Xəbər Mehriban Əliyeva: Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir

Mehriban Əliyeva: Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Yüz illərdir qadınlar dünyanı gözəlləşdirməyə çalışırlar. Qurub - yaratmağa və mənəviyyatımızı saflaşdırmağa, maddi-mənəvi dəyərlərimizi qorumağa və inkişaf etdirməyə səsləyən qadınlar zərif əməl və addımları ilə milyonlarla insanın həyatını dəyişdirir, hər birimizin gələcəyə inamını daha da gücləndirirlər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məhz belə xanımlardandır. İctimai şüurda kök salmış xeyirxahlıq və mərhəmətlilik düşüncəsini ehtiva edən ictimai-siyasi fəaliyyəti ilə Mehriban xanım xalqımızın zəngin dəyərlərini yeni zirvələrə yüksəldir, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında misilsiz addımlar atır. Belə mərhəmətli və genişmiqyaslı fəaliyyətin nəticəsidir ki, Mehriban xanım Əliyeva dünyanın ən ali mükafatlarına layiq görülür, əməyi yüksək qiymətləndirilir.

Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dekabr ayının 27-də II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.

Ordenin təqdimat mərasimində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Mehriban xanım Əliyevanın Azərbaycan xalqının həyatında çox mühüm rol oynadığını vurğulayaraq, bildirmişdir ki, böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Mehriban xanım Əliyeva Azərbaycandan uzaqlarda da bir çox işlər görür. Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakına görə mükafat təqdim edildiyini bildirən Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Həştərxana səfəri zamanı Mehriban xanım Əliyevanın bir çox işləri barədə məlumat aldığını xatırlatmış və Azərbaycanın birinci xanımının Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməsi barədə qərar qəbul etdiyini bildirmişdir.

Xatırladaq ki, 2013-cü ildə ­Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılmış və bu il
Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri aparılmışdır.

Alman şairi, filosof və dramaturqu Fridrix Şiller deyirdi ki, “Amal yüksək olduqca, insan da yüksəlir”. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ictimai-siyasi, xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu milli–mənəvi dəyərlərin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələrlə böyük hörmət qazanmışdır.

Bu gün dünyada xeyriyyəçiliklə məşğul olanların sayı az deyil. Ancaq Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətində təkrarolunmaz və özünəməxsus imzası vardır. Bu, təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da müşahidə və hiss olunur.

Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti Azərbaycanda dini icmaları da əhatə edir. Məsələn, Azərbaycanın Rus icması Heydər Əliyev Fondu prezidentinin xeyriyyəçilik xidmətlərini yüksək qiymətləndirir. Məhz həmin qiymətləndirmənin nəticəsidir ki, Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə Mehriban xanım Əliyevaya "Yaqut xaç" ordeni təqdim olunmuşdur.

Aqillər deyirlər ki, humanizm və başqasının dərdinə şərik olmaq bütün dövrlərdə insan cəmiyyətində üstünlük verilən əbədi dəyərlərdən dir. Mehriban xanım Əliyeva xeyirxahlıq və haqq-ədalət amallarını uca tutaraq, çoxşaxəli fəaliyyətində təmənnasız və fədakar həyat nümunəsi nümayiş etdirir. Bundan əlavə,
Mehriban Əliyeva özünün təşkilatçılıq məharəti sayəsində Azərbaycanı dünyada sülhə, yaradıcı inkişafa və digər ölkələrlə əməkdaşlığa çalışan dövlət kimi tanıdan proqramlar həyata keçirir. Onun fəaliyyəti Azərbaycan xalqının çox zəngin mədəni ənənələrinin qorunub saxlanılmasına, əhalinin sosial cəhətdən ən zəif təbəqələrinin – qaçqınların, məcburi köçkünlərin, aztəminatlı ailələrdən olan uşaqların və kimsəsiz uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir.

Bu gün zəngin dövlətçilik təcrübəsi olan Azərbaycan memarlıq abidələrinə, mədəniyyətə, milli-mənəvi dəyərlərə malik ölkə kimi tanınır və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Belə marağa səbəb də Azərbaycanın güclü və dinamik inkişaf edən dövlət kimi tanınması və eyni zamanda, multikultural və tolerantlıq ənənələrinin olması ilə əlaqədardır. Təbii ki, bütün bunlar ölkəmizin ictimai-siyasi həyatının aparıcı istiqamətlərini təşkil edir və son illərin mənzərəsi onu göstərir ki, güclü və nüfuzlu dövlət imicinin qazanılması Azərbaycan dövlətinin yürütdüyü uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev və həmin məsuliyyətli yolda özünün çoxşaxəli fəaliyyəti ilə dəstək olan Birinci vitse-prezident Mehriban Əliyeva bu prosesdə böyük rol oynayır. Mehriban xanım Əliyeva çıxışlarının birində demişdi ki, işin vacibliyi və xarakterindən asılı olmayaraq, əsl məsuliyyət insanın özü qarşısında, özünə verdiyi vədləri qarşısında olan məsuliyyətdir. Bir daxili tələb olaraq hər addımında bu məsuliyyəti hiss etdiyini açıqlayan Mehriban xanım Əliyeva reallaşdırdığı böyük layihələrlə həyat amalının məhz Azərbaycanın tərəqqəsinə yönəldiyini dəfələrlə təsdiqləmişdir.

