Xəbər Məzahir Heydərli - Gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılır

Məzahir Heydərli - Gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılır

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Bu gün gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi dövlətin diqqət yetirdiyi prioritet sahələr sırasında yer alır.
Sürətli tərəqqiyə can atan cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülmüş siyasətin həyata keçirilməsidir.
Belə bir siyasətin mövcudluğu gəncliyin özünüifadəsi üçün geniş imkanlar yaradır, onun milli inkişaf prosesində aparıcı rol oynamasını şərtləndirir.
 
Dövlətin həyata keçirdiyi gənclər siyasəti bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də müasir Azərbaycanın dinamik tərəqqisi naminə gənclərin öz potensialının sərbəst, səmərəli şəkildə reallaşdırmasına yol açır. Buna paralel olaraq gənclərin müasir biliklərə, dünyagörüşünə yiyələnməsi istiqamətində məqsədyönlü addımlar atılır, müvafiq tədbirlər görülür. Nəticə etibarilə gənclərin təhsili, sağlamlığı,  intellektual inkişafı üçün ölkəmizdə hərtərəfli şərait yaradılır.
 
Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tuturdu. Heydər Əliyev Azərbaycan gəncliyini aydın inkişaf yoluna çıxarmış, cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmışdır.
 
1994-2003-cü illərdə gənclər siyasətinin hüquqi bazası yaradılmış, bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilmişdir. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilmişdir. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilmiş forumdan sonra ölkədə bu nəslə yeni münasibət açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan böyük öndər bəyan etmişdi ki, “biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onun imkanlarından maksimum istifadə edəcəyik”. Bu ideya ölkə gəncləri qarşısında geniş imkanlar açdı və onlar dövlət hakimiyyəti orqanlarında məsul vəzifələrə irəli çəkildilər.
 
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilməsi ilə Ümummilli liderin başladığı işi davam etdirmək üçün zəmin yarandı. Son səkkiz ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti böyüməkdə olan nəslin hərtərəfli inkişafını, onun cəmiyyətin həyatında fəallığını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
 
Hazırda İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyası uğurla gerçəkləşdirilir. Gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onları sağlam, nikbin, xoşbəxt görmək üçün ölkəmizdə sosial-iqtisadi vəziyyət ildən-ilə daha da yaxşılaşır. Bu gün Azərbaycan dövləti demokratik inkişaf yolu tutaraq gənclərin bu istiqamətdə, bu şəraitdə tərbiyə olunmasına, intellektual inkişafına çalışır.
 
İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad diqqəti cəlb edir. Ölkə başçısı bununla bağlı demişdir: “Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar”.
 
Bütün bunların nəticəsi olaraq son illər ölkədə gedən hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığı xeyli artmışdır. Bu gün gənclər fəal sosial təbəqə kimi cəmiyyətin inkişafında yaxından iştirak edirlər. Onlar ən mötəbər kürsülərdən sözlərini demək imkanı qazanmışlar. Yüksək intellekti və bacarığı ilə seçilən gənclər dövlət idarəetmə orqanlarında məsul vəzifələr tutur, biliklərini cəmiyyətin tərəqqisi naminə sərf edirlər.
 
Gənclər dövlətin diqqət və qayğısını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verməyə çalışırlar.