Xəbər “Azərbaycanın gələcəyi işıqlı və firavan görünür” ŞƏRH

“Azərbaycanın gələcəyi işıqlı və firavan görünür” ŞƏRH

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
“2017-ci ilin xarici siyasət sahəsindəki yekunları göstərir ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir.

Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, bunun nəticəsidir ki, 2017-cı ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb: “Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir”.

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir: “Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanla əməkdaşlığın Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Bildiyimiz kimi, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib”.

//SİA