyə və tapşırıqlar əvvəlki illərdə olduğu kimi, cari ildə də İsmayıllıda uğurla həyata keçirilib.
İlin ötən dövrü ərzində ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 171 milyon manata yaxın olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 28,2 faiz çoxdur. Sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat, informasiya və rabitə, o cümlədən ticarət sahəsində artım əldə edilib. Hesabat dövründə əsas kapitala investisiya qoyuluşu 44 milyon 320 min manat olub. 12 milyon 353 min manat dəyərində əsas fondlar istifadəyə verilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə çoxdur.
Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi də qənaətbəxş hesab oluna bilər. Müvafiq həcm 80 milyon 546.3 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 432 min manat və ya 16,5 faiz çoxdur.

 

Yeni müəssisələrin açılması həm də əlavə iş yeri deməkdir

 

Rayonda yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunu təmin etmək məqsədilə Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, şəhərin M.F.Axundov küçəsində iki doqquzmərtəbəli yaşayış binasının, Heydər Əliyev prospektində beşmərtəbəli dördulduzlu hotelin, Tircan kəndi yaxınlığında Bədo İstirahət, Müalicə və Sanatoriya Mərkəzinin tikintisi davam etdirilib.
Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 3 min ton tutumu olan soyuducu kameranın tikintisi başa çatdırılıb və iki kamerada məhsul qəbuluna başlanıb. Qalan sahələrdə isə tikinti-quraşdırma işləri davam edir.
İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən Xalçaçılıq müəssisəsinin tikintisi başa çatıb və istehsalat fəaliyyətinə start verilib. Müəssisə tam gücü ilə işə düşdükdən sonra burada 170 nəfər toxucu işləyəcək. Hazırda obyektin həyətində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. 
Ümumiyyətlə, rayonda aktiv məşğulluq tədbirlərinin uğurla davam etdirilməsinə də ciddi yanaşılır. Bunun da nəticəsində Məşğulluq Mərkəzi tərəfindən 2017-ci ilin əvvəlindən 494 nəfər işlə təmin edilib. İşlə təmin olunanların 180 nəfəri gənc, 71 nəfəri qadın, 9 nəfəri isə qaçqın və məcburi köçkündür. Ötən dövrdə işaxtaran və işsiz vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə rayon ərazisində təmir-abadlıq işlərinin görülməsi üçün Kommunal Müəssisələri Kombinatına 108, çoxmənzilli binaların təmiri işləri ilə əlaqədar isə “Tikinti 27” ASC-yə 97 nəfər işaxtaran vətəndaşa göndəriş verilib və işlə təmin olunublar. Gələcəkdə peşə seçiminə kömək məqsədilə 269 nəfər gənc peşəyönümü məsləhətlərinə cəlb olunub.
Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla, təkmilləşdir” metodologiyasına uyğun qaydada təlim prosesinə cəlb olunmuş 16 nəfər iştirakçıdan 13 nəfərin biznes planları özünüməşğulluq fəaliyyətinin həyata keçirilməsi üçün məqbul hesab edilib. 12 nəfər kənd təsərrüfatı və 1 nəfər istehsal sahəsi üzrə aktivlərini alıb.
Ümumilikdə isə 2017-ci ilin ötən dövrü ərzində rayonda 939 daimi yeni iş yeri açılıb.

 

Şəhərin siması dəyişir

 

Bazar yaxınlığında Saat meydanı ətrafında vaxtilə köhnə və primitiv üslubda inşa edilmiş dəmirçi sexləri və digər obyektlərin köçürülməsi üçün şəhərin baş planına uyğun olaraq müasir obyektlərin tikintisi davam etdirilib. Şəhərin Ə.Ələkbərzadə küçəsində 2400 metr uzunluğunda səki salınıb. Yolun 1200 metr məsafəsi işıqlandırılıb, küçənin hərəkət hissəsi genişləndirilib və gələcəkdə velosiped yolunun qurulması üçün tədbirlər həyata keçirilib. Mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında 3 min kvadratmetrə yaxın ərazidə abadlıq işləri aparılıb və yeni döşəmə daşları düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2269 saylı sərəncamı ilə İsmayıllı şəhərində 30 ictimai yaşayış binasında əsaslı təmir işlərinin aparılması məqsədilə 3 milyon manat vəsait ayrılmışdı. Sözügedən sərəncamın icrası ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən binalara baxış keçirilib, görüləcək işlərin həcmi müəyyənləşdirilib, müvafiq layihə-smeta sənədləri hazırlanıb. Hazırda qeyd olunan istiqamətdə tikinti-quraşdırma işləri davam etdirilir. Çoxmənzilli binaların həyətyanı sahələri abadlaşdırılır, hər bir bloka giriş qapısı qoyulur. Pilləkən qəfəsləri təmir olunur, fasad üzlükləri təzələnir, dam örtükləri dəyişdirilir. Hazırda şəhərin M.F.Axundov küçəsində yaşayış binalarının həyətyanı sahələrində əhalinin istirahətinin təmin edilməsi məqsədilə abadlıq işləri aparılır.

