Xəbər Dünya yenidən Bakıda toplaşır

Dünya yenidən Bakıda toplaşır

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Azərbaycan qlobal dialoqun ən mükəmməl platforması olduğunu bu gün növbəti dəfə təsdiqləyir

Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya mühüm töhfələr verməkdədir. Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi də təsdiqləyir. 
Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib. 
Belə mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də nümunəvi məkandır. Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi olaraq Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir.
Azərbaycanın son illərdə uğurla evsahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Qlobal Bakı Forumudur. İndiyədək 5 forum keçirilib. İlk dəfə 2013-cü ildə keçirilən forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. İki gün davam edən foruma dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılmışdı.
2014-cü ilin aprelində keçirilən ikinci forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim, o cümlədən 32 ölkənin sabiq dövlət və hökumət başçısı iştirak etdi. Tədbirin gündəliyinə isə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil idi. Həmçinin daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə də müzakirələr zamanı xüsusi diqqət ayrıldı. 
Üçüncü forum 2015-ci ilin aprelində keçirildi və dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə, 55 ölkədən sabiq hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlər, həmçinin bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları da iştirak etdi. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri müzakirə etdilər.
IV Qlobal Bakı Forumu 2016-cı ilin martında keçirildi. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri ilə yanaşı, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak etdi. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olundu. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil idi.
Ötən ilin mart ayının 16-17-də keçirilən V Qlobal Bakı Forumu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuşdu. Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etdi.
Forumun qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti George İvanov, Albaniya Prezidenti Ilir Meta, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal var idi. 
Bütün bunlar göstərir ki, Qlobal Bakı Forumu dünyanın demək olar ki, bütün dövlətlərindən siyasətçiləri, diplomatları birləşdirən diskussiya və dialoq məkanıdır. Ötən 5 forumun tərkibi göstərir ki, bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər qoşulurlar. Ona görə də bu forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.
Bu gün isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu öz işinə başlayır. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan budəfəki forumda beynəlxalq münasibətlərdə güc anlayışı və meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik, Balkan regionunda hazırkı və gələcək vəziyyət - regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə ediləcək.
Martın 17-dək davam edəcək forumun işində Monteneqro Prezidenti Filip Vuyanoviç, Albaniya Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlut Çavuşoğlu, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall daxil olmaqla 10-dan çox ölkənin rəhbər şəxsləri iştirak edir. Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan ölkələrin sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq tədbirdə iştirak etmək üçün Bakıya gəlib.
Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrilib. Ona görə forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır. Təcrübə göstərir ki, mövcud problemlərin həllinə müsbət təsir baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Bu, Azərbaycanın paytaxtında keçirilən artıq altıncı forumdur. Böyük çətinliklərin olduğu indiki dövrdə fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir. Bakı platforması isə bu problemlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir və ən önəmlisi müsbət təşəbbüslərin irəli sürüldüyü bir məkandır.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”