Xəbər Real nəticəyə obyektiv qiymət

Real nəticəyə obyektiv qiymət

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Azərbaycan daha bir beynəlxalq reytinq cədvəlində önə çıxdı

Məlum olduğu kimi, hər il Davos İqtisadi Forumu ərəfəsində dünyanın bu nüfuzlu və əsas iqtisadi qurumunun müxtəlif indekslər üzrə hesabatları açıqlanır. Bu hesabatlar ayrı-ayrı ölkələrdəki iqtisadi durumun qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Çünki məhz həmin hesabatlar dünyanın nəhəng investorlarının hansı ölkələrə və hansı sahələrə sərmayə yatırmağını şərtləndirir və təşviq edir. Bu baxımdan Azərbaycanın son illər, bir qayda olaraq, Dünya İqtisadi Forumunun və digər beynəlxalq qurumların müxtəlif reytinq cədvəllərində yüksək yerlər tutması sıradan iqtisadi uğur sayılmamalıdır. 
İndi budur, xəbər verildiyi kimi, Azərbaycan 2018-ci il üzrə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv indeksində inkişaf edən ölkələr arasında üçüncü yerə layiq görülmüşdür. Forumun saytında bildirilir ki, ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir. Saytdakı məlumatdan o da məlum olur ki, builki hesabatda ölkəmiz yalnız Litva və Macarıstandan geri qalaraq 7 mümkün baldan 4,69-nu toplamışdır. Söz düşmüşkən onu da nəzərə çatdıraq ki, sözügedən indeks üzrə inkişaf etmiş ölkələrin siyahısına Norveç, İslandiya və Lüksemburq başçılıq edirlər. 
Əvvəlcədən qeyd edək ki, Azərbaycanın bu indeks üzrə də yüksək yerdə qərarlaşması təsadüfi deyil. Artıq bütün nüfuzlu beynəlxalq təşkilatlara və reytinq agentliklərinə bəllidir ki, Azərbaycan əksər sahələr üzrə yüksək inkişaf tempinə malik ölkə kimi keyfiyyət etibarilə yeni iqtisadi islahatlar mərhələsinə qədəm qoymuşdur. Bu islahatlar ölkədə həyata keçirilən iqtisadi siyasətin əhəmiyyətini daha da artırmağa, əhalinin sosial rifahını yaxşılaşdırmağa və sosial infrastrukturu müasirləşdirməyə hədəflənmişdir. Ümumiyyətlə, son dövrlər, xüsusən son 10 ildə reallaşdırılan iqtisadi siyasət nəticəsində ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf etməyə başlamış, əhalinin sosial müdafiəsi güclənmiş, infrastruktur modernləşmiş, dövlətin balansında olan aktivlər artmış və ümumi daxili məhsulun həcmindən çox strateji valyuta ehtiyatları yaranmışdır. 
Konkret rəqəmlərə müraciət edək: Azərbaycanda 2004-2015-ci illər ərzində real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilmişdir. Ümumi daxili məhsulun (ÜDM) nominal həcmi isə 7,6 dəfə artmışdır. Həmin dövrdə adambaşına düşən ÜDM-in həcmində 6,5 dəfə artım qeydə alınmışdır ki, bu da Azərbaycanı dünya ölkələri sırasında 134-cü yerdən 79-cu yerə yüksəltmişdir. Qeyd edilən dövrdə əhalinin sosial rifahı da xeyli yaxşılaşmışdır. Ölkədə yoxsulluğun səviyyəsinin 2004-cü ildəki 40,2 faizdən 4,9-a enməsi bunun real göstəricisidir. 
Belə sürətli yüksəlişin ilkin səbəbi isə, təbii ki, Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmasıdır. Məhz bunun nəticəsində əldə olunan maliyyə imkanları sürətli inkişafı hədəfləyən daxili iqtisadi planları və qlobal regional layihələri maliyyələşdirməyə imkan vermişdir. 2004-2015-ci illərdə məhz neft gəlirlərindən istifadə etməklə reallaşdırılan iqtisadi artım modeli “aktiv şəkildə əsas kapitala investisiya qoyuluşu” xarakterli olmaqla dövrün məqsədlərinə çatmağa zəmin yaratmışdır.
Hətta neftin dünya bazarlarında 2014-cü ildən başlayaraq ucuzlaşmasına və bu ucuzlaşmanın Azərbaycanın da tədiyə balansına, maliyyə-bank sektoruna, ən əsası, milli valyutamızın məzənnəsinə təsir etməsinə baxmayaraq, yeni şəraitə uyğun həyata keçirilən iqtisadi islahatlar və bu zaman qeyri-neft sektoruna, həmin sahənin aparıcı qüvvəsi olan sahibkarlığın daha sürətli inkişafına stavka edilməsi ölkəni qarşıya qoyulmuş hədəflərdən çəkindirmədi. Qısa zamanda hazırlanıb reallaşdırılmasına start verilən Strateji Yol Xəritəsi nəticələrini göstərdi: Azərbaycan 2017-ci ili ÜDM istehsalında artımla yola saldı. Xüsusən qeyri-neft sektorunda məhsul istehsalının artımı kifayət qədər yüksək (2,7 faiz) oldu. Bu sektorun ÜDM-də xüsusi çəkisi isə 62,8 faizə çatdı.
