Xəbər Aqrar sektorda yeni mərhələ başlanır

Aqrar sektorda yeni mərhələ başlanır

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Kiçik təsərrüfatlardan aqroparklara doğru...

Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, kənd təsərrüfatının da inkişafına gedən yol asan olmadı. Bu baxımdan aqrar sektordakı indiki uğurlar gərgin əmək və həyata keçirilən düzgün siyasət sayəsində əldə edilib. Ölkəmiz artıq nəinki bir çox strateji məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir, hətta xaricə də kənd təsərrüfatı məhsulları ixrac edir.
Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda aqrar sektoru müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək üçün çox işlər görülür. Təsadüfi deyil ki, 2003-cü ildə Prezident seçildikdən sonra onun imzaladığı ilk fərman və sərəncamlarda aqrar sahənin inkişafı mühüm yer tutmuşdur. Dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” (2003-cü il), “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması (2004-cü il) və “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” (2007-ci il) fərman və sərəncamlarda qarşıya qoyulan vəzifələrin icrası sayəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoydu. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlar torpaq vergisindən başqa bütün növ vergilərdən azad edildilər, onlara istifadə etdikləri yanacaq və sürtkü yağlarına, gübrə, toxum və damazlıq heyvanlara görə subsidiyalar verilməyə başlandı, buğda, pambıq, barama, tütün, çəltik, fındıq və s. ənənəvi məhsulların istehsalçılarına əlavə güzəştlər olundu. Onu da qeyd edək ki, həmin imtiyazlar günü bu günəcən davam edir. 
Aqrar sahənin inkişafında maliyyə dəstəyi mühüm rol oynayır. Odur ki, bu gün Azərbaycanda digər sahələrdə çalışan sahibkarlarla yanaşı, fermerlərə də güzəştli kreditlər verilir. 
Bu vəsaitdən səmərəli istifadə edən fermerlərin bir çoxu öz təsərrüfatlarını iri fermer təsərrüfatlarına çevirirlər. Artıq ölkədə onlarla iri fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatların fəaliyyəti istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.
Məlumdur ki, dünyada kənd təsərrüfatının mütərəqqi üsullarla inkişafının yeni formaları yaranır. Ölkəmiz də bu təcrübələrdən faydalanmaq üçün müvafiq tədbirlər görür. Belə mütərəqqi üsullardan biri də aqroparklardır. Hazırda Azərbaycanda aqroparkların yaradılması diqqət mərkəzindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır”. 
Məlumat üçün bildirək ki, aqropark biznes modeli olaraq ilk dəfə Niderland Krallığında yaranmışdır. O, kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri əhatə etməklə bu zənciri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və emal prosesləri, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq, satış (daxili bazar və ixrac) və digər xidmətlər, xammal istehsalı, emal prosesləri yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır. Ərzaq məhsullarının istehsalı ilə bağlı əsas fəaliyyətləri - enerji, su və tullantıların idarə edilməsi, logistika, nəqliyyat, ərazinin planlaşdırması və digər proseslərin həyata keçirilməsini təmin edən aqroparklar həmçinin davamlı inkişaf prinsiplərinə əsaslanaraq istehsal, emal, tədarük, tədqiqat və inkişaf, ticarət və sosial funksiyaları özündə birləşdirən bir mərkəz kimi xarakterizə olunur.
Bu gün Azərbaycanın qarşısında duran əsas hədəflərdən birinin - qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar sənaye sahəsinin inkişafını təmin etmək üçün həmin sahənin innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas istiqamətlərdəndir. Prezident İlham Əliyev də dəfələrlə kənd təsərrüfatında həyata keçirilən siyasətə uyğun yeni aqrar layihələrə başlamağa ehtiyac olduğunu bildirmişdir. Dövlət başçısı sənaye texnologiyaları parkları ilə yanaşı, kənd təsərrüfatında aqroparkların yaradılmasının zəruriliyini vurğulayaraq demişdir: “Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır”. 
Azərbaycanın aqroiqlim şəraiti regionlarda ekoloji cəhətdən təmiz, təbii üsullarla, yüksəkkeyfiyyətli və insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalına geniş imkanlar verir. Dövlət başçısının qarşıya qoyduğu vacib vəzifələrdən biri də bu amildən yararlanaraq belə məhsulların daxili bazarlarda satışı ilə yanaşı, xarici bazarlara ixracının həyata keçirilməsidir.
Kənd təsərrüfatında fərdiçilikdən iri istehsal sahələrinə keçmək üçün emal sənayesi ilə ilkin istehsal arasında kooperasiya ən optimal təsərrüfatçılıq formasıdır. Ümumilikdə kənd təsərrüfatının inkişafı, kənd ərazilərinin müasirləşməsi və istehsalın modernləşdirilməsi üçün emal sənayesi mühüm əhəmiyyət kəsb edir. Bu sahə kənd təsərrüfatı istehsalının inkişafında lokomotiv rolunu oynayır. Xammal istehsalı ilə emal sənayesinin vəhdəti daxili imkanlar və yerli resurslar vasitəsilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixracyönümlü məhsul istehsalının artırılması üçün böyük perspektivlər vəd edir. 
