Xəbər Biz Qarabağa, azad olunmuş ərazilərimizə qayıdırıq, həm də qalib kimi

Biz Qarabağa, azad olunmuş ərazilərimizə qayıdırıq, həm də qalib kimi

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Cocuq Mərcanlıya üç səfərin sonuncusu daha böyük təəssürat yaratdı

Azərbaycanın ayrılmaz tərkib hissəsi və dilbər guşəsi olan Dağlıq Qarabağ ərazisinə ilk gedişim yaxşı yadımdadır. Düz 35 il bundan əvvəl  – 1983- cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə toya getmişdik. Dostumuz bizi oğlunun kiçik toy məclisinə dəvət etmişdi. Açığını desək, o vaxt Cocuq Mərcanlıya çox çətinliklə gedib çıxdıq.

Cocuq Mərcanlı kəndinin toz-torpaq basmış yolları, hasarı, darvazası olmayan köhnə evləri, qaranlıq küçələri orada yaşayışın çətin olduğundan xəbər verirdi. Sakinlər həyət-bacalarında əkdikləri məhsulları satmaqla, bir də kolxozda işləməklə ailələrini dolandırırdılar. Maraq üçün kəndi ayaqdan-başa qədər gəzdik. Mehriban, səmimi sakinlərlə görüşən zaman kənddə uşaq bağçasının, orta məktəbin, mədəniyyət evinin, kitabxananın fəaliyyəti ilə də maraqlandıq. Bunları eşidən kənd sakinlərindən biri gülə-gülə dedi:

– Ay oğul, deyəsən, sən hansısa xarici ölkədən gəlmisən. Sən nə danışırsan? O dediklərin xəyaldı, yuxudu. Heç kənddə də uşaq bağçası, klub, kitabxana olar? Uşaqlarımız məktəbdən sağ-salamat gələndə şükür edirik. Ona görə ki, məktəbin binası elə bir vəziyyətdədir ki, hər an uça bilər. Kaş yağış yağanda yolunuz bizim kəndə düşəydi. Görün bu yollarda traktorla hərəkət edə bilərsinizmi? Nə qoyub, nə axtarırsan?

Başqa kəndlərdə olduğu kimi, bu kənddə də toy axşamı deyilən adət-ənənə var idi. Axşam yeməyinə yenicə başlamışdıq ki, işıqlar söndü və hər tərəf zülmət qaranlığa büründü. Kənd sakinləri gülə-gülə dedilər ki, narahat olmayın. Biz buna adət etmişik. İndi neft lampalarını yandırarıq, qarşınıza qoyulan yeməyi görərsiniz. Sonra da eşitdik ki, kəndin elektrik dirəkləri elə pis vəziyyətdədir ki, yüngülvari külək əsən kimi az qala torpağa dəyən elektrik naqilləri bir-birinə qarışır və işıqlar sönür. Naqilləri bərpa etmək üçün 5 gün vaxt gedir. Bu günlər ərzində köməyimizə neft lampaları gəlir.

Biz toya getdiyimiz vaxtdan 5 il sonra–1988-ci ildə ermənilər “böyük Ermənistan” iddiası ilə qonşu dövlətlərin ərazilərinə göz dikdiyini açıq şəkildə ortaya qoydu və Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın guya onlara məxsus olduğunu bildirdilər. Keçmiş SSRİ-nin prezidenti, millətlərarası ədavət toxumunu səpib yetişdirməkdə, milli ədavəti qızışdırmaqda böyük səriştəsi olan, bir respublikanın ərazisini öz atasının mülkü kimi utanıb-çəkinmədən başqa bir respublikaya bağışlamaqda heç bir cinayət əməli, qanunsuzluq görməyən Mixail Qorbaçov açıq şəkildə ermənilərə havadarlıq etdi. Bu havadarlıq dinc, günahsız soydaşlarımızın qətlə yetirilmələri, kütləvi şəkildə doğma ata-baba ocaqlarından didərgin salınması, kəndlərin, qəsəbələrin, tarixi-mədəni abidələrin, hətta, qəbiristanlıqların yerlə-yeksan edilməsi ilə nəticələndi. Bir milyondan artıq soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Rayonlarımız, kəndlərimiz bir-birinin ardınca Ermənistanın qəddar, amansız ordusu tərəfindən işğal olundu.

