Xəbər 231 milyard dollar sərmayə

231 milyard dollar sərmayə

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 ildə qoyulub

Son illər dünyada maliyyə resurslarının məhdudlaşdığı, şirkətlərin, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir dönəmdə Azərbaycan həm daxili, həm də strateji əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində nümunə göstərən dövlətə çevrilib. Bunun səbəbi isə Azərbaycanda təmin olunan təhlükəsizlik, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühitidir. Bir sözlə, ölkəmizdə həyata keçirilən məqsədyönlü və müstəqil siyasət istənilən layihənin gerçəkləşməsinə təminat verir.

 

Dayanıqlı və tarazlı inkişafın təmini

 

Özünü dünyaya müasir, güclü dövlət kimi təqdim edən Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir. Çünki 2004-2017-ci illərdə Azərbaycan sosial-iqtisadi inkişaf parametrlərinə görə bənzərsiz sıçrayış nümayiş etdirib, cəmiyyət həyatının bütün sahələri yenilənib, əhalinin rifah halı xeyli yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, ölkənin beynəlxalq nüfuzu yüksəlib.
Əlbəttə ki, Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi də xüsusi rol oynayır. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir.
Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev vurğulayıb ki, son 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır.

 

Keçən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub

 

Dövlət başçısı qeyd edib ki, xarici sərmayənin qoyuluşu hər bir ölkə üçün ən vacib amillərdən biridir: “Eyni zamanda, bu, onu göstərir ki, ölkəyə inam var, ölkənin siyasətinə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Çünki gələcəyi müəyyən olunmayan, yaxud da ki, qaranlıq olan ölkələrə heç kim, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz. Ona görə 231 milyard dollara bərabər sərmayə qoyuluşu bizim uğurlu siyasətimizin nəticəsidir. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. Bu proses davam edir”. 
Onu da qeyd edək ki, keçən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu il də ən azı 15 milyard dollarlıq sərmayənin yatırılması gözlənilir. Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılıb.

 

Uzunmüddətli inkişafa şərait yaradan transmilli layihələr

 

Son 14 ildə ən mühüm hadisələrdən biri “Cənub qaz dəhlizi” layihəsinin reallaşmasıdır. Prezident İlham Əliyev tərəfindən “XXI əsrin layihəsi” adlandırılan və sərmayələrinin həcmi 40 milyard dollardan çox olan bu layihə Azərbaycanın enerji əməkdaşlığını genişləndirərək ölkəmizi Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək.
Bu müddət ərzində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı layihələrə də böyükhəcmli investisiyalar yatırılıb. Bunların sırasında Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, “Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizləri çərçivəsində görülən işlər, ötən il istifadəyə verilən 
Bakı-Tbilisi-Qars dəmir yolu xəttini göstərə bilərik. Bütün bunların sayəsində Azərbaycan nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Dövlət başçısının söylədiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. 
Konfransda Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrdən də söz açan Prezident vurğulayıb ki, ölkəmiz “Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılması ilə bağlı öz ərazisində olan bütün məsələləri qısa müddət ərzində həll edib. Beynəlxalq əməkdaşlığa gözəl şərait yaradılıb. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edir: “Bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Biz fəxr edirik ki, bunları icra etmişik. Bu layihələr, eyni zamanda, uzunmüddətli inkişafımıza şərait yaradır”, - deyə Prezident qeyd edib.

 

14 ildə 23 dəfə artan valyuta ehtiyatları

 

Son 14 ildə Azərbaycan iri infrastruktur layihələrinə böyük vəsaitlər yatırıb, bir çox beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olub. Ancaq onu vurğulayaq ki, 14 il öncə - 2004-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf konsepsiyasının icrasına başlanılarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1.8 milyard dollar idi.
Vəsaitin düzgün istiqamətlərə yönləndirilməsi sayəsində bu gün bu rəqəm 42 milyard dollara bərabərdir. Yəni 14 il ərzində həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində valyuta ehtiyatlarımız 23 dəfə artıb. Keçən il valyuta ehtiyatlarımızın artırılması istiqamətində çox ciddi addımlar atılıb və aparılan düzgün siyasət nəticəsində valyuta ehtiyatları 4,5 milyard dollar artıb. 
Prezident İlham Əliyev bu uğuru belə dəyərləndirib: “Bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”.

 

Ümumi inkişafın uğurlu dinamikası

 

Göründüyü kimi, son 14 il ərzində iqtisadi statistika ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir. Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələr regionun və ümumilikdə Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib. Azərbaycan tam müstəqil ölkə kimi özünü təsdiq edib, beynəlxalq aləmdə fəallığı ilə seçilərək aktual məsələlərlə bağlı müstəqil mövqe nümayiş etdirib.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi isə dövlətin qüdrətini artırmaq və onun müstəqilliyini möhkəmləndirməkdir. Bu il sosial, iqtisadi, ictimai, siyasi, mədəni və digər sahələrdə həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı tədbirlər isə əldə olunmuş uğurları möhkəmləndirmək, Azərbaycanın potensial imkanlarını daha da gücləndirmək məqsədi daşıyır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”