Təbii ki, bütün bunlar dünyanın tanınan reytinq qurumlarının və Dünya İqtisadi Forumu kimi nüfuzlu təşkilatlarının diqqətindən kənarda qala bilməzdi. Hələ 2009-cu ildə Dünya Bankının “Douing Business” hesabatında Azərbaycanın “Lider islahatçı dövlət” elan olunmasını xatırlayaq. Yaxud Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”nda ölkəmizin 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 dövlət arasında 37-ci pilləyə yüksəlməsini yada salaq. Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyət göstəricisinə görə 39-cu, əmək bazarının səmərəliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 32-ci, infrastrukturun keyfiyyətinə görə 55-ci olmuşdur.
Onu da qeyd edək ki, Dünya İqtisadi Forumunun açıqladığı son “Qlobal Rəqabət Qabiliyyəti 2017-2018” hesabatında Azərbaycan daha 2 pillə irəliləyərək 35-ci, MDB ölkələri sırasında isə yenə də ilk yerdə qərarlaşmışdır. Məlumat üçün bildirək ki, həmin göstərici üzrə MDB-də liderliyimiz 2009-cu ildən davam edir. Ümumiyyətlə, ölkəmizin Dünya İqtisadi Forumunun hazırladığı hesabatlarda mövqeyi xeyli yaxşılaşmışdır. Təkcə “Qlobal Rəqabət Qabiliyyəti” indeksində Azərbaycan 34 pillə irəliləmişdir. Bu indeks üzrə Azərbaycan hətta “G-20”yə daxil olan bəzi ölkələri geridə qoymuşdur. Həmin indeks üzrə son hesabatda İndoneziya 36-cı, Rusiya 38-ci, Hindistan 40-cı, İtaliya 43-cü, Meksika 51-ci, Türkiyə 53-cü, Cənubi Afrika Respublikası 61-ci, Braziliya 80-ci, Argentina 92-ci, yəni Azərbaycandan sonrakı yerlərdə qərarlaşmışlar. 
Azərbaycanın rəqabət qabiliyyətinin artması sözügedən hesabatın bir sıra indikatorlarında daha aydın görünür. Aydın görünür ki, ölkəmiz biznesin mükəmməlləşdirilməsi üzrə 20 pillə irəliləyərək 40-cı, əmtəə bazarının səmərəliyi üzrə 19 pillə önə keçərək 31-ci, infrastruktura görə 4 pillə yüksələrək 51-ci, əmək bazarının səmərəliyi üzrə 9 pillə irəliləyərək 17-ci, səhiyyə və ibtidai tədris üzrə 1 pillə önə keçərək 74-cü, maliyyə bazarının inkişafı üzrə 18 pillə yüksələrək 79-cu, innovasiya potensialına görə 11 pillə vəziyyətini yaxşılaşdıraraq 33-cü, institutların keyfiyyətinə görə 15 pillə irəli çıxaraq 33-cü, ali təhsil və təlim üzrə 10 pillə qalxaraq 68-ci olmuşdur. Bunlar isə o deməkdir ki, Azərbaycan həmin hesabatda 12 kateqoriyadan 9-da mövqeyini yaxşılaşdıra bilmişdir.
Azərbaycan həm də 190 ölkənin biznes mühitini qiymətləndirən Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi “Douing Business 2018” hesabatında 57-ci yerə layiq görülmüşdür ki, bu mövqe də əvvəlkindən 8 pillə yüksəkdir. Ölkəmiz bu hesabatda da xeyli çox - 6 göstərici üzrə göstəricilərini yaxşılaşdırmışdır. Məsələn, Azərbaycan həmin hesabatda kiçik investorların maraqlarının qorunmasına görə 10-cu, əmlakın qeydiyyatı üzrə 21-ci, vergilərin ödənişinə görə 35-ci, müqavilələrin icrasının təmin edilməsi üzrə 38-ci olmuşdur ki, bu yerlər də əvvəlkilərdən xeyli yüksəkdir. Həmin hesabatda Azərbaycan həmçinin Avropa, eləcə də Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri elan olunmuşdur.
Göründüyü kimi, ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlar və onların nəticələri dünyanın nüfuzlu təşkilatları və reytinq agentlikləri tərəfindən hazırlanan hesabatlarda davamlı olaraq öz real qiymətini alır. Bu baxımdan Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü sırada qərar tutmağımızı da layiqli qiymət kimi dəyərləndirmək olar.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”