SSRİ-nin süqutndan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanda ilk illər yaranmış özbaşınalıq, anarxiya və xaosdan, eləcə də, ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı qruplaşmaların hegemonluğundan ruhlanan ermənilər işğalçılıq siyasətini asanlıqla davam etdirirdilər. Həmin vaxt ölkədə yaranmış qarşıdurma sərhədlərimizin qorunmasını da yaddan çıxarmışdı. Belə bir vaxtda Cocuq Mərcanlı da düşmənlərin nəzarətinə keçdii. Kənd sakinləri respublikamızın müxtəlif bölgələrində məskunlaşdılar.

1993-cü ildə ölkədə vəziyyət tədricən öz axarına düşəndə Milli Ordunun formalaşdırılması prioritet vəzifə kimi qarşıya qoyuldu. Bir il sonra, 1994- cü ildə məşhur Horadiz əməliyyatı zamanı Ermənistan ordusu tədricən sıxışdırılıb işğal etdiyi Azərbaycan ərazilərindən çıxarıldı. Həmin vaxt Cocuq Mərcanlı kəndi də düşməndən azad edildi. Lakin bir sıra strateji yüksəkliklərin Ermənistan ordusunun nəzarətində qalması Cocuq Mərcanlıda normal yaşayışın təmin olunmasına ciddi problem yaradırdı.

Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycan bütün sahələr üzrə inkişafını getdikcə artırdı, ordu quruculuğuna xüsusi önəm verildi. Çünki işğal altında olan ərazilərimizin azad edilməsi, Vətənin müdafiəsi yalnız güclü, mətin ordu hesabına həyata keçirilə bilərdi. Biz 2016-cı ilin aprelində bunun bir daha şahidi olduq. Cəmi 4 gün ərzində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Düşmən silah-sursatını da atıb qaçdı. Böyük itki verən Ermənistan ordusunun sağ qalan hərbçiləri canlarını güclə qurtardılar. Dörd gün ərzində Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir.

Həmin vaxt bir sıra strateji əhəmiyyətli yüksəkliklər, o cümlədən, Cocuq Mərcanlı üçün təhlükə mənbəyi olan Lələ Təpə yüksəkliyi də azad eidldi. və... 23 ildən sonra Cocuq Mərcanlıda təhlükəsiz yaşamaq üçün imkan yarandı. Bu imkanı dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı və gündən-günə mətinləşən Azərbaycan Ordusu yaratdı.

Bundan sonra bizim Qarabağa, işğal altında olan ərazilərimizə, həm də qalib kimi, qayıdışımızın əsası qoyuldu. Böyük qayıdışın ilkin mərhələsində 50 ailə doğma kəndlərinə qayıtdı. Ölkə başçısının sərəncamı ilə daha 100 ev tikilib. Həmin evlər sakinlərinin yolunu gözləyir.

... Otuz beş ildən sonra yenidən Cocuq Mərcanlıya getdim. Bu dəfə sanki hansısa kəndə yox, inkişaf etmiş bir şəhərə getmişdim. İmişli rayonundan başlayaraq, Qarabağa, Cocuq Mərcanlıya aparan yol müasir tələblər səviyyəsində qurulub, rahat asfaltdır. Cocuq Mərcanlıya daxil olanda isə 35 il əvvəl gördüyüm mənzərədən əsər-əlamət qalmadığının şahidi oldum. Kəndin içərisi başdan-başa işıqlı, asfalt yol, hər evdə içməli su, hər cür avadanlıqla təmin olunmuş məktəb, uşaq bağçası, mədəniyyət evi, xəstəxana, ibadət əhlinin istifadəsinə verilmiş Şuşa məscidinin oxşarı olan məscid.

Təsadüf elə gətirmişdi ki, bu dəfə də toya getmişdik. 2017- ci il sentyabrın 15-i Azərbaycanın bütün ərazilərində olduğu kimi, Cocuq Mərcanlıda da ilk zəng çalındı, düz 23 ildən sonra. Həmin kəndin şagirdləri öz kəndlərində rahat, hər cür şəraiti olan məktəbdə sinif otaqlarına daxil oldular və ilk dərs də elə Cocuq Mərcanlıya qayıdışa həsr olunmuşdu. Ardınca Cocuq Mərcanlını toy sədası bürüdü. 23 ildən sonra bu kənddə ilk toy oldu. Həmin toyda 35 il əvvəlki söhbəti xatırladıq. Dedilər ki, o vaxt biz SSRİ-nin tərkibində idik, indi isə müstəqilik, necə deyərlər, öz əlimiz, öz başımızdı. Bu da müstəqilliyimizin bizə verdiyi töhfə – 23 ildən sonra elimizə-obamıza qayıtmışıq, özü də qalib kimi. Bu qayıdışın ardı-arası kəsilməyəcək. Çünki artıq ermənilər ordumuzun gücünü gördü. Ermənilər bu qulaqburmasından sonra çətin ki, işğal etdikləri Azərbaycan ərazilərində sona qədər otursunar.

