Xəbər Azərbaycan naminə

Azərbaycan naminə

Müəllif: xeberim.az on in Siyasət
1st Image
Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezident təyin olunmasının bir ili tamam olur.

Bütün fəaliyyəti boyu ölkənin və xalqın maraqlarını üstün tutan, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat normalarına çevirən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edərək üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Çoxşaxəli fəaliyyəti ilə həm beynəlxalq miqyasda, həm də ölkə daxilində cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanan Mehriban xanım Əliyeva ona həvalə olunan bütün işlərə son dərəcə məsuliyyətlə yanaşaraq əsl vətəndaşlıq nümunəsi ortaya qoyub. 

Milli Məclisin deputatları da hesab edirlər ki, bu gün ölkəmizi dünyada çox yüksək səviyyədə təbliğ edən Birinci vitse-prezident bundan sonra da öz fəaliyyəti ilə Azərbaycan dövlətinin xarici və daxili siyasətinə layiqli töhfələr verəcək.

 


Xalqın etimadını layiqincə doğruldan, kədəri sevincə çevirən insan

 


Bahar MURADOVA,
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, 
YAP İdarə Heyətinin üzvü:

- Hər bir dövrün insanlığa bəxş etdiyi tarixi simalar olub. Bəzi hallarda onlar həm zamanın yetirdiyi, həm də onu qabaqlamış şəxsiyyətlər kimi xarakterizə olunurlar. Bu qiyməti onlara içərisində yaşadıqları və əməlləri ilə yaşatdıqları zaman özü verir. Tanrının Azərbaycan üçün seçdiyi, insanların isə sevərək və dəyərləndirərək qəlbində və təfəkküründə yaşatdığı belə şəxsiyyətlərdən biri bütün zamanlar üçün şəksiz və təbii ki, ulu öndər Heydər Əliyevdir. 
Ötən əsrin tən yarısını Azərbaycan xalqı və müstəqil dövləti üçün xidmətə həsr etmiş bu şəxsiyyətdən bizə Heydər Əliyev siyasəti və müstəqil Azərbaycan dövləti miras qaldı. Bu irsin davam etdirilməsi və dövlətin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı rifah, inkişaf və sabitlik adasına çevirdi.
Xalqımızın mütləq əksəriyyətinin dəstəklədiyi bu kursun ən güclü dayaqlarından biri olan ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Burada həm tarixin, həm də bugünkü ictimai-siyasi proseslərin rolu vardır. Amma ən böyük nəticələr məhz Mehriban xanımın özünün qarşısına qoyduğu hədəflər uğrundakı fəaliyyətinə bağlıdır. Odur ki, Mehriban xanım Əliyeva tarixin yetirdiyi və bu tarix içərisindəki rolunu daha çox özü müəyyən etmiş, Azərbaycanın ictimai və siyasi həyatında danılmaz yeri olan böyük şəxsiyyətdir.
O, ölkənin Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyin olunduğu ilk gündən vətəndaş amilini daha qabarıq şəkildə ortaya qoyan fəaliyyətini yeni keyfiyyətdə daha böyük əzmlə, daha səmərəli şəkildə davam etdirməkdədir. Ona görə də biz qısa müddət ərzində beynəlxalq miqyasda böyük dövlət xadimi kimi tanınmış Mehriban xanım haqqında bir fərd kimi danışmırıq. Çünki o, təkcə özünü deyil, həm də Azərbaycan dövlətini, Azərbaycan qadınlarını, türk və İslam dünyasını, müasir, modern dövlət quruculuğunda yaxından iştirak edən qabaqcıl dünya qadınlarını, diplomatları, siyasətçiləri, ictimai, mədəniyyət, elm xadimlərini, anaları, birinci xanımları təmsil edir. 
