Xəbər 2300 ailəyə bir ev dolusu sevinc

2300 ailəyə bir ev dolusu sevinc

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə məcburi köçkünlər üçün 2 qəsəbə istifadəyə verildi, Mehriban xanım Əliyeva isə 1 qəsəbənin təməlini qoydu

Bu gün dünya miqyasında humanitar sahədə yaşanan ən böyük problemlərdən biri qaçqın və məcburi köçkünlərlə bağlıdır. Bu qəbildən olan insanların sayının davamlı şəkildə artması problemin həllini daha da aktuallaşdırır. Amma indilikdə görünən odur ki, saylarının getdikcə artmasına baxmayaraq, qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklər heç də effektiv şəkildə həllini tapmır. Düzdür, ortaya fərqli nümunələr qoyan ölkələr də var və onların sırasında ilk yerdə Azərbaycanın adı çəkilə bilər.

 

Azərbaycandan uğur nümunəsi

 

Azərbaycan bu gün azsaylı ölkələrdəndir ki, qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllində ortaya kifayət qədər uğurlu bir nümunə qoyub. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlər probleminin nə dərəcədə həssas xarakter daşımasını Azərbaycan kifayət qədər yaxşı bilir və onun həllinin vacibliyini də hər zaman ön planda tutur. Çünki ölkəmiz uzun illərdir ki, bu problemlə üzləşib və bunun hansı çətinliklər yaratdığını da çox gözəl bilir. Elə qeyd olunan fonda Azərbaycan artıq qaçqın və məcburi köçkünlərin problemlərinin həllində ortaya uğurlu bir nümunə qoyub. Ötən dövr ərzində iqtisadi imkanları artan Azərbaycan dövləti öz doğma torpaqlarını tərk etməyə məcbur edilmiş insanların üzləşdikləri problemlərin həlli üçün bütün zəruri tədbirləri görüb və görməkdə davam edir. 
2017-ci ildə doğma yurdlarından qovulmuş soydaşlarımızın sosial həyat tərzinin yaxşılaşdırılması, faydalı əməklə məşğul olmaları üçün qəbul olunmuş proqramlar əsasında genişmiqyaslı işlər görülüb. Onların mənzil-məişət problemlərinin yaxşılaşdırılması istiqamətində möhtəşəm layihələr həyata keçirilib. 
Ötən ilin əvvəlindən başlayaraq Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində həyat yenidən canlandı. 24 illik məcburi köçkünlük həyatında bəlkə də illərdir bir-birindən hal-əhval tuta bilməyən cocuqmərcanlılıların həsrətinə son qoyuldu. 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılıb.
2017-ci ilin noyabrında Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi isə dövlətin bu sahəyə diqqət və qayğısının növbəti təsdiqi oldu.
Xatırlatmaq yerinə düşərdi ki, burada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev də görülən işləri yüksək qiymətləndirib və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bundan sonra da lazımi addımlar atılacağını bildirib: “Bu, Azərbaycan dövlətinin siyasətini göstərir. Onu göstərir ki, məcburi köçkünlərin problemlərinin həlli bizim üçün əsas məsələdir. Təsadüfi deyil ki, Dövlət Neft Fondunun ilk vəsaiti ulu öndər Heydər Əliyevin göstərişi ilə məhz köçkünlərin problemlərinin həllinə istiqamətləndirilmişdir. Bu siyasət bu gün də davam etdirilir, hər il kifayət qədər böyük vəsait nəzərdə tutulur və bu il də belədir, gələn il də belə olacaq. Hələ də çətin vəziyyətdə yaşayan köçkünlər var, onların problemləri də öz həllini tapacaq. Gələn il ən azı 4 min ailə yeni evlərlə təmin ediləcək və beləliklə, tədricən biz bu problemi həll edəcəyik. Bu şəhərcikdə yaşayacaq köçkünlər bu günə qədər çox ağır vəziyyətdə yaşayırdılar. Kimsə kirayədə, kimsə yararsız binalarda, uşaq bağçalarında yaşayırdı. İndi onların həyatında yeni dövr başlayır və bu, doğrudan da, çox əlamətdar hadisədir. Onu da qeyd etməliyəm ki, bu şəhərcik qısa müddət ərzində tikilib istifadəyə verilib. Tikintinin başlanmasından heç bir il keçməyib. Bu, onu göstərir ki, bu məsələləri qısa müddət ərzində həll etmək üçün bizim kifayət qədər böyük imkanlarımız var”.