Azərbaycan xalqının çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu prosesin daha da güclənməsində Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. Məsələn, 2015-ci il sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfransda Birinci vitse-prezidentimiz bildirmişdi ki, Azərbaycan minilliklərlə cəmiyyətdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyini bərpa etdikdən sonra da qoruyub saxlamış və daha da möhkəmləndirməyə çalışır.

Mehriban xanım Əliyeva Moskvadakı Xilaskar İsa Məbədində keçirilən mərasimdəki çıxışında Azərbaycanın dünyada multikultural bir ölkə kimi sevilməsində böyük rol oynadığını və məhz buna görə də son illər Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrildiyini vurğulamışdır. Ölkəmizdə multikultarilizmin, tolerantlığın xalqımızın bir həyat tərzi olması və aparılan uğurlu dövlət siyasəti olduğunu bir daha xatırlatmışdır: “Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur”.

Azərbaycan böyük nüfuza malik olan təşkilatlarla çox səmərəli əməkdaşlıq edir. Belə təşkilatlardan biri də UNESCO-dur. Azərbaycan –UNESCO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və təbliğindəki xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin avqust ayında UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür. Hazırda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda, beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Azərbaycanda maddi və qeyri-maddi irsin qorunub saxlanılması, ölkəmzidə və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır. Onun təşəbbüsü ilə Bakıda unikal Muğam Mərkəzi və Müasir İncəsənət Muzeyi tikilmiş, 2011-ci ildə Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu keçirilmişdir.

Bundan başqa, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan -- tolerantlıq ünvanı” layihəsi çərçivəsində Bakıda Pir Həsən ziyarətgahı, “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsi və Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Şamaxıda Cümə məscidi və Gəncədə “Həzrəti Zeynəb” məscidindən tutmuş Fransanın müxtəlif bölgələrində kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, habelə Həştərxanda Knyaz Vladimirə abidə ucaldılmasına qədər müxtəlif dini obyektlərdə bərpa işləri aparılmışdır. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpa olunmasını xristian aləminin müqəddəs abidələrinin qorunub saxlanılmasına müsəlman dünyasının töhfəsi kimi qəbul edir. Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə UNESCO-nun gümüş xatirə medalı, 2010-cu ildə isə UNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif olunmuşdur.

Uzaq-yaxın ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, habelə xarici ölkələrlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlərin keçirilməsi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Avropa Parlamentinin və UNESCO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki qərargahında silsilə tədbirlərin təşkil edilməsi bir məqsədə -- beynəlxalq arenada ölkənin mövqelərinin möhkəmlənməsinə və imicinin güclənməsinə xidmət edir.

Bir sözlə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlərin nəticəsi bu gün göz qabağındadır. Ötən müddət ərzində yüzlərlə yeni məktəb inşa olunmuş və təmir edilmiş, uşaq evləri, internat məktəbləri, uşaq bağçaları və yay düşərgələri müasirləşdirilmişdir. Yeni tibb müəssisələri, diaqnostika və müalicə mərkəzləri tikilib istifadəyə verilmişdir. Hazırda müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün xüsusi tibb müəssisələri və reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi və dini abidələr, eyni zamanda, mədəniyyət ocaqları, muzeylər, mərkəzlər və konsert salonları bərpa edilmişdir. Yeni parklar salınmış, yol, su, işıq və qaz xətləri çəkilmişdir. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq istiqamətində aparılan işlər nəticəsində yüzlərlə kitab, broşür nəşr olunmuş, foto və videoalbomlar hazırlanmışdır. Bundan başqa, fondun dəstəyi ilə zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar və elmi konfranslar da təşkil edilmişdir. Ən əsası, Heydər Əliyev Fondunun səmərəli xeyriyyəçilik fəaliyyətinin nəticəsində yüzlərlə insan normal həyata qayıtmışdır. Bütün bu xeyirxah əməllər Mehriban xanım Əliyevanın xalqa, hər bir Azərbaycan vətəndaşına olan dərin hörmətinin təcəssümüdür.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Feketenin, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevin və Alban-udi dini icmasının sədri Robert Mobilinin Mehriban xanım Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibəti ilə ünvanladıqları təbrik məktubunda deyilir: “Sizin bu zamana qədər yerinə yetirdiyiniz ictimai, siyasi və mədəni missiya tarixi fenomendir. Müqəddəs məkanların tikintisi və bərpası, müsəlman ziyarətgahları ilə yanaşı, xristian və yəhudi dini abidələrinin abadlaşdırılması sahəsində gördüyünüz işlər, milli-mənəvi dəyərlərimizin xaricdə və ölkə daxilində mütəmadi təbliğ olunması bir Azərbaycan xanımının dünyaya bəyan etdiyi yüksək tolerantlıq mədəniyyətinin nümayişidir. Siz millətlər və dinlərarası dialoqu, multikulturalizm prinsiplərini daima diqqət mərkəzində saxlamaqla, Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırırsınız”.

Yeri gəlmişkən, iki gün əvvəl -- dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil etmişdi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların bayram şənliyində iştirak edirdi.

Elə bu sətirləri də bilavasitə onun həmin tədbirdə uşaqlara xitabən səsləndirdiyi fikirlərlə yekunlaşdırırıq: “Mən sizin hər birinizə 2018-ci ildə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Arzulayıram ki, bizim balalarımız savadlı, bilikli, tərbiyəli böyüsün. Arzulayıram ki, onlar öz dostları, yaxınları, ətraflarındakı insanlar ilə xoş niyyətlə, hörmətlə davransınlar. Qoy, sizin yolunuz açıq, ürəyiniz işıqla dolu olsun! Mən sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm”.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”