Xəbər Möhtəşəm nailiyyətlər ili

Möhtəşəm nailiyyətlər ili

Müəllif: Xeberim.az on in Prezident
1st Image
2017-ci ildə Azərbaycan Avrasiyanın coğrafi, siyasi və iqtisadi nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzi olduğunu bir daha təsdiqlədi

Yola saldığımız 2017-ci il Azərbaycanın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində mühüm uğurlarla yadda qaldı. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, ölkədə həyata keçirilən heç bir sosial layihə dayandırılmadı və Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb oldu. 
Prezident İlham Əliyevin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etdi, qarşıda duran vəzifələrin həllinə real imkanlar açdı və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırdı.

 

Tarixinin ən qüdrətli Azərbaycanı

 

Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. Prezident İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi regiondakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə ilk növbədə Azərbaycanın gücünü, qüdrətini göstərir.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevrilib. Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
Bu uğurları dövlət başçısı belə qiymətləndirib: “Son 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır... Görülən işlər göz qabağındadır. Onu deyə bilərəm ki, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb... 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb”.

 

2017-ci il - qızıl hərflərlə yazılan tarix

 

Bu bir həqiqətdir ki, investisiya cəlb edən ölkədən investisiya yatıran, xüsusilə strateji əhəmiyyətli layihələrdə nümunə göstərən Azərbaycan son illər təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində də mühüm rol oynayıb, Avropanın əsas neft-qaz ixracatçısına çevrilib. Ötən il baş verən hadisələr bütün bunları bir daha təsdiqlədi. “Yeni əsrin müqaviləsi”, Baki-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı və 2 milyard ton neft hasilatı bunun bariz nümunəsidir. 
Bu möhtəşəm hadisələr tarixilik və geosiyasi kontekstdə nə qədər əhəmiyyətlidirsə, digər yönümlərdə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı, Avrasiyanın ən effektiv nəqliyyat-logistika məkanına çevrilməsi imkanı baxımından daha əlamətdardır.
2017-ci ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləsək yanılmarıq. Çünki ötən il ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan neft-qaz sektoru və beynəlxalq tranzit potensialının artırılması, logistik mərkəzə çevrilməsi istiqamətində reallaşan layihələr Azərbaycana sözün əsl mənasında böyük dividendlər qazandırdı, beynəlxalq nüfuzunu daha da yüksəltdi.

 

Neft strategiyasının təntənəsi - “Yeni əsrin müqaviləsi”

 

Bu bir həqiqətdir ki, ümummilli lider Heydər Əliyevin neft strategiyasını dövrün tələblərinə uyğun daha da təkmilləşdirən Prezident İlham Əliyev ilk növbədə neft gəlirlərini insan kapitalına çevirdi. İlham Əliyevin məqsədyönlü və ardıcıl həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldi. Azərbaycan Prezidentinin dərindən düşünülmüş neft strategiyası sayəsində ölkəmiz regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayan dövlətə, dünyanın əsas neft-qaz ixracatçısına çevrildi.
Ötən il sentyabrın 14-də “Əsrin müqaviləsi”nin 23-cü ildönümünə təsadüf edən tarixi gündə Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti (SOCAR), BP, “Chevron”, “İnpex”, “Statoyl”, “ExxonMobil”, TP, “İtochu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənilməsi barədə sazişin imzalanması Prezident İlham Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balanslı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu göstərdi. 
Bu sazişlə Azərbaycan 3,6 milyard dollar bonus əldə etdi. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırıldı. Mənfəət neftinin 75 faizi isə 2050-ci ilə qədər, yəni müqavilənin bütün müddəti ərzində Azərbaycana qalacaq.
Yenilənmiş saziş yalnız Azərbaycan iqtisadiyyatına növbəti böyük sərmayə axınının təmini deyil, həm də ölkənin neft sənayesinin tarixində texnoloji inkişaf və insan nailiyyətləri ilə zəngin olan yeni bir səhifə açmış oldu.