Qadın hərəkatının önündə gedən fəaliyyəti ilə Mehriban xanım hər zaman olduğu kimi, müxtəlif sahələrdə bu şərəfli missiyanı və bununla bağlı məsuliyyəti mətinliklə daşıyaraq ölkə Prezidenti və xalq tərəfindən ona göstərilən yüksək etimadı layiqincə doğrultmaqdadır. O, hər kəsi heyran qoyan zəkası və müdrikliyi, humanistliyi və kübar davranışı, gözəlliyi və incə zövqü ilə xalqın sevimlisi və ümid ünvanıdır. Qadın amilinin davamlı dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, eləcə də beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni, daha ədalətli baxışların formalaşması, Azərbaycan həqiqətlərinin tanınması və qəbul edilməsi istiqamətində görülən işlər son dövrlər məhz Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi məqsədyönlü fəaliyyəti nəticəsində daha geniş vüsət almışdır. 
Qayğını və mərhəməti, dünya mədəni irsinin qorunmasını hədəf seçmiş, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz onun yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır.
Bir çox deputatlar kimi mən də çox qürurluyam ki, uzun müddət qanun yaradıcılığı sahəsində çiyin-çiyinə çalışdığımız Mehriban xanımın bu keyfiyyətlərini yaxından müşahidə etmək imkanım olub. Ölkənin ali rəhbərliyində təmsil olunması onun ölkədaxili ilə yanaşı, xaricdəki fəaliyyətinə də yeni, müsbət çalarlar və dinamizm gətirib. Dünyanın mədəniyyət beşiklərində müxtəlif tədbirlərin təşkili Azərbaycan reallıqlarının təqdimatında xüsusi rol oynayır. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olaraq o, dinləri və mədəniyyətləri üz-üzə deyil, yanaşı aparmağın, bununla da tolerantlığın, sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində ölkəmizə və dünyamıza böyük xidmətin örnəyini yaradır.
Mehriban xanım “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsi işinə rəhbərlik etmişdir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyeva Azərbaycanın idman potensialının reallaşması və idman ölkəsi kimi tanınmasına da böyük töhfələr bəxş etməkdə davam edir. Azərbaycanın idman ictimaiyyəti onun istər ölkə miqyaslı, istərsə də beynəlxalq yarışların keçirilməsində nümayiş etdirdiyi təşkilatçılıq bacarığından və təcrübəsindən bu gün də səmərəli şəkildə bəhrələnməkdədir.
Təqdirəlayiqdir ki, ali hakimiyyət kürsüsünün vəzifə və məsuliyyət ağırlığı Mehriban xanımın YAP sədrinin müavini kimi ölkənin ictimai-siyasi həyatında oynadığı çox əhəmiyyətli rola və mövqeyə heç bir maneə törətməyib, əksinə, partiyamızın həyatına yeni nəfəs gəlib, onun nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, bu sahədə aparılan işlərə diqqət daha da artıb. Onun ölkə rəhbərliyində təmsil olunması partiyada birinci xanımı özlərinə örnək sayan qadınların yerinin və rolunun keyfiyyətcə yeni səviyyəyə qalxmasına, onların daha fəal olmasına böyük təsir göstərib. Çünki Mehriban xanım bu gün də öz fəaliyyəti ilə yalnız nümunə göstərməklə kifayətlənmir, o, həm də qadınları bu fəaliyyətə səfərbər etmək kimi vacib bir funksiyanı yerinə yetirməkdədir.
Mən mükəmməl şəxsiyyət Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti qismində bir illik fəaliyyətinin uğurlu nəticələri münasibəti ilə ürəkdən təbrik edir və bu xalqın maraqları, mənafeyi, inkişafına yönəlik çox gərəkli işlərində ona daha böyük müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, o, bu dövlətin möhkəmliyinin, müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunmasında bütün səy və bacarığını daim ortaya qoyacaqdır.

