Xəbər Dövlətə və xalqa xidmət nümunəsi

Dövlətə və xalqa xidmət nümunəsi

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Mehriban xanım Əliyevanın 2017-ci ildəki fəaliyyəti vitse-prezidentlikinstitutları üçün böyük örnəkdir

2017-ci il Azərbaycan üçün mühüm nailiyyətlərlə yanaşı, həm də siyasi islahatlardan irəli gələn yeniliklərlə yadda qaldı. Məlum olduğu kimi, hələ 2015-ci ildə Konstitusiyaya edilən dəyişikliklərin məqsədlərindən biri dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı idi. 
Məhz Konstitusiya islahatlarından irəli gələrək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələri təsis edildi. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildi. Bu baxımdan Azərbaycan üçün yeni təcrübə olduğuna görə vitse-prezidentlik institutunun yaradılması ötən il ölkəmizdə siyasi yenilik kimi tarixə düşdü.

 

Sosial məsələlər prioritetdir

 

Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ilk diqqət yetirdiyi məsələ Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında vurğuladı ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün məcburi köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.
Mayın 30-da Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Mehriban xanım Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. Yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Burada ümumilikdə 1026 mənzil olacaq. 
İyunun 27-də isə qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində Mehriban Əliyevanın iştirakı ilə yeni mənzillərin verilməsi mərasimi keçirildi. Həmin gün 214 məcburi köçkün ailəsinə yeni mənzillər təqdim olundu.
Oktyabrın 5-də Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub. Bu bina “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib. 
Elə həmin gün Mehriban xanım Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. Binalar da “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. 
Əvvəlki illərdə olduğu kimi, uşaq bağçalarının təmiri də Mehriban xanım Əliyevanın daim diqqətindədir. İl ərzində bu sahədə də Heydər Əliyev Fondunun dəstəyi ilə işlər davam etdirilib. Sentyabrın 11-də Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında və paytaxtın Nəsimi rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə isə Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə tanış olub.

 

Müharibə əlillərinə qayğı

 

2016-cı ilin aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlillərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin növbəti əyani göstəricisi idi. Görüşdə aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu söyləyən Mehriban xanım Əliyeva vurğulayıb ki, əsgərlərimiz Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatının qarşısını aldı, düşmənə layiqli cavab verdi. 
Görüşdə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də təqdim olunub. Bu da bir daha onu göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. Qeyd edək ki, son üç ildə və cari ilin ilk rübündə respublika Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə 23 min 935 protez ortopedik məmulat və reabilitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Hazırda Azərbaycan Prezidentinin tapşırığı ilə həmin zabit və əsgərlərimizin protezlərinin bionik, yəni hərəkət edən protezlərlə əvəzlənməsi prosesinə start verilib. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Mehriban xanım Əliyevanın tapşırığı ilə müharibə əlillərinin hər birinə fərdi yanaşma tətbiq ediləcək. Yəni bu zaman onların fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri, bütövlükdə hər bir istifadəçinin tələbləri nəzərə alınaraq uyğun və yüksək keyfiyyətli, normal hərəkət dinamikasına yardım edən müasir protezlərlə təmin olunacaqlar.
Beləliklə, bu görüş bir daha göstərdi ki, ölkəmizin müstəqilliyini, Konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsi Azərbaycan dövləti üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacibdir.

 

Azərbaycanı dünyada tanıdan beynəlxalq tədbirlər

 

Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya mühüm töhfələr verməkdədir. Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi də təsdiqləyir. Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib. 
2017-ci ildə də Azərbaycanda bir neçə möhtəşəm beynəlxalq tədbir keçirildi. Bunlardan biri mart ayında keçirilən V Qlobal Bakı Forumudur. Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa, UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis və Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb.

 

Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi

 

Mayın 5-6-da Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. 
Mehriban xanım Əliyeva Bakıda forum çərçivəsində mayın 5-də UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb. Görüşdə Mehriban Əliyeva İrina Bokovanın forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib. 
Həmin gün Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə də görüşüb. Qurumun baş direktorunu yenidən Bakıda görməkdən şad olduğunu bildirən, Azərbaycanla bu təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən Mehriban Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirib. 
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşündə və “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa”da iştirak edib.

 

İslamiada Azərbaycanın möhtəşəm uğuru kimi tariximizə yazıldı

 

2017-ci ildə Azərbaycanın tək uğuru yox, həm də möhtəşəm qələbəsi olan hadisələrdən biri IV İslam Həmrəyliyi Oyunları oldu. Respublikamızda ilk dəfə keçirilən bu idman müsabiqəsinin layiqincə təşkil edilməsi Azərbaycanın tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Bir daha sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür. 
On gün davam edən yarışların gedişi isə bir daha təsdiqlədi ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Təşkilatçılıq və hazırlıq baxımından özündə yüzlərlə əməliyyatı və xidməti birləşdirən bu oyunlarda ən xırda məsələlər belə zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi. Bu müddətdə idman komplekslərinin hamısı tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Təkcə bağlanış mərasimində səhnənin cəmi 36 saat ərzində qurulması, bu işlərə 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisinin, texniki heyətin və aktyorlar qrupunun cəlb olunması Təşkilat Komitəsinin əzmkar və gərgin fəaliyyətindən xəbər verirdi. 
Bağlanış mərasiminin də süjet xətti orijinallığı və qeyri-adiliyi ilə seçilirdi. Mərasimdə çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti bu barədə deyib: “Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!”
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləmələri və qaliblərə medalları şəxsən təqdim etmələri oyunlara marağı daha da artıraraq onu yeni məzmunla zənginləşdirdi.
Xatırladaq ki, mayın 13-də Bədii Gimnastika üzrə Azərbaycan Milli Komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Həmin gün gimnastlarımızın yarışını Mehriban xanım Əliyeva da tribunadan izləyib. Mayın 19-da və 21-də keçirilən güləş yarışlarında isə qaliblərə medalları Mehriban Əliyeva təqdim edib.

 

Dövlətlərarası əlaqələr inkişaf edir

 

Ötən il ərzində bir sıra ölkələrdən Azərbaycana yüksək səviyyəli nümayəndə heyətləri gəlib ki, onların bir qrupunu Birinci vitse-prezident Mehriban Əliyeva qəbul edib. 
Aprelin 18-də Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb. Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən və bu filialın yaradılması ilə bağlı layihənin çox uğurlu olmasından söz açılıb. 
Sentyabrın 15-də Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb. Görüşdə Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirib. 
Həmin gün Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Mehriban Əliyeva nümayəndə heyətinin Fransada prezident seçkilərindən sonra ölkəmizə ilk səfəri olduğunu deyərək onlara uğurlar arzulayıb. 
Noyabrın 2-də Mehriban Əliyeva Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin deputatı olduğu zaman Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik etdiyini deyən Mehriban Əliyeva qrupun fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirib. 
Həmin gün Mehriban Əliyeva İtaliya Senatının sədr müavini Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Ötən il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edib, əməkdaşlığımızın bir çox sahələri - siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyini bildirib.
Dekabrın 14-də Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanın Birinci vitse-prezidenti bu səfərin ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyini bildirib.

 

Azərbaycan “Expo-2025” sərgisinə namizəddir

 

Azərbaycan növbəti beynəlxalq tədbirə - Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (“Expo-2025”) evsahibliyi etmək üçün paytaxtımız Bakının namizədliyini irəli sürüb. Bu münasibətlə noyabr ayında Parisdə təşkil edilən rəsmi qəbulda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin tarixindən, müstəqillik illərində keçdiyi inkişaf yollarından, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsindən, həyata keçirdiyi qlobal layihələrdən bəhs edib. Qeyd edib ki, Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək, yeni bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün Azərbaycanın təklifini dəstəkləmək məqsədilə əsas məqamları da diqqətə çatdıran Mehriban Əliyeva deyib: “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaqdır. Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq”.
“Expo-2025” Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının bu layihəyə hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədilə dekabr ayında Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dmitri Kerkentzes ölkəmizə səfər edib. Dekabrın 12-də Dmitri Kerkentzesi qəbul edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib ki, ölkəmiz “Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq. 
Azərbaycan indiyədək çoxlu beynəlxalq tədbirə evsahibliyi edib. Bütün bu tədbirlərin təşkilaçılığı hər dəfə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu mənada namizədliyi dəstəklənərsə, ölkəmiz “Expo-2025” Ümumdünya Sərgisinə də ən ideal evsahibliyi nümunəsini göstərəcək.

 

Azərbaycan mədəniyyətinin hamisi

 

İl ərzində Mehriban Əliyeva bir neçə infrastruktur obyektlərinin də açılışında iştirak edib. Bunlardan biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun mayın 4-də əsaslı təmirdən sonra açılışıdır. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmamışdı. Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva universitetə fəaliyyətində uğurlar arzulayıb. 
Dekabrın 6-da Mehriban Əliyeva Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılışında iştirak edib. Bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərir. 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə məktəbə Leopold və Mstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülərək yerində yenisinin inşasına başlanılıb və uğurla başa çatdırılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 6-da xalq artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində də iştirak edib. Uzun müddət istismarda olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Burada əməkdaşların fəaliyyət göstərməsi və proqramların hazırlanması üçün lazımi şərait yox idi. Buna görə də Maştağa Mədəniyyət Mərkəzi üçün yeni binanın tikilməsi qərara alındı. Qısa vaxtda yüksək keyfiyyətlə inşa olunan bina indi 250 tamaşaçı yerlik zalı və müasir səhnəsi ilə sənətsevərlərin ixtiyarındadır.

 

Ölkəmizin mədəni müxtəlifliyi sərvətimizdir

 

Mehriban Əliyeva fəaliyyəti boyu çoxsaylı mötəbər mükafatlara layiq görülüb. Ötən ilin dekabrında isə Azərbaycanın Birinci vitse-prezidenti II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib. Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Qeyd edək ki, 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.
Ötən il dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi mərasimi keçirilib. “Mən Sizə gördüyünüz işlərə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz”-deyə mərasimdə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill bildirib. 
Təşəkkürünü bildirən Mehriban Əliyeva Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu, multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb: “Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir”.
Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultmağa başladı. Göründüyü kimi, 2017-ci ildə də Mehriban Əliyevanın fəaliyyəti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Bununla da Birinci vitse-prezident Mehriban Əliyeva hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”