Xəbər Azərbaycanın yaratdığı beynəlxalq tərəfdaşlıq formatı möhkəmlənir

Azərbaycanın yaratdığı beynəlxalq tərəfdaşlıq formatı möhkəmlənir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb. Odur ki, Azərbaycan indi bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun əsas səbəblərindən biri ölkəmizdə bütün sərmayələrin ciddi şəkildə qorunmasıdır.

Azərbaycanın beynəlxalq neft-qaz şirkətləri ilə hasilatın pay bölgüsünə dair bütün birgə müqavilələri Milli Məclis tərəfindən ratifikasiya olunur və dövlət başçısı tərəfindən qanun formasında imzalanır. Bu, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanətdir. Bu, sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır. 
Beynəlxalq əməkdaşlıq haqqında danışarkən ölkəmizin enerji siyasətinin tarixinə nəzər salmaq vacibdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra böyük enerji şirkətləri ölkəmizdə fəaliyyət göstərməyə dəvət olundu. Nəticədə tarixdə ilk dəfə Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft-qaz şirkətləri buraya böyük sərmayələr yatırdılar. Azərbaycanın bugünkü inkişafı geniş mənada həmin siyasətin nəticəsidir. Bu səbəbdən də ölkəmiz dövlətlər və şirkətlər arasında əməkdaşlığa böyük dəyər verir. 
1994-cü ildə müəllifi ümummilli lider Heydər Əliyev olan “Əsrin müqaviləsi” imzalanarkən 6 ölkəni təmsil edən 11 şirkətin Azərbaycanda fəaliyyətə başlaması ilə ölkəmizin neft-qaz tarixində yeni bir səhifə açılmışdır. Bununla Azərbaycanın həyatında yeni bir dövr başlandı. 
Sonralar Xəzərin sahilindən Qara dənizin sahilindəki Supsa limanınadək Qərb İxrac Boru Kəməri çəkildi. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçərək sıx regional əməkdaşlığın möhkəm təməlini qoydu. BTC səhmdarları sırasına 11 tanınmış şirkətin daxil olması əməkdaşlığın getdikcə daha geniş miqyas aldığını göstərdi. Xatırladaq ki, BTC-nin səhmdarları BP (Böyük Britaniya), SOCAR (Azərbaycan), “Şevron” (ABŞ), “Statoyl” (Norveç), TP (Türkiyə), “Eni” (İtaliya), “Total” (Fransa), “İtoçu” və “İnpeks” (Yaponiya), “EksonMobil” (ABŞ) və ONGC (BTC) Limited (Hindistan) şirkətləridir. 
“Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xəttinin inşası Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirdi. 
İndi Azərbaycan qazını dünya bazarlarına aparan yollar daha böyük məsafələrə uzanmaqdadır. Avropanın enerji xəritəsini dəyişdirəcək “Cənub qaz dəhlizi” layihəsi daha çox ölkə və şirkətlərlə birgə həyata keçirilir. Bu layihə yeddi dövlətin, onlarca şirkətin və topdan qaz alıcısının sıx əməkdaşlığı sayəsində reallaşır. Layihənin təşəbbüsçüsü, lideri və aparıcı qüvvəsi isə Azərbaycandır. 
“Cənub qaz dəhlizi” layihəsində Azərbaycanla Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya tərəfdaşlıq edirlər. Layihəyə gələcəkdə üç Balkan ölkəsinin qoşulacağı gözlənilir və bu istiqamətdə də müvafiq işlər aparılır. 
Layihənin coğrafiyası gələcəkdə daha da genişləndirilə bilər. Çünki bu, iştirakçı olan hər bir ölkəyə fayda gətirəcək layihədir. İştirakçı ölkələrin və şirkətlərin hamısı qazanc əldə edəcəklər. Başqa sözlə, Azərbaycan elə mükəmməl bir əməkdaşlıq formatı yaradıb ki, həm hasilatçı, həm tranzit ölkələr, həm də istehlakçılar orta maraqlar əsasında çalışırlar. Bu nəhəng layihənin uğurlu icrasını məhz həmin maraqlar balansı təmin edəcək. Çünki burada texniki, maliyyə, iqtisadi, siyasi məsələlər çoxdur və onlar birgə səylərlə həll olunur. 
Bu il “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanacaq. Dəhlizin daha bir mühüm seqmenti olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatacaq. Üçüncü seqment - TANAP (Transanadolu Qaz Boru Kəməri) istifadəyə veriləcək. Dəhlizin sonuncu hissəsi olan TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi müvəffəqiyyətlə davam edir. 
“Cənub qaz dəhlizi”nin reallaşması üçün maliyyə vəsaitlərinin cəlb edilməsinə də nail olunub və burada da beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın rolu var. Bütün bunlar “Cənub qaz dəhlizi” layihəsinin icrasının uğurla yekunlaşacağını göstərir. 
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının indiyədək keçirilən dörd iclasının hamısına Bakının evsahibliyi etməsi də Azərbaycanın bir tərəfdaş kimi nüfuzundan xəbər verir. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də məhz bunu vurğulamışdır. O, mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını çox yüksək dəyərləndirdiyini bildirmişdir: “Düşünürəm ki, irəliləyişə təkcə kəmərin keçdiyi ölkələrdə göstərilən böyük səylər, görülən işlər sayəsində deyil, həm də bu masa ətrafında yaradılmış yaxşı yaradıcı mühit, mütəmadi məlumatlar mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə bağlı davamlı olaraq çıxan problem və çağırışları həll etmək üçün göstərilən səylər sayəsində nail olunub”. 
Azərbaycan üçün də yaratdığı tərəfdaşlıq və əməkdaşlıq əlaqələri çox dəyərlidir. Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) həyata keçirilməkdədir. Xarici tərəfdaşlarla yaradılmış 35 birgə müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin əksər sahələrini əhatə edir. 
Məlum olduğu kimi, keçən ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalandı. Yeri gəlmişkən, “Yeni əsrin müqaviləsi” adlandırılan bu sazişdə iştirakçılar əvvəlki kimi qalmışlar. Bunlar əməliyyatçı olan BP, SOCAR, “Şevron”, “İnpeks”, “Statoyl”, “EksonMobil”, TP, “İtoçu” və ONGC Videş Limited şirkətləridir. 
İştirakçıların dəyişməməsinin özü də Azərbaycanın mükəmməl beynəlxalq tərəfdaşlıq formatı yaratdığına əyani misallardan biridir. Bu əməkdaşlıq və tərəfdaşlıq getdikcə daha da möhkəmlənir.

Flora SADIQLI,
“Azərbaycan”