 

Qədim ənənənin müasir daşıyıcısı

 

Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı, akademik:

- Azərbaycan qadını tarixən öz mərdliyi, mətanəti, yüksək mənəviyyatı və bacarığı ilə fərqlənmiş, kişilərlə çiyin-çiyinə çalışmış, lazım gələndə onlara arxa durmuş, birgə döyüşə girmiş, istər əmək, diplomatiya, yaradıcılıq, istərsə də hərb meydanlarında misilsiz qəhrəmanlıqlar göstərmişdir. Bu gün biz böyük fəxarətlə Sara xatunu, İnanc xatunu, Taclı xatunu, Məshəti Gəncəvini, Xanqızı Natəvanı, İzzət Orucovanı, Sevil Qazıyevanı, Zərifə xanım Əliyevanı və onlarla görkəmli azərbaycanlı qadınlarını yad edirik, onların əziz xatirələrini minnətdarlıqla anırıq. 
Belədə mütləq bir həqiqət ortaya çıxır: el üçün yanan məşəl heç vaxt sönmür, vətən üçün çırpınan ürək daim döyünür. Bu estafet, bu ənənə yeni nəsillərə ötürülür. Mehriban xanım Əliyeva əsrlər öncə yaradılmış və zəmanəmizə qədər yaşadılan o möhtəşəm ənənənin müasir daşıyıcısıdır. Onun çoxşaxəli fəaliyyətində bu ənənə daha da inkişaf etmiş, rövnəqlənmiş, zənginləşmiş və müasir dünyanın inkişaf tempinə uyğun olaraq yüksək dinamika kəsb etmişdir.
Mehriban xanımın ictimai və siyasi fəaliyyətini nəzərdən keçirəndə, bu zərif və nəcib xanımı xarakterizə edən bir çox xüsusiyyətlər üzə çıxır: humanizm, tükənməz enerji, dərin intellekt, yüksək mədəniyyət, əzmkarlıq, soy-kökünə bağlılıq, insanlara, ilk növbədə uşaqlara sevgi və mərhəmət, ədalət, hadisələrə pozitiv yanaşma, ölkədə və dünyada baş verən prosesləri düzgün təhlil etmə qabiliyyəti, təmkin və s. Amma düşünürəm ki, Mehriban xanımın xarakterinin ən ümdə və aparıcı xüsusiyyəti vətənpərvərlikdir, vətənə, torpağa, millətə sonsuz məhəbbətdir. Bu qırmızı xətt onun bütün fəaliyyətindən keçir. Ulu öndər Heydər Əliyevin: “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”, - unudulmaz sözləri Mehriban xanımın da həyat amalına çevrilmişdir.
Mehriban xanım Əliyeva aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü bacarıqlı təşkilatçı kimi göstərib. Bunun nəticəsi olaraq ölkə gimnastları neçə-neçə uğura imza atıblar.
Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədilə yaradılmış Heydər Əliyev Fondunun prezidenti kimi də çox uğurlu fəaliyyət göstərmişdir.
2004-cü ilin mayında - Heydər Əliyevin doğum günündə təsis edilmiş fond milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı səmərəli işlər aparır, sosial problemlərin həllinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyir, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərir.
Mehriban Əliyevanın Təşkilat Komitəsinə sədrliyi ilə “Bakı-2015” I Avropa Oyunları çox yüksək səviyyədə keçirildi və əsl idman bayramına çevrildi. Eyni sözləri ölkəmizdə İslamiadanın böyük uğurla keçirilməsi haqqında da demək olar.
Yeni Azərbaycan Partiyasının sədr müavini və deputat kimi də Mehriban Əliyevanın fəaliyyəti zəngin olmuşdur. Mehriban Əliyeva Milli Məclisin deputatı kimi ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. 
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif təşəbbüslərin reallaşmasına sərf edir.
Artıq bir ildir ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində çalışır. Bu vəzifədə də o bütün varlığı ilə millətə fədakar və layiqli xidmət göstərir. Onun çoxşaxəli əzmkar fəaliyyətinin əsasını humanizm, mərhəmət və insanpərvərlik təşkil edir. 
Həmişə olduğu kimi, ötən bir ildə Mehriban xanımın yorulmaq bilməyən fəaliyyəti bir məqsədə, bir amala xidmət edib: insanlara kömək etmək, problemləri həll etmək, Azərbaycanın hərtərəfli inkişafına nail olmaq, xalqımızı dünyada möhtəşəm, unikal multikultural mədəniyyətə malik qədim tolerant xalq kimi təbliğ etmək. 
Təkcə son ildə Mehriban xanımın iştirak etdiyi tədbirləri nəzərdən keçirsək, onun titanik fəaliyyətinin bir daha şahidi olarıq. 
Bu əlamətdar gündə Mehriban xanım Əliyevaya çoxşaxəli, məsuliyyətli və şərəfli işində möhkəm cansağlığı, tükənməz enerji və vətənin çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayıram.