 

İçməli su tələbatının ödənilməsi gündəlikdədir

 

İsmayıllı sakinlərinin içməli su tələbatlarının ödənilməsi və mənzillərin kanalizasiya xətlərinə qoşulması istiqamətində də zəruri tədbirlər davam etdirilir. Hazırda rayonun “Sukanal” idarəsinin balansında olan 11 kilometr magistral su xətti və 64 kilometr şəhərdaxili xətlər var. Artıq yaşayış binalarının yeni kanalizasiya xətlərinə qoşulma işlərinə də başlanıb. Beləliklə də 1374 abonent çirkab sularının axıdılması üçün yeni kanalizasiya sisteminə qoşulub. 
Qeyd olunanlarla yanaşı, rayonun bir sıra yaşayış məntəqələrində içməli su əhalinin tələbatını ödəmir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən cari ildə Xəlilli, Eyyubbəyli, Çayqovuşan, Çərmədil və Gideyli kəndlərində əhalini təmiz içməli su ilə təmin etmək üçün modul tipli sutəmizləyici qurğunun quraşdırılması işlərinə başlanıb. Əhalinin içməli və suvarma suyu ilə təchizatını yaxşılaşdırmaq üçün rayonda 8 subartezian quyusunun qazılması nəzərdə tutulub.

 

106 min ton son hədd deyil

 

2017-ci ilin məhsulu üçün ötən ilin payızında 29 min 453 hektarda şum çıxarılıb. 21 min 609 hektarda buğda, 6640 hektarda arpa, 137 hektarda çovdar olmaqla 28 min 386 hektar sahədə səpin aparılıb. Səpinlə birlikdə verilməsi üçün 650 tondan çox fosforlu, 1474 ton azotlu gübrə gətirilərək güzəştli qiymətlərlə istehsalçılara satılıb. Hər hektardan 37,3 sentner olmaqla ümumilikdə 80 min 525 ton buğda və müvafiq olaraq 32,7 sentner olmaqla 21 min 720 ton arpa məhsulu toplanıb. Nəticədə rayonda 106 min 643 ton dənli və dənli-paxlalı bitkilər istehsal edilib və hər hektardan orta məhsuldarlıq 35.6 sentner olub. Kənd təsərrüfatı bitkiləri əkib becərən 7662 nəfər istehsalçıya əkib becərdikləri 26 min 401 hektar sahəyə görə 1 milyon 998 min 650 manat yardım hesablanaraq respublika komissiyasının qərarına əsasən istehsalçılara ödənilib.
Rayon üzrə fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 811.9 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılıb.

 

Meyvəçilik start götürür

 

Diyallı kəndində dəyəri 1200 min manat olan böyürtkən, moruq və s. giləmeyvələrinin yetişdirilməsi üçün örtülü təsərrüfat təşkil edilib. Bundan başqa, 2017-ci ilin yaz mövsümündə Kəlbənd kəndində 7, Qalınçaq kəndində 31,5 hektar sahədə intensiv meyvə bağları salınıb. Eyni zamanda Qubaxəlilli kəndi ərazisində 40, Tircan kəndində isə 7.5 hektar qoz bağı əkilib. Rayon mərkəzinə ən yaxın məsafədə yerləşən kəndlərdən olan Diyallı kəndi də prosesdən kənarda qalmayıb. Burada 3 hektar şaftalı, 5 hektar sahədə isə qoz bağı salınıb.

