Xəbər Dünyaya nümunə olan xalq-iqtidar birliyi

Dünyaya nümunə olan xalq-iqtidar birliyi

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının uğurlu nəticələri beynəlxalq reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir

Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dövləti artıq dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib. 
Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı islahatlar nəticəsində bu gün Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Dövlət başçısının çevik və praqmatik iqtisadi siyasəti ilə yeni inkişaf mərhələsinin başlanğıcında olan Azərbaycan bəzi dövlətlərdən fərqli olaraq özünün növbəti uğurlu inkişaf modelini seçib.

 

Müstəqil, milli köklərə əsaslanan siyasətin uğurları

 

Həyatın sürətlə inkişaf etdiyi, beynəlxalq münasibətlərin dəyişdiyi, qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxdığı bir zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycana uğur gətirir. Məhz bu siyasətin nəticəsidir ki, indi dünyada sabitlik adası statusuna sahib çıxan Azərbaycan regionun lider dövləti kimi meqalayihələr həyata keçirir. Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. 
Azərbaycan 2003-cü ildən başlayaraq dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Nəticəsi isə göz önündədir. Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Təkcə bir fakta nəzər yetirək. Əgər 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 42 milyard dollardır. Yəni son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artıb.

 

Xalq-iqtidar birliyinin şərtləndirdiyi inkişaf yolu

 

Əlbəttə ki, ölkəmizdəki sabitliyi və bütün uğurları şərtləndirən ən vacib amil xalq-iqtidar birliyidir. Dövlət başçısının uğurlu siyasətinin təməlində məhz xalq tərəfindən göstərilən dəstək dayanır. 
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır: “Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”. 
Azərbaycanın bu sahədəki uğuru Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da öz əksini tapıb. Hesabatın “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyasında Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi “Top-20” ölkənin arasında qərarlaşıb.
Aparılan obyektiv sorğunun nəticəsinə əsasən, Azərbaycan “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-ünü geridə qoyub. Azərbaycanın 137 ölkə arasında ilk iyirmilikdə qərarlaşması əlbəttə ki, Prezident İlham Əliyevin siyasətinə beynəlxalq ictimaiyyətin verdiyi layiqli qiymətidir.
Onu da qeyd edək ki, Azərbaycan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha bir kateqoriya - “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə 15-ci yerdə qərarlaşıb. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır.
Bütün bunlar Azərbaycan Prezidentinin 2003-cü ildən bugünədək həyata keçirdiyi müstəqil siyasətə verilən qiymətdir. Bu siyasətin uğurları, nailiyyətləri isə göz önündədir. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır.

 

Avropa və Mərkəzi Asiya regionunda ən islahatçı 3 ölkədən biri

 

Ötən il dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərdilər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirdilər. 
Məsələn, 2016-cı ildə Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşmışdı. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri idi. Ötən il isə “Doing Business-2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəldi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdi. 
Bu hesabatda Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşdı: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer). 
Hesabatdan da göründüyü kimi, sözügedən beynəlxalq indeks tərəfindən Azərbaycanda hüquqi qanunvericilik, habelə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar məxsusi olaraq qeyd edilib. Bu, beynəlxalq reytinq agentliklərinin Azərbaycanda aparılan islahatlara xüsusi diqqət yetirdiklərini və izlədiklərini göstərir.
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

 

MDB ölkələri arasında daim lider olan dövlət

 

Ötən il Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan növbəti dəfə irəlilədi. Ölkəmiz 137 dövlət arasında iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşdı. Həmçinin həmin hesabatda Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutdu. Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB ölkələri arasında birinci yerdə qərarlaşır.
Bir faktı xüsusi qeyd etmək lazımdır ki, hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Türkiyə, Hindistan, Cənubi Afrika Respublikası kimi ölkələr bu rəqabət indeksinə görə Azərbaycandan geridə qaldılar. Region ölkələrinə gəldikdə isə qonşu Gürcüstan həmin reytinqə görə 67-ci yerdə, işğalçı Ermənistan isə 73-cü yerdə qərarlaşıb. Bu, çox mühüm nəticədir. Çünki hesabatda Azərbaycanın 12 indikatordan 9-da öz mövqelərini xeyli yaxşılaşdırması böyük uğurdur.
Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühiti üzrə aparılan uğurlu iqtisadi islahatların nəticəsidir. Faktiki olaraq dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Reytinqin yaxşılaşması Azərbaycana investisiya axını, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, qeyri-neft ixracının genişlənməsi və yeni iş yerlərinin açılması deməkdir.

