Xəbər Azərbaycan pambıqçılığın inkişaf tempinə görə dünyada lider ölkədir

Azərbaycan pambıqçılığın inkişaf tempinə görə dünyada lider ölkədir

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Bərdədə keçirilən pambıqçılığın inkişafına dair müşavirədə konkret tapşırıqlar verildi, yeni hədəflər müəyyənləşdirildi

Bir vaxtlar pambıqçılıq sahəsində respublikanın ən qabaqcıl rayonlarından biri olan Bərdə rayonu yenidən öz şöhrətini geri qaytarır. Ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində məhz pambıqçılıqla bağlı 8 müşavirə keçirdiyi, vaxtilə 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edildiyi bu rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər 2015-ci ildə Bərdədə cəmi 3 min ton pambıq yığılmışdısa, keçən il bu rəqəm 22 min 400 ton olub. Görülən tədbirlər nəticəsində iki il ərzində pambığın tədarükü təxminən 7-8 dəfə artıb.

 

Üçüncü respublika müşavirəsi

 

Martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu sahədə görülən işlərdən danışıldı və qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verildi. 
Öncə onu vurğulayaq ki, dövlət başçısının iştirakı ilə Bərdədə keçirilən müşavirə pambıqçılığın inkişafına dair respublikada baş tutan sayca 3-cü müşavirə idi. Bundan öncə 2016-cı ildə Sabirabad, ötən ilin mart ayının sonunda isə Saatlı şəhərində müşavirələr keçirilib. Bu müşavirələrdə verilən tapşırıqlar, qarşıya qoyulan hədəflər düzgün müəyyənləşdirilib və mühüm nailiyyətlər qazanılıb. Son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha bu sahənin çox böyük gələcəyinin olduğunu təsdiqləyib. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” isə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə əlavə təkan verib. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılıb. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atıblar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.

 

18 min 800 hektardan 140 min hektaradək yüksəliş

 

Müşavirədə qeyd edildi ki, keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir. Təkcə ilin iki ayı ərzində qeyri-neft sənayesi 8 faizdən çox, qeyri-neft sektoru 2,3 faiz, kənd təsərrüfatı 3,4 faiz, o cümlədən, bitkiçilik 40 faizdən çox artıb. Bu iqtisadi fəallıq həm də özəl sektorda iş yerlərinin yaradılmasına xidmət göstərir.
Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq respublika üzrə pambıq əkini sahələri 18 min 800 hektardan 140 min hektara yüksəlib. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. 
Pambıq əkininə verilən subsidiyalar, gübrə və pestisidlərin istifadəsinə tətbiq olunan güzəştlər, “Aqrolizinq” ASC tərəfindən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər bu sahənin inkişafına müsbət təsirini göstərib. Cari mövsümdə pambığın alış qiymətinin hər kiloqram üçün 0,10 AZN artırılaraq 0,60 AZN-ə çatdırılması, gübrələrə verilən güzəştlərin hər hektara 50 faiz, pestisidlərə verilən güzəştlərin isə 5 dəfə artırılması pambıqçıları sevindirib, bu sahəni daha gəlirli və fermerlər üçün cəlbedici edib.
Ümumiyyətlə, əmək tutumlu sahə olan pambıqçılığın inkişafı ilə bağlı ölkədə on minlərlə yeni iş yeri açılıb. Son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxındır. Bu, əlbəttə ki, bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Bu sahə həm də çox gəlirlidir. Pambığın satışı üçün bazarlar axtarmağa da ehtiyac yoxdur. Çünki məhsul birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. Hazırda ölkədə pambıqtəmizləmə zavodları işləyir, həmçinin müəssisələrdə pestisid istehsal edilir.

 

2 il ərzində pambıq tədarükünü 6 dəfədən çox artıran ölkə

 

Müşavirədə qeyd edildi ki, bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Yəni, artıq Azərbaycan özünü gübrələrlə təmin edəcək. 
Bununla yanaşı, ölkədə suvarma texnikasının istehsalı da təşkil edilib. Bu texnikanın istifadəsi nəticəsində məhsuldarlıq artırıla bilər. 
Fevral ayında Mingəçevir Yüngül Sənaye Parkının iki yeni müəssisəsinin fəaliyyətə başlaması bu istiqamətdə görülən işlərə təkan vermiş oldu. Belə ki, bu müəssisələrdə 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. 
Azərbaycan Prezidentinin söylədiyi kimi, əgər ölkəmizdə pambıqçılıq sürətlə inkişaf etməsəydi, yəqin ki, bu müəssisələrə ehtiyac olmayacaqdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər: “Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin”.

 

Bu il 22 rayonda pambıq əkiləcək

 

Müşavirədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələrdən də söz açıldı, mühüm tapşırıqlar verildi. 
Qeyd edildi ki, növbəti illərdə əsas vəzifə məhsuldarlığı artırmaqdır. Keçən ilin təcrübəsi göstərir ki, bu sahədə böyük irəliləyiş var. “İndi əsas vəzifə ondan ibarətdir ki, bu müsbət dinamikanı saxlayaq, bunu artıraq və pambıqçılığın gələcək inkişafı ilə bağlı əlavə addımlar ataq. Bu il 22 rayonda pambıq əkiləcək və ümid edirəm ki, bütün bu rayonlarda məhsuldarlıq daha da yüksək olacaq”- deyən dövlət başçısı böyük həcmdə məhsul götürülməsinə baxmayaraq, bəzi rayonlarda məhsuldarlığın lazımi səviyyədə olmadığını söylədi və bunun səbəblərinin təhlil edildiyini diqqətə çatdırdı.

 

Pambıqçılıq üçün 3 mindən çox texnika alınacaq

 

Əlbəttə ki, bu sahənin inkişafı müasir texnikaların istifadəsindən çox aslıdır. Qeyd edək ki, son iki il ərzində ölkədə kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılıb. 
Müşavirədə qeyd edilib ki, əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınıb və bu il əlavə 100 pambıqyığan kombayn, ümumiyyətlə, pambıqçılıq üçün 3 mindən çox texnika alınacaq. Texnikanın alınması üçün bu il dövlət büdcəsində 160 milyon manat vəsait nəzərdə tutulub. Bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək.

 

Məhsul yığımı vaxtında aparılmalı, ləngimələr olmamalıdır

 

Müşavirədə qeyd edildi ki, ölkədə pambıqçılıq ancaq intensiv üsullarla inkişaf etməlidir. Bu səbəbdən də torpaq fonduna çox ciddi yanaşılmalıdır. Tarla düşərgələri, içməli su ilə, nəqliyyatla təminat lazımi səviyyədə olmalıdır. Həm tədarükçü şirkətlər, həm yerli icra orqanları bu sahəyə xüsusi diqqət göstərməlidirlər.
Bununla yanaşı, məhsul yığımı vaxtında aparılmalı, ləngimələr olmamalıdır.Qəbul məntəqələri, pambıqtəmizləmə zavodları fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. 
Keçən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi, yerli icra orqanları, tədarükçü şirkətlər, fermerlər, zəhmətkeşlər birlikdə fəaliyyət göstərməlidirlər. Mövsüm ərzində mövcud olan, yəni, qarşıya çıxacaq problemlər dərhal öz həllini tapmalıdır və Azərbaycan bu mövsümü maksimum səmərə ilə başa vurmalıdır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”