 

Məktəblər qayğı ilə əhatə olunur

 

İsmayıllıda digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əsaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri müşahidə edilməkdədir. Ötən dövrdə Yenikənd kənd ümumi orta məktəbi üçün modul tipli yeni bina tikilib istifadəyə verilib. Tağlabiyan kənd ümumi orta məktəbi üçün tikilən modul tipli yeni binada isə son tamamlama işləri başa çatmaq üzrədir.
Lahıc qəsəbə tam orta məktəbi üçün 400 yerlik məktəb binasının tikilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı təhsilə dövlət qayğısının bariz nümunəsidir.
Buraxılış imtahanlarını müvəffəqiyyətlə verən 777 nəfər XI sinif şagirdi tam orta təhsil haqqında attestat, o cümlədən 40 nəfər fərqlənmə attestatı alıb. Şagirdlərin təhsil sahəsində qazandıqları uğurlar yüksək qiymətləndirilib. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov, şəhər 2 nömrəli tam orta məktəbinin məzunu Vaqif Talıbzadə, Xankənd kənd tam orta məktəbinin məzunu Cəmilə Məmmədova qızıl medala layiq görülüblər. Şəhər 6 nömrəli tam orta məktəbin məzunu Murad Ağazadə isə məktəbi gümüş medalla bitirib. Buraxılış imtahanlarında şəhər 1, 5, 6 nömrəli, Sumağallı, İvanovka kənd, Lahıc qəsəbə, şəhər 3 nömrəli məktəb-liseyin nəticələri daha yüksək olub.
Rayonun ümumtəhsil məktəblərinin məzunları ali məktəblərə tələbə qəbulu imtahanlarında da yüksək nəticə göstəriblər. 354 nəfər ali məktəblərə qəbul olunub. Onlardan Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov 700 bal, 26 nəfər 600-dən, 86 nəfər isə 500-dən yuxarı bal toplayıb. Tələbə qəbulu imtahanlarında qazandıqları yüksək nəticələrə görə Vahab Cəbrayılov və şəhər 6 nömrəli tam orta məktəbin məzunu Murad Ağazadə Prezident təqaüdünə layiq görülüblər.
Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 5 oktyabr Müəllim Günü ərəfəsində şəhər 5 nömrəli tam orta məktəbin müəlliməsi Dürdanə Ağayevanın “Əməkdar müəllim” fəxri adı, şəhər 1 nömrəli tam orta məktəbin müəlliməsi Ruhiyyə Mahmudovanın “Tərəqqi” medalı ilə təltif edilməsi dövlətin müəllim əməyinə verdiyi yüksək qiymət kimi minnətdarlıqla qarşılanıb.

 

Vətəndaş cəmiyyəti təşkilatlarına lazımi şərait yaradılır

 

Bu gün İsmayıllıda 5 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, rayon ağsaqqalları ilə mütəmadi görüşlər keçirilir. Rayon icra hakimiyyəti onların problemlərinin həllinə daim yardımçı olur. Ötən dövr ərzində də Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, müharibə və əmək veteranlarının sosial həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması və bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilib. Fəal ağsaqqallar rayonun ictimai-siyasi həyatının idarə olunmasına cəlb edilir.
Uşaq və Ailələrə Dəstək Mərkəzinə ilin əvvəlindən 92 nəfər müraciət edib və onların problemlərinin həlli istiqamətində iş aparılıb. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 13 müraciət araşdırılıb və əsasən həll olunaraq nəzarətə götürülüb. 34 problemli ailə ziyarət olunub və 120 xüsusi halla bağlı iş davam etdirilib.
Multikulturalizmlə və “İslam həmrəyliyi ili” ilə bağlı tədbirlərin keçirilməsi də davamlı olub. Rayonda fəaliyyət göstərən dini icma sədrləri, axund və imamlar, o cümlədən əhali qrupu ilə görüşlərin nəticəsi olaraq müəyyən layihələr də icra olunub. Dövlət-din münasibətlərinin əhaliyə izah olunması isə mütəmadi xarakter alıb. 
İsmayıllıda fəaliyyətə başlayan Regional “Bilik Evi” və Multikulturalizm Mərkəzi də ideoloji fəaliyyətini artırıb və onlarla birgə bir sıra tədbirlər həyata keçirilib.
M.Sadıqov fikirlərini bu şəkildə tamamladı: “Bütün ismayıllılar əmindirlər ki, cənab Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası vətənimizin inkişafı və çiçəklənməsini, xalqın rifah halının yüksəlməsini, iqtisadi və sosial problemlərin həllini təmin edəcəkdir. Qətiyyətlə bildirmək istərdim ki, cənab Prezidentin tapşırıqları İsmayıllıda yüksək səviyyədə icra olunacaq. Bu il olduğu kimi, 2018-ci ildə də bütün məsələlərin uğurlu həllinə nail olacaq və hədəflərə çatmaq üçün qüvvələri səfərbər edəcəyik”.

Əli SƏLİMOV,
“Azərbaycan”