Bir vaxtlar kimsənin tanımadığı, bizim də çətinlikıə tapdığımız Cocuq Mərcanlını indi az qala bütün dünya tanıyır. Özü də böyük qayıdışın başlanğıcı kimi. İndi xarici jurnalistlər, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr Cocuq Mərcanlıya gedir, erməni vəhşiliyindən sonra bərpa olunan, hər cür şəraitə malik, sanki inkişaf etmiş şəhəri xatırladan Cocuq Mərcanlıda rahat gəzirlər. Bu kəndə gələnlər ilk növbədə hamı üçün ziyarətgaha çevrilmiş Aprel döyüşlərində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edir, önünə gül dəstələri qoyur və qarşısında baş əyirlər. Yetişən gənc nəslə qəhrəmanlıq simvolu olan bu abidə kompleksi, həm də gənclər üçün hərbi vətənpərvərlik tərbiyəsində örnəkdir.

Biz Dağlıq Qarabağa, işğal altında olan ərazilərimizə qayıtmağa başlamışıq. Təbii ki, düşmən tapdağında olan ərazilərimizi azad edə-edə. Böyük qayıdışın başlanğıcı olan Cocuq Mərcanlının bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq,  əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq və istəyimizə nail olacağıq – doğma ata-baba ocaqlarımıza qayıdacağıq. Bu istəyi bizə düşünülmüş siyasi kurs , bir də gündən-günə mətinləşən, Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri bəxş edir. Xalqımız bu istəyin, bu sevincin artıq ilk müjdəsini Cocuq Mərcanlının timsalında gördü.

Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Burada yaşayan insanlar, bu kəndin tarixini yaxşı bilirlər. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, dünya Cocuq Mərcanlını tanıyır. Çünki kəndin Azərbaycan tarixində xüsusi yeri var. Axı, böyük qayıdışın yolu bu kənddən başlanır. İndi xalqımızda Qarabağa – doğma yurd-yuvasından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qayıdacağına, el-obalarında firavan həyat sürəcəklərinə böyük inam yaranıb.

Artıq Ermənistanın məğlub dövlət olması öz təsdiqini tapıb. Bu faktı işğalçı ölkəyə himayədarlıq edən dövlətlər, onların kütləvi informasiya vasitələri də etiraf etmək məcburiyətində qalıblar.

Son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli istiqamətində mövqelərimiz daha da möhkəmlənib. Münaqişənin həllində Azərbaycanın mövqeyi qəti və prinsipial xarakter daşıyır. Artıq bu mövqe dünya birliyi tərəfindən də dəstəklənir və bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Təmas xəttindəki hazırkı vəziyyətdən də işğalçı dövlətə bəllidir ki, Azərbaycan bu gün hakim mövqelərə tam sahibdir. Ona görə də Ermənistan danışıqların bərpasında daha çox maraqlı olmaq məcburiyyətində qalıb. Özləri də yaxşı bilirlər ki, onları çox acınacaqlı nəticələr gözləyir. Aprel döyüşlərindən sonra açıq şəkildə dərk edirlər ki, bir daha danışıqlar prosesindən yayınsalar və işğalçılıq siyasətindən əl çəkməsələr, növbəti dəfə də özlərini dünya ictimaiyyəti qarşısında biabır edəcəklər.

Azərbaycan işğal faktı ilə heç zaman barışmayacaq və öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ötən dövr ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən bütün görüşlərdə xalqımızın iradəsi əsasında dövlətimizin başçısı tərəfindən danışıqlar prosesində ölkəmizin strateji mövqeyi məhz bu şəkildə qoyulub. İşğalçı Ermənistan silahlı qüvvələri isə cəbhəboyu ərazilərdə mülki insanları ağır silahlardan hədəfə almaq, uşaqları, ahılları qətlə yetirməklə özlərinin əsl xislətini, təxribatlar yolu ilə danışıqlar prosesini və həmsədrlərin səylərini pozmaq siyasətini sübut edirlər. Ancaq bu, uzun müddət davam edə bilməz. Bunu 2016-cı ilin Aprel döyüşləri də təsdiqlədi.

İndi hər bir soydaşımızda bir əminlik, inam yaranıb: Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Cocuq Mərcanlıya qayıdan, orada məskunlaşan azərbaycanlı sabah Şuşaya, Xankəndiyə, işğal olunmuş digər ərazilərimizə də qayıdacaq, özü də qalib kimi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

(Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir)