Xəbər “Formula-1” Qran-prisinin Azərbaycan nümunəsi

“Formula-1” Qran-prisinin Azərbaycan nümunəsi

Müəllif: Xeberim.az on in İdman
1st Image
Azərbaycan dünyanın ən mükəmməl idman mərkəzlərindən birinə çevrilib. Hər il ölkəmiz dünyanın ən mötəbər yarışlarına evsahibliyi edir. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları silsilə xarakteri daşıyır. Müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, taekvondo, güləş, boks, karate və olimpiya növlərinə daxil olan digər idman yarışlarının təşkili ölkəmizə böyük imic qazandırıb.

Ümumiyyətlə, 2017-ci ildə ölkəmizdə 55 beynəlxalq yarış keçirilib. Ötən ilin ən yaddaqalan idman turnirlərindən biri iyunun 23-25-də Bakıda dünyanın ən nüfuzlu avtomobil yarışlarından olan “Formula-1” Azərbaycan Qran-prisinin keçirilməsi idi. 
Prezident İlham Əliyevin yüksək təşkilatçılığı və dəstəyi ilə ikinci dəfə baş tutan dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı bu yarışı izlədi. 57 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan canlı olaraq yarışa baxdı.

 

Möhtəşəm açılış mərasimi

 

Azərbaycan Qran-prisinin möhtəşəm açılış mərasimi maraqlı anlarla yaddaşlara həkk olundu. Mədəniyyətimizi “Formula-1” dəyərləri ilə birləşdirən açılış mərasimi bir çox milli rəmzlərin vəhdətini yaratmaqla yüzlərlə könüllü, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət heyət tərəfindən təqdim edildi. Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdən bəri qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi.

 

Daniel Rikkiardo qalib oldu

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra “Formula-1” Azərbaycan Qran-prisinin final mərhələsi başladı. Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Mercedes”in pilotları Luis Hamilton və Valtteri Bottas dayandılar. Daha sonra isə Kimi Raykkonen, Sebastian Vettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force India”), Lans Strol, Felipe Massa (“Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Daniil Kvayt (“Toro Rosso”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlayn (“Sauber”), Karlos Sains (“Toro Rosso”), Romen Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandorn (“McLaren”), Fernando Alonso (“McLaren”) və Colion Palmer (“Renault”) sırada idilər.

Pilotlar ümumu məsafəsi 306 kilometr və 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu, müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası ən sürətli yarışlar kateqoriyasına daxildir. 
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi. 30 mindən çox tamaşaçının yarışları yerində izləməsi üçün hər cür şərait yaradılmışdı. 
Maraqlı və gərgin keçən yarışın yekununda “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo 2 saat 3 dəqiqə 55 saniyəlik nəticə ilə Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yerdə “Mercedes” komandasının üzvü Valtteri Bottas, üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu.

 

İlklərin yaşandığı Azərbaycan mərhələsi

 

Ən maraqlı məqamlardan biri də 10 komandadan 9-nun Bakıdan xalla ayrılması idi. Son illərdə belə hadisə heç bir dünya çempionatında yaşanmamışdı. Bakıdan xalsız ayrılan yeganə komanda “Renault” oldu. Problemlər Colion Palmerdən əl çəkmək bilmirdi. Niko Hülkenberq isə yeddinci döngədə divarla toqquşaraq asılqanı qırdı və yarışı yarımçıq dayandırdı. “Sauber” komandasından Paskal Verlyayn mövsümdə ikinci dəfə xal qazana bildi.

 

“F-1 şəhərciyi” qonaqları heyrətə saldı

 

“Formula-1” Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs ölkəmizin inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Onlar Azərbaycanda keçirilən sürət yarışına hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığının növbəti dəfə şahidinə çevrildilər. Yarış müddətində bütün əyləncə zonalarında, Dənizkənarı Milli Parkda “F-1 şəhərciyi”ndə bilet sahibləri onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə etdilər. 
“F-1 şəhərciyi”ndə ölkəmizin mədəniyyətini və mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim etdi. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini daha çox cəlb etdi. Milli şirniyyat növləri olan paxlava, şəkərbura və qoğalın ləziz dadı turistlərin zövqünü oxşadı, rəngarəng naxışlı əl işləri və ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb oldu.

 

Dünya ulduzlarının konsertləri böyük coşqu yaratdı

 

“Formula-1” Azərbaycan Qran-prisinin həyəcanlı və maraqlı yarışlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Formula-1 şəhərciyi”nə toplaşırdılar. Dünya ulduzlarının enerjili və coşqulu ifaları konserti dinləməyə gələnlərə unudulmaz gecələr yaşadırdı. 
“Formula-1” Azərbaycan Qran-prisinin ilk musiqili qonağı olan türkiyəli məşhur müğənni Tarkan azarkeşlərə unudulmaz anlar bəxş etdi. O, iyunun 23-ü axşam saatlarında Dənizkənarı Milli Park ərazisində yerləşən böyük səhnədə “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirdi. 
İyunun 24-də isə Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxdılar. 
Yarışın son günü isə superstar Meraya Keri Bakıda konsert verdi. Musiqi dünyasının əfsanəvi ulduzu iyunun 25-də “Formula-1” yarışı başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxdı. Dənizkənarı Milli Parkda yerləşən böyük səhnədə ən çox sevilən ifalarını səsləndirdi.

Elçin CƏFƏROV,
“Azərbaycan”