Xəbər Azərbaycan dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib

Azərbaycan dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Prezident İlham Əliyevin yaratdığı siyasi-iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir

Son illər dünya ölkələrinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda mövcud olan təhlükəsizlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. 
Yola saldığımız 2017-ci il Prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub.

 

Xarici investorları Azərbaycana cəlb edən amillər

 

Qloballaşan dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı mövcud investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət başçısının tapşırıqlarına əsasən, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan ölkəyə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub. Bu müddətdə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edib. 
Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

 

Ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub

 

Öncə ötən ilin statistik göstəricilərinə nəzər yetirək. Keçən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Xarici ticarət dövriyyəsi 2017-ci ilin ilk 11 ayında 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard dolları üstələyib. 
2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin olunub. Valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, ölkə iqtisadiyyatına 14,6 milyard dollarlıq sərmayə qoyuluşu çox gözəl göstəricidir. Bu, onu göstərir ki, həm yerli, həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar: “Bu, eyni zamanda qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir”.

 

Mühüm geosiyasi aktor, potensial iri sərmayəçi

 

Azərbaycan hazırda regional lider, bir sıra qlobal məsələlərdə mühüm geosiyasi aktor, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir. Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir. 
Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir.
Prezident İlham Əliyevin söylədiyi kimi, bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə, bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir.
Nazirlər Kabinetinin sonuncu iclasında dövlətimizin başçısı bu məsələyə toxunaraq vurğulayıb: “İqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək. “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” layihələrinin və digər önəmli layihələrin maliyyələşməsində əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır”.

 

Bu il ölkə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyuluşu gözlənilir

 

Bütün bu uğurlar əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə qazandığı yüksək etimad sayəsində reallaşıb. Ona görə də əminliklə söyləyə bilərik ki, bu il də ölkə iqtisadiyyatına sərmayə qoyuluşu əvvəlki ilin səviyyəsində olacaq. Aparılan hesablamalara görə, bu il ölkə iqtisadiyyatına təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Dövlət başçısı qeyd edib ki, bu rəqəm arta da bilər. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilib. İqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində ölkəmizə kömək göstərəcək: “Əminəm ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir”.
Dünya ölkələrinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda olan təhlükəsizlik, makroiqtisadi sabitlik əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilmiş ölkə kimi səciyyələndirilir. Hər bir xarici sərmayə isə Azərbaycanın gələcəyi, sabahın etibarlı maliyyə təminatı deməkdir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”