Xəbər Sevinc FƏTƏLİYEVA: Aprelin 11-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratik inkişaf yolunda növbəti nailiyyəti olacaq

Sevinc FƏTƏLİYEVA: Aprelin 11-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratik inkişaf yolunda növbəti nailiyyəti olacaq

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
“ Azərbaycan dövlətinin prezident seçkilərinin azad və şəffaf keçirilməsi üçün güclü siyasi iradəsi var. Respublikamızda seçkiqabağı mühit, ictimai-siyasi vəziyyət tam normaldır. Prezident seçkiləri kampaniyası və seçkilərə hazırlıq işləri qanunvericiliyə uyğun olaraq uğurla davam edir”–Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsinin sədri Sevinc Fətəliyeva səsləndirdi.

S.Fətəliyeva bildirdi ki, Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait mövcuddur. Onun sözlərinə görə, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu, seçkilərin normal keçirilməsi üçün vacib şərtlərdən biridir: “Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur. Seçki Məcəlləsi, bu sahəni əhatə edən qanun və qərarların mövcudluğu ölkəmizdə beynəlxalq standartlara uyğun seçki qanunvericiliyinin olduğunu təsdiq edir. Zərurət yarandıqca, seçki qanunvericiliyi təkmilləşdirilir. Belə ki, əlavə və dəyişikliklər edilərək beynəlxalq standartlara tam uyğunlaşdırılır. Bu da seçkilərin daha şəffaf keçirilməsinə xidmət edir. Eləcə də, Mərkəzi Seçki Komissiyası, aşağı seçki komissiyaları prezident seçkiləri ilə əlaqədar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bunu maarifləndirmə işinin yüksək səviyyədə aparılması da təsdiqləyir. Həmçinin seçki proseslərinin uğurlu təşkili və həyata keçirilməsi üçün maddi-texniki təminat məsələləri də yüksək səviyyədə həllini tapıb.

Deputatın qənaətinə görə, ölkəmizdə indiyə qədər seçkilər həmişə şəffaf, demokratik, azad və ədalətli olub. Aprelin 11-də keçiriləcək seçkilərin ölkənin demokratik inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu söyləyən S.Fətəliyeva Azərbaycan dövlətinin bu seçkilərin də azad və şəffaf keçirilməsi üçün güclü siyasi iradəsi olduğunu vurğuladı: “Aprelin 11-də seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gəlib istədikləri namizədə səs verəcəklər. Hesab edirəm ki, bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda növbəti bir  nailiyyət olacaq”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”