Xəbər Müəllif Covanni Visente Romero: Azərbaycan qadınları üçün ilham mənbəyi böyük nüfuza malik birinci xanım Mehriban Əliyevadır

Müəllif Covanni Visente Romero: Azərbaycan qadınları üçün ilham mənbəyi böyük nüfuza malik birinci xanım Mehriban Əliyevadır

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
İnsan hüquqları, eləcə də qadınların cəmiyyətdə rolu ilə bağlı mövzuları işıqlandıran Dominikan Respublikası İctimai Siyasət Mərkəzinin təsisçisi, siyasi analitik Covanni Visente Romeronun “Müsəlman ölkələrinə və bütün dünyaya örnək olan Azərbaycan qadınları” məqaləsi Latın Amerikasının “Telesur TV” kanalının internet səhifəsində yayımlanıb.

Müəllif məqalədə bu yaxınlarda  Bakıda ölkədə ilk dəfə olaraq qadınlar üçün “Global Startup Weekend Women” tədbirinə toxunaraq, “TalentPort” startapını təqdim edən iki qadının  yarışın qalibi olması və Parisdə qadınlar üçün təşkil olunmuş “Global Startup” həftəsində Azərbaycanı təmsil etməsini xüsusi vurğulayıb.

Məqalədə  1918-1920-ci illərdə qısa müddət ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökumətinin  qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratması qeyd edilir.

Müəllif  Covanni Visente Romero tanınmış polyak-amerikan tarixçisi Tadeuş Svetoxovski “Rusiya Azərbaycanı (1905-1920)” kitabına istinad edərək qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qəbul etdiyi Müəssisələr Məclisi haqqında Qanun etnik azlıqların və siyasi qrupların proporsional təmsilçiliyini, ümumi seçki hüququnu nəzərə almaqla, faktiki olaraq Azərbaycanı müsəlman dünyasında qadınlara siyasi hüquqlar verən ilk dövlətə çevirib. Azərbaycan qadınları Avropanın bir çox inkişaf etmiş ölkələrində və ABŞ-da olan həmcinslərindən daha əvvəl seçki hüququ əldə ediblər. Məsələn, ABŞ qadınlara anoloji hüququ yalnız 1920-ci ildə – Konstitusiyasına 19-cu düzəlişi qəbul etməklə verib.

Müəllif Covanni Visente Romero həmçinin  1918-ci ildən etibarən qadınlar Azərbaycanda tərəqqi rəmzinə çevrildiyini vurğulayır: “ Bu ənənə XXI əsrdə də davam edir. Qeyd edək ki, 2000-ci ilin martında Azərbaycanın mərhum prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Bu sənəd qadınların hökumətdə, biznes və iqtisadiyyatda proporsional şəkildə, bərabərlik əsasında iştirakının təminini nəzərdə tutur. Bu qanun Azərbaycan cəmiyyətində qadınların rolunun artmasını təmin edib. Qeyd edək ki, hazırda ölkənin Nazirlər Kabinetinin üzvləri arasında zərif cinsin nümayəndəsi var. Bununla yanaşı, 125 deputatdan ibarət olan parlamentin 16%-i qadınlardır.”

Məqalədə  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ictimai fəaliyyətinə də yer ayrılıb, onun çoxşaxəli xeyriyyəçilik fəaliyyətindən bəhs edilib: “ Ola bilər ki, Azərbaycan qadınları üçün ilham mənbəyi böyük nüfuza malik birinci xanım Mehriban Əliyevadır. O, həmçinin UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Onun xeyriyyəçilik fəaliyyəti isə Azərbaycanın hüdudlarını aşıb. Mehriban Əliyevanın 2004-cü ildən, yəni təsis olunduğu vaxtdan rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəni və iqtisadi inkişafın möhkəmlənməsinə, xüsusilə,  gənc qadınların rolunun artırılmasına mühüm töhfələr verib. Fondun səyləri nəticəsində Azərbaycanda və digər ölkələrdə, o cümlədən Misir, Rumıniya, Rusiya, Niderland, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər və məktəblər tikilib.”

Məqalədə o da vurğulanır ki,  Azərbaycan nümunəsi qadınlara münasibətdə stereotipləri aradan qaldırmağın, bərabərliyi təmin etməyin yollarını nümayiş etdirir və bu nümunə dünyada bərabərliyi təmin etməyin yolunu da göstərir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”