 

Uğurlarla zəngin bir il

 

Hüseynbala MİRƏLƏMOV, 
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri:

- 2017-ci il Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində mühüm uğurlarla yadda qaldı. Bu dövrdə ölkədə baş verən ən əhəmiyyətli hadisələrdən biri isə konstitusiya dəyişikliklərindən irəli gələrək dövlət idarəçilik sistemində yeni təsis edilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə görkəmli ictimai xadim Mehriban Əliyevanın təyin edilməsi oldu. 
Ölkə vətəndaşlarının böyük sevinc və rəğbətlə qarşıladıqları bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığın başlanğıcını qoydu. Bu reallığın xarakterini və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş şəxsiyyətin mənəvi keyfiyyətləri, Azərbaycan xalqına və dövlətinə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə və ümumən bəşəriyyətə qazandırdığı nailiyyətlər əks etdirir. 
Bu, təsadüfi bir təyinat olmayıb, uzun illərdən bəri ölkəmizin, eləcə də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Mehriban Əliyevaya ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən, eyni zamanda belə həlledici mərhələdə islahatlar prosesinə böyük dəstək ola biləcək bacarıqlı təşkilatçı, yüksək səriştəli menecer kimi Mehriban xanımın peşəkar imkanlarından dövlət idarəçiliyində də istifadə zərurətindən irəli gələn bir qərar idi. 
Çünki Mehriban xanım Əliyeva buna qədər yerinə yetirdiyi bütün vəzifələrdə öz potensialını, yüksək məsuliyyət hissini, təşkilati-idarəetmə məharətini ortaya qoyduğu parlaq nəticələrlə təsdiqləmişdi. Mehriban xanım Əliyeva ötən əsrin 90-cı illərinin ortalarından bəri genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edir. 2004-cü ildən fəaliyyət göstərən və bu gün regionun ən böyük və nüfuzlu ictimai təşkilatlarından birinə, insanların ümid yerinə çevrilmiş Heydər Əliyev Fondunun prezidenti kimi o, hər biri Azərbaycan və ümumilikdə bəşəriyyət üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr gerçəkləşdirir. Bu proqram və layihələrin nəticələrindən milyonlarla adam faydalanıb və bu gün də faydalanmaqdadır. 
Təlqin etdiyi xeyirxahlıq, mərhəmət, maarifçilik kimi ali dəyərlər, yer üzündə sülhə, mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr beynəlxalq aləmdə Mehriban xanım Əliyevaya böyük nüfuz qazandırıb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi o, bütün dünyada Qərb və Şərq dünyasının bu iki yüksək statusunu eyni vaxtda daşıyan ilk və yeganə şəxsiyyətdir. 
Mehriban Əliyeva sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının sədr müavini kimi xeyli müddətdən bəri siyasi proseslərin fəal iştirakçısıdır. Onun partiyanın ali rəhbərliyində təmsilçiliyi bu qurumun gücünü daha da artırıb, cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafına stimul yaradıb. 
Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi Mehriban xanım Əliyevanın Azərbaycan idmanının inkişafında da böyük rolu var. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi bu mühüm tədbirlərin Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban Əliyevanın gərgin zəhmətinin, yüksək təşkilatçılıq qabiliyyətinin, ölkə rəhbərinin böyük əminliklə ona həvalə etdiyi mühüm vəzifəni qısa bir müddətdə layiqincə yerinə yetirməsinin nəticəsi idi. O, 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə hazırlıq işlərini də eyni məsuliyyətlə yüksək səviyyədə həyata keçirərək ideal təşkilatçılıq nümunəsini ortaya qoydu. 
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti də parlament tariximizin şərəfli bir səhifəsidir. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban xanım Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə milli qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib. Cəmiyyət üçün ciddi təhlükə törətməyən minlərlə insanın onun təşəbbüskarı olduğu amnistiya aktı layihələri əsasında məhbəsdən azadlığa çıxması Mehriban xanımın deputatlıq fəaliyyətinin xoş bir məqamı kimi hər zaman böyük rəğbətlə xatırlanacaq. 
O, bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir, ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması xalqın ürəyindən xəbər verən uğurlu bir şəxsiyyətdir. 
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlaması onun əsl vətəndaşlıq missiyasından, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verir. Bu mənada ötən bir ilin yekunları göstərir ki, Mehriban Əliyeva respublikamızın Birinci vitse-prezidenti kimi bundan sonra da öz fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasətə layiqli töhfələr verəcək.