 

Sosial problemlərin həlli Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir

 

Bütün bunlar bir daha göstərir ki, əhalinin həssas təbəqəsi kimi qaçqın və məcburi köçkünlərə göstərilən qayğı daim yüksələn xətt üzrə inkişaf etməkdə, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində yeni mühüm tədbirlər həyata keçirilməkdədir. Sözügedən proses Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra daha geniş vüsət almağa başlayıb. 
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyətində insanlara diqqət, şəfqət, onların, o cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin effektiv həlli hər zaman əsas istiqamətlərdən birini təşkil edib. Bunun real təsdiqi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından sonra əsas diqqəti məhz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltməsidir. 
Xatırladaq ki, Birinci vitse-prezident kimi Mehriban Əliyeva ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etdi. Belə ki, ötən il martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə keçirilib. Müşavirədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmalı olduğu bildirildi. 
Bunun üçün Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün məcburi köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə tapşırıq verildi. 
2017-ci ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməli qoyuldu. Bu qəsəbədə bütün lazımi infrastruktur, yəni tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq. Burada artıq inşaat işləri başlayıb. Cari ildə bu fonda çox ağır vəziyyətdə yaşayan daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq. 
Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində isə iyunun 27-də yenə Birinci vitse-prezidentin iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi baş tutdu.
Mərasimdə çıxışı zamanı Mehriban xanım Əliyeva bir daha məcburi köçkünlərin sosial problemlərinin həllinin xüsusi diqqət mərkəzində yer almaqda davam edəcəyini bildirdi: “Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq... Azərbaycan dövləti tərəfindən bu tədbirlərin icrası üçün ümumilikdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri arasındadır. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur”.
Qeyd edilənlər onun təsdiqidir ki, ölkə rəhbərliyinin Azərbaycan xalqının inkişafına hesablanmış siyasətindən qaçqın və məcburi köçkünlər də uğurla faydalanırlar. Ölkə əhalisinin ən həssas təbəqəsi sayılan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı görülən işlər bu insanların həm sosial, mənzil-məişət çətinliklərinin aradan qalxmasında, həm də maddi rifah hallarının yüksəlməsində mühüm rol oynayır.

 

Nəticələr təqdirəlayiqdir

 

Ötən dövr ərzində Azərbaycan məcburi köçkünlərin üzləşdikləri sosial problemlərin həllində böyük nailiyyətlərə imza atıb. Məsələn, barəsində yuxarıda qeyd olunan Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksində yer alan 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək. 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Yaşayış kompleksindəki məktəblə tanış olan dövlət başçısına məlumat verildi ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var. Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış komplekslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilib, kilometrlərlə yol, su, hava elektrik və qaz xətləri çəkilib.
2017-ci ildə həm də Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Bundan başqa, Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz olunub.
Ümumilikdə sözügedən 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan məcburi köçkünlərə də verilib. Bununla onların mənzil-məişət problemi tam həllini tapıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünənki iclasında ötən il məcburi köçkünlərə göstərilən dövlət qayğısından bəhs edərkən qeyd edib: "Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir".

