Xəbər Cənubi Qafqazın lider dövləti kimi ölkəmizin beynəlxalq nüfuzu getdikcə yüksəlir

Cənubi Qafqazın lider dövləti kimi ölkəmizin beynəlxalq nüfuzu getdikcə yüksəlir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət strategiyasının əsasını dövlətlərarası, regional və beynəlxalq əlaqələrə daha yaxından qatılmaqla, dünya birliyinə sıx inteqrasiya olunmaq təşkil edir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirməklə, beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq, öz milli maraqlarını qoruyur və dövlətlərarası əlaqələrini getdikcə genişləndirir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına və dinamik şəkildə davam etdirən cənab İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmiz artıq dünya birliyində söz sahibinə çevrilib.  Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu diplomatik fəaliyyəti ölkəmizi dünyanın  siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldırıb. Məhz bunun nəticəsidir ki, bu gün respublikamız təkcə regionda gedən proseslərdə deyil, eyni zamanda, dünya miqyasında cərəyan edən hadisələrə də təsir  göstərmək imkanı qazanmışdır. Nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini Azərbaycanda keçirmələri də bunun nəticəsidir. Biz 2017-ci ildə də belə tədbirlərin Bakıda keçirilməsinin şahidi olduq. Bu, Azərbaycana dünya miqyasında olan inam və etimadın bariz nümunəsidir.

Azərbaycan bu gün də mühüm geosiyasi məkan kimi regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün perspektivli tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Göründüyü kimi, cəmi 26 illik müstəqillik tarixi olan dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə  mövqelərini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması istiqamətində dövlət başçımızın mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Yaxın vaxtlarda  Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri və bu zaman Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Şərq Tərəfdaşlığı Sammitində iştirakı, həmçinin sammitin plenar sessiyasında çıxışı zamanı da bunun şahidi olduq. Dövlətimizin başçısının həmin tədbirdə ölkəmizin inkişafı, iqtisadi qüdrətini daha da artırması, iri infrastruktur layihələrin reallaşdırılması və bu layihələrin əhəmiyyəti, Avropa İttifaqı ilə əməkdaşlığın zəruriliyindən söhbət açması böyük maraqla qarşılanmışdır. Onu da qeyd edək ki, həmin sammitdə ən yaddaqalan və xalqımız üçün çox önəmli olan hadisələrdən biri  də Birgə Bəyannamənin qəbul edilməsi idi. Bu, həm də 2017-ci ildə xarici siyasətimizin mühüm uğuru kimi dəyərləndirilməlidir. Çünki Avropa İttifaqının bu cür mötəbər tədbirində Azərbaycanın maraqlarına cavab verən belə bir mühüm sənədin qəbul olunması, eyni zamanda, Ermənistan tərəfinin bu sənədə onun işğalçı maraqlarına uyğun maddələrin əlavə edilməsi cəhdlərinin puça çıxması olduqca yaddaqalan hadisədir. Fikrimcə, bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bunu bəyannamənin maddələri də təsdiqləyir. Bu tarixi sənəddə diqqət çəkən əsas məqamlardan biri üzv və tərəfdaş ölkələrin ərazi bütövlüyünün dəstəklənməsidir.

Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl və praqmatik siyasətin davamı Şərq Tərəfdaşlığı Sammitində özünü bir daha açıq şəkildə göstərdi. Bunu, həm də son illər həyata keçirilən transmilli layihələrin nəticəsi kimi də qəbul etməliyik.

Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi sabit bir məkana çevrilməsi Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı xarici siyasətinin nəticəsidir. Böyük uzaqgörənliklə həyata keçirilən, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik maraqlarımızın da qətiyyətlə müdafiə edildiyi bu siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevirib.

Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, işğal altında olan ərazilərimizin düşməndən azad edilməsi, doğma yurdlarından didərgin salınmış soydaşlarımızın ata-baba yurdlarına qaytarılmasıdır. Dövlətimizin başçısı bu il də həmin istiqamətdə fəaliyyətini davam etdirmiş, bu problemin aradan qaldırılmasının başlıca vəzifə olduğunu bildirmişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bizim əzəli torpaqlarımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir”.

Ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsindən söhbət düşəndə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də mütləq qeyd olunmalıdır. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan mədəniyyətlər və sivilizasiyalararası dialoqların məkanına çevrilib. Belə tədbirlərin ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki həmin tədbirə qatılan xarici ölkələrin dövlət rəsmiləri, ekspertləri, həmçinin tanınmış ictimai-siyasi xadimləri ölkəmizin sürətli inkişafının, xalqımızın səmimiyyətinin, qonaqpərvərliyinin, sülhsevərliyinin canlı şahidi olurlar. Birinci xanımın Avropa ölkələrində, sonra isə Pakistanda, Həştərxanda və digər ölkələrdəki xeyriyyəçilik fəaliyyəti respublikamızın reytinqinin yüksəlməsində böyük rol oynamışdır. 

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün  Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi  respublikamızın dünya  miqyasındakı nüfuzunu xeyli  artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu  davamı müstəqil dövlətimizin dünya birliyində mövqelərinin daha da möhkəmlənəcəyinə olan inamı daha da artıracaqdır.

Artıq 2017-ci il də tarixə qovuşmaq üzrədir.Yola salmağa hazırlaşdığımız bu il də Azərbaycanın daxili və xarici siyasətində əsaslı irəliləyişin, beynəlxalq aləmdə əlaqələrin daha da genişləndirilməsinin, mövqelərimizin möhkəmləndirilməsinin, ölkəmizin reytinqinin daha da yüksəlməsinin ili kimi yadda qalacaq.

Yusif BABANLI,
professor