 

Əsl vətəndaşlıq missiyası

 

Nəsib MƏHƏMƏLİYEV, 
Milli Məclisin deputatı:

- 2016-cı ildə Konstitusiyaya edilən dəyişikliklərdən biri respublikamızda idarəçilik sistemini daha da təkmilləşdirmək, çevik idarəetmə mexanizmi formalaşdırmaq idi. Birinci vitse-prezident və vitse-prezident vəzifələri də məhz Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra təsis edildi. Bu təcrübədən dünyanın əksər sivil ölkələrində geniş istifadə olunur. Dövlət idarəçiliyində daha səmərəli fəaliyyət üsullarının tətbiqi, vətəndaşlar qarşısında dövlətin öhdəliklərinin keyfiyyətli icrası, effektiv icraçılıq mexanizminin qurulması baxımından bu institut özünü doğruldub. 
Birinci vitse-prezidentin yüksək keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə malik olması, xüsusən də xalqın etimad mənbəyinə çevrilməsi vacib tələblərdəndir. Bu mühüm xüsusiyyətlər isə daha artıq səviyyədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətində bütünlüklə əksini tapmışdı. Bu mənada birinci vitse-prezident vəzifəsində əvvəlcədən hamı ən layiqli namizəd kimi Mehriban Əliyevanı görürdü. Ona görə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi xalqın ürəyindən xəbər verən bir siyasi qərar kimi tarixə düşdü. 
Mehriban Əliyevanın ictimai-siyasi xadim kimi fəaliyyəti çoxşaxəlidir. Bu fəaliyyət hər addımda ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edib. Çünki hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq hakimiyyətin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan həyata keçirdiyi fəaliyyəti hər birimiz üçün nümunə olan Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması bütün ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
Mehriban Əliyevanın siyasi-ictimai və sosial-mədəni fəaliyyət dairəsi o qədər genişdir ki, bu barədə nə qədər danışsaq da bitməz. Hər şeydən öncə Azərbaycan və eləcə də dünya ictimaiyyəti Mehriban Əliyevanı böyük xeyriyyəçi, qayğıkeş vətəndaş kimi tanıyır. Hələ 2004-cü ildə Heydər Əliyev Fondu yaranarkən insanlara qayğı və təmənnasız xidmət amalını prioritet elan edən Mehriban Əliyeva öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara, qocalara kömək göstərilməsinə yönəldir. Son dövrlərdə geniş vüsət alan məktəb və xəstəxana tikintisində, uşaq evlərinin və bağçalarının, internat məktəblərinin yenidən qurulmasında, tarixi və dini abidələrin bərpasında Mehriban Əliyevanın əzmkarlığını, təhsilimizin inkişafına, milli genefondumuzun qorunmasına xidmət edən əsl vətəndaşlıq missiyasını görürük. 
Mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi də Mehriban Əliyeva özünün vətəndaşlıq borcu hesab edir. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkil etdiyi beynəlxalq səviyyəli tədbirlər - festivallar, konsertlər, sərgilər mədəniyyətimizin təbliğatçısına çevrilib. 
Multikulturalizm məsələləri də Mehriban Əliyevanın fəaliyyətində başlıca yer tutur. Bu da ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir.
Eyni zamanda məhz Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərlə Azərbaycan həqiqətləri uğurla dünyaya çatdırılır. Bütün bunlar erməni yalanlarının sistemli şəkildə ifşa olunmasına, Xocalı soyqırımının tanınmasına, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla reallaşmasına dəstək verir. 
Milli Məclisin deputatı kimi Mehriban Əliyeva çox böyük işlər görüb. Lakin təkcə təmsil etdiyi dairədə deyil, bütün ölkə üzrə sosial-iqtisadi problemlərin həlli istiqamətində çox böyük addımlar atıb. 
Vətənə məhz bu cür layiqli xidmət missiyanın nəticəsində Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olundu. Və bundan sonra Mehriban Əliyevanın siyasi fəaliyyətində yeni dövr başladı.
Bu gün Mehriban Əliyevanın respublikamızın Birinci vitse-prezidenti təyin olunmasından bir il ötür. Ötən bir ilin yekunları göstərir ki, Mehriban Əliyeva Birinci vitse-prezident kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edir. Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi birbaşa Birinci vitse-prezidentin diqqət yetirdiyi məsələlər olub. İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə uğurla rəhbərliyi həyata keçirən Mehriban Əliyeva həm də Azərbaycanın “Expo-2025” Ümumdünya Sərgisinə namizədliyi üçün təqdimatını edib. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə keçirilməsi, müxtəlif ölkələrin və təşkilatların rəhbərlikləri ilə ikitərəfli görüşlərin keçirilməsi, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması bu müddətdə Mehriban Əliyevanın fəaliyyətində prioritet təşkil edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı əvvəldən aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultdu. Görünən odur ki, Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına layiqli töhfələr verir.

Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”