Elə buna görə də ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar-sənaye kompleksinin modernləşdirilməsi istiqamətində dövlət başçısı yeni yanaşma - aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sürmüşdür. Qeyd edək ki, aqrar-sənaye kompleksində aqroparkların yaradılması konsepsiyası nəinki postsovet respublikaları, hətta Avropa ölkələri üçün də yeni bir mexanizmdir. Əldə olunan təcrübə aqroparkların yaradılmasının müsbət nəticələr verdiyini təsdiq edir. Odur ki, aqroparkların innovativ meyarlara uyğun qurulması əsas hədəflərdəndir. 
Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda 28 rayon üzrə 42 aqroparkın, o cümlədən 15 müasir cins heyvandarlıq kompleksinin və 27 iri bitkiçilik təsərrüfatının yaradılması təşviq olunur. Artıq 3 aqroparkda birinci mərhələ üzrə işlər yekunlaşaraq istifadəyə verilmişdir. Bunlar Xaçmazda “Yalama Aqropark” (gücü saatda 5 ton olan yem zavodu və 4,5 min tonluq taxıl anbarı, 385 hektar ərazidə iri fermer təsərrüfatı və 1000 başı sağılan olmaqla 3000 başlıq müasir heyvandarlıq kompleksi), Şəmkirdə “Şəmkir Aqropark” (tutumu 21,2 min ton olan logistik mərkəz, TIR parkı, avtodayanacaq və laboratoriya) və Cəlilabadda “Günəşli Aqropark”dır (1200 hektar ərazidə iri taxılçılıq təsərrüfatı, 500 başlıq heyvandarlıq kompleksi). 
Hazırda 81 min hektar ərazidə 16 aqroparkın yaradılması üzrə tikinti-quraşdırma işləri aparılır, 98,4 min hektar ərazidə 23 aqroparkın yaradılması üzrə hazırlıq və təşviqat işləri davam etdirilir. Aqroparklar və iri fermer təsərrüfatlarının 42 min hektaradək ərazilərində müasir suvarma sistemləri (pivot) qurulmuşdur. Ümumilikdə isə aqroparklar üzrə 136 min hektardan çox ərazidə müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulur. Ümumi dəyəri 350,6 milyon manat olan 13 aqroparkın yaradılmasına 98,6 milyon manat güzəştli kredit verilmişdir. Həmçinin 10 aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilmişdir. 
Aqroparkların yaradılması əsasən bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaq. Bundan əlavə, aqroparkların təşkilinin davamlı inkişafın təmin edilməsi baxımından bir çox üstünlükləri var: aqroparkda istehsal, emal, logistika, satış qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında fəaliyyət göstərir ki, bu da ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə rəqabətqabiliyyətlilik təmin olunur. Həmçinin daxili bazarın yerli məhsullarla təmininə, milli brendlərin, eləcə də ixrac potensialının güclənməsinə, müasir texnologiyaların tətbiqinə şərait yaradır, texnikalardan istifadə əmsalını yüksəldir, bununla da ortaq xərclər minimuma enir. Bunlardan əlavə, istehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə münasibətləri əmələ gəlir, emal müəssisələrinin potensial gücü ilə işləməsinə, istehsal prosesində fasiləsizliyin təmin edilməsinə şərait yaranır, yerli istehsalçılardan məhsulların tədarük olunaraq vahid brend altında satışı reallaşır, ekoloji tarazlıq qorunur, su və torpaq resurslarından səmərəli istifadə olunmaqla onların mühafizəsi təmin edilir. Təlim-tədris xidmətinin göstərilməsi isə kənd təsərrüfatı və qida sənayesində kadr hazırlığını stimullaşdırır, kənd təsərrüfatı bitkiləri üzrə ehtimal olunan hər hansı bir xəstəliyin yayılmasını məhdudlaşdırır. Bununla da ərzaq məhsulları istehsalı üzrə müxtəlif fəaliyyətlər bir məkanda cəmləşir və özünü təmin edən vahid sistem yaranır. Aqroparkın təşkili üçün düzgün ərazi seçməklə həm hazır, həm də xammalın daşınması üçün nəqliyyat xidmətlərinə və əlavə nəqliyyat infrastrukturuna olan ehtiyaclar əsaslı şəkildə azalmış olur. 
Aqroparklarda istehsalçıların, təchizatçıların və tədarükçülərin eyni bir ərazidə fəaliyyət göstərməsi sayəsində müvafiq biznes subyektlərinin həm resurslar, həm də məhsullar bazarına çıxışı asanlaşır, effektiv biznes strategiyası və innovativ texnologiyalar hesabına müasir tələblərə uyğun rəqabətqabiliyyətli ərzaq istehsalı sistemi formalaşır. Burada müasir texnologiyaların tətbiqi əsasında təşkil edilən yeni istehsal gücləri ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına təminatına geniş imkanlar yaradır. 
Ənənəvi üsulla həyata keçirilən ərzaq məhsulları istehsalı kənd yerlərindəki dağınıq şəkildə istifadəni sürətləndirdiyi halda, aqroparkların fəaliyyəti bir ərazini əhatə edir. Bununla da kənd əraziləri, ümumilikdə təbii resursların qorunması təmin olunur. Aqroparkların ərazisində məhsul istehsalı üzrə keyfiyyətin idarə edilməsi sistemi və digər nəzarət mexanizmləri istehsal olunan məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğunu təmin etməyə də imkan yaradır. Beləliklə, kiçik sahibkarlığın inkişafı təmin olunur, yeni iş yerləri açılır və regionda istehsal olunan kənd təsərrüfatı və digər ərzaq məhsullarının vahid brend adı altında daxili və xarici bazarlara çıxışına şərait yaranır.

Rüstəm KAMAL,
“Azərbaycan”