 

Avrasiya məkanı üçün uzunömürlü rifah layihəsi - Bakı-Tbilisi-Qars

 

Azərbaycan dövlətinin nəqliyyat sistemi Avropa və Asiya nəqliyyat sisteminə sürətlə inteqrasiya edərək Avratlantik məkanının mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Asiya ilə Avropa arasında birləşdirici körpü rolunu oynayan Azərbaycan öz nəqliyyat infrastrukturunu möhkəmləndirməkdə davam edir.
2017-ci ildə region üçün əlamətdar hadisələrdən biri - Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışını xüsusilə qeyd etmək olar. Oktyabrın 30-da Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə Avrasiya məkanı üçün yeni yüksəliş və uzunömürlü rifah layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Qədim İpək yolunun polad magistrallar üzərində bərpası olan dünya əhəmiyyətli bu layihənin gerçəkləşməsi ilə regionda nəhəng kommunikasiya dəhlizlərindən biri geosiyasi tarixə vəsiqə aldı. 
Layihənin müəlliflərindən biri olan Prezident İlham Əliyevin vurğuladığı kimi, strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməkdədir. BTQ geosiyasi, geoiqtisadi və tarixi baxımdan dünyanın yenidən cızılan coğrafiyasında özünə mühüm yer tutmaqla trans-kommunikasiya qovşaqlarının ən rentabelli və dayanıqlı halqasını təşkil edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

 

Neft tariximizin şanlı salnaməsi - 2 milyard tonluq hasilat

 

Ötən il noyabrın 8-də Azərbaycanın qədim neft tarixinə yeni və şanlı səhifə yazıldı. İki milyard ton neftin hasil edilməsi neft sənayesinin inkişafında növbəti zirvə nöqtəsi, yaddaşlarda uzun müddət yaşayacaq şərəfli bir hadisə oldu.
Bu münasibətlə Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, ulu öndər Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan reallıqlarını təmin edir: “Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.
Ulu öndərin neft strategiyasının yeni istiqamətlərlə zənginləşdirildiyini vurğulayan dövlət başçısı bu strategiyanın Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verdiyini söylədi: “Bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir”.
Ümumiyyətlə, Azərbaycanın təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatları 1,5 milyard ton, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnoz isə təqribən 3-4 trilyon kubmetrə bərabərdir. Hesablamalar göstərir ki, Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə, 2 trilyon kubmetr qaz isə daha tez - 2055-ci ildə hasil ediləcək. Bütün bunlar bir daha təsdiq edir ki, böyük sərvətlərə malik olan, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan gələcəyə nikbinliklə baxır. Ən başlıcası isə bu sərvətləri düzgün idarə edən, Azərbaycanı xoşbəxt gələcəyə inamla aparan qətiyyətli, uzaqgörən lideri var.
1971-ci ildə 1 milyard ton neft hasilatı tədbirini ulu öndər Heydər Əliyev, 46 il sonra isə 2 milyard ton neftin hasilat mərasimini cənab İlham Əliyev təşkil etdi. Bu bir daha təsdiq edir ki, dövlət başçısı 14 il müddətində yürütdüyü praqmatik siyasətlə ölkəmizi dahi şəxsiyyətin görmək istədiyi bir dövlətə çevirib. 
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və diplomatiya bacarığı ilə bərabər, eyni zamanda ümummilli liderin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Bu gün Azərbaycan öz gücünə arxalanan, bütün tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında quran, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli ölkədir.

 

Avropanın enerji xəritəsini dəyişdirəcək meqalayihələr

 

Bu 3 mühüm tarixi hadisə ilə bir daha dünyaya öz qüdrətini nümayiş etdirən Azərbaycan, həmçinin “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir. 
Dəyəri 40 milyard dollardan artıq genişmiqyaslı enerji layihəsi olan “Cənub qaz dəhlizi” Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, onun şaxələndirilməsi siyasətidir. Çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək məhsul Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Bu layihənin tamamlanması 2020-ci ildə nəzərdə tutulur. 
Bütün bunlara görə, Azərbaycan dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən dövlət kimi səciyyələndirilir.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa ünvanladığı təbrikdə bu mühüm hadisələri belə dəyərləndirmişdir: “Bu il neft-qaz sektorunda tarixi hadisələr baş vermişdir. “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olundu. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. “Cənub qaz dəhlizi”nin icrası, demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Bu da tarixi hadisədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir. Bu il digər tarixi layihə öz həllini tapmışdır, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Bakıda keçirilmişdir. Bu dəmir yolu layihəsi qitələri birləşdirir. Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir. Əgər biz “Şimal-Cənub” nəqliyyat dəhlizini də qeyd etsək görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə çevrilir”.

 

Bərabərhüquqlu və etibarlı tərəfdaşa çevrilən Azərbaycan

 

Öz müstəqil siyasəti ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu və etibarlı tərəfdaşa çevrilən Azərbaycan Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanaraq diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirir. Təbii ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. 
Prezident İlham Əliyev praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.
Əminliklə söyləyə bilərik ki, 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişinin təmini üçün əlverişli zəmin formalaşdırıb. Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün sabit inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına milli gəlirin həcminin artımını təmin edib.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”