Xəbər İlham Əliyev Ermənistanı növbəti dəfə ifşa etdi

İlham Əliyev Ermənistanı növbəti dəfə ifşa etdi

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarına riayət olunmamasını dünya nizamının pozulması kimi səciyyələndirdi

Bu gün Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən biri dövlətlər, birliklər arasında qarşılıqlı inteqrasiya prosesinin güclənməsi, sözügedən proses zamanı ölkəmizin milli maraqlarının daha yüksək səviyyədə təmin edilməsidir. Ötən dövr ərzində qeyd olunan istiqamətdə Azərbaycan mühüm nailiyyətlərə imza atmağı bacarıb. Elə bunun nəticəsidir ki, siyasi, iqtisadi, mədəni, humanitar və digər vacib sahələrdə qurulan qarşılıqlı əməkdaşlıqdan ölkəmiz böyük dividendlər qazanıb və hazırda bu proses uğurla davam etdirilir.

Ölkəmizin əməkdaşlıq sahəsində diqqət mərkəzində saxladığı qurumlardan biri özünün də aparıcı üzvlərindən olduğu Müstəqil Dövlətlər Birliyidir (MDB). Bu xüsusda mövcud siyasətin təhlili göstərir ki, Azərbaycan MDB iştirakçı dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə daha çox  üstünlük verir.

Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək bu təşkilatın üzv dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Təbii ki, işğalçılıq siyasətinə görə Ermənistan burada istisna təşkil edir.

İndilikdə isə qurumun işində ən fəal iştirak edən dövlətlərdən biri qismində məhz Azərbaycan çıxış edir və dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü bu mənada istisna təşkil etmədi. Xatırladaq ki, “Novo-Oqaryovo” dövlət iqamətgahında baş tutan görüşdə Prezident İlham Əliyev də iştirak edib.

Görüşdə MDB çərçivəsində il ərzində görülən işlərə yekun vurulub, perspektivdə olan planlar haqqında danışılıb, regional və beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunub. Həmçinin vəziyyətin təhlili göstərir ki, cari ildə MDB ölkələri arasında əmtəə dövriyyəsində böyük artım qeydə alınıb. Bu ilin 10 ayının yekunlarına görə, bu rəqəm 25,7 faiz artıb və 117 milyard dollara çatıb. Məlumat üçün bildirək ki, 2016-cı il ərzində bu göstərici cəmi 94 milyard dollar təşkil edib.

Bununla yanaşı, cari il ərzində MDB-nin hüquq-müqavilə bazası möhkəmlənib, innovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər qüvvəyə minib. MDB çərçivəsində xidmətlərin azad ticarəti üzrə saziş üzərində də iş tamamlanmaqdadır. Birlik ölkələri terrorçuluq, transsərhəd cinayətlər, narkotrafikə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyəti gücləndirirlər. Araşdırmalar göstərir ki, qurum çərçivəsində   humanitar sahədə əməkdaşlıq da möhkəmlənir, gənclər siyasəti, təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələr reallaşdırılır.

Bütün bunlardan, təbii ki, MDB-yə üzv ölkə kimi Azərbaycan da yararlanır. Yeri gəlmişkən qeyd edək ki, MDB çərçivəsində qarşılıqlı ticarət həcminin artmasında və iqtisadi münasibətlərin daha da yüksəlməsində Azərbaycan aparıcı rola malik tərəflərdən biri kimi çıxış edir. MDB çərçivəsində müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi ölkəmizin maraqlarına cavab verir. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev MDB formatında, Ermənistan istisna olmaqla, digər ölkələrlə əməkdaşlığı yüksək qiymətləndirir.

Dövlət başçısı cari il ərzində qurum çərçivəsində həyata keçirilən işləri yüksək dəyərləndirir: “Bu il ərzində MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb. Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir. Biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərdən heç də az dərəcədə asılı deyil. MDB məkanında müşahidə etdiyimiz müsbət meyillər, şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan vermişdir. Rusiya MDB-də birləşdirici rol oynayır”.

Prezident diqqəti ona da yönəldir ki, bu gün beynəlxalq miqyasda hüquq normalarına əməl edilməsi üçün də müvafiq addımlar atılmasına ciddi zərurət var: “Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, İkinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdı”.

Aydındır ki, bununla həm də dövlət başçısı Ermənistana növbəti mesajlarını verib. Çünki məhz Ermənistan hələ də beynəlxalq hüquq normalarına ziddinə olaraq işğal siyasətini davam etdirir. Bu mənada MDB formatı həm də Ermənistanın işğal siyasətinin ifşa olunması baxımından mühüm plaftorma sayılır.

Ümumilikdə isə MDB çərçivəsində əməkdaşlıq Azərbaycana bir çox üstünlüklər qazandırıb. Elə bu səbəbdən Azərbaycan qurumun daha da inkişaf etməsi, güclənməsində maraqlı tərəflərdən biri kimi çıxış edir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”