 

Beynəlxalq birlik İlham Əliyevin iqtisadi islahatlarını yüksək qiymətləndirir

 

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, dünya miqyasında 35-ci yeri tutmaq yüksək nəticə, böyük qələbədir: “Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır”.
Dövlət başçısı vurğulayıb ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, makroiqtisadi mühitə görə Azərbaycan dünya miqyasında 39-cu, MDB məkanında isə birinci yerdədir. Bu, yüksək qiymətləndirmədir. Əlbəttə, çox əlamətdar haldır ki, beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin yeni inkişaf konsepsiyası əsasında ölkədə yaradılan makroiqtisadi vəziyyətlə bağlı görülmüş işlərə çox müsbət reaksiya verir və yüksək qiymətləndirirlər.

 

Bu il Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 3,5 faiz artacaq

 

Ötən il Azərbaycanın adı nüfuzlu “Standard&Poor's” (S&P) beynəlxalq reytinq agentliyinin də hesabatında ön sıralarda qərarlaşdı. 
Belə ki, qurumun yaydığı məlumatda qeyd edilirdi ki, 2018-ci il Azərbaycan iqtisadiyyatında artım olacaq. Sənəddə 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul (ÜDM) istehsalının artımının 3,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. ÜDM bu il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq. Bundan başqa, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacaq. 
Agentliyin hesabatında göstərilirdi ki, 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo qorunacaq, belə ki, 2017-ci ildə ÜDM-in 12,3 faiz, 2018-ci ildə 12,7 faiz, 2019-cu ildə 14,3 faiz, 2020-ci ildə 14,8 faizə bərabər olacaq.

 

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

 

Ötən il beynəlxalq təşkilatların açıqladıqları hesabatlarda təkcə Azərbaycanda sosial-iqtisadi göstəricilər deyil, ordu quruculuğu sahəsində də görülən işlər qiymətləndirilib. Belə ki, 2017-ci ildə “Global Fire Power” mərkəzi ümumilikdə 50 göstərici əsasında dünyanın ən güclü ordularının reytinqini açıqlamışdı. Ümumilikdə 133 ölkənin yer aldığı siyahıda Azərbaycan Ordusu hərbi qüdrətinə görə 58-ci sırada qərarlaşmışdı. Azərbaycan bu göstərici üzrə region ölkələrini qabaqladı. Çünki reytinq siyahısında Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə idi.
Reytinq siyahısı hazırlanarkən ölkələrin ordularının şəxsi heyətinin, ehtiyatda olan hərbçilərin, orduya yararlı insanların sayı əsas götürülmüşdür. Bununla yanaşı, orduların arsenalındakı silahların müxtəlifliyi, nüvə potensialı, coğrafi mövqe, təbii ehtiyatlar və ölkənin infrastrukturu nəzərə alınmışdır.
Nazirlər Kabinetinin son iclasında dövlət başçısı vurğulayıb ki, bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Çünki dövlət modern ordu quruculuğu istiqamətində bütün lazımi addımları atır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır: “Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir”.

 

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir

 

Onu da vurğulayaq ki, yola saldığımız 2017-ci ildə bir sıra xarici və yerli qeyri-hökumət təşkilatları ölkəmizdə sosioloji sorğular aparmaqla Azərbaycan hökumətinin xalq qarşısındakı xidmətlərini, görülən işlər və ölkə vətəndaşlarının öz rəhbərinə nə qədər güvəndiyini müəyyənləşdiriblər.
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə hazırlanan araşdırma nəticəsində bəlli olub ki, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alan bu araşdırmaya əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib. Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Bu il neftin bir barelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu bildirirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər. Ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə də toxunub: “Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.

 

Güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır

 

Əldə olunmuş bu nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. Dövlət başçısının söylədiyi kimi, heç bir başqa ölkədə son 14 il ərzində iqtisadiyyat bu qədər artmayıb. 
Bütün göstəricilərə əsasən deyə bilərik ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olacaq. Heç də təsadüfi deyil ki, artıq beynəlxalq reytinqlər də ölkəmizin vəziyyətinin yaxşı olduğunu göstərir və respublikamız daha yüksək yerlər tutmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı harmonik inkişaf edir və şaxələnmiş iqtisadiyyatdır. Bu da ölkədə balanslaşdırılmış siyasətin aparılmasının bariz nümunəsidir.
Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkə boyu infrastrukturun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir obyektlərin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”