 

6,6 milyard manat vəsait sərf olunub

 

Onu da qeyd edək ki, məcburi köçkünlərin mənzil probleminin həlli ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu qəbildən olan insanlar üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 50 mindən çox ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. 
Sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı layihələrinə yönəldilib. 
Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək azalıb. 
Qarşıdakı dövr ərzində görülən işlər nəticəsində məcburi köçkünlərlə bağlı digər məsələlərin də sürətlə öz həllini tapacağı şübhə doğurmur. Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biri məhz qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, onların müxtəlif problemlərinin həllinə hərtərəfli dövlət qayğısının təmin olunmasıdır.

 

Problemlərin həllində uğurlu nümunə

 

Ümumiyyətlə, real vəziyyətin təhlili göstərir ki, məcburi köçkünlərin sosial problemlərinin həlli qarşıdakı dövr ərzində daha çevik xarakter alacaq. Təkcə bir faktı qeyd edək ki, son 23 ildə bu qəbildən olan insanların problemlərinin həllinə 6,6 milyard manatdan çox vəsait yönəldilib. Bu vəsaitin 3,1 milyard manatı dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, 2,1 milyard manat Dövlət Neft Fondundan məcburi köçkün qəsəbələrinin tikintisinə ayrılıb, 1,4 milyard manat isə beynəlxalq humanitar təşkilatların qoyduğu vəsaitdir.

Ümumiyyətlə, ötən müddətdə qaçqınların, məcburi köçkünlərin, qaçqın statusu almaq niyyətində olan şəxslərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb. Qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılması da daim diqqət mərkəzindədir. Görülən işlər artıq real nəticələrini verir və yurd həsrəti ilə yaşayan insanlar tezliklə bunun da uğurlu həllini tapacağına tam əmindirlər.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd olunan xüsusda bildirir: “Ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin sistemli həlli üçün mexanizm qurmağa başladı. Bu gün Prezident İlham Əliyev o mexanizmi təkmilləşdirərək dünyaya göstərdi ki, bu sahədə Azərbaycan modeli var. Bu gün dünya miqyasında qaçqın və məcburi köçkünlərin idarəolunma sistemi, mexanizmi Azərbaycan brendidir. Hökumətin son hesabatı zamanı Azərbaycan Prezidenti çıxışında bunu qeyd etdi. Bu, həqiqətdir. Baxın, 1 milyon qaçqın və məcburi köçkün gələn zaman Azərbaycanın 7 milyon əhalisi vardı, hər 7 nəfərdən biri qaçqın idi. İndi təbii artım hesabına qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 min nəfərə çatıb, ölkənin əhalisi isə 10 milyon nəfərdir. 25 illik qaçqın və məcburi köçkünlük tarixi var, mən 20 ildir ki, bu sahədə çalışıram, Prezidentin bu sahədə tapşırıqlarını yerinə yetirirəm. Bu 25 ildə bir dəfə də olsun Azərbaycanda qaçqınların kütləvi problemi ortaya çıxmayıb, kütləvi narazılıq olmayıb. Demirəm ki, heç bir problem olmayıb, olub, amma o problem ulu öndər Heydər Əliyevin qurduğu mexanizm və Prezident İlham Əliyevin bu mexanizmi Azərbaycan brendinə çevirməsinin hesabına yoluna qoyulub. Problemlər həm danışıqla, həm də görülən işlər hesabına yoluna qoyulub. Bu gün Azərbaycana gələnlər heyran qalırlar, bunu da biz demirik. Bütün görülən bu işlər elə-belə başa gəlməyib. Çox böyük zəhmət, əziyyət, bilik və bacarıq, çox genişmiqyaslı akademik proqnozlaşdırma hesabına bu işlər həyata keçirilib... Təbii ki, bu işə Birinci vitse-prezident Mehriban Əliyeva da qoşuldu. Mehriban Əliyeva bu gün tək qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə deyil, mədəniyyət, təhsil, tibb, idman, incəsənət sahələri ilə də məşğuldur”.

 

Dünyaya örnək Azərbaycan modeli

 

İndilikdə isə görünən odur ki, Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifələrdən sayır və buna müvafiq də zəruri addımlar atılır. Bütün bunlar bir daha Azərbaycanın məcburi köçkünlərə diqqət və qayğı baxımından uğurlu bir nümunə ortaya qoyduğunu aydın surətdə nümayiş etdirir. 
Bu nümunəyə dünyada ehtiyac artır. Məsələn, faktdır ki, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə düşüb. Çox vaxt ölüm və işgəncələrdən can qurtaran qaçqın və miqrantları qəbul edən ölkələrdə rəhmlilik, dözümlülük göstərilməkdənsə ayrı-seçkilik və ksenofobiya müşahidə olunur. Bu, əlbəttə, onların onsuz da çətin vəziyyətini daha da ağırlaşdırır. Halbuki on milyon əhaliyə malik gənc dövlət olan Azərbaycan 20 ildən çoxdur ki, 1 milyon 200 min nəfərdən çox qaçqının, məcburi köçkünün problemlərini həll edir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. 
Bu gün Avropa bir milyon qaçqın və miqrantın əlində girova çevrilib. Avropada hər gün minlərlə miqranta qarşı qeyri-insani davranışa, onların hüquqlarının kobud şəkildə pozulmasına dair xeyli sayda məlumat yayılır. Özü də bütün bunlar o fonda baş verir ki, Avropanın iqtisadi imkanları, əhalisinin sayı Azərbaycandan dəfələrlə böyükdür. Amma miqrantların idarəçiliyində onlar, demək olar ki, çıxılmaz bir duruma düşüblər. Azərbaycanda isə əksinə, məcburi köçkünlərin, qaçqınların problemlərinin həllində əməli addımlar atılır. Elə bu səbəbdəndir ki, BMT-nin Baş katibi Antonio Quterreş ölkəmizə səfərləri fonunda Azərbaycanın məcburi köçkünlərlə bağlı gördüyü işləri mühüm təcrübə kimi dünyanın bir çox ölkələri üçün nümunə adlandırıb. 10 milyonadək əhaliyə malik gənc, kiçik bir dövlət olan Azərbaycanın 20 ildən çox müddət ərzində təbii artım hesabına sayı bir milyon 200 mini keçən qaçqın və məcburi köçkünün əsas problemlərini öz üzərinə götürərək həll etməsi, beynəlxalq hüquq normalarına hörmətlə yanaşması, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsi həqiqətən də nümunədir. Azərbaycan bu nümunəni məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra da davam etdirəcək və bu insanlar öz doğma yurd-yuvalarında da hərtərəfli qayğı ilə əhatə olunacaqlar. O gün isə, yuxarıda qeyd olunduğu kimi, uzaqda deyil. 
O da mühüm faktdır ki, ölkəmizdə olan qaçqın və məcburi köçkün probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti həmçinin dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar vasitəsilə vaxtında yardım göstərməkdə maraqlıdır. Azərbaycanın milli donor institutu olan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) dünyanın müxtəlif yerlərində humanitar yardım üzrə layihələr həyata keçirir, həssas qrupa məxsus olan insanlara humanitar yardım göstərir, habelə səhiyyə, təhsil, enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində potensialların yaradılması proqramlarını təşkil edir. Məqsəd zərər çəkmiş bu cür ölkələrdə BMT-nin “2030 - Davamlı İnkişaf Gündəliyi”ndə əksini tapmış hədəflərə nail olmaqdır. Çünki həll olunmamış münaqişələr yeni qaçqın axını yaratmaqda və evlərinə qayıtmaq istəyən milyonlarla qadınları, kişiləri və uşaqları qeyri-müəyyənlik vəziyyətində saxlamaqda davam edir. 
Azərbaycan isə bu problemlərlə üzləşən dövlət kimi onun həm ölkə daxilində, həm də dünya miqyasında həllində maraqlıdır və bu istiqamətdə də əməli addımlar atır. Dünyanın bu məsələdə Azərbaycana hərtərəfli dəstək göstərməsinə isə böyük zərurət var.

Elçin CƏFƏROV